Məhkəmə qərarları › İş №2(103)-2021/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2021/2021

05.10.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2021/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüstəmov Emin Elbrus oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi X1 və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli 2(009)-2021/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı "xxxx" MMC-də məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki işinə - çörək islehsalat kompleksinin xammal hazırlanması sahəsinə xammal hazırlayan vəzifəsinə bərpa edilməsi və 25200 (iyirmi beş min iki yüz) manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh "xxxx" MMC-nin 16.01.2017-ci il tarixli 17/K nömrəli əmri ilə həmin cəmiyyətin çörək islehalat kompleksinin xammal hazırlanma sahəsinə xammal hazırlayan vəzifəsinə təyin edilmişdir. Həmin cəmiyyətin direktorunun 22 yanvar 2020-ci il tarixli 20/K nömrəli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" MMC-nin rəhbərliyi həmçinin onu müddətdən artıq işə cəlb etmiş, həftəlik 40 saat əvəzinə 72 saat işlədərək Əmək Məcəlləsinin 89-cu maddəsini pozmuşdur. Onun iş saatı 7 günlük həftə ərzində bir dəfə istirahət günü olmaqla hər gün səhər saat 06:00-dan 18:00-a qədər olmuşdur. "xxxx" MMC-nin rəhbərliyi bütün işçilərə qarşı bu mövqedə olmuşdur. Qanuna görə həftəlik iş normasının 40 saat olmasına baxmayaraq 3 il ərzində həftədə 72 saat işləmişdir. İş saatlarından artıq işləməyini sexdə kameralara baxış zamanı da müəyyən etmək olar. İşçilərin iş cədvəli divara vurulmuş siyahılarla da öz təsdiqini tapır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli 2(009)-2021/2020 saylı qətnaməsi ilə iddia tələbinin təmin olunmaması qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli 2(103)-2021/2021 saylı qərardadı ilə İddiaçı iddiadan qismən imtinası təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli 2(009)-2021/2020 saylı qətnaməsi İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki işinə - çörək islehsalat kompleksinin xammal hazırlanması sahəsinə xammal hazırlayan vəzifəsinə bərpa edilməsi” hissəsində ləğv edilmiş və o hissədə iş üzrə icraata xitam verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 16.01.2017 il tarixdən "xxxx" MMC-nin rəhbərliyi onu müddətdən artıq işə cəlb etmiş, həftəlik 40 saat əvəzinə 72 saat işlədərək Əmək Məcəlləsinin 89-cu maddəsini pozmuşdur, iş saatı 7 günlük həftə ərzində bir dəfə istirahət günü olmaqla hər gün səhər saat 06:00-dan 18:00-dək olmuşdur. Qanuna görə həftəlik iş normasının 40 saat olmasına baxmayaraq 3 il ərzində həftədə 72 saat işləmişdir. Normadan artıq iş saatlarını kameraya baxış, işçini işə başlama və işdən çıxma tabeli o cümlədən həmin sexdə işləmiş 3 işçinin izahatından əmək kitabçasının kopiyası ilə birgə asanlıqla təsbit etmək olar, lakin bu faktlar məhkəmə tərəfindən lazımınca araşdırılıb subut kimi qəbul olunmamışdır. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 da apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, məhkəmə mühasibatlıq ekspertizasının 05 iyul 2021-ci il tarixli 1371 saylı rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ekspert qarşısında qoyulmuş suallar üzrə iş materiallarında olan mövcud sənədlərə əsasən aşağıdakılar müəyyən edildi: İddiaçı "xxxx" MMC-də 16.01.2017-ci il tarixdən 22 yanvar 2020-ci ilədək işlədiyi müddətdə(36 ay) altıgünlük iş həftəsində, həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan çox olduğu halda, onun iş vaxtından artıq işlədiyi vaxt həftəlik 32 saat olduğu və ya 26 saat olduğu yaxud 23 saat olduğu hallarda, onda iş vaxtından artıq işlənmiş bu saatlar üzrə iddiaçı ilə bağlanmış 16.01.2017-ci il tarixli əmək müqaviləsində nəzərdə tutulmuş əmək haqqı məbləği əsas götürülüb ona mütənasib hesablanmaqla, qeyd olunan artıq işlənmiş saatlara uyğun əlavə əmək haqqı 16.01.2017-ci ildən 01.07.2017-ci ilədək aşağıdakı kimi ola bilərdi: iş vaxtından artıq işlədiyi vaxt həftəlik 32 saat olduqda 1870,90 manat, iş vaxtından artıq işlədiyi vaxt həftəlik 26 saat olduqda 1633,91 manat iş vaxtından artıq işlədiyi vaxt həftəlik 23 saat olduqda 1322,26 manat; İddiaçı "xxxx" MMC-də 16.01.2017-ci il tarixdən 22 yanvar 2020-ci ilədək işlədiyi müddətdə(36 ay) altıgünlük iş həftəsində, həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan çox olduğu halda, onun iş vaxtından artıq işlədiyi vaxt həftəlik 32 saat olduğu və ya 26 saat olduğu yaxud 23 saat olduğu hallarda, onda iş vaxtından artıq işlənmiş bu saatlar üzrə iddiaçı ilə bağlanmış 16.01.2017-ci il tarixli əmək müqaviləsinə 01.07.2017-ci il tarixli əmək müqaviləsinə əlavədə nəzərdə tutulmuş əmək haqqı məbləği əsas götürülüb ona mütənasib hesablanmaqla, qeyd olunan artıq işlənmiş saatlara uyğun əlavə əmək haqqı 01.07.2017-ci ildən 24.05.2019-cu ilədək aşağıdakı kimi ola bilərdi: iş vaxtından artıq işlədiyi vaxt həftəlik 32 saat olduqda 20553,28 manat, iş vaxtından artıq işlədiyi vaxt həftəlik 26 saat olduqda 16572,26 manat, iş vaxtından artıq işlədiyi vaxt həftəlik 23 saat olduqda 14869,18 manat; İddiaçı "xxxx" MMC-də 16.01.2017-ci il tarixdən 22 yanvar 2020-ci ilədək işlədiyi müddətdə (36 ay) altıgünlük iş həftəsində, həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan çox olduğu halda, onun iş vaxtından artıq işlədiyi vaxt həftəlik 32 saat olduğu və ya 26 saat olduğu yaxud 23 saat olduğu hallarda, onda iş vaxtından artıq işlənmiş bu saatlar üzrə iddiaçı ilə bağlanmış 16.01.2017-ci il tarixli əmək müqaviləsinə 24.05.2019-cu il tarixli əmək müqaviləsinə əlavədə nəzərdə tutulmuş əmək haqqı məbləği əsas götürülüb mütənasib hesablanmaqla, qeyd olunan artıq işlənmiş saatlara uyğun əlavə əmək haqqı 24.05.2019-cu ildən 22.01.2020-ci ilədək aşağıdakı kimi ola bilərdi: iş vaxtından artıq işlədiyi vaxt həftəlik 32 saat olduqda 8302,75 manat iş vaxtından artıq işlədiyi vaxt həftəlik 26 saat olduqda 6891,06 manat iş vaxtından artıq işlədiyi vaxt həftəlik 23 saat olduqda 6095,94 manat; Qeyd: təqdim olunan iş materiallarına əsasən İddiaçı "xxxx" MMC-də 16.01.2017-ci il tarixdən 22 yanvar 2020-ci ilədək işlədiyi müddətdə (36 ay) altıgünlük iş həftəsində, həftəlik norma 40 saatdan çox olmamışdır. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, İddiaçı sınaq müddəti təyin edilməklə Sumqayıt şəhəri "xxxx" MMC xammal hazırlayan vəzifəsinə işə qəbul edilmiş, 22.01.2020-ci il tarixdə əmək müqaviləsinin müddəti bitdiyinə görə onunla Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Əmək Məcəlləsinin 42.2-ci maddəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. 73.1ci maddəsinə əsasən müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Beləliklə, işəgötürən qanunvericiliyin tələbinə və əmək müqaviləsinin tələblərinə uyğun olaraq işçini əvvəlcədən xəbərdar etməklə onunla əmək müqaviləsinin müddəti bitdiyinə görə əmək müqaviləsinə xitam vermişdir. Bu səbəbdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə işdən azad olunmasında qanunvericiliyə zidd heç bir hərəkət olmamışdır. İddia tələbinin iş saatından əlavə işə cəlb edildiyinə görə pul vəsaitinin cavabdehdən tuutlub iddiaçıya ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsassızdır və təmin olunmamalıdır. Belə ki, iddiaçı iddia tələbinin qeyd olunan hissəsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsinin təmin edilməməsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsi düzgün olmuşdur. Əvvəla, iddia tələbinin qanuni əsası kimi Əmək Məcəlləsinin 165-ci maddəsi nəzərdən keçirilə bilər. Lakin tələbin faktiki əsası(faktiki hallar) bu qanuni əsasın dizpozisiya şərtlərinə uyğun gəlməlidir. Başqa sözlə iddia tələbinin əsası kimi göstərilən hallar tələbin qanuni əsasının şərtlərinə uyğun olması üçün mütləq mötəbər sübutlarla təsdiq olunmalıdır. Apellyasiya baxışı zamanı da iddiaçının vəsatəti təmin olunaraq iş üzrə dörd şahid dindirildi. Həmin şahidlərin hər biri cavabdeh Cəmiyyətdə vaxtilə işləmiş şəxslər olmuşdur. Bu şahidlər özlərinin və iddiaçının da həftəlik 72 saat işlədiyini bildirdilər.Cavabdehin nümayəndəsi isə bu şəxslərin qərəzli olduqlarını, çünki onların hər birinə, o cümlədən iddiaçıya güzəşt edərək öz ərizələri ilə işdən çıxmalarına şərait və imkan yaratdıqlarını göstərmişdir. Başqa sözlə əmək funksiyalarının icrası zamanı ciddi qanun pozuntuları törətmələrini humanistlik edərək rəsmiləşdirərək hüquq mühafizə orqanlarına müraciət etməmişlər. Ona görə də şahid ifadələri mötəbər sübut kimi qəbul edilə bilməz. İkincisi, apellyasiya baxışı zamanı tərəflərdən zəruri sənədlər tələb edilərək iş üzrə məhkəmə mühasibatlıq ekspertizası da keçirilmişdir. Əslində ekspert rəyinin məzmunundan da aydın olur ki, iddia tələbinin əsaslı olacağı təqdirdə belə bir rəyin olması zəruri olacaqdır. Belə ki, ekspertizadan İddiaçı "xxxx" MMC-də 16.01.2017-ci il tarixdən 22 yanvar 2020-ci ilədək işlədiyi müddətdə(36 ay) altıgünlük iş həftəsində, həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan çox olduğu halda, onun iş vaxtından artıq işlədiyi vaxt həftəlik 32 saat olduğu və ya 26 saat olduğu yaxud 23 saat olduğu hallarda, onda iş vaxtından artıq işlənmiş bu saatlar üzrə iddiaçı ilə bağlanmış 16.01.2017-ci il tarixli əmək müqaviləsində, 01.07.2017-ci il və 19.05.2019-cu il tarixli əmək müqaviləsinə əlavələrdə nəzərdə tutulmuş əmək haqqı məbləği əsas götürülüb ona mütənasib hesablanmaqla, qeyd olunan artıq işlənmiş saatlara uyğun əlavə əmək haqqının müvafiq dövrlər üzrə nə qədər təşkil etməli olduğu soruşulmuş və ekspert də sırf riyazi hesablama apararaq rəy vermişdir. Eyni zamanda rəydə təqdim olunan iş materiallarına əsasən İddiaçı "xxxx" MMC-də 16.01.2017-ci il tarixdən 22 yanvar 2020-ci ilədək işlədiyi müddətdə (36 ay) altıgünlük iş həftəsində, həftəlik normanın 40 saatdan çox olmadığı da qeyd edilmişdir. Üçüncüsü, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, qeyd olunan şahid ifadələri məhz hazırki mübahisə üzrə mötəbər sübutlar kimi qəbul edilə bilməz. Çünki, bu şahidlərin hər biri cavabdeh Cəmiyyətdə əvvəllər işləmiş və sonradan müxtəlif səbəblərdən işdən çıxmış şəxslər olmuşdur. Başqa sözlə cavabdeh müəssisə ilə hər hansı səbəbdən, o cümlədən cavabdehin nümayəndəsinin qeyd etdiyi səbəbdən xoş olmayan münasibətləri inkar olunmur. Bu cür vəziyyətdə bu şahidlərin ifadələrini iddia tələbinin əsası kimi istinad edilən halların mövcudluğunun təsdiq edilməsi üçün mötəbər və ziddiyyətsiz sübut kimi qəbul edilməsi mümkünsüz olur. Ona görə də, apellyasiya instansiyası məhkəməsi şahid ifadələrini mötəbər sübut kimi qəbul etmir. Mülki Prosessual Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirdiyi hissədə nəticə etibarı ilə düzgün olduğundan yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Ekspertiza tədqiqatının dəyəri - 100(yüz) manat cavabdeh "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli 2(009)- 2021/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri - 100(yüz) manat cavabdeh "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar