Məhkəmə qərarları › İş №2(103)-2026/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2026/2021

22.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2026/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, X6 və Bakı şəhəri 53 saylı Notariat ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3105/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Bakı şəhəri 53 saylı Notariat ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu, İ.Zülalov küçəsi, 17 saylı evin 20 saylı mənzilinə dair Bakı şəhəri 53 saylı Notariat ofısində X4 və X2 ölümündən sonra Cavabdeh2 adına açılmış vərəsəlik hüququ haqqında şəhatənamənin etibarsız hesab edilməsi və iddiaçıların həmin mənzilə vərəsəlik hüquqları, bununla bağlı mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, 11 saylı evin 3 saylı mənzilində qeydiyyatdadırlar. xx.xx.2019-cu il tarixdə vəfat etmiş ataları X14 ilə anaları X7 birgə nikahlarından xx.xx.1991-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.1993-cü il təvəllüdlü İddiaçı2 anadan olmuşdur. xx.xx.2005-ci il tarixində valideynlərinin nikahına xitam verilmişdir. Ataları, X11 ilə nikaha girmiş və birgə nikahdan övladları olmamışdır. Bakı şəhəri Yasamal rayonu, İ.Zülalov küçəsi, 17 saylı evin 20 saylı mənzilində vəfat etmişlər. İ.Zülalov küçəsi 17 saylı evin 19 saylı mənzilində ataları, həmin ünvanın 20 saylı mənzilində isə X11 pasport qeydiyyatında olmuşlar. 19 saylı mənzildə atalarının qohumları yaşayırdılar. İddiaçı1 işi ilə əlaqədar xaricdən qayıtdıqdan bir müddət sonra ona tanışları vasitəsi ilə atasının və E.T.Məmmədovanın müəmmalı vəziyyətdə yaşadıqları mənzildə vəfat etdikləri bildirilmişdir. Həmin dəqiqə bu hadisə barəsində polis bölməsinə zənq etmişdir. xx.xx.2019-cu il tarixdə Yasamal Rayon Prokurorluğuna ölüm hadisəsinin səbəblərini və həmin iş ilə bağlı cinayət işinin başlanıb-başlanmaması barədə hər hansı bir məlumatın verilməsinə dair sorğu göndərilmişdir. xx.xx.2020-ci il tarixli cavab məktubunda adları çəkilən X4 və X2 üzərində zorakılıq əlamətləri olmayan çürümüş meyitlərinin yaşadıqları ünvanda aşkar olunması barədə məlumat verilmişdir. Hər ikisinin daxili üzv hissələrində hər hansı bir zəhərləyici maddə və ya narkotik maddələr aşkar edilmədiyi də bildirilmişdir. Toplanmış material üzrə cinayət işinin başlanması rayon prokurorluğunun müstəntiqi tərəfındən xx.xx.2019-cu il tarixli qərarla rədd edilmişdir. xx.xx.2019-cu il tarixində Bakı şəhəri 53 saylı Notariat ofısinə X11 və X8 dair vərəsəlik hüquqlarının tanınması, vərəsəlik işinin açılıb-açılmaması və əgər açılıbsa vərəsəlik dairəsinə onların da sənədlərinin əlavə olunmasına dair müraciət olunmuş, xx.xx.2020-ci il tarixində X2 adına vərəsəlik açılmasına dair məlumat verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş idarəsinə, eyni zamanda Bakı şəhər 53 saylı Notariat ofısinə (irsi transmissiya) vərəsəlik dairəsinə salınmaqla bağlı ərizə ilə müraciət etmişlər. xx.xx.2020-ci il tarixli məktubda bildirirlmişdir ki, vərəsəlik işi araşdırılarkən X2 vərəsəsinin artıq müəyyən olunduğu məlum olmuşdur. Qeyri-rəsmi məlum olmuşdur ki, vərəsəlik şəhadətnaməsi artıq Cavabdeh2 adına rəsmiləşmişdir. Bununla bağlı xx.xx.2020-ci il tarixində vəkil sorğusu ilə 53 saylı Notariat ofısinə X2 miras qalmış əmlakına vərəsəlik şəhadətnaməsinin verilməsinə əsas olan sənədlərin verilməsinə dair göstəriş verilməsini xahiş etsələr də, sorğu cavabsız qalmışdır.Qanun üzrə birinci növbəli vərəsələr olduqları, cavabdehin isə vərəsəlik dairəsinə heç bir aidiyyəti olmadığı halda mirasın onun adına rəsmiləşdirilməsi qanunsuzdur. Eyni zamanda, miras əmlak kütləsi olan bu mənzilin mövcud olmasından təsadüfən xəbər tutmuş və bundan sonra araşdırmalara başlamışlar. İddiaçılar xx.xx.2020-ci il tarixdə məhkəməyə iddia ərizəsinə əlavə ünvanlayaraq göstərmişdirlər ki, X9 iş üzrə cavabdeh kimi cəlb edirlər. Belə ki, Bakı şəhəri, İ.Zülalov küçəsi 17 saylı evin 20 saylı mənzili iddiaçıların ata tərəfdən babaları Cavabdeh2 adına da olmuş və onun ölümündən sonra mərhum Məmmədov Aydın vərəsə olduğu halda bütün ev X3 adına rəsmiləşdirilmişdir. Bu səbəbdən həmin vərəsəlik şəhadətnaməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qismən ləğv olunmalıdır. Digər həmin ünvaında yerləşən 19 saylı mənzil vəsiyyətnamə əsasında X10 adına keçmişdir. Həmin vəsiyyətnamənin mövcudluğuna dair məlumatları hələ ki, yoxdur. Lakin hər bir halda vəsiyyət üzrə vərəsəlikdə məcburi pay kimi evin 1/3 hissəsi qanun üzrə birinci növbəli vərəsələrə çatır. Qeyd olunanlara əsasən, Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov küçəsi, 17 saylı evin 20 saylı mənzilinə dair Cavabdeh2 adına verilmiş vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən etibarsız hesab edilərək ləğv edilməsi, həmin mənzilə dair iddiaçıların hər birinin 1/4 pay üzrə vərəsəlik və mülkiyyət hüqunlarının tanınması, Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov küçəsi, 17 saylı evin 19 saylı mənzilinə dair X3 adına daşınmaz əmlakın dövlət reyestrində verilmiş çıxarışın qismən etibarsız hesab edilərək ləğv edilməsi və həmin mənzilə dair iddiaçıların hər birinin 1/4 pay üzrə vərəsəlik və mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(005)-3105/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətlərini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, mübahisəli 20 saylı mənzil X3 qaynanasının mülkiyyətində olmuş, daha sonra qaynanasının mülkiyyətindən qızına, daha sonra isə vəsiyyətnamə əsasında Cavabdeh2 Aydın oğlunun mülkiyyətinə keçmişdir. İddiaçıların mübahisəli mənzillərə heç bir hüququ yoxdur. Belə ki, X11 ilə X14 eyni anda vəfat etdiklərindən irsi transmisiya baş verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçılar və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 xx.xx.1991-ci ildə anadan olmuşdur, atası X14, anası X12r. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 xx.xx.1993-cü ildə anadan olmuşdur, atası X14, anası X12r. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, X14 ilə X11 arasında nikah xx.xx.1976-cı il tarixdə bağlanmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2019cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan Oktyabr (indiki Yasamal) rayon XDS-nin kirayə müqaviləsinin dəyişdirilməsi haqqında xx.xx.1986-cı il tarixli, 21/15 saylı qərarından görünür ki, kirayəçi X5 ölümü ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov (keçmiş Salaxana) küçəsi, 17 saylı evin 20 saylı mənzilin kirayə müqaviləsi qızı X11 ilə bağlanmışdır. İş materiallarında olan Yasamal Rayon İcra hakimiyyəti başçısının kirayə müqaviləsinin dəyişdirilməsi haqqında 04.1997-ci il tarixli, 482 saylı sərəncamından görünür ki, kirayəçi Cavabdeh2 Şamil oğlunun ölümü ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov küçəsi, 17 saylı evin 19 saylı mənzilin kirayə müqaviləsi oğlu X15 ilə bağlanmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov küçəsi, 17 saylı evin 19 saylı mənzili X3 adına tam mülkiyyət hüququ əsasında xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri 53 saylı Notariat ofisi tərəfindən təqdim olunmuş xx.xx.2020-ci il tarixli, 2V-07 reyestr nömrəli vərəsəlik işində olan: - Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov küçəsi, 17 saylı evin 20 saylı mənzili X2 adına tam mülkiyyət hüququ əsasında xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. - xx.xx.2015-ci il tarixli vəsiyyətnamədən görünür ki, X11 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov küçəsi, 17 saylı evin 20 saylı mənzilini qaynı oğlu Cavabdeh2 vəsiyyət etmişdir. Vəsiyyətnamə Bakı şəhəri 19 saylı notariat kontorunda təsdiqlənmiş və reyestrdə 2V-131 nömrə ilə qeyd edilmişdir. - xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh2 (yetkinlik yaşına çatmadığına görə əvəzindənqanuni nümayəndəsi X15) ərizə ilə Bakı şəhəri 53 saylı Notariat ofisinə müraciət edərək X2 xx.xx.2020-ci il tarixdə vəfat etdiyini, miras əmlakın Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov küçəsi, 17 saylı evin 20 saylı mənzilindən ibarət olduğunu göstərmiş və həmin əmlaka dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. - xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, X16 ərizə ilə Bakı şəhəri 53 saylı Notariat ofisinə müraciət edərək bacısı X2 xx.xx.2020-ci il tarixdə vəfat etdiyini, miras əmlakın Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov küçəsi, 17 saylı evin 20 saylı mənzilindən ibarət olduğunu göstərmiş və həmin əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. - xx.xx.2020-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X2 vərəsəsi Cavabdeh2dur və o, miras əmlakdan birlikdə 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 43.4 kv.m olan daşınmaz əmlakdan ibarətdir. Şəhadətnamə Bakı şəhəri 53 saylı notariat ofisinin notariusu S.R.Ələkbərova tərəfindən təsdiqlənmiş və reyestrdə 2V-7 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov küçəsi, 17 saylı evin 20 saylı mənzili Cavabdeh2 adına tam mülkiyyət hüququ əsasında xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Prokurorluğunun xx.xx.2020-ci il tarixli, 58-xid-20 saylı məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdə 1955-ci il təvəllüdlü X4 və arvadı 1942-ci il təvəllüdlü X2 üzərilərində zorakılıq əlamətləri olmayan çürümüş meyitləri yaşadıqları ünvan 2 ünvanında aşkar olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA” Birliyinin Yasamal rayon şöbəsinin xx.xx.2019-cu il tarixli 97 və 98 N-li ölmüş şəxslərin məhkəmə-tibbi ekspertiza rəylərinə əsasən, A.Məmmədovun və E.Məmmədovanın meyitləri kəskin çürüməyə məruz qalmışlar. Meyitlərin müayinəsi zamanı çürümə dəyişikləri fonunda hər hansı bir xəsarət aşkar olunmamışdır. A.Cavabdeh2 və E.T.Məmmədovanın meyitləri kəskin çürümə dəyişikliyinə məruz qaldıqlarından onların ölümünün səbəbini müəyyənləşdirmək mümkün olmamışdır. Ölümün baş vermə müddəti meyitlərin meyitxanada müayinəsindən 8-10 gün əvvələ uyğun gəlir. A.Cavabdeh2 və E.T.Məmmədovanın daxili üzv hissələrində hər hansı bir zəhərləyici maddə və ya narkotik maddələr aşkar edilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2020-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, “1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1145 və 1146-cı maddələrinə uyğun olaraq miras fiziki şəxsin öldüyü və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün onun ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır və miras qoyanın öldüyü anda sağ olmuş şəxslər vərəsə ola bilərlər. Eyni gündə ölən və biri digərindən sonra vərəsə olmaq hüququna malik şəxslərlə bağlı irsi transmissiyanın tətbiqi üçün miras qoyanın dəqiq ölüm anı müəyyən edilərək daha sonra ölən şəxs ondan əvvəl ölən şəxsə vərəsə hesab edilir. Bu anı müəyyənləşdirmək mümkün olmadığı təqdirdə eyni gündə ölən şəxslər hüquqi varislik baxımından eyni anda ölmüş şəxslər hesab edilərək hər biri üçün ayrılıqda miras açılır və irsi transmissiyanın tətbiqi istisna edilir.” X1 ilə X4 eyni gündə ölməsini, onların dəqiq ölüm anının müəyyən oluna bilməməsini, bununla da, iddiaçılar İddiaçı1 və İddiaçı2 irsi transmissiya hüquqlarının yaranmamasını, həmçinin, X4 X3 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov küçəsi, 17 saylı evin 19 saylı mənzilinə dair hüquqlarının olmamasını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçıların apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(005)-3105/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar