Məhkəmə qərarları › İş №2(103)-2023/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2023/2025

21.04.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2023/2025 21.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: işə bərpa, əmrin ləğvi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkil) Vəkil1, cavabdeh AR Dövlət Neft Şirkətinin Cavabdeh nümayəndələri X3, X2 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh AR Dövlət Neft Şirkətinin Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 21 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı 2009-cu ildən bəri “SOCAR” Neftqaztikinti Trestində bənna vəzifəsində işləməkdədir.

2. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə cavabdehin xx.xx.2024-cü il tarixli 14- 2- 14/3-1K-614/2024 saylı əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, iş yerində alkoqollu içki qəbul edərək sərxoş vəziyyətdə olduğuna görə xitam verilmiş və iddiaçı tutduğu vəzifədən azad edilmişdir. Əmrin verilməsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə iddiaçı, digər iş yoldaşı Faiq Cəfərovla birlikdə xx.xx.2024-cü il tarixdə iş yeri olan “Neft daşları” NQÇİ-nin ərazisində spirtli içki qəbul etmələri şübhəsi ilə müvafiq komissiya tərəfindən alkotesterdən istifadə etməklə müayinəsi aparılmış və müayinənin nəticəsi olaraq hər iki işçidə alkoqolun konsentrasiyasının 0,8 promilli olması müəyyən edilmişdir.

3. Həmçinin, 2005-ci il tarixdə təsdiq edilmiş “Neftqazçıxarma sənayesində təhlükəsiz Qaydaları”nın 1.19.9-cu bəndində qeyd edilir ki, DNQT-də olarkən dənizdə çimmək, balıq tutmaq, quş ovlamaq və spirtli içkilər qəbul etmək qadağandır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı xx.xx.2024-cü il tarixli, 14-2-14/3-1K-614/2024 saylı əmrin ləğv edilməsi, onun işlədiyi vəzifəyə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2009-cu ildən “SOKAR” Neftqaztikinti Trestində bənna, betonçu vəzifəsində işləyir. İşlədiyi müddətdə üzərinə düşən vəzifəni layiqıncə yerinə yetirmiş və bir dəfə də olsa rəhbərlik tərəfindən ona irad tutulmamışdır. xx.xx.2024 il tarixdə iş prosesində soyuq dəyməsi olduğundan, boğazı ağrımış və bunun qarşısını almaq üçün müalicə məqsədilə özündə olan 100 qramlıq tibbi spirtdən təxminən 30-40 qram su ilə qarışdıraraq içmiş və öz otağında istirahət edərkən otağının qapısı döyülmüş və qapını açarkən bir neçə şəxs otağına daxil olaraq komissiyanın üzvü olduqlarını bildirmişlər və ondan spirtli içki içib-içməməyini soruşmuşlar. Buna baxmayaraq onlar onun spirtli içki içməyini dəqiqləşdirmək üçün, heç bir həkimin iştirakı olmadan alkotestdən istifadə edərək spirtli içki qəbul edib-etməməyini yoxlamışlar. Komissiyanın üzvləri bununla işlərini bitirmiş oldular. O, alkotestin göstəricisi barədə ona məlunat vermələrini və bu barədə protokol tərtib olunmağını tələb etsə də, ona bildirdilər ki, bu suallara o, sonra cavab tapacaq. Bu hadisədən sonra onu idarənin Həmkarlar Təşkilatına dəvət edərək baş vermiş hadisə barədə soruşulanda o, hadisənin necə baş verdiyini bildirmişdir. Buna baxmayaraq həmkarlar təşkilatı onun hüquqlarının müdafiə etmək əvəzinə onun işdən azad olunmağına razılığını bildirmiş və müdiriyyət tərəfindən müvafiq əmr verilmişdir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7917/24 saylı iş üzrə 29 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim S.Eyvazova) iddia təmin edilmişdir.

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, iddiaçı barəsində görülmüş intizam təhbehi işçinin əməlinə mütənasib deyil. Belə ki, məhkəmə araşdırması zamanı xx.xx.20024-cü il tarixdə işçidə alkoqolun konsentrasiyasının 0,8 promilli olması, xx.xx.2024-cü il tarixdə isə 0,32 (qanda) (§16) olması müəyyən edilmişdir, bu isə alkoqolun təsirirnin olmaması və ya yüngül olması kimi xarakterizə olunmuşdur. Eyni zamanda cavabde tərəf spirtli işki qəbul etdikdən sonra işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması ilə bağlı hər hansı mötəbər halı və ya sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda işçi tərəfindən oxşar halların daha əvvəl təkrarlanması, digər tənbeh tədbirlərinin olması da məhkəmə araşdırması zamanı aşkarlanmamışdır.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.2, 2.3, 3.3, 3.9, 68.1, 70-ci maddəsinin “ç” bəndi, 71.2, 71.3, 72-ci maddəsinin b bəndi, 186.3, 300.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Neft Daşları”NQÇİ-nin ərazisi dövlət əhəmiyyətli, strateji, təhlükə potensiallı obyektdir. Buna görə də, həmin iş yerində riayət edilməli olan xüsusi qaydalar müəyyən edilmişdir. Həmin qaydalardan biri də “Neftqazçıxarmasənayesində təhlükəsizlik qaydaları”dır ki, bütün işçilər qeyd edilən qaydalarla tanış edilir və bu barədə müvafiq kitaba imza etməklə, qaydalarla tanış olmalarını təsdiq edirlər. Həmin qaydaların 1.19.9-cu bəndinə əsasən dəniz neftqazmədən tikililərində olarkən, dənizdə çimmək, balıq tutmaq və quş ovlamaq, spirtli içkilər qəbul etmək qadağandır. İşçilərtərəfindən bu qaydalara əməledilib-edilməməsi, həmçinin qadağan edilmiş hərəkətlərin edilməsinin qarşısını almaq məqsədilə mütəmadi yoxlamalar aparılır, zəruri tədbirlər görülür.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Cavabdehin nümayəndələri məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

13. İddiaçı və nümayəndəsi isə məhkəmə kollegiyasının iclasında iştirak edərkən apellyasiya şikayətinin rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

2.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 3.3. İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs. 3.9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu. Maddə 70 ç). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72 b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maddə 186.3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iddia tələbi rədd edilməlidir.

19. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır.

20. İddiaçı bildirir ki, xx.xx.2024-cü il tarixdə iş prosesində soyuq dəyməsi olduğundan, boğazı ağrımış və bunun qarşısını almaq üçün müalicə məqsədilə özündə olan 100 qramlıq tibbi spirtdən təxminən 30-40 qram su ilə qarışdıraraq öz otağında istirahət edərkən içmişdir. İddiaçının sözlərinə görə hadisə iş vaxtından və iş yerindən kənarda baş vermişdir.

21. Cavabdeh isə “Neft Daşları” NQÇİ-nin ərazisinin dövlət əhəmiyyətli, strateji, təhlükə potensiallı obyekt olduğunu və həmin iş yerində riayət edilməli olan xüsusi qaydalar müəyyən edildiyini, spirtli içki qəbul etmədiyin qadaöan edildiyini, iddiaçının həmin qaydalarla tanış edildiyini, lakin buna əməl etmədiyini bildirir və iddiaya etiraz edir. Cavabdeh eyni zamanda işçi ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin bütün tələblərinə işəgötürən tərəfindən tam şəkildə riayət olunduğunu bildirir.

22. Birinci instansiya məhkəməsi tətbiq edilmiş intizam tənbehinin əməlin ağırlıq dərəcəsinə uyğun olmadığı qənaətinə gəlmişdir.

23. Kollegiya ilk növbədə iddiaçının spritli içki qəbul etməsi faktının iş yerində və ya iş yerində kənarda olmasına münasibətdə aşağıdakıları qeyd edir.

24. İddiaçı spirtli içki qəbul etdiyini və hadisənin baş verdiyi şəraiti mübahisələndirmir. İddiaçı iddia edir ki, iş vaxtından və iş yerindən kənarda spirtli içki qəbul etmiş, bu isə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasına səbəb olmamış, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişdir.

25. Əmək Məcəlləsinə görə iş yeri – işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yerdir.

26. Kollegiya nəzərə alır ki, Neft Daşlarının ərazisi dövlət əhəmiyyətli, strateji, təhlükəli infrastrukturdur. Buna görə də, orada işləyən işçilər üçün xüsusi qaydalar müəyyən edilmişdir. “Neftqazçıxarmasənayesində təhlükəsizlik qaydaları”nın 1.19.9-cu bəndinə əsasən dəniz neft-qaz mədən tikililərində olarkən, dənizdə çimmək, balıq tutmaq və quş ovlamaq, spirtli içkilər qəbul etmək qadağandır.

27. İddiaçı həmin qaydalarla tanış olduğunu və imzaladığını mübahisələndirməmişdir.

28. Əmək Məcəlləsinə əsasən alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir (maddə 72, bənd b).

29. Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi isə işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulmasını əmək müqaviləsinin ləğv edilməsi əsaslarından biri kimi təsbit etmişdir.

30. Yoxlama zamanı iddiaçının alko testinin nəticəsi 0.8 promil olaraq aşkarlanmışdır. 0.3 promil artıq sərxoşluğa dəlalət edir. Həmçinin, xx.xx.2024-cü il tarixdə qanın analizi aparılarkən artıq hadisədən 2 gün keçmiş, ona görə də hadisədən iki gün sonra yoxlamanın nəticəsinin 0,32 olması hadisə vaxtı iddiaçıda alkoqolun təsirinin olmaması və ya yüngül olması kimi qiymətlədirilə bilməz. Onu da nəzərə alsaq ki, 0,3 promil artıq şəxsin “sərxoş” olduğunu göstərir, deməli 2 gün öncə (iddiaçının alkoqol qəbul etdiyi gün) sərxoşluq daha yüksək olmuşdur.

31. Məhkəmə kollegiyası hesab edir ki, Neft Daşları bütövlükdə iddiaçının iş yeri sayılır, spirtli içki qəbul edərkən iddiaçının bilavasitə iş başında, yaxud istirahət otağında olmasının heç bir fərqi yoxdur. İddiaçının bu hərəkəti iş yerində əmək intizamının normal ahənginin pozulmasına səbəb olmaqla işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. İddiaçının bu əməlinə görə intizam tənbehinin tətbiq edilməməsi gələcəkdə əmək kollektivində cəzasızlıq mühiti yaratmaqla daha pis sonluqla nəticələnə bilən hadisələrə rəvac vermiş olar. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi ilə xitam verilməsini onun törətdiyi əmələ mütənasib sayır.

32. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

33. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə bu mənada iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır.

34. Mülki proses üçün səciyyəvi olan formal həqiqət prinsipinə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlillərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Başqa sözlə, hakim yalnız tərəflərin mübahisələndirdikləri hallarla bağlı məhkəməyə təqdim etdiyi faktiki halları və sübutları nəzərə almalıdır. Məhkəmə, həmin prinsipi və iddianın cavabdeh tərəfindən qəbul edilməyərək bütünlüklə mübahisələndirildiyini nəzərə alaraq hesab edir ki, mübahisəli xüsusatlara, yəni cavabdehlərin iddiaçı qarşısında öhdəlik daşıyıb-daşımamasına sübutetmə yükü aspektindən yanaşılmalıdır.

35. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

37. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1, 385.1.4). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386). Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur (390).

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh AR Dövlət Neft Şirkətinin Cavabdeh apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh AR Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar