Məhkəmə qərarları › İş №2(103)-204/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-204/2022

29.04.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-204/2022 29.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı Cəfərov Elimxan Süleyman oğlu, cavabdeh Əsədov Zeynəddin Rəfəddin oğlu, onun nümayəndəsi və vəkili X1, Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinın nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cəfərov Elimxan Süleyman oğlunun cavabdehlər Əsədov Zeynəddin Rəfəddin oğluna və Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinə qarşı “mülkiyyətin qanunsuz sahiblikdən götürülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılması, tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1949/2020 saylı, 28.10.2020-ci il tarixli qətnaməsindən cavabdeh Əsədov Zeynəddin Rəfəddin oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Cəfərov Elimxan Süleyman oğlu Əsədov Zeynəddin Rəfəddin oğluna və Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əsədov Zeynəddin Rəfəddin oğlu tərəfindən qanunsuz zəbt olunmuş Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, 4-cü mədənə gedən asfalt yolun üzərində yerləşən torpaq sahəsinin onun sahibliyinə və istifadəsinə verilməsi, həmçinin həmin torpaq sahəsində inşa edilən tikilinin cavabdehlərin hesabına sökülməsi, ərazinin ilkin vəziyyətə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-ci ildə yaşayış təminatını yaxşılaşdırmaq üçün faktiki istifadəsində olan 600 kv.metr torpaq sahəsini mülkiyyətinə keçirmək və bu sahədə fərdi yaşayış evi tikdirmək qərarına gəlmiş, müvafiq ərizə ilə Xocəsən Bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyənin 28 iyun 2005-ci il tarixli, 13/39 saylı qərarı ilə həmin torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alğı-satqı yolu ilə onun mülkiyyətinə keçirilməsi qərara alınmışdır. O, torpaq sahəsinin hər kvadrat metri üçün 4000 manat (köhnə məzənnə) olmaqla ümumilikdə 2400000 manat pul ödəmişdir. Torpaq sahəsinin cizgizi bələdiyyə əməkdaşları tərəfindən çəkilmiş, möhürlə təsdiq edilərək ona təqdim edilmişdir. Lakin, həmin ərəfədə maddi imkanı kifayət etmədiyindən o, ərazini nə hasara ala,nə də orada tikinti işləri apara bilməmiş, buna baxmayaraq, mütəmadi olaraq ora getməklə əraziyə nəzarət etmişdir. 2019-cu ilin aprel ayında yenidən torpaq sahəsinə baxmağa getmiş, orada fərdi yaşayış evi tikildiyinin, evin dam örtüyünün də bağlandığının, lakin təmir olunmamış vəziyyətdə olduğunun şahidi olmuşdur. Bu zaman, yaxınlıqdakı evlərdən 1 nəfər qadın ona yaxınlaşaraq nəyə baxdığını soruşmuş, o, özünə məxsus torpaq sahəsindəki evin kim tərəfindən tikildiyini maraqlandıqda həmin qadın torpaq sahəsinin onun mərhum qardaşına məxsus olduğunu, onun tərəfindən başqa şəxsə satıldığını demişdir. O, həmin qadına torpağa dair onda sənədlər olduğunu dedikdə, həmin qadın onun da sənədləri olduğunu demişdir. Beləliklə, onlar məsələyə aydınlıq gətirilməsindən ötrü Xocəsən Bələdiyyəsinə getmiş, orada əvvəllər tanımadığı, sonradan adının Zeynəddin olduğunu bildiyi şəxs ona yaxınlaşıb torpaq sahəsindəki evin onun tərəfindən tikdirildiyini bildirib evin tikilməsinə çox pul xərclədiyini, buna görə də, torpaq sahəsinin dəyərini ödəməyə hazır olduğunu, bu məzmunda razılşamağı təklif etmişdir. Həmçinin, Zeynəddin torpaq sahəsini onunla birlikdə bələdiyyə binasına gəlmiş, adının sonradan Səlvi olduğunu bildiyi qadından 3000 manata aldığını bildirmişdir. Bu zaman bələdiyyədə işləyən əməkdaşlardan biri Səlviyə “biz məsələnin belə bitəcəyini sənə demişdik” ifadəsini işlətmiş, o, özünə məxsus torpaq sahəsinin qanunsuz zəbt olunmasından bələdiyyənin xəbərdar olduğu nəticəsinə gəlmişdir. Buna baxmayaraq, Zeynəddinin təklifini qəbul etmiş, lakin həmin andan bir neçə ay müddətində Zeynəddin ona heç bir ödəniş etmədiyindən o, hazırki tələblə məhkəməyə müraciət etməli olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1949/2020 saylı, 28.10.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 28 iyun 2005-ci il tarixli, 13/39 saylı qərarı ilə Cəfərov Elimxan Süleyman oğluna ayrılmış, Əsədov Zeynəddin Rəfəddin oğlu tərəfindən qanunsuz zəbt olunmuş Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, 4-cü mədənə gedən asfalt yolun üzərində yerləşən torpaq sahəsinin Cəfərov Elimxan Süleyman oğlunun sahibliyinə və istifadəsinə verilməsi, həmçinin həmin torpaq sahəsində inşa edilən tikilinin Əsədov Zeynəddin Rəfəddin oğlunun hesabına sökülməsi, ərazinin ilkin vəziyyətə qaytarılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (sədrlik edən: Etibar Mustafayev). Həmin qətnamədən cavabdeh Əsədov Zeynəddin Rəfəddin oğlu tərəfindən apellyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, 4-cü mədənə gedən asvalt yolun üzərində yerləşən və cavabdeh tərəfindən 300 kv.m torpaq sahəsi iddiaçıya deyil, X4 məxsus olmuşdur. Məhkəmə zamanı nə cavabdeh, nə də maraqlarına toxunan şəxs məhkəmə prosesinə çağırılmamaışdır. İşə yenidən apellyasiya instansiyası məhkəməsində baxılan zaman iddiaçı X2 və Cavabdeh1 mülki işə aşağıdakı məzmunda barışıq sazişi əsasında xitam verilməsini xahiş etdilər: «Cavabdeh1 Cəfərov Elmixana 3 ay müddətində 4 sot torpaq sahəsi və 5000 manat pul verilməsini öhdəsinə götürür. Əgər bu olmadığı təqdirdə Cavabdeh1 iddiaçı Elmixan Cəfərova 3 ay müddətində 15000 manat pulu ödəməlidir. Bunun müqabilində iddiaçı iddia tələbindən imtina edir». Məhkəmə iclasında iştirak edən İddiaçı, Cavabdeh1 və onun nümayəndəsi və vəkili K.Quliyeva, Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinın nümayəndəsi A.Rəhimov barışıq sazişinin təsdiq olunmasının nəticələrinin onlara aydın olduğunu, buna görə də barışıq sazişini təsdiq edərək iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunur. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1949/2020 saylı, 28.10.2020-ci il tarixli qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 191, 261, 262, 263-264, 391, 397, 400 və 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı X2 və Cavabdeh1 arasında aşağıdakı şərtlərlə imzalanmış barışıq sazişi təsdiq edilsin: «Cavabdeh1 Cəfərov Elmixana 3 ay müddətində 4 sot torpaq sahəsi və 5000 (beş min) manat pul verilməsini öhdəsinə götürür. Əgər bu olmadığı təqdirdə Cavabdeh1 iddiaçı Elmixan Cəfərova 3 ay müddətində 15000 (on beş min) manat pulu ödəməlidir. Bunun müqabilində iddiaçı iddia tələbindən imtina edir». Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1949/2020 saylı, 28.10.2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar