Məhkəmə qərarları › İş №2(103)-2038/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2038/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2038/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X12 və X4 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(004)-3304/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı Cavabdeh bacısı X10 ilə ailə qurmuşdur. 2012-ci ildə Cavabdeh adına alğı-satqı və ipoteka müqaviləsinə əsasən mənzil alınmışdır. 2.İddiaçı Cavabdeh adına alınmış mənzilə görə ödədiyi pulun ona qaytarılmasını tələb edərək, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh qarşı “pul tələbi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 62000 manat məbləğinin alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin bacısı X10 ilə ailə qurmuşdur. Əvvəlcə Yasamal rayonu, Haqverdiyev küçəsində yerləşən evdə yaşayıblar. Həmin evi öz vəsaiti hesabına təmir etmişdirmişdir. İki övladları olub. Ailələri böyüdüyünə görə ipoteka yolu ilə ev almaq qərarına gəliblər. İpoteka yolu ilə ev alınmasında bankda çalışan tanışı Müseyib adlı şəxs ona köməklik göstərmişdir. Yaşamış olduqları evi 52000 manata satmışlar. Evin satılmasında Tural adlı makler də köməklik etmişdir. Həmin satışdan 38000 manat pulu bank yolu ilə götürmüşdür. Qalanını isə beh yolu ilə vermişdir. Həmin ümumi puldan 30000 manatı qaynanası ilə yoldaşı götürüb. 2012-ci ilin aprel ayında təxminən 87000 manata ipoteka yolu ilə ev almışlar. Həmin dövrdə münasibətləri normal olduğuna görə ev cavabdehin yüksək əmək haqqı olduğuna görə ev ipoteka yolu ilə onun – Fidanın adına sənədləşdirilmişdir. 2012-ci ilin may ayından etibarən 2021-ci ilin aprel ayına kimi bütün ödəmələr iddiaçı tərəfindən həyata keçirilib. Bu ödəmə qəbzləri ilə təsdiq edilir. Sığorta da iddiaçı tərəfindən ödənilib. Bəzən ödənişləri tanışları edib. Qəbzlər var. Qeyd edilən bütün bu hallar və faktları təsdiq edə biləcək şahidlər də var. Onlar ərizədə bu evin 60000 manat olduğunu qeyd edirlər. Yalnış fikirdir. Bu evin real bazar qiyməti 120-130 min manatdır. H.Cavid prospektində yerləşən ev 60000 manat ola bilməz. İddiaçı bu evlə bağlı çəkdiyi, xərclədiyi vəsaiti tələb edir. Bu isəcəmi 62000 manat təşkil edir. Bu halı sənədlər, qəbzlər və şahidlər təsdiq edir. Pulun ödəniləcəyi halda mənzildən çıxmağa etiraz etmir. 5.Cavabdeh məhkəməyə İddiaçı Cavabdeh qarşı “pul tələbi” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək ərizəsində qeyd etmişdir ki, İddiaçı iddiada göstərdikləri tamamilə əsassızdır. Cavabdehin bacısı, onun iki övladı və cavabdeh bir ailə kimi cavabdehin himayəsində yaşayırlar. Onlara məlum oldu ki, atasına məxsus Yasamal rayonu, Haqverdiyev küçəsi, ev 7, 4 saylı mənzil 35380 manata deyil, İddiaçı vasitəsilə özünün qeyd etdiyi Tural adlı şəxsin vasitəsilə 52000 manata satılıb. Cavabdehin atasının mənzilindən əldə edilmiş 16620 manat pul məbləğini onlardan gizlədərək mənimsəmişdir. 52000 manat – 35380 manat = 16620 manat. Necə ola bilər ki, 2012-ci ildə ipoteka yolu ilə 87000 manata mənzil alınıb. Mənzili rəsmi oarq 60000 manata qiymətləndiriblər və cavabdeh də 45000 manata ipoteka krediti götürmüşdür. 25 il müddətində hər ay 347,32 manat olmaqla kredit ödəyir və 2037-ci ilədək də ödəyəcək. Cavabdeh tərəfindən cəmi 15000 manat ödənilib. 45000 ipoteka krediti + 15000 nağd = 60000 manat və yaxud 60000 + 45000 = 104000 manat. Yenə də əgər 52000 manata satılıbsa, ipotekaya qoyulan mənzil isə 87000 manata alınıbsa, cavabdeh də 45000 manat kredit götürmüşdür. 52000 + 45000 = 97000 manat. Bəs 10000 manat haradadır. Cavabdeh İddiaçı qeyd etdiyi kimi onun bankda olan tanışı Müseyb və makler Tural adlı şəxslə cavabdehin atasına məxsus mənzilin satılmasında xeyli miqdarda pulu mənimsəmişdir. Bundan başqa cavabdehin əmisinin övladı, varisi yox idi. Əmisi vəfat edəndən sonra onun da ikiotaqlı mənzili xx.xx.2013-cü ildə 51678 manata İddiaçı inandıqları üçün onun vasitəsilə satıldı. Satılmış mənzilin pulundan 20000 manat götürmüş və qaytaracağını söyləmişdir. Bu günədək qaytarmayıb. İddiaçı qeyd edir ki, satılmış mənzilin 30000 manatını qaynanası və yoldaşı götürüb. Cavabdehin anası rəhmətə gedib və bacısı da ondan boşanıb. Onun, yəni iddiaçının bu və digər hərəkətlərinə görə cavabdehin bacısının ailəsi də dağılmışdır. Necə ola bilər ki, şəhərin mərkəzində iki mənzilləri satılsın, ipoteka kreditinə girsinlər, üstəlik evsiz qalsınlar. İddiaçı məhkəməyə təqdim etdiyi qəbzlərin ödənişini cavabdehdən alıb, həmin qəbzlər ipotekaya qoyulmuş mənzildə qalıb, iddiaçı da onu ələ keçirib özündə saxlayıb. İddiaçının evinin bazarlığınadək, toy, bayramlarınadək cavabdehin üstündə olmuşdur. Uşaqlarına aliment belə vermir. İddiaçının iddiada yazdıqları hamısı uydurmadır. İddiaçı övladlarına, ailəsinə baxmayan bir insan olmuşdur. 6.Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, 2006-cı ildə o ailə quranda yoldaşının atasından ev qalmışdır. O ev təmirsiz idi. O, evdə yaşamaq istəməmişdir. O evin qiyməti 25000-30000 civarında olardı. İddiaçı o evə 15000 dollar təmirinə görə pul qoymuşdur. Sonra ailə üzvləri artdı və 4 nəfər oldular. Ev almaq gücü olmadı. O, özü X19 polis mühafizəçisi olmuşdur. Hüseyn müəllimidə oradan tanımışdır. Hüseyn müəllim Atabankın sədr müavini idi. İddiaçı ondan ipoteka ilə ev xahiş etmişdir. Birinci evi iddiaçı öz adına götürmək istəmiş, lakin mümkün olmamışdır. Çünki maaşı 600 manat olmasına baxmayaraq, vəzifə maaşı 300 manat olmuşdur. Alınmadığına görə baldızının adına götürmüşlər. Ancaq bütün pulu özü ödəmişdir. Bəzən o işdən çıxa bilmədiyi üçün pulu verib və iş yoldaşları onun əvəzindən ödənişləri etmişlər. Hətta ödəniş qəbzləri də var. Birdəfə gecikməsi olmuş və gecikməyə görə baldızının maaşında tutmuşlar. 2012ci ildən 2021-ci ilin aprel ayına kimi ödədiyi pulu, 15000 evi alanda banka ödədiyi pulu, 2012-ci ildən 2021-ci ilə kimi ödədiyi sığorta pulu, 2016-cı ildən 2021-ci ilə kimi də mülkiyyət kimin adına olmuşsa onun sığorta pulunu ödəmişdir. İndi hazırda həmin pulları tələb edir. O evi iddiaçı 85000- 87000 manata almışdır. O, mənzilin sahibinə 5000-7000 manat beh vermişdir. 20000 manat əlbəəl vermişdir. 45000 manat bank tərəfindən ödənilmiş və Fidan xanım gəlib qol çəkmişdir. İpoteka üzrə ilkin ödəniş kimi ödənilmiş 15000 manatın qəbzindəki imza Cavabdeh məxsusdur. Təqdim etdiyi qəbzlərdə 347 manat məbləğində olan ödənişlər ipoteka ilə bağlı olan ödənişlərdir. Qəbzlərin içərisində 150-200 manat, 6 manat məbləğində sığorta ödənişləri var. Həmin məbləğdə ipoteka ödənişləri olmayıb. Cavabdeh adına olan bəzi qəbzlərdə də imza iddiaçınındır. Cavabdeh imzası olan qəbzlər də var, lakin həmin məbləği iddiaçı ona vermiş, o da ödəniş etmişdir. Yüksək məbləğdə olan qəbzlər də ipoteka ödənişləri ilə bağlıdır. Bəzən gecikmələr olduğu üçün iddiaçı bir neçə ayı bir yerdə ödəmişdir. Üzərində imza olmayan hökumət ödəniş portalından bəzi mədaxil qəbzləri var. Həmin ödənişləri iddiaçının etməsi ilə bağlı bankın işçiləri şahid kimi fikir bildirə bilərlər, əlavə olaraq həmin imzasız qəbzlərlə bağlı heç bir sübut yoxdur. xx.xx.2015-ci il, xx.xx.2015-ci il tarixli qəbzlərdəki imzalar iddiaçıya məxsus deyil. Qəbzlərin arasında X5 adına olan qəbzdəki imza Ağayeva Firəngizə məxsusdur. İddiaçı pulu Ağayeva Firəngizə vermiş, o da ödənişi etmişdir. KÖMİS sistemi üzrə mədaxillə bağlı qəbzlərdə imza iddiaçıya məxsusdur. "xxxx" ləğv olunandan sonra iddiaçı ödənişləri “Rabitəbank” və “Xalq Bank”a ödəmişdir. 7.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Onların mənzili – Haqverdiyev küçəsində olan 1 otaqlı mənzil satılıb, məbləğin üstü düzəlib və ev alıblar. Haqverdiyev küçəsi ev 7, mənzil 4 Şükürov Fuadın adına olub, vərəsəliklə Firəngizin adına keçib. 2005-ci ildə Şükürov Fuad vəfat edib, 2006-cı ildə Firəngizlə Elnur ailə həyatı qurublar. Evlənəndən sonra Elnur bəylə Firəngiz xanım Haqverdiyevdə qaynatanın evində yaşayıblar. Sonra söhbət olub ki, bir otaqlı mənzil kiçikdir, onu sataq, iki otaqlı mənzil alaq. 2012-ci ildə vərəsəliklə Fidan və Firəngizə keçmiş evi satırlar. Ev 52000 manata satılır. 35380 manata rəsmiləşdirirlər.Sonra Fidan xanım gedir öz adına ipoteka ilə ev götürür. Həmin evin pulunu hələ də Fidan xanım ödəyir və 2037-ci ilə qədər də ödəyəcək. Mübahisəsi gedən Hüseyn Cavid prospektində yerləşən evi ipotekaya qoyub 45000 manat pul götürüblər. Ordan da ilkin ödəniş olaraq Fidan xanım 15000 manat ödəyib. Fidan xanım o evi özü alıb. Həmçinin atasından və əmisindən qalma evi satıb alıb. Qarşı tərəf bildrir ki, Fidan xanımın maaşı yüksək olduğuna görə onun adına almışıq. Ancaq iddiaçının da maaşı kifayət qədər yaxşı olub. Eyni zamanda, Elnurun iş yoldaşları Fidanı şəxsən tanımırlar. Fidan yüksək maaş alır. Həmçinin inandığı üçün pulu Elnura verib, Elnur da yoldaşlar vasitəsi ilə ödəniş edib. Elnurun pulu olsa idi, evi öz adına alardı. Fidan xanımın öz adına aldığı evi də ona görə Elnur müəllimə verib ki, yoldaşı ilə küçədə qalmasın. O evdə Elnur və Fidanın bacısı uşaqları yaşayıblar. Fidan deyib ki, əminin də, atanın da evi yoxdur. Uşaqlar da onun yanındadırlar. Hal-hazırda da Fidan uşaqlara sahib çıxır. O evə Elnurun ödəniş etməsini qəbul etmir, Elnurun elə imkanı yoxdur. Fidan elə yerdə işləyir ki, oradan çıxa bilmir. Ona görə də Fidan pulu Elnura ödəməsi üçün etibar edib. Elnur işdən çıxa bilmədiyi vaxtlarda pulu iş yoldaşlarına ödəməyə verib. Onlar da ödəyiblər. Ödəniş sənədində olan imza Fidana məxsusdur. Bütün ödənişlərin pulunu Fidan xanım verib. İmzalar Fidanın da, Elnurun da imzasına oxşayır. Lakin bütün ödənişlərdə Fidan özü şəxsən iştirak edib və ödəyib. 2021-ci il 21 aprel tarixinə kimi Fidan ödənişləri etmək üçün pulu Elnura verib. 2021-ci il 21 apreldən bu günə kimi isə ödənişləri Fidan özü ödəyir. 8.Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 izahatında bildirmişdir ki, onlar İddiaçıla birgə nikah dövründə bacısı Cavabdeh adına ipoteka götürərək ev almışdırlar. Atasının evi satılıb. Bacısı da bankdan pul götürüb üzərinə qoyub və ev alıb. Onlar evlənəndə Elnurun evi olmamışdır. Evi almaqda bacıları onlara köməklik etmişdir. Bacısı "xxxx"dan 45000 manat pul götürmüşdü. Bank, sənəd işləri ilə o maraqlanmamışdır. O, sadəcə uşaqlarla birliklə evdə olmuşdur. Bank işləri ilə isə bacısı və Elnur məşğul olmuşlar. 15000 manat məbləğində ilkin ödənişi bacısı edib, qəbzdəki imza da ona məxsusdur. Yoldaşının elə də yüksək maaşı yox idi ki, evi ala bilsin. Ev alınandan sonra ipoteka ödənişlərini bacısı ödəmişdir. Hətta pulu Elnura ödəmək üçün vermişdir. Bəzən də bacısı pulu ona verirdi, o ödəyirdi. Onun adına olan qəbzlərdə də imza ona məxsusdur. Onların ailəsinin maddi durumu zəif olmuşdur. Bir neçə ay yoldaşı işsiz qalmış, buna görə də bacısı onlara kömək etmişdir. 9.Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, əməkdar jurnalist, yazıçı, X2 sədridir. Tərəflərdən yalnız İddiaçı tanıyır. Ona prezident tərəfindən ev verilmişdi və ora köçdüyü üçün əvvəlki evini satmaq istəmişdir. Makler Elnur bəyi gətirmişdir. Söhbət əsnasında Elnurun Şuşalı olduğunu öyrənmiş və çox qiymət mübahisəsi etməmişidir. Evi İddiaçı satmışdır. Elnur bəy ilk öncə beh vermiş, sonra isə sənədləşmə məsələləri olmuşdur. Evi 2012-ci il aprel ayında satmışdır. Ünvan bir neçə dəfə dəyişilmişdir. Sonuncu ünvan H.Cavid prospekti, ev 5, mənzil 14 olmalı idi. Ev ikiotaqlı idi. Onun evə dair çıxarışı var idi. Elnur ona 60000 manat bank vasitəsi ilə, 20000 manat nağd şəkildə ödəmişdir. Evi ümumi 80000 manata satmışdır. 20000 manat ona lazım olduğu üçün belə danışmışlar və Elnur nağd şəkildə ona 20000 manat ödəmişdir. Pulu ona Elnur verib və başqa heç kəsdən pul almamışdır. Rəsmiləşmə prosesində də Elnurla birlikdə "xxxx"a getmişdirlər. Onu hər yerə Elnur aparmışdır. İşləri çox olduğu üçün Elnura hər şeyi hazır etməyini, sonra nəyə lazımdırsa, gəlib imza atacağını demişdir. Elnur evi alan zaman başqa heç bir xanımın adını çəkməmişdir. Pulun Elnura məxsus olması və ya başqa bir şəxsdən alıb verməsi barədə söhbət olmamışdır. 10.Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, tərəflərdən yalnız İddiaçı tanıyır. Elnur onun iş yoldaşı olub. Fidan xanımı tanımır. Hazırki məsələni tam dəqiqliyi ilə bilmir, sadəcə olaraq Elnur ona evlə bağlı olduğunu söyləmişdir. Elnurla birlikdə metropolitendə işləmişlər. O, halhazırda da orada polis kimi fəaliyyət göstərir. Elnur onu "xxxx"a pul ödəmək məqsədilə göndərib. Bəzən Elnurun işləri çox olurdu, özü çıxa bilmirdi, ona görə də banka əsasən onu və iş yoldaşıları Muradı göndərmişdir. Elnurun onu pul ödəmək məqsədi ilə banka göndərməsi halı 2-3 dəfə olub. Elnurun verdiyi pulun məbləğini xatırlamır. Sadəcə olaraq İddiaçı ona pulu verib və o, Elnurun adından pulu banka ödəyib qəbzi özünə təqdim etmişdir. Evin kimin adına olduğunu bilmir və bu barədə maraqlanmayıb 11.Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, tərəflərdən yalnız İddiaçı tanıyır. Əvvəllər metropolitentə polis şöbəsində Elnurla birlikdə işləyib. Hal-hazırda da o, metropolitendə polis şöbəsində işləyir. Mübahisə ilə bağlı dəqiq məlumatı yoxdur. Dəfələrlə Elnur ona banka ödəməsi üçün pul verib. Hansı bank olduğunu dəqiq xatırlamır. Bank Ədliyyə Nazirliyinə yaxın yerləşirdi. Elnur onu banka evin krediti ilə bağlı ödənişləri etmək üçün göndərmişdir. Elnurun verdiyi məbləğ təxminən 300-400 manat olardı. Onlar Elnurla bir yerdə işləyirdilər və yaşca ondan böyük idi, ona görə də işdən özü çıxa bilməyəndə onu ödənişləri etmək üçün göndərirdi və özü deyirdi ki, bu ödənişlər evin ipotekası ilə bağlıdır. Evi neçəyə və necə almasını Elnurun özündən soruşmamışdır. Bank ona qəbz verirdi və o, qəbzi Elnura verirdi. Evin ipotekasından başqa ödənişlər üçün Elnurun onu banka göndərdiyi hal olmayıb. 10-15 dəfə Elnur onu banka ödənişlər etmək üçün göndərib. Elnur ipotekanın bir xanımın adına olduğunu deyirdi. Lakin adı xatırlamır. Elnur evin öz evi olduğunu demişdir. Pulun özünə məxsus olması və ya kimdənsə alması barədə soruşmamışdır. Pulu ona Elnur şəxsən özü vermişdir. 12.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 27 oktyabr 2022-ci il tarixli, 2(004)-3304/2022 saylı qətnaməsi ilə (sədrlik edən-Orxan Məmmədli) iddia qismən təmin edilərək, Cavabdeh 12.314,88 (on iki min üç yüz on dörd manat səksən səkkiz qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 13.İş materiallarında olan AZ-l 133298 nömrəli, 05 fevral 2005-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X14 29 yanvar 2005-ci ildə ölmüşdür. 14.İş materiallarında olan AZ-l 564969 nömrəli, 12 sentyabr 2012-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X9 xx.xx.2012-ci ildə ölmüşdür. 15.İş materiallarında olan AN-l ******* nömrəli, 03 iyun 2013-cü il tarixli daşınmaz əmlakın alğısatqı müqaviləsinə əsasən müəyyən olunur ki, X10 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42,4 kv.m, yaşayış sahəsi 29,2 kv.m olan iki otaqlı mənzili X6 51678 manata satmışdır. 16.İş materiallarında olan AN-l ******* nömrəli, 10 aprel 2012-ci il tarixli daşınmaz əmlakın alğısatqı müqaviləsinə əsasən müəyyən olunur ki, X10 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 29,2 kv.m, yaşayış sahəsi 16,1 kv.m olan bir otaqlı mənzili X3 51678 manata satmışdır. 17.İş materiallarında olan ******* nömrəli, xx.xx.2012-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 43,5 kv.m, yaşayış sahəsi 26,6 kv.m olan mənzil Cavabdeh xüsusi mülkiyyətindədir. 18.İş materiallarında olan 256 nömrəli alğı-satqı və ipoteka müqaviləsinə əsasən müəyyən olunur ki, Şahid 2 otaqlı, ümumi sahəsi 46 kv.m , o cümlədən yaşayış sahəsi 28 kv.m olan, ünvan 4 ünvanında yerləşən 5 mərtəbəli, 8 bloklu binanın 1-ci blokunda, 5-ci mərtəbəsində 14 saylı mənzili Cavabdeh mülkiyyətinə vermişdir. Mənzilin satış qiyməti 60000 manatdır, mənzilin dəyərinin 15000 manatı alıcı-ipoteka qoyanın özü, yəni Cavabdeh tərəfindən, 45000 manatı isə kreditor-ipoteka saxlayan, yəni "xxxx" ASC tərəfindən Cavabdeh verilmiş kredit vəsaiti hesabına ödənilir. Kreditin məbləği 45000 manatdır. 19.İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-2622/2022 nömrəli qətnaməsinə əsasən iddianın təmin edilməsi və İddiaçı Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, ev 5, 14 saylı mənzildən çıxarılması qət edilmişdir. 20.İş materiallarında olan Bakı Metropolitenində Polis Şöbəsi tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, 05411522A3222 nömrəli arayışa əsasən müəyyən olunur ki, İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Bakı Şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin polis nəfəri vəzifəsində xidmət etmişdir. xx.xx.2018-ci il tarixdə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 1-ci bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. 21.İş materiallarında olan "xxxx" tərəfindən verilmiş əmanət kitabçasından görünür ki, xx.xx.2013cü il tarixdə X10 tərəfindən 18 ay müddətinə 20000 AZN məbləğində pul vəsaiti əmanət qismində bank hesabına mədaxil edilmişdir. 22.İş materiallarında olan Bakı Şəhər Yasamal Rayon İcra X1 ünvanlanmış xx.xx.2022-ci il tarixli, xx/xx-188092/17 nömrəli məktuba əsasən müəyyən olunur ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4129/2021-008 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək icra sənədi üzrə borclu İddiaçı xx.xx.2021-ci il tarixdən hesablanmqla hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq X7 ödənilməlidir. Həmin məhkəmənin 2(004)-4129/2021-008 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən isə İddiaçı xx.xx.2021ci il tarixdən hesablanmaqla hər ay 2 uşağın yetkinik yaşına çatanadək saxlanılması üçün cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq X7 ödənilməlidir. Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə təqdim edilmiş məlumatdan müəyyən olunur ki, borclu İddiaçı X7 cəmi 50 manat ödəmiş və xx.xx.2022-ci il tarixə 3450 manat aliment borcu yaranmışdır. 23.Məhkəmə müəyyən etmişdir ki, iş materiallarında olan 256 nömrəli alğı-satqı və ipoteka müqaviləsindən görünür ki, Şahid 2 otaqlı, ümumi sahəsi 46 kv.m, o cümlədən yaşayış sahəsi 28 kv.m olan, ünvan 4 ünvanında yerləşən 5 mərtəbəli, 8 bloklu binanın 1-ci blokunda, 5-ci mərtəbəsində 14 saylı mənzili Cavabdeh mülkiyyətinə vermişdir. Həmin müqavilənin 1.6.1-ci maddəsinə əsasən ipoteka predmeti ilə bağlı öhdəlik kimi kreditin məbləği 45000 manat müəyyən edilmişdir. Həmin müqavilənin 1.6.4-cü maddəsinə əsasən kredit üzrə əsas borc və faizlər hər növbəti ayın 5-dək aylıq 347,32 manat məbləğində bərabər hissələrlə ödənilir. 24.Məhkəmə qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi qəbzlərin arasında olan iki qəbzdəki – 1130 manat və 15000 manat məbləğində ödənişlərlə bağlı olan qəbzlərdəki imza Cavabdeh, 4 qəbzdəki – xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixli qəbzlərdəki imzalar X7 məxsusdur. Bu hal iddiaçının özü tərəfindən də təsdiqlənmişdir. 11 qəbzdəki imzalar naməlum insanlar tərəfindən imzalanmışdır, belə ki, bu qəbzlərdən 9-u Cavabdeh, 2-i isə kimliyi məlum olmayan şəxslərin adınadır. 16 qəbz hökumət ödəniş portalından imzası olmayan mədaxil qəbzləridir. 6 qəbz məhkəmə iclasında dindirilmiş şahidlər tərəfindən edilmiş ödənişlərlə bağlıdır. Bu qəbzlərdən 4-ü cəmi 1393,31 manat olmaqla ipoteka ödənişi, 2-i cəmi 337,45 manat olmaqla isə sığorta ödənişi ilə bağlıdır. 57 qəbzdəki imza İddiaçı məxsusdur, ipoteka ödənişləri ilə bağlıdır və cəmi 21866,39 manat təşkil edir. 17 qəbzdəki imza da həmçinin İddiaçı məxsusdur, həmin qəbzlər sığorta ödənişləri ilə bağlıdır və cəmi 1032,02 manat təşkil edir. İddiaçı tərəfindən ödənilmiş məbləğ 21866,39 manat ipoteka ödənişləri, 1032,02 manat sığorta ödənişləri, məhkəmə iclasında dindirilmiş şahidlər tərəfindən ödənilmiş məbləğ 1393,91 manat ipoteka ödənişləri, 337,45 manat sığorta ödənişləri olmaqla cəmi 24629,77 manat təşkil edir. Həmçinin iş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 2622/2022 nömrəli qətnaməsindən görünür ki, iddianın təmin edilməsi və İddiaçı Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, ev 5, 14 saylı mənzildən çıxarılması qət edilmişdir. 25.Göstərilənlərə əsasən məhkəmə belə hesab etmişdir ki, iddiaçının reqress hüququ yarandığından, iddia tələbi qismən əsaslıdır və həmin hissədə təmin edilməlidir. 26.Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan 256 nömrəli alğı-satqı və ipoteka müqaviləsindən görünür ki, Şahid 2 otaqlı, ümumi sahəsi 46 kv.m, o cümlədən yaşayış sahəsi 28 kv.m olan, ünvan 4 ünvanında yerləşən 5 mərtəbəli, 8 bloklu binanın 1-ci blokunda, 5-ci mərtəbəsində 14 saylı mənzili Cavabdeh mülkiyyətinə vermişdir və iş materiallarında olan qəbzlərdən aydın olur ki, 21866,39 manat ipoteka ödənişləri, 1032,02 manat sığorta ödənişləri, məhkəmə iclasında dindirilmiş şahidlər tərəfindən ödənilmiş 1393,91 manat ipoteka ödənişləri, 337,45 manat sığorta ödənişləri olmaqla cəmi 24629,77 manat İddiaçı tərəfindən ödənilmişdir. 27.Buna baxmayaraq məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 mübahisəli mənzil alınan zaman ər-arvad kimi birgə yaşamışlar, ümumi təsərrüfat aparmışlar. Göründüyü kimi ipoteka predmeti olan mənzil alınan zaman və həmin mənzilə görə iddiaçı tərəfindən bütün ödənişlər edilən dövr onların birgə nikah müddətinə təsadüf edir. Nikah müddəti dedikdə, ər-arvadın birgə yaşadığı, ümumi təsərrüfat apardığı dövr başa düşülməlidir. Belə olduğu halda yuxarıda göstərilənlər nəzərə alınmaqla məhkəmə hesab edir ki, İddiaçı tərəfindən Cavabdeh adına rəsmiləşən ünvan 4 ünvanında yerləşən 5 mərtəbəli, 8 bloklu binanın 1-ci blokunda, 5-ci mərtəbəsində 14 saylı mənzilə görə ipoteka borcu və mənzil sığortasına görə müəyyən olunmuş ödənişlərin məbləğinin (24629,77 AZN) 1/2 hissəsi (12.314,88 AZN) cavabdehdən alınıb iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. 28.Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələbini əsaslandıran hallara dair məhkəməyə təqdim etdiyi digər sübutlar işin həllində səmərəli olmamış, habelə iddianın təmin olunması üçün əsas olmamaqla mübahisənin həllində effektiv sayılmamışdır. 29.Ona görə də məhkəmə hesab etmişdir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh 12.314,88 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. 30.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 431.1, 431.2, 431.3; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 31.1, 32.2.2, 37.1;Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 31.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 32.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının müdafiə hüquqlarını pozmuş, işə qərəzli yanaşmışdır. Belə ki, məhkəmə işə baxarkən iddia tərəfinə qarşı qərəzli münasibət göstərmiş, başqa sözlə desək sanki cavabdehin vəkili qismində iştirak etmişdir. Bildirir ki, məhkəmə iclasında da tərəfindən iddiada qeyd olunanlara uyğun izahat verilmiş və söylədiyi hər bir sözü sübut etmişdir. İş materiallarında olan şahid ifadələrindən və digər hallar da iddianı sübuta yetirməyə imkan verir. Lakin məhkəmə işə baxan zaman sübutlara, işin faktiki hallarına əsaslanmaq əvəzinə cavabdehin quru söz yığınından ibarət izahatını əsas götürmüşdür. Eyni zamanda qeyd edir ki, məhkəmə işə baxan zaman iddia tələbi ilə bağlı olmayan və ya cavabdeh tərəfindən hər hansı bir qarşılıqlı iddia və ya hər hansı bir tələb olmadan ödənilən ödənişlərin birgə nikah dövründə ödənilməsi səbəbindən yarısını təmin etmişdir. Bu hal da məhkəmə tərəfindən yol verilən digər bir nöqsandır. Cavabdeh izahatında bildirmişdir ki, guya ödənişlərin pulu iddiaçı tərəfindən ödənilsə də, cavabdeh özü vermişdir. Daha sonra izahatında bildiririr ki, guya o ailəni saxlamırmış, aliment ödəmirmişəm. Buradan isə 2 sual ortaya çıxır. İlk öncə bunun hazırkı iddiaya nə aidiyyəti var? İkinci sual isə ondan ibarətdir ki, əgər ailəsinə baxmırdısa, aliment ödəmirdisə hansı səbəbə ipoteka ödənişini ödəməyi mənə etibar edirdi? Göründüyü kimi qoyulan sualların heç biri məhkəmədə öz cavabını tapmamışdır. Həmçinin qeyd edir ki, işə baxılan zaman cavabdehin bacısı, keçmiş həyat yoldaşı öz izahatında evi 85000-87000 manat qiymətində aldığını bildirmişdir. Halbuki cavabdeh iddiaçının evi 60000 manata aldığını iddia etmişdir. Göründüyü kimi cavabdeh və bacısının izahatlarında ziddiyət vardır. Hesab edir ki, cavabdehin bacısı ilə aralarındakı nikahın pozulduğunu və heç bir münasibətlərinin olmamasını nəzərə alınsa cavabdehlə bacısının izahatında ziddiyətin olmasıməhkəmə tərəfindən nəzərə alınmalı olan halların başlıcasıdır.Öz iddia tələbini sübuta yetirmək üçün tərəfindən məhkəməyə şahidlər gətirilmiş, qeyd etdiyim hallar öz təsdiqini tapmışdır. Lakin buna baxmayaraq məhkəmə şahid ifadələrinə məhəl qoymamış, cavabdeh tərəfin öz etirazını əsaslandırmaq üçün heç bir subut təqdim etməməsinə baxmayaraq qərəzli mövqə bəsləyərək, iddia tələbini qismən təmin etmişdir. İşə baxılan zaman işin faktiki halları nəzərə alınmamışdır. İddia ərizəsində göstərilən hallar şahid ifadələri əsasında sübuta yetirilsə də məhkəmə bunları nəzərə almamış və prosesual pozuntuya yol vermişdir. İddia tələbinə cavabdeh tərəfindən etiraz edilmiş, lakin etirazda qeyd olunan hallar sübuta yetirilməmişdir. Məhkəmə isə bununla bağlı hər hansı sübut təqdim edilməsini təklif etməmiş, cavabdehin söz yığınından ibarət olan etirazını əsas götürmüşdür. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Belə ki, məhkəmə iddia tələbindən kənara çıxaraq aidiyyəti olmayan məsələyə baxmışdır. İddiaçının keçmiş həyat yoldaşı tərəfindən hər hansı tələb irəli sürülməməsinə baxmayaraq məhkəmə məbləğin birgə nikah dövründə əldə edildiyini əsas gətirərək 1/2 hissəsini təmin etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 33.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 34.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. 35.Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 36.Növbəti məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 37.Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 izahat verərək qeyd etdi ki, ev onun bacısı Cavabdeh adına alınmışdır. Ev almağa gedərkən o, Elnurla birlikdə olmuşdur. Ev yiyəsi evini 90000 manata satdığını demişdir. Sonra ev yiyəsi evini 87000 manata satmağa razılaşmışdır. Sonra evin yiyəsi evin satış qiymətini 80000 manata razılaşmışdır. Evin 20000 manatını bacısı Cavabdeh Elnura vermiş, pulu Elnur ev yiyəsinə ödəmişdir. Alınan mənzildə bacısı yox, onlar yaşamışlar. Elnurun təqdim etdiyi qəbzlər barədə onu deyə bilər ki, Elnur Fidanın verdiyi pulları ödədiyi üçün qəbzlər onda olub. Elnur evdən həmin qəbzləri götürüb, məhkəməyə təqdim edib. Onun özü 4 qəbz üzrə ödəmə aparmışdır. Həmin qəbzlər üzrə ödənilməli olan pulları bacısı Fidan ona vermişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 38.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 39.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 40.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 41.Maddə 431.1.Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur 42.Maddə 431.2. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. 43.Maddə 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 44.Maddi 32.1.Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 45.Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 46.Maddə 32.2.2-ci maddəsinə əsasən ərarvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 47.Maddə 37.1.Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakın bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 48.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 49.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 50.Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Apellyasiya baxışının hədləri 51.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 52.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini tələb bölünməz olduğundan qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 53.Məhkəmə kollegiyası tərəfləri və müstəqil tələb irəli sürməyən 3-cü şəxsi, nümayəndəni dinlayib, apellyasiya şikayətini və iş materiallarını, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. 54.İlk öncə kollegiya qeyd edir ki, məhkəmə iddiaçının cavabdehə qarşı reqres qaydada tələb etmək hüququnun yaranması ilə bağlı düzgün nəticəyə gəlmişdir. 55.Belə ki, iş materiallarından müəyyən edilir ki, Şahid 2 otaqlı, ümumi sahəsi 46 kv.m, o cümlədən yaşayış sahəsi 28 kv.m olan, ünvan 4 ünvanında yerləşən 5 mərtəbəli, 8 bloklu binanın 1-ci blokunda, 5-ci mərtəbəsində 14 saylı mənzili Cavabdeh mülkiyyətinə vermişdir və iş materiallarında olan qəbzlərdən aydın olur mənzilə görə iddiaçı tərəfindən müəyyən məbləğdə ödənişlər edilmişdir. 56.Həmçinin, işin hallarından o da müəyyən olunur ki, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 mübahisəli mənzil alınan zaman ər-arvad kimi birgə yaşamış, ipoteka predmeti olan mənzil alınan zaman və həmin mənzilə görə iddiaçı tərəfindən ödənişlər edilən dövr onların birgə nikah müddətinə təsadüf edir və bu hal iddiaçı tərəfindən mübahisələndirilməmişdir. 57.Buna görə də məhkəmə kollegiyası İddiaçı tərəfindən Cavabdeh adına rəsmiləşdirilən ünvan 4 ünvanında yerləşən 5 mərtəbəli, 8 bloklu binanın 1-ci blokunda, 5-ci mərtəbəsində 14 saylı mənzilə görə müəyyən olunmuş ödənişlərin məbləğinin 1/2 hissəsinin cavabdehdən tutulub iddiaçıya ödənilməli olması ilə bağlı da məhkəmənin mövqeyi ilə razılaşır. 58.Lakin, kollegiya iddiaçı tərəfindən ödənilən və cavabdehdən tutulmalı olan məbləğlə bağlı məhkəmənin gəldiyi nəticəni əsaslı hesab etmir. 59.Belə ki, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş qəbzlərdən yalnız İddiaçı imzası olan 57 qəbzə əsasən ipoteka ödənişi ilə bağlı olan 21866,39 manat və yenə iddiaçıya məxsus imza ilə, sığorta ödənişi ilə bağlı olan 1032,02 manatı, həmçinin məhkəmə iclasında dindirilmiş şahidlər tərəfindən ödənilmiş 1393,91 manat ipoteka ödənişləri, 337,45 manat sığorta ödənişləri olmaqla cəmi 24629,77 manat məbləğində ödənişi iddiaçı tərəfindən ödənilmiş hesab etməklə iddianı da məhz həmin məbləğin 1/2 hissəsi həcmində təmin etmişdir. 60.Kollegiya, hesab edir ki, məhkəmə tərəfindən nəzərə alınmamış, naməlum insanlar tərəfindən imzalanmış 11 qəbz və hökumət ödəniş portalından imzası olmayan 16 ədəd mədaxil qəbzləri də nəzərə alınmaqla həmin qəbzlər üzrə ödənişlər iddiaçı tərəfindən edilmiş ödənişlərə hesablanmalıdır. 61.Belə ki, həmin qəbzlər məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş, iddiaçı işdə olduğuna görə ödənişləri müxtəlif vaxtlarda iş yoldaşları vasitəsilə yerinə yetirdiyini bildirmiş, cavabdeh həmin qəbzləri iddiaçının evdən oğurladığını bildirsə də, bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmiş, digər qəbzlər kimi, qeyd olunan qəbzləri də iddiaçı təqdim etmişdir. 62.Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı təqdim etdiyi naməlum insanlar tərəfindən imzalanmış 11 qəbz (3766,71 manat) və hökumət ödəniş portalından imzası olmayan 16 ədad mədaxil qəbzləri (3910,56 manat) üzrə ödənişlər də nəzərə alınmaqla, cəmi 7677,27 manat ödəniş, əksi sübut edilmədiyinə görə onun tərəfindən edilmiş ödənişlər hesab edilməli və cavabdehdən tutulmalı məbləğə hesablanmalıdır. 63.Kollegiya həmçinin qeyd edir ki, iddiaçı mübahisə predmeti olan mənzilə görə 20000 manatı əlbəəl nəğd şəkildə ödədiyini qeyd etmiş, həmin vaxt mənzilin mülkiyyətçisi olan Şahid məhkəmədə şahid kimi izahatı alınan zaman bunu təsdiq edərək bildirmişdir ki, Elnur ona 60000 manat bank vasitəsi ilə, 20000 manat nağd şəkildə ödəmişdir. Evi ümumi 80000 manata satmışdır. 20000 manat ona lazım olduğu üçün belə danışmışlar və Elnur nağd şəkildə ona 20000 manat ödəmişdir. Pulu ona Elnur verib və başqa heç kəsdən pul almamışdır. 64.Həmçinin evin 80000 manata alınmasını, 20000 manatın Elnur tərəfindən evin mülkiyyətçisinə verilməsini məhkəmədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X10 öz izahatında qeyd etmişdir. 65.Kollegiya müstəqil tələb irəli sürməyən 3-cü şəxs X5 20000 manatın Elnura bacısı Fidan tərəfindən verilməsini və sonuncunun həmin pulu ödəməsi ilə bağlı izahatına işdə olan tədqiq edilmiş digər sübutlarla birlikdə qiymət verərək hesab edir ki, qeyd olunan hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. 66.Belə olan halda kollegiya hesab edir ki, iddiaçı tərəfindən nəğd şəkildə ödənilmiş 20000 manat pul vəsaiti də cavabdehdən tutulmalı olan məbləğə hesablanmalıdır. 67.Kollegiya iddiaçının mənzilə görə 5000-7000 manat beh verilməsini ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, onun bu dəlili tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. 68.Beləlikə qeyd olunanları ümumiləşdirərək, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(004)-3304/2022 saylı qətnaməsi Cavabdeh 12.314,88 (on iki min üç yüz on dörd manat səksən səkkiz qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində dəyişdirilməli, Cavabdeh 26153,52 (iyirmi altı min, tüz əlli üç manat, əlli iki qəpik) manat (24629,77+3910,56+3766,71+20000=52307,04:2=26153,52 manat) məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. 69.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 70.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(004)-3304/2022 saylı qətnaməsi Cavabdeh 12.314,88 (on iki min üç yüz on dörd manat səksən səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində dəyişdirilsin. Cavabdeh 26153,52 (iyirmi altı min yüz əlli üç manat əlli iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar