Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2031/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı “X1”ın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-315/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1” cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı məhkəməyə iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, müqavilə bitdikdən sonrakı dövr üzrə illik 5 faiz hesablanmış faiz üzrə bankın tələb hüququnun yarandığını göstərmiş, qeyd olunanlara əsasən cavabdehlərdən iddiaçının xeyrinə 6.990,65 manat əsas borc, 3.810,92 manat faiz borcu, 164,90 manat illik 5% cərimə olmaqla, 10.966,47 manat məbləğində borcun, 30 manat dövlət rüsumunun və 140 manat qiymətləndirmə rüsumunun tutulması, tutmanın Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilə yönəldilərək açıq hərracdan satılması, satışından əldə olunan vəsait hesabına borcun ödənilməsi, mənzilə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2018-ci il tarixli, 42 saylı kredit müqaviləsi üzrə 6.990,65 manat əsas borc, 1.271,82 manat faiz borcu, 164,90 manat illik 5% cərimə olmaqla, 8.427,37 (səkkiz min dörd yüz iyirmi yeddi manat 37 qəpik) manat borcun, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun və əmlakın qiymətləndirilməsi üçün ödənilmiş 140 (bir yüz qırx) manat qiymətləndirmə rüsumunun tutularaq iddiaçı “X1”ın xeyrinə ödənilməsi, tutmanın Cavabdeh1 məxsus ünvan 1ünvanında yerləşən 16 saylı mənzilinə yönəldilməsi, ilkin satış qiymətinin 70.000 (yetmiş min) manat müəyyən edilməklə, açıq hərracda satılması, kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ünvan 1, mənzil 16 ünvanında yerləşən mənzilə tutma yönəldikdə və satıldıqda Cavabdeh1 tərəfindən mənzilin 1 ay müddətində boşaldılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdehlər apellyasiya şikayəti verərək qətnamənin “ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi” hissəsində ləğv olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı yazılı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdehlər Banka olan borc öhdəliyini və dövlət rüsumunu xx.xx.2021ci il tarixində yerinə yetirmişdir, buna görə iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iddiadan imtina qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur (maddə 370). Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir (maddə 191.2, 261.0.4). İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir (maddə 262.4). Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir (maddə 391). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmiş yazılı ərizədə iddiadan imtina etməsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, iddiadan imtina qəbul edilməli və mülki işin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 261, 391, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı “X1”ın hazırkı iddia tələbindən imtinası qəbul edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-315/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı “X1”ın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2031/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2031/2021
16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver