Məhkəmə qərarları › İş №2(103)-2038/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2038/2022

24.05.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2038/2022 24.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və LPO Cavabdeh2 ASC-yə qarşı əmrin ləğv edilməsi və s. tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli e-2(006)-7005/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və LPO Cavabdeh2 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 07 sentyabr 2021-ci il tarixli 69-k saylı əmrin ləğv edilməsi, onun tutduğu vəzifəyə və ya bərabər vəzifəyə bərpa edilməklə müddətsiz (daimi xarakterli iş olduğu üçün) əmək müqaviləsi bağlanması, məcburi işburaxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilməsi, ona dəymiş maddi və mənəvi ziyanın hesablanaraq ödənilməsi, vəzifəli şəxslərin vəzifə səlahiyyətlərini sair maraq müqabilində aşmalarına görə intizam, inzibati və cinayət məsuliyyətinə cəlb edilmələri barədə müvafiq icra hakimiyyəti orqanlarına və hüquq mühafizə orqanlarına təqdimatların verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsmi Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli e-2(006)- 7005/2021 saylı qətnaməsi ilə iddia rədd olunmuşdur. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işlədiyi bankda tutduğu ştat ixtisar edilməmişdən əvvəl vəzifəsinə uyğun olaraq boş ştatlar var idi və LPO Cavabdeh2 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyi ilk növbədə boş ştatların azaldılmasını həyata keçirməli olduğu halda, həmin ştatlara işçi qəbul etmişdir. İşəgötürən onun iş keyfiyyətlərini ümumiyyətlə qiymətləndirməmiş, cinsi ayrı-seçkiliyə yol verərək onunla bağlanmış əmək müqaviləsinə əsaslandırılmamış əmrə əsasən xitam vermişdir. Beləliklə, ƏSF-nin rəhbərliyi tərəfindən işçilərin sayının azaldılması və ştatların ixtisar edilməsi barədə əmr qəbul edilərkən vəzifə səlahiyyətlərini sair maraq müqabilində aşma və hüquqdan sui-istifadəyə yol verildiyi aşkardır. Onun himayəsində olan üç uşağın ikisi 16 yaşınadək, biri isə 1-ci kurs (əyani) tələbədir. Əlavə olaraq, o ixtisara salındıqdan sonra nəinki LPO Cavabdeh2 ASC-yə əlavə işçi qəbul edilmiş, hətta bilavasitə maliyyə şöbəsinə yeni əməkdaşlar işə qəbul edilmişdir. İşəgötürən onun tutduğu peşəyə uyğun olmasını araşdırmamış, ixtisasını, iş stajını, peşəkarlıq meyarlarını ümumiyyətlə qiymətləndirməmiş, bununla da ayrı-seçkiliyə yol verməklə onunla bağlanmış əmək müqaviləsinə əsaslandırılmamış əmrinə əsasən xitam vermişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli e- 2(006)-7005/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə bildirdi ki, Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun 31 avqust 2021-ci il tarixli 133U saylı əmri ilə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan Cavabdeh2 ASC-nin yeni ştat cədvəli 01 sentyabr 2021-ci il tarixindən təsdiq edilmişdir. Müvafiq bildirişlə İddiaçı onun əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndi ilə, yəni işçilərin sayının və ya ştatların ixtisar edilməsi şərti ilə ləğv ediləcəyi barədə qabaqcadan xəbərdar edilməklə xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 misli məbləğinin birdəfəlik ödənilməklə əmək müqaviləsinə xitam verilə bilməsi barədə məlumatlandırılmışdır. Bundan sonra İddiaçı 07 sentyabr 2021-ci il tarixli ərizə ilə ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoruna müraciət edərək, xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 misli məbləğini birdəfəlik əldə etməklə 07 sentyabr 2021-ci il tarixdən işdən azad edilməyinə etiraz etmədiyini bildirmişdir. Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun 07 sentyabr 2021-ci il tarixli 69-k saylı ixtisar əmri ilə ləğv prosesində olan Cavabdeh2 ASC-nin Mühasibat uçotu departamentinin meneceri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən 07 sentyabr 2021-ci il tarixdən xitam verilmiş və son haqq-hesabın aparılması qanuna müvafiq qaydada işəgötürən tərəfindən tam şəkildə icra edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli e-2(006)-7005/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı 2019-cu ildən Cavabdeh2 ASC-nin Mühasibat uçotu departamentinin meneceri vəzifəsində işləmişdir. Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun 31 avqust 2021-ci il tarixli 133U saylı əmri ilə 01 sentyabr 2021-ci il tarixdən LPO Cavabdeh2 ASC-nin yeni ştat cədvəli təsdiq edilmişdir. İşəgötürən tərəfindən işçi İddiaçı Əmək Məcəlləsinin tələblərinə riayət olunmaqla müvafiq bildiriş göndərilmiş və İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndi ilə, yəni işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq ləğv ediləcəyi barədə qabaqcadan xəbərdarlıq edilmiş, həmçinin ona xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 misli məbləğində birdəfəlik ödəniş edilməklə əmək müqaviləsinə xitam verilə biləcəyi barədə məlumat verilmişdir. İş materiallarında olan 07 sentyabr 2021-ci il tarixli ərizədən görünür ki, işçi İddiaçı 03 sentyabr 2021-ci il tarixli bildiriş məktubuna münasibət bildirərək, xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 misli məbləğini birdəfəlik əldə etməklə 07 sentyabr 2021-ci il tarixdən işdən azad edilməsinə etiraz etməmişdir. LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun 07 sentyabr 2021-ci il tarixli 69-k saylı əmri ilə həmin ASC-nin Mühasibat uçotu departamentinin meneceri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə (işçilərin sayının və ya ştatların ixtisar edilməsi) əsasən 07 sentyabr 2021-ci il tarixdən xitam verilmişdir. Həmçinin, son haqq-hesabın aparılmasının təmin edilməsi Maliyyə Menecmenti Departamentinə tapşırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Əmək Məcəlləsinin 77-ci maddəsində əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları təsbit olunmuşdur. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci hissəsinə görə, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir. bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Həmin maddənin 4-cü hissəsinə görə, işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. İş materiallarından görünür ki, İddiaçı 07 sentyabr 2021-ci il tarixli ərizə ilə LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoruna müraciət edərək xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 misli məbləğini birdəfəlik əldə etməklə 07 sentyabr 2021-ci il tarixdən işdən azad edilməsinə etiraz etmədiyini bildirmiş və həmin məbləği əldə etmişdir. Bundan əlavə, iş materiallarından görünür ki, Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun 31 avqust 2021-ci il tarixli əmri ilə LPO Cavabdeh2 ASC-nin yeni ştat cədvəli təsdiq edilmiş və İddiaçı tutduğu ştat ixtisara düşmüşdür. İddiaçı ixtisara salındıqdan sonra banka yeni işçilər qəbul olunması barədə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamış, məhkəmə araşdırması zamanı da belə bir hal aşkar olunmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq LPO Cavabdeh2 ASC-nin ləğvedicisi ƏSF tərəfindən verilmiş LPO Cavabdeh2 ASC-nin işçilərinin adlı siyahısından görünür ki, bankda mühasibat uçotu departamentinin meneceri ştatı yoxdur. Əmək Məcəlləsinin 78-ci maddəsinə görə, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.

2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: ...öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; İş materiallarından görünür ki, İddiaçı xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 misli məbləğini birdəfəlik əldə etməklə 07 sentyabr 2021-ci il tarixdən işdən azad edilməsinə etiraz etməməklə işdə saxlanmağa üstünlük hüququndan könüllü imtina etmişdir. İddiaçı həmin ərizəni könüllü yazmaması, habelə ayrı-seçkiliyə məruz qalması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli e-2(006)- 7005/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar