Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2034/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İlk iddia üzrə İddiaçı Mayıs qızının, onun nümayəndəsi və vəkili Vəkil1, İlk idda üzrə Cavabdeh1, hər iki cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştriakı ilə, İlk iddia üzrə İddiaçı Mayıs qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair ilk iddiası, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı Mayıs qızına qarşı “sülh sazişinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin qəbul etdiyi 2(007)-2250/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən ilk iddia üzrə İddiaçı Mayıs qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair ilk iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 11500 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh1 arasında xx.xx.2003cü il tarixdə nikah bağlanmış, həmin nikah cavabdehin tələbi ilə xx.xx.2016-cı il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Məhkəmə həmin qətnaməni çıxararkən onların birgə nikahından anadan olmuş xx xxxx 2005-ci il təvəllüdlü X3 onun himayəsinə verilməsini müəyyən etmişdir. Hazırda qızı ilə birlikdə yaşayır və uşaq onun himayəsindədir. Onlar nikaha daxil olduqları vaxtdan, yəni xx.xx.2003-cü il tarixdən keçmiş qaynanasına məxsus və həyat yoldaşının da yaşadığı Bakı şəhəri, Q.Qarayev pr-ti 106, mənzil 29-da yaşamışlar. Lakin nikah münasibətinə son qoyulduqdan sonra onun qızı ilə birlikdə həmin mənzildən çıxarılmağı barədə keçmiş qaynanası indiki Cavabdeh2 tərəfindən ona qarşı iddia verilmiş, həmin iddia təmin edilmişdir. Mənzildən çıxarılsa da, mənzilə dair istifadə hüququna xitam verilməmişdir. Həmin ərəfədə cavabdehlərə onun və qızının başqa yaşayış yerinin olmaması, qeydiyyatının zəruri olduğunu bildirdikdə onlar ona demişlər ki, sülh sazişi bağlayaraq qeydiyyatdan könüllü çıxmağının qarşılığında ona 15000 manat pul verəcəklər. Onlar buna dair xx xxxxxx 2017-ci il tarixdə sülh sazişi imzalamışlar. Sülh sazişi notarial qaydada təsdiq edilmişdir. Sülh sazişi imzalandıqdan bir müddət sonra cavabdehlər ona 2500 manat pul verərək bir neçə ay ərzində qalan məbləği də verəcəklərini bildirmişlər. Bundan 5-6 ay keçdikdən sonra daha 1000 manat vermişlər. Qalan 11500 manat məbləği isə daha 2 aydan sonra verə biləcəklərini söyləsələr də həmin məbləği ona verməmişlər. Aralarında bağlanmış xx xxxxxx 2017-ci il tarixli sülh sazişinin 1ci bəndində əsasən 15000 manat pul məbəğinin ona ödənilməsi şərtilə o, Qara Qarayev pr-ti 106, mənzil 29 ünvanından qeydiyyatdan çıxmalı idi. O, müqavilə üzrə öhdəliyə əməl edərək həmin ünvandan qeydiyyatdan çıxmış və hazırda Qusar rayonu Hil kəndində qeydiyyatdadır. Həmin sazişin 3-cü bəndinə əsasən Cavabdeh1 qeydiyyatdan çıxdıqdan sonra ona 15000 manat məbləğində pul verməlidir. Onun tərəfindən öhdəlik icra edilmişdir. Lakin cavabdeh tərəfindən öhdəlik icra edilməmiş və ona çatacaq 15000 manat puldan ona yalnız 3500 manat pul ödənilmiş, 11500 manat pul isə ödənilməmişdir. Ona görə də cavabdehdən ödəyəciyi 11500 manatı tələb edir. Qarşılıqlı idda üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2017-ci il tarixdə 5 saylı “ASAN Xidmət” mərkəzində iddiaçı ilə cavabdehlər arasında bağlanmış “sülh sazişi”nin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçının keçmiş əri, Əlxaniva Növrəstə isə keçmiş qayınanasıdır. İddiaçı ilə Cavabdeh1 arasında olmuş nikah 2016-cı ildə ləğv edilmiş, bundan sonra münasibətləri kəskin şəkildə pozulmuşdur. İddiaçı hər hansı yolla cavabdehlərə pislik etmək, onları “süründürmək” niyyətini açıq şəkildə bildirmişdir. Təbiyyətcə daha sakit olan cavabdehlərin davranışını zəiflik kimi qəbul edən ididaçı onları həm uşağın, həm də aqressiv davranışın, həm də məhkəmə mübahisələri vasitəsilə son dərəcə üzüntü halına gətirmişdir. İddiaçı hələ 2017-ci ildə gəlin köçdüyü evdə hüququnun tanınmasına dair tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qərarına əsasən İddiaçı mənzildə ümumiyyətlə belə hüququnun yaranmadığı müəyyən edilmişdir. Bunu bilən iddiaçı cavabdehlərin çaşqınlığından, münasibətlərin və əlaqələrin tam kəsilməsini istəməklərini, eləcə də bütün dartışmaların bitməsini istəməklərini bildiyindən onları aldatmış, üstəlik pullarını almışdır. Hüququnun olmamasını bilən iddiaçı pasport qeydiyyatından hələ 2017-ci ilin fevral ayının 23-də çıxmışdır. Sonradan cavadehlərin qeyd olunan vəziyyətindən, eləcə də sonuncuların məlumatsızlığı və hüquqi naşılığından istifadə etmişdir. Pasport qeydiyyatını evə hüquq kimi qəbul edən cavabdehlər çox rahatlıqla ididaçının qurduğu hiyləyə düşmüşlər. Hüququ olmayan pasport qeydiyyatından çıxmış iddiaçı cavabdehləri notariata gedərək sözügedən sülh sazişini imzalatmağa nail olmuşdur. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2250/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ilk iddia üzrə İddiaçı Mayıs qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair ilk iddiası və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı Mayıs qızına qarşı “sülh sazişinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. İlk iddia üzrə İddiaçı Mayıs qızı tərəfindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ilk iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Notarial qaydada bağlanmış əqd üzrə pul verildikdə onun verilməsi də müvafiq qaydada təsbit olunmalı idi. Belə bir təsbit yoxdur. Bundan əlavə, məhkəmədə əqddə adı keçən şəxslər deyil, kənar şəxslərin ona pul verildiyi qeyd olunur. Halbuki, onunla mülki hüquqi münasibətlər qeyd edilən şəxslər deyil, məhz cavabdeh şəxslər arasında yaranmışdır. Üçüncü şəxslərin ona pul verməsini iddia etmələri əsassızdır. Apellyasiya baxışı zamanı ilk iddia üzrə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 apellyasıya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişlər ki, boşandıqdan sonra iddiaçı demişdi ki, ona 1 otaqlı ev alınsın, lakin cavabdehlər imkanlarının olmadığını bildirmişlər. Mənzildən çıxarılma tələbi verilərkən belə razılaşmışlar ki, sülh sazişi bağlasınlar. Ancaq müəyyən pul məbləği, əvvəl 2500 manat, 5- 6 ay sonra 1000 manat, ümumi 3500 manat məbləğində pul vəsaiti verildikdən sonra iddiaçıya pul verilmədi. Bununla bağlı ilk iddia üzrə iddiaçı və vəkili apellyasiya şikayətinin təmin edilməsini və birinci intsansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etdilər. İlk idda üzrə Cavabdeh1, onun və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək izahatlarında bildirdilər ki, sülh sazişinə əsasən iddiaçıya pul Şahinin əmisi tərəfindən verilmiş, lakin pulun verilməsi zamanı Şahin orada olmamış, pulun əlbəəl verilməsində o iştirak etməmişdir. İddiaçıya Şahinin əmisi tərəfindən 15000 manat pul verilmişdir. Buna baxmayaraq iddiaçı həmin pulun ona verildiyini bu günkü gün danır və cavabdehi incitmək üçün əlindən gələni edir. Bununla bağlı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və vəkili apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdilər. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadə verərək bildirmişdi ki, notariusda sülh sazişi bağlandıqdan sonra onlar hamısı evə gəlmişlər və o, pulu ayıraraq cibinə hazır vəziyyətdə qoymuşdur. Evə daxil olanda pulu cibindən çıxararaq iddiaçıya vermək üçün qardaşı Əşrəfə uzatmışdır, çünki o, həmin vaxt keçmiş gəlini ilə danışmırdı. Qardaşı Əşrəf də pulu alıb onun yanında iddiaçı Səidəyə evin girişində, yəni dəhlizində vermiş, iddiaçı da onların yanında pulu sayıb götürmüş, heç “sağ ol” da deməmişdi. Bundan sonra iddiaçı Səidə əşyalarını yığıb evdən çıxıb getmişdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki iş üzrə apellyasiya şikayəti ilk iddia üzrə iddiaçı tərəfindən verildiyi üçün məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı ilk iddianın rədd edildiyi hissədə yoxlanılır. Çünki məhkəmə qətnaməsi digər hissələrdə mübahisələndirilməmişdir. İş materiallarından müəyyən olunur ki, Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2003-cü il tarixdə nikah bağlanmış, həmin nikah xx.xx.2016-cı il tarixdə pozulmuşdur. Birgə nikahdan xx xxxx 2005-ci il təvəllüdlü X6 anadan olmuş və o, məhkəmə qərarı ilə anasının himayəsinə verilmişdir. Nikah pozulanadək tərəflər Cavabdeh2 (Cavabdeh1 anası) məxsus Bakı şəhəri, Q.Qarayev pr-ti 106, mənzil 29-da yaşamışlar. Nikah pozulduqdan sonra İddiaçı (qızı ilə birlikdə) həmin mənzildən çıxarılmağı barədə məhkəmədə iddia qaldırılmış, həmin iddia təmin edilmişdir. Bu ərəfədə xx xxxxxx 2017-ci il tarixdə tərəflər sülh sazişi bağlayaraq İddiaçı mübahisəli mənzildən qeydiyyatdan könüllü çıxmağının, mənzili təhvil verməyinin, həmçinin həmin mənzildə olan əşyalarının da götürülməsi qarşılığında ona 15000 (on beş min) manat pul verilməsi barədə razılığa gəlmişlər. Sülh Sazişi imzalandıqdan sonra İddiaçı sazişdə qeyd edilən əşyaları götürərək mənzildən çıxmışdır. Hazırda İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh tərəfindən Sülh sazişi üzrə götürülmüş öhdəliyin tam icra edilmədini və ona çatacaq 15000 manat puldan yalnız 3500 manatın ona ödənildiyini, 11500 manat pulun isə ödənilmədiyini iddia edərək həmin məbləğin Cavabdeh2 və Cavabdeh1 tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. İşə birinci instansiya qaydasında baxan məhkəmə müqavilə bağlanan vaxt İddiaçı artıq 5 gün əvvəl mənzildən qeydiyyatdan çıxmasına, bunun müqavilənin özündə də əks olunmasına, eyni zamanda onun üzərinə götürdüyü öhdəliyə əməl etməsinə, lakin pulu almamasını bildirsə də, şahid kimi dindirilmiş şəxslərin 15000 manat pulun ona verildiyini və bundan sonra İddiaçı sazişlə üzərinə götürdüyü öhdəliyi icra etdiyini bildirdiklərinə, qarşı tərəfin isə bunun əksini təsdiq edən sübutlar təqdim edə bilməməsinə istinad edərək ilk iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianın rədd edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Nə qədər ki, sülh sazişinin etibarsızlığı ilə bağlı iddia rədd edilmişdir, ona görə də məhkəmə mübahisəni dəyərləndirərkən müqavilənin mövcudluğu prezumpsiyasından çıxış edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1. maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 399.1. maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Tərəflər arasında sülh sazişinin mövcudluğu həmin sazişin əsasları barədə fikir söyləməyi istisna etmir. İlk növbədə məhkəmə kollegiyası iddiaçının qarşı tərəfdən pulu tələb etməsinin əsası kimi istinad etdiyi sülh sazişi ilə bağlı qeyd edir ki, həmin saziş bağlanmışdı ona görə ki, iddiaçı cavabdehə məxsus olan mənzildən qeydiyyatdan çıxsın və evi tərk etsin. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçının həmin evə ümumiyyətlə hüququ olmamışdır, ev cavabdeh tərəfin öz mülkiyyəti olmuşdur. Cavabdeh tərəf ailə dağıldıqdan sonra keçmiş gəlinə müəyyən məbləğ verilməklə problemin könüllü, tezliklə həll edilməsini arzulamış və ona görə həmin sazişi bağlamışlar. Əslində həmin mənzilə görə iddiaçıya hər hansı məbləğin verilməsinin qanuni əsası mövcud deyildi. Əslində cavabdeh tərəf iddiaçının mənzildən qeydiyyatdan (hansı ki həmin qeydiyyat heç bir hüquqi nəticə yaratmırdı) çıxması üçün müəyyən məbləğ pul verməyə razılaşmışdır. Pulun verilməsi müqabilində iddiaçı evdən pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. Sazişin icrası tərəflərin hərəkətləri ilə rəsmiləşməli idi. Çünki sazişdə pulun verilməsinin hansı qaydada həyata keçirilməsi müəyyən edilməmişdi. Sazişin məzmunundan görünür ki, bir tərəf pulu verir, digər tərəf qeydiyyatdan çıxır. Əslində həmin evlə bağlı aralarında məhkəmə mübahisəsi olmuş tərəflərin belə razılaşması məntiqlidir. Nəticə etibarı ilə iddiaçı evdən pasport qeydiyyatından çıxmışdır. Deməli, razılaşdırılmış məbləğin iddiaçıya verilməsi ehtiva olunur. Çünki tərəflər müqavilənin icrasının başqa qaydada rəsmiləşdirilməsini nəzərdə tutmamışlar. İddiaçı apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində bildirdikləri ilə bağlı, o cümlədən “evə daxil olanda razılaşdırılmış bütün məbləği cibindən çıxararaq iddiaçıya vermək üçün qardaşı Əşrəfə uzatdığını, sonuncunun pulu alıb onun yanında iddiaçı Səidəyə evin dəhlizində verdiyi, iddiaçının da pulu sayıb götürdüyü, onlara heç “sağ ol” da deməməsi” ilə bağlı ifadələri, şahidin ona ünvanladığı “pulu sən götürmədin? Elə olmadı?” suallarını inkar edə bilməmişdir. Məhkəmə kollegiyası sazişdə iddiaçının üzərinə qoyulan hərəkətlərin onun tərəfindən icra edilməsi və müəyyən müddət heç bir etiraz etməməsinə rəğmən hesab edir ki, cavabdehin razılaşdıqları pulu iddiaçıya verməsi barədə birinci instansiya məhkəməsinin qənaəti əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Toplanmış sübutların qarşılıqlı təhlili, işin faktiki halları, o cümlədən pulun iddiaçıya təqdim edilməsi anı ilə bağlı cavabdeh tərəfin söylədikləri ən xırda detallar cavabdeh tərəfin dediklərinin həqiqət olması qənaətinə gəlməyə əsas verir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə İddiaçı Mayıs qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən, yəni ilk iddianın rədd edildiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır. Buna görə də apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu apelyanta aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə İddiaçı Mayıs qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2250/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən- ilk iddianın rədd edildiyi hissədə dəyişdirilmədən saxlanılsın. İlk iddia üzrə İddiaçı Mayıs qızı tərəfindən ödənilmiş 15 (on beş) dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər İsmayıl Xəlilov İlham Kərimli
Məhkəmə qərarları › İş №2(103)-2034/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2034/2020
11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver