Məhkəmə qərarları › İş №2(103)-2030/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2030/2025

04.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2030/2025 04.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-6322/2024 nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya aid olan, Sabunçu rayonu, Ramana qəsbəsi, Şuşa şəhərciyində yerləşən 305 nömrəli fərdi yaşayış evində (abonent kodu: **********01002) təbii qazdan istifadə ilə bağlı hesablanmış 2.159,91 manat borc silinsin. Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, cavabdeh tərəfindən həmin ünvan üzrə iddiaçının abunə koduna 2019-cu ilin iyuldekabr ayları, 2020-ci ilin aprel ayı və 2022-ci ilin noyabr ayında aktlar əsasında hesablanmış cəmi 981,36 manat borc silinsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilən hissəsində ləğv edilsin və iddia tam rədd olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdehin iddiaçıya aid olan ünvan üzrə tərtib etdiyi xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019 və xx.xx.2020-ci il tarixli aktlara görə, həmin ünvanda təbii qazdan sayğacdankənar istifadə edilib. Daha sonra hesabat aparılıb, dəymiş ziyanın (itirilmiş qazın) əvəzi kimi abonentə borc hesablanıb və abonentin saldosunda qeyd edilib. Abonentin saldosundan görünür ki, həmin aktlar əsasında 2019-cu ilin iyul-dekabr ayları üzrə 703,80 manat, 2020-ci ilin aprel ayı üzrə 259,20 manat, 2022-ci ilin noyabr ayı üzrə 18,36 manat borc hesablanıb. Bu məbləğlərin cəmi 981,36 manat təşkil edir. Birinci instansiya məhkəməsi göstərilən borcun silinməsini qət edib, qalan borcun silinməsi barədə tələbi rədd edib. Apellyasiya şikayətində qətnamənin iddianın təmin edilməsinə aid hissəsi, yəni 981,36 manat borcun silinməsinə aid hissəsi mübahisələndirildiyinə görə, qətnamənin yalnız həmin hissəsi apellyasiya qaydasında yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci, cavabdeh iddiaçının qazdan sayğacdankənar istifadə etdiyini təsdiq edən sübut (fotoşəkil, videoçəkiliş və s.) təqdim etməyib. Cavabdeh yalnız aktlara istinad edir, aktlar isə iddiaçı tərəfindən imzalanmayıb. İkinci, AR İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsində təbii qazın talanması və ya ondan istifadə qaydalarının pozulmasına görə inzibati məsuliyyət müəyyən olunub. Həmin Məcəllənin 8-ci maddəsində isə təqsirsizlik prezumpsiyası müəyyən olunub. Qanunvericiliyə görə, qazdan sayğacdankənar istifadə halları aşkar olunduqda cavabdeh təqsirkar şəxsin müəyyən edilməsi və inzibati məsuliyyətə cəlb olunması üçün aidiyyəti quruma müraciət etməyə borcludur. Lakin cavabdeh bunu etməyib, nəticədə isə qazın talanmasında iddiaçının təqsiri qanunda göstərilən qaydada müəyyən edilməyib. AR Mülki Məcəlləsinin 1096.1-ci maddəsindən görünür ki, delikt – təqsirli əməldir. Cavabdehin tərtib etdiyi aktlar qazın talanmasında iddiaçının təqsirli olduğunun mülki məhkəmə icraatı qaydasında müəyyən edilməsi üçün kifayət deyil. Beləliklə, qətnamə iddianın təmin edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamə iddianın rədd edilməsinə aid hissədə mübahisələndirilmədiyinə görə, həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384-392ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-6322/2024 nömrəli qətnaməsi iddianın təmin edilməsinə aid olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar