Məhkəmə qərarları › İş №2(103)-2035/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2035/2024

03.04.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2035/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7324/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 238K nömrəli əmrdən görünür ki, ”BM mağazalar” bölməsində “Satıcı” vəzifəsində işləyən İddiaçı Xanəli qızı ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 70-cı maddəsinin “ç” bəndi ilə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsi ilə xitam verilmişdir.

2. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 19 nömrəli Cavabdeh MMC-nin İddiaçı ünvanladığı məktubdan görünür ki, əmək müqaviləsi əsasında satıcı vəzifəsində çalışdığı Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixdən etibarən işə gəlmədiyi müəyyən edilmiş, dəfələrlə şifahi və ya telefonla əlaqə saxlamaq istəsələr də mümkün olmamışdır. İşdə olmamasıyla bağlı 5 iş günü ərzində izahat verilməsi xahiş edilib. Əks halda heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda “özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi”) əmək müqaviləsinə xitam veriləcəkdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması” tələbi ilə məhkəməyə müraciət edərək, 15 avqust 2023-cü il tarixli, 238K nömrəli əmrinin ləğv edilməsi, işə bərpa və həmin müddət ərzində əmək haqqının verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Suraxanı “Megastore”-da rəsmi işçi kimi xx.xx.2023-cü il tarixində şirniyyat şöbəsində satıcı vəzifəsində işə başlayıb. İş iki növbəli saat 07.00-dan 16.00-dək, 16.00-dan 01.00-dək müəyyən edilmişdir. İşlədiyi müddətdə əmək müqaviləsində qeyd olunmayan artıq işlərə cəlb olunmuş, amma heç bir əlavə əmək haqqı verilməmişdir. Əmək müqaviləsində iş vaxtının 9 saat və 2 növbəli olmadığını bilsə də, müqavilənin nüsxəsi onda olmadığı üçün heç kimə heç nə sübut edə bilməmişdir. Bununla bağlı Əmək Müfəttişliyinin 142 xidmətinə etdiyi şikayətlə bağlı Bakı şəhər Əmək Müfəttişliyində şikayətə baxılsa da, ondan sübutlar tələb olunmamışdır. May ayının sonu Suraxanı “Megastore”-da rəhbərlik dəyişikliyi olmuş, yeni gələn müdir Sevinc Ələkbərova yemək vaxtını 10 dəqiqə azaldaraq 20 dəqiqə, çay vaxtını da 5 dəqiqə azaldaraq 10 dəqiqə etdiyindən, İddiaçı isə 9 saat işləyən bir işçi üçün bu vaxtın çox az olduğunu və marketi yazılmamış qanunlarla idarə etdiyini bildirərək çox mədəni şəkildə etirazını bildirmişdir. Sevinc Ələkbərova çox kobud şəkildə marketdən çıxıb getməsini və bir daha müəssisəyə buraxılmayacağını demişdir. Növbəti gün işə gedib, ancaq müəssisəyə buraxılmamışdır. xx.xx.2023-cü il tarixdə BM marketlər şəbəkəsinin rəhbər işçilərindən olan Ali Kazım adlı şəxslə özü sosial media vasitəsi ilə əlaqə yaradıb və o iddiaçıya BM marketlər şəbəkəsinin Suraxanı filialında yox başqa filialına getməsini demişdir. O bu barədə Əmək Müfəttişliyi 142 xidmətinə şikayət etmiş və onun Əmək Müfəttişliyinə şikayət etdiyi üçün ona rəsmi qaydada məktub göndərilərək, guya xx.xx.2023-cü il tarixindən heç bir üzürlü səbəb olmadan işə gəlməməsi və buna görə də onun Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndinə əsasən işdən çıxaracaqları deyilmişdir. Onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılması ilə bağlı məsələnin nə yerdə olduğunu Dost xidmətindən maraqlanmağa getdiyi vaxt öyrənmişdir.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7324/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qətnaməsi (hakim Ruslan Mirzəliyev) ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinə xitam verilməsi barədə 238 K nömrəli Əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-də şirniyyat şöbəsində satıcı vəzifəsinə işə bərpa edilməsi, işdən çıxarıldığı tarixdən işə bərpa olunduğu günə qədər olan dövr üçün məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməsi, ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya qaytarılması qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 71, 84, 186.2, 187.2, 300-cü maddələrinə, Elsholz Almaniyaya qarşı iş üzrə, Blucher Çex Respublikasına qarşı iş üzrə, Van de Hurk Hollandiya qarşı iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 yanvar 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh tərəfindən guya ona işə gəlməməsi və gözləməsi bildirilmişdir. Bu tamamilə absurd və həqiqətə uyğun olmayan bir iddiadır. Hətta cavabdeh məktubla iddiaçıya müraciət edərək işə gəlməməyi ilə bağlı müvafiq sənədlərin təqdim olunması xahiş olunmuş, lakin iddiaçı heç bir sənəd təqdim etməmişdir. Həmin məktubu da iddiaçı özü iddia ərizəsinə əlavə etmişdir. İşçi işə gəlmirsə bunun səbəblərini işəgötürənə bildirməli və əgər həmin səbəblər üzürlü səbələrdirsə işəgötürən tərəfindən nəzərə alınmalıdır. Lakin iddiaçı hər hansı bir üzürlü səbəb olduğunu təsdiq edən müraciət etməmiş və iddiasını əsaslandıran sübutları təqdim etməmişdir. İşə baxan məhkəmə iddiacının iddiasını təmin etsə də, iddiaçınn üzürsüz səbəbdən işə gəlməməsini nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsinin

12. 71-ci maddəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

13. 84-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinin ləğv edilməsinə dair əmrdə digər məlumatlarla bərabər müəssisənin hüquqi ünvanı, əmək müqaviləsinin ləğv edilməsinin əsası və həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu məcəllənin müvafiq maddəsi hissəsi və bəndi əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir.

14. 84-cü maddəsinin 2-ci bəndinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

15. 187-ci maddəsinin 2-ci bəndinə əsasən intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 ay keçənədək verilə bilər.

16. 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Maddə 217.4 məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

21. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Hazırki halda, cavabdehin nümayəndəsi apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası izahatları, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7324/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 238K nömrəli əmrdən görünür ki, ”BM mağazalar” bölməsində “Satıcı” vəzifəsində işləyən İddiaçı Xanəli qızı ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 70-cı maddəsinin “ç” bəndi ilə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsi ilə xitam verilmişdir.

29. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 19 nömrəli Cavabdeh MMC-nin İddiaçı ünvanladığı məktubdan görünür ki, əmək müqaviləsi əsasında satıcı vəzifəsində çalışdığı Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixdən etibarən işə gəlmədiyi müəyyən edilmiş, dəfələrlə şifahi və ya telefonla əlaqə saxlamaq istəsələr də mümkün olmamışdır. İşdə olmamağıyla bağlı 5 iş günü ərzində izahat verilməsi xahiş edilib. Əks halda heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda “özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi”) əmək müqaviləsinə xitam veriləcəkdir.

30. Kollegiya qeyd edir ki, xx.xx.2023-cü il tarixli əmrin nəticə hissəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinin məzmunu göstərilsə də, iddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinin nədə ifadə olunması konkret göstərilməmişdir.

31. Kollegiya bildirir ki, işəgötürən İddiaçı işə gəlməməkdə təqsirli bilmiş və mövcud olmayan intizam pozuntusuna görə ona intizam tənbehi vermişdir.

32. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

33. Azərbaycan Respubliksı Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndində göstərlimişdir ki, əmək müqaviləsinin ləğv edilməsinə dair əmrdə digər məlumatlarla bərabər müəssisənin hüquqi ünvanı, əmək müqaviləsinin ləğv edilməsinin əsası və həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu məcəllənin müvafiq maddəsi hissəsi və bəndi əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir.

34. Kollegiya bildirir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdeh idarənin xx.xx.2023-cü il tarixli əmrində idarənin hüquqi ünvanı göstərilmədiyini, eləcə də işçinin Əmək məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə o cümlədən 72-ci maddəsinə əsasən işdən azad olunması qeyd edilsə də, işçinin hansı əmək funksiyasını və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi göstərilmədiyini, eləcə də işçinin 72-ci maddənin hansı bəndi ilə işdən azad olunmalı olmasının göstərilmədiyini qeyd etmişdir. Belə ki, işəgötürən işçinin 72-ci maddədə nəzərdə tutulmuş 8 bənddən hansına əsasən işdən azad etməsini əmrdə əsaslandırmamışdır. Həmçinin işəgötürən əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlərə istinad etməmişdir.

35. Kollegiya qeyd edir ki, göründüyü kimi işəgötürən işçinin işdən azad olunmasına dair əmri verən zaman Əmək məcəlləsinin 84-cü maddəsinin tələblərini dəfələrlə pozmuşdur.

36. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə bildirir ki, Əmək Məcəlləsinin 84-cü maddəsinin 2-ci bəndinə əsasən həmin maddənin 1-ci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

37. Kollegiya hesab edir ki, Əmək Məcəlləsinin 84-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduğundan cavabdeh idarənin xx.xx.2023-cü il tarixli əmri qanun pozuntusu ilə verildiyindən etibarlı hesab oluna bilməz və ləğv olunması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi qanuni hesab edilmişdir.

38. İş materiallarından göründüyü kimi cavabdeh idarənin işçiləri -iddiaçının işlədiyi mağazanın müdir müavini Roman Şirinov, mağaza müdir müavini Sevinc Qeybullayeva və mağaza müdiri Sevinc Ələkbərova tərəfindən müxtəlif vaxtlarda İddiaçı heç bir üzürlü səbəb olmadan işə gəlməməsi barədə aktlar tərtib olunmuşdur. Belə ki, xx.xx.2023-cü ildə tərtib edilmiş akta əsasən İddiaçı xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi işə gəlməməsi, xx.xx.2023-cü ildə tərtib edilmiş akta əsasən xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi işə gəlməməsi, xx.xx.2023-cü ildə tərtib edilmiş akta əsasən xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi işə gəlməməsi, xx.xx.2023-cü ildə tərtib edilmiş akta əsasən xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi işə gəlməməsi, xx.xx.2023-cü ildə tərtib edilmiş akta əsasən xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi işə gəlməməsi barədə aktlar tərtib olunaraq, onun intizam pozuntusuna yol verdiyi qeyd olunmuşdur.

39. Kollegiya xüsusi olaraq qeyd edir ki, Əmək müqaviləsinin pozulmasına dair əmrdə həmin sənədlərə istinad olunmadığından, işçinin məhz həmin intizam pozuntusuna yol verdiyi qeyd olunmadığından həmin sənədlər əsas kimi götürülməməlidir. Belə ki, əmrin məzmunundan işçinin həmin intizam pozuntusuna görə işdən azad olunması görünmür. Eləcə də işçinin xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü ildə işdə olması yəni idarənin daxili qaydalarına uyğun olaraq həmin tarixlərdə işə gəlməsinin BİZM238S aparatındakı barmaq izlərinin vatsap qrupuna göndərilməsi qeydiyyatları ilə təsdiq olunduğundan, cavabdeh idarənin işçiləri tərəfindən tərtib olunmuş aktları həqiqətə uyğun hesab edilmir.

40. İddiaçı aktların tərtib olunduğu dövrlərdə xx.xx.2023-cü ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinə işə buraxılmaması barədə zəng edərək bildirməsi, həmçinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə X4 Xidmətinin Bakı şəhər İdarəsinə ərizə ilə müraciət etməsi, həmçinin BM marketlər şəbəkəsinin rəhbər vəzifəli şəxsi olan Ali Koç adlı şəxslə xx.xx.2023-cü ildə telefonla danışan zaman onun işə çıxmasına razılıq verilməməsi bir daha təsdiq edir ki, müdiriyyət onu qəsdən işə buraxmamış və bu vəziyyəti ört basdır etmək üçün işçinin işə gəlməməsi barədə həqiqətə uyğun gəlməyən aktlar tərtib etmişdir.

41. İşdən göründüyü kimi cavabdeh idarə sonuncu dəfə xx.xx.2023-cü ildə işçinin intizam pozuntusuna yol verməsini sənədləşdirmiş, həmin tarixdən sonra heç bir sənədləşdirmə aparmamışdır. Belə olduğu halda da, cavabdeh əmək qanunvericiliyinin tələblərini pozmuş hesab olunur.

42. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci bəndinə əsasən intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 ay keçənədək verilə bilər. İşçinin əmək intizamını pozması barədə tərtib olunmuş sonuncu xx.xx.2023-cü il tarixli aktın tərtib olunmasından 1 ay 5 gün sonra işçiyə intizam tənbehi verilmiş, bu halda da işəgötürən intizam tənbehinin verilməsi qaydasını pozmuşdur.

43. Şərh olunanlardan göründüyü kimi işəgötürən əmək müqaviləsinin ləğv edilmə qaydalarına da əməl etməmişdir.

44. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsində göstərilir ki, Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

45. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir. (Elsholz Almaniyaya qarşı iş üzrə , Blucher Çex Respublikasına qarşı iş üzrə, Van de Hurk Hollandiya qarşı iş üzrə qərarlar).

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

49. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

50. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7324/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar