Məhkəmə qərarları › İş №2(103)-2042/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2042/2024

13.03.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2042/2024 13.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı "əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının tutulması, mediasiya və vəkil xərclərinin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7579/2023 nömrəli, 25 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. xx.xx.2022-ci il tarixli xxxxxxx000500 nömrəli əmək müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ilə Cavabdeh arasında müddətsiz bağlanmış, iddiaçı həmin MMCdə supervayzer vəzifəsinə qəbul olunmuşdur.

2. ******* nömrəli "Əmək qabiliyyətinin olmaması vərəqəsi"nin surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək əmək qabiliyyəti olmamışdır.

3. Cavabdeh "xxxx" MMC-nin direktorunun xx.xx.2023-cü il tarixli 448/k-x-01 nömrəli əmrinə əsasən həmin MMC-də supervayzer vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000500 nömrəli əmək müqaviləsinə, "AR ƏM-nin 70. "ç" - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda" maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmiş, işçinin xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə qədər istifadə edilməmiş 8 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə/departamentinə həvalə edilmiş və işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi qərara alınmışdır.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarından görünür ki, "xxxx" MMC-nin direktoru X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən olunmuşdur. Həmin qərarla müəyyən olunmuşdur ki, İddiaçı əmək müqaviləsinə

5. xx.xx.2023-cü ildə əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilmiş, həmin Məcəllənin 79-cu maddəsinin tələbləri pozulmuşdur.

6. "xxxx" MMC-nin direktorunun xx.xx.2023-cü il tarixli 517/k nömrəli əmrindən görünür ki, supervayzer İddiaçı işdən azad olunması barədə xx.xx.2023-cü il tarixli 448/k-x- 01 nömrəli əmr etibarsız hesab olunmuş, "xxxx" MMC-nin direktorunun xx.xx.2023-cü il tarixli 522/k nömrəli əmrinə əsasən supervayzer İddiaçı işdən azad olunması əmrinin ləğv olunması barəsində xx.xx.2023-cü il tarixli 517/k nömrəli əmr qüvvədən düşmüş hesab olunmuşdur.

7. İddiaçı ******* nömrəli "Əmək kitabçası"nın surətindən görünür ki, o, xx.xx.2023-cü il tarixli 448/k-x-01 nömrəli əmr ilə Azərbaycan Respublikasının ƏM-nin 70-ci maddəsinin "ç" bəndinə əsasən (72-ci maddədə sadalanan hallar: özünün heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) tutduğu vəzifəyə xitam verilmişdir. Əmək kitabçasında olan həmin qeyd İ.R.Şöbəsinin müdiri Nümayəndə2 tərəfindən imzalanmışdır.

8. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 35068 nömrəli qəbzdən və Bakı 2 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli MŞB/2- 03724/2023 nömrəli "İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış"dan görünür ki, İddiaçı tərəfindən mediasiya təşkilatına 60 manat məbləğində pul ödənilmiş, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 31359 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən Bakı Şəhəri 2 saylı Vəkil Bürosunun hesabına (vəkil Nümayəndə1) 201 manat məbləğində pul ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli xxxxxxx000500 nömrəli müddətsiz əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 448/k-x-01 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, qətnamə icra edildiyi vaxtadək məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi, və mediasiya xərci üçün ödədiyi 60 manat, vəkillə bağladığı müqavilə üçün ödədiyi 201 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli xxxxxxx000500 nömrəli müddətsiz əmək müqaviləsinə əsasən, "xxxx" MMC-də supervayzer vəzifəsində işləmiş, MMC-nin direktoru X2 xx.xx.2023-cü il tarixli 448/k-x-01 nömrəli əmrlə heç bir səbəb göstərilmədən, izahatı alınmadan, xəstəliyi ilə əlaqədar işdə olmadığı vaxt əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verərək onu işdən azad etmişdir. O, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək xəstə olduğu üçün həmin günlərdə əmək vəzifələrini yerinə yetirə bilməmiş, cavabdehi bu barədə məlumatlandırmış və tibbi vərəqənin əslini cavabdehə təqdim etmişdir. Bu zaman ona bildirilmişdir ki, əmək müqaviləsi ilə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyinə görə xx.xx.2023-cü il tarixli 448/k-x-01 nömrəli əmrlə işdən azad edilmişdir. İşlədiyi müddətdə cavabdeh ona "KapitalBank"ın ödəniş kartı vasitəsilə xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək maaş və bonuslar nəzərə alınmaqla cəmi 40350,51 manat əmək haqqı ödəmişdir. "xxxx" MMC-də işlədiyi müddətdə onun orta aylıq qazancı 2690 manat təşkil etmişdir. O, xx.xx.2023-cü ildə cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, xx.xx.2023-cü ildə ilkin mediasiya sessiyası üçün 2 saylı Mediasiya Təşkilatına ərizə ilə müraciət etmiş, 60 manat mediasiya xərci ödəmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Onun mediasiya xərci kimi ödədiyi 60 manat və vəkilə müqavilə əsasında ödədiyi 201 manat pul cavabdehdən alınıb ona verilməlidir.

11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7579/2023 nömrəli, 25 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh "Əmək müqaviləsinə xitam verilməsi barədə" xx.xx.2023-cü il tarixli 448/k-x-01 nömrəli əmrin ləğv edilməsi, İddiaçı Cavabdehndə supervayzer vəzifəsinə bərpa edilməsi, İddiaçı işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin (xx.xx.2023-cü ildən hazırkı qətnamə icra edildiyi günədək) orta əmək haqqının Cavabdehndən alınaraq ona ödənilməsi, mediasiya xərci üçün ödənilmiş 60 manat və vəkillə bağlanan müqavilə üçün ödənilmiş 201 manat məbləğində pulun Cavabdehndən alınaraq İddiaçı ödənilməsi, Cavabdehndən 100 manat məbləğində dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim X3).

12. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, cavabdehin əmrində iddiaçının hərəkətləri nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş olması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması qeyd olunmamış və əmək müqaviləsinin ləğv olunmasının zəruriliyi əsaslandırılmamışdır. Həmçinin, əmrdə onun verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmişdir. Bundan başqa, əmək müqaviləsi iddiaçının əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə ləğv edilmişdir. cavabdeh iddiaçının əmək qabiliyyətini itirməsi barədə ona verdiyi məlumata əhəmiyyət verməmişdir. İddiaçı xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək əmək qabiliyyətinin olmaması işdə olan ******* nömrəli "Əmək qabiliyyətinin olmaması vərəqəsi" ilə təsdiq olunur. Cavabdeh tərəf həmin sənəddəki məlumatların həqiqi olmamasını ehtimal etdiyini bildirsə də, məhkəməyə bu ehtimalı təsdiq edən sübut təqdim edə bilməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 -ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə, cavabdeh əmək müqaviləsini ləğv etməzdən əvvəl iddiaçıdan yazılı izahatın verilməsini tələb etməmiş və izahat almamışdır. cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmamışdır. Bu isə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrin qanuni sayılmasını istisna edir. Ona görə də həmin əmr ləğv edilməli, İddiaçı "xxxx" MMC-də supervayzer vəzifəsinə bərpa olunmalı və onun işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı ona ödənilməlidir. Bundan başqa, "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsində deyilir ki, "Mediasiya prosesinin tətbiqi barədə müqavilə"də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya "mediasiya prosesinin tətbiqi barədə müqavilə"nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddiaçının mediasiya xərci üçün ödədiyi 60 manat məbləğin cavabdehdən alınması barədə tələbini həmin maddəyə, vəkillə bağladığı müqavilə üçün ödədiyi 201 manat məbləğində pulun cavabdehdən alınması barədə tələbini isə Əmək Məcəlləsinin 300-cü maddəsinə uyğun hesab etmişdir.

13. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 68-ci, 70-ci, 71-ci, 72-ci, 76-cı, 79-cu, 83-cü, 84-cü, 186-cı, 187-ci, 189-cu, 300-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci, 107-ci, 119.1-ci maddələrinə, "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbini rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbindən, iş materiallarından və tərəflərin verdiyi izahatdan da göründüyü kimi, iddiaçı tərəfindən onun xəstəliyini təsdiq edən sənədlər toplusu cavabdehə vaxtında təqdim edilməmiş, işəgötürən bundan xəbərsiz olmuşdur. Eyni zamanda iddiaçıya xəstəliyi ilə bağlı məlumat verilməsi üçün bütün mümkün tədbirlər həyata keçirilsə də, o, bununla bağlı məlumat və sənəd verməkdən yayınmışdır. İşçinin işəgötürənə xəstə olmasını şifahi olaraq bildirməsi işçinin işə gəlməməsinin üzrlü halı deyildir ki, bu baxımdan işəgötürənin məlumatlı olmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi işçi İddiaçı iş günü ərzində hər hansı üzrlü səbəb olmadan işə gəlməmiş və ona çoxsaylı güzəştlər edilməsinə baxmayaraq, bundan nəticə çıxarmamış və onlar da haqqlı olaraq əmək müqaviləsinə xitam vermişlər. Düzdür, AR Əmək Məcəlləsinin 79-cü maddəsi əmək mqabiliyyətini müvəqqəti ititrən işçinin əmək müqaviləsinin ləğv edilməsini qadağan edir, lakin qanunvericilik bu halı onun üçün nəzərdə tutub ki, işəgötürən 79-cu maddədə göstərilən halları bilmiş olsun və ya bilmək üçün bütün mümkün vasitələrdən istifadə etsin. Lakin məhkəmə onlar tərəfindən təqdim edmiş sübutu düzgün qiymətləndirməmiş və düzgün olmayan nəticəyə gəlmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək göstərmişdir ki, "xxxx" MMC-nin direktorunun xx.xx.2023-cü il tarixli 517/k nömrəli əmrindən görünür ki, onun işdən azad olunmağı barədə xx.xx.2023-cü il tarixli 448/k-x-01 nömrəli əmr etibarsız hesab olunmuşdur. Ancaq rəsmi olaraq işə buraxılmamış, əmrdə və əmək kitabçasında işə bərpa edilməyi barədə qeydiyyat aparılmamışdır. İşdə olan, "xxxx" MMC-nin direktorunun xx.xx.2023-cü il tarixli 522/k nömrəli əmrindən isə görünür ki, onun işdən azad olunmağı dair əmrin ləğv olunması barəsində xx.xx.2023-cü il tarixli 517/k nömrəli əmr qüvvədən düşmüş hesab olunmuşdur. Başqa sözlə, cavabdehin özü tərəfindən qanuni hesab edilmişdir. Əslində cavabdeh bu uğursuz üsulla əmək müfəttişliyini və məhkəməni aldatmaq istəmişdir. Bu səbəbdən cavabdeh müəssisə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi xahiş olunmuşdur.

ç) Proses iştirakçılarının izahatı

17. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə verdiyi yazılı etirazın məzmununa uyğun izahat verməklə apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdilər.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 3-cü maddəsinin 9-cu hissəsinə əsasən əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu; 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 76-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər; 79.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən: ... əmək qabiliyyətini müvəqqəti itirən işçilərin ... bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək; 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır; 187-ci maddənin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir; 296.2-ci maddəsinə əsasən bu maddənin 1-ci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 296.3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirmədən biləbilə qəsdən pozulduğu gündür; 296.5-ci maddəsinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxud qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək, mübahisəyə mahiyyəti üzrə baxa bilər; 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

23. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

25. Məhkəmə kollegiyası iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi əsasını nəzərə alıb, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, qeyd etməyi zəruri hesab edir ki, əmək hüququnun mühüm təminatlarından biri işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarının məhdud siyahısının qanunvericiliklə müəyyən edilməsidir. Eyni zamanda, qanunvericilik qanuni əsaslar olmadan işçilərlə əmək müqaviləsini ləğv etməyi qadağan edir. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində təsbit edilmişdir. Həmin maddədə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin altı əsası nəzərdə tutulmuşdur. Bu əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılması isə xüsusi şərt olaraq qeyd edilmişdir. Başqa sözlə, işəgötürən bu barədə əmrdə işçinin təqsirli davranışının nədə ifadə olunmasını (nədən ibarət olmasını) habelə əmək funksiyasına daxil olan hansı işin (öhdəliklərin, xidmətin) yerinə yetirilmədiyini mütləq şəkildə göstərməli və bu lazımi sənədlərlə təsdiq olunmalıdır. Məcəllənin məhz 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsaslarla əmək müqaviləsinin ləğv edilməsinin mümkünlüyü (qanunauyğunluğu), həmçinin konkret şərtlərin (1. işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir. 2. İşçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı. 3. İşçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir.) mövcudluğundan asılı edilmişdir. Belə ki, bu şərtlərin mövcud olmaması bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsini birmənalı şəkildə istisna edir.

26. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli xxxxxxx000500 nömrəli müddətsiz əmək müqaviləsi bağlanmış, iddiaçı həmin MMC-də supervayzer vəzifəsinə qəbul olunmuşdur. İddiaçı xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək əmək qabiliyyəti olmamışdır. Cavabdeh "xxxx" MMC-nin direktorunun xx.xx.2023-cü il tarixli 448/k-x-01 nömrəli əmrinə əsasən, İddiaçı ilə bağlanmış xxxxxxx000500 nömrəli əmək müqaviləsinə, "AR ƏM-nin 70. "ç" - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda" maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmiş, işçinin xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə qədər istifadə edilməmiş 8 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə/departamentinə həvalə edilmiş və işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə "xxxx" MMC-nin direktoru X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən olunmuşdur. Həmin qərarla müəyyən olunmuşdur ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü ildə əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilmiş, həmin Məcəllənin 79-cu maddəsinin tələbləri pozulmuşdur. Bundan sonra cavabdeh "xxxx" MMC-nin direktorunun xx.xx.2023-cü il tarixli 517/k nömrəli əmrinə əsasən, supervayzer İddiaçı işdən azad olunması barədə xx.xx.2023-cü il tarixli 448/k-x-01 nömrəli əmr etibarsız hesab olunmuşdur. Daha sonra cavabdeh "xxxx" MMC-nin direktorunun xx.xx.2023-cü il tarixli 522/k nömrəli əmrinə əsasən, supervayzer İddiaçı işdən azad olunması əmrinin ləğv olunması barəsində xx.xx.2023-cü il tarixli 517/k nömrəli əmr qüvvədən düşmüş hesab olunmuşdur.

27. Lakin əmrdə iddiaçının əmək funksiyasına daxil olan hər hansı işin, əmək müqaviləsi üzrə müəyyən edilmiş hər hansı öhdəliyin yerinə yetirilmədiyi, habelə əmək fəaliyyəti müddətində və əmək fəaliyyəti ilə bağlı əmək vəzifələrindən hər hansı birini kobud şəkildə pozması, yəni kobud səhvə yol verməsi göstərilməmişdir. Digər tərəfdən iddiaçının əməlinin iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini hər hansı formada pozması və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması da müəyyən edilmir. Halbuki, tətbiq edilmiş normanın tələbləri baxımından (Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən) qeyd edilənlər imperativ qaydada əmrdə göstərilməli və əmək müqaviləsinin məhz bu əsasla ləğv edilməsinin zəruriliyi əsaslandırılmalıdır.

28. Belə ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi iddiaçının bütün iş günü işə gəlməməsi, eyni zamanda, iddiaçının əmək kitabçasında aparılmış qeyddə onun heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi göstərilmişdir. Lakin Əmək Məcəlləsi əmək müqaviləsinin ləğvinə əsas verən pozuntunun məhkəmə baxışı zamanı izah olunmasını, yaxud əmək kitabçasına yazılmasını deyil, bilavasitə əmrdə göstərilməli olduğunu tələb edir. Halbuki, Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsində əmək müqaviləsinin 70-ci maddənin “ç” bəndi ilə nəzərdə tutulmuş əsasla ləğv edilməsinin konkret şərti təsbit edilmişdir. Həmin maddənin 3-cü bəndində nəzərdə tutulmuş əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırmasına dair imperativ xarakterli müddəa da bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş şərtin mövcudluğu ilə bilavasitə bağlıdır. Belə ki, əsaslandırmaya dair hüquqi tələb, həmçinin, qeyd edilən şərtin reallıqda mövcud olması faktının təsdiq edilməsi məqsədini daşıyır. Lakin buna baxmayaraq, əmrdə iddiaçının şəxsi həyatı ilə bağlı şəxsi yazışmalarının olması hansı qaydada iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozması və ya cavabdehin rəhbərliyinin, habelə onun əməkdaşlarının hüquqlarına və qanunla qorunan mənafelərinə hansı formada ziyan vurması da göstərilməmişdir. Başqa sözlə, iş yerində nə kimi problemlərin yarandığı və nəticədə cavabdehə hansı ziyanın vurulduğu əmrdən aydın olmur. İddiaçının belə bir hallara yol verdiyi, o cümlədən işlədiyi dövr ərzində onun barəsində ümumiyyətlə hər hansı intizam tənbehinin tətbiq edildiyi məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Qeyd edilənlər öz növbəsində əmrin ləğv edilməsi üçün əsasdır.

29. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, Əmək Məcəlləsinin 187-ci maddənin 1-ci hissəsində intizam tənbehi verilməmişdən əvvəl işəgötürənin işçidən yazılı izahatın verilməsinin tələb edilməsi imperativ qaydada təsbit edilmişdir. İşçinin yazılı izahatı intizam xətasına yol verilməsinin səbəb və şəraitin aydınlaşdırılması, habelə işçinin təqsirinin dərəcəsini müəyyən edilməsi baxımından böyük əhəmiyyət kəsb etməklə yanaşı, tətbiq olunacaq intizam tənbehinin hüquqauyğun hesab edilməsinin təminatlarından biri qismində çıxış edir. Yazılı izahatın olması gələcəkdə tərəflərdən hər hansı birinin düşünülmüş və qərəzli şəkildə izahatın yazılmasına səbəb olmuş hadisəni reallığa uyğun təfsir edilməməsinin bilavasitə qarşısını alır. Lakin işçinin yazılı izahat verməkdən imtina etməsi də istisna deyil ki, bu hal intizam tənbehinin verilməməsi üçün əsas deyil. Sadəcə olaraq bu imtinanın işəgötürən tərəfindən rəsmiləşdirilməsi tələb edilir. Buna baxmayaraq, yoxlamanın nəticələrinə dair tərtib edilmiş arayışda qeyd edilənlərlə bağlı Əmək Məcəlləsinin həmin maddəsinin tələblərinə uyğun olaraq iddiaçıdan yazılı izahatın tələb edildiyi və ya onun izahat verməkdən imtinasının rəsmiləşdirildiyi də müəyyən edilmir. Başqa sözlə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi zamanı Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbləri də pozulmuşdur. Bu halın mövcudluğu da əmrin ləğv edilməsi üçün bilavasitə əsasdır.

30. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, əmək müqaviləsi iddiaçının əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə ləğv edilmişdir. Belə ki, İddiaçı ilə "xxxx" MMC-nin İnsan resursları şöbəsinin müdiri Nümayəndə2 arasında "WhatsApp" tətbiqi vasitəsilə aparılmış yazışmalara əsasən cavabdeh əmək müqaviləsinin ləğv edildiyi gün iddiaçının xəstəliyi ilə bağlı işə gəlməməsi barədə məlumatlı olmuşdur. Yazışmalara əsasən İddiaçı xx.xx.2023-cü ildə saat 08.03-də və təkrarən 10.13-də Nümayəndə2 səhhəti ilə əlaqədar həmin gün işə çıxa bilməyəcəyini, xx.xx.2023-cü ildə saat 11.15-də xəstə olduğunu, sağalanda işə çıxacağını yazmış, Nümayəndə2 xx.xx.2023-cü ildə saat 11.30-da ona yazaraq, hansı xəstəxanada müalicə aldığını soruşmuş, həmçinin bildirmişdir ki, şirkət nümayəndələri onu ziyarət etsinlər və gələcəkdə xəstəlik vərəqi üzərindən ödəniş edilməsi üçün nümayəndə protokol tərtib etməlidir. İddiaçı həmin gün saat 11.32-də "Mən xəstəxanada müalicə almıram. Evdə müalicə alıram. Xəstəxanaya yoxlanmağa getmişdim" cavabını yazmış, bundan sonra Nümayəndə2 nümayəndənin gəlib onu evdə yoxlayacağını bildirərək, həmin müddətdə həkim rəyi, həkimin diaqnozu və həkim tərəfindən təyin edilmiş müalicə sənədlərini nümayəndəyə təqdim etməyi tələb etmişdir. Lakin daha sonra MMC-nin nümayəndəsinin iddiaçının yaşadığı evə gəlməsi müəyyən edilmədi. Göründüyü kimi, cavabdeh iddiaçının əmək qabiliyyətini itirməsi barədə ona verdiyi məlumata əhəmiyyət verməmişdir.

31. Beləliklə, məhkəmə kollegiyası əmək qanunvericiliyinin tələbləri baxımından xx.xx.2023-cü il tarixli əmri nəzərdən keçirib, onun məzmununa hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçı ilə bağlanmış Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi üçün hər hansı hüquqi əsas mövcud deyil. Əmrdə göstərilənlər ümumiyyətlə qeyd edilən maddələrin tərkibini yaratmır. Bu baxımdan əmr əmək qanunvericiliyinin tələbləri pozulmaqla qəbul edilmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq həmin əmri ləğv etmiş və bu qənaətinə uyğun olaraq, iddiaçını tutduğu vəzifəsinə bərpa etməklə məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının, mediasiya xərcinin və vəkillə bağlanan müqavilə üçün ödənilmiş pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qət etmişdir.

32. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı tərəfindən məhkəməyə ünvanlanan ərizədən görünür ki, iddiaçı apellyasiya instansiya məhkəməsi üçün vəkillə bağladığı müqaviləyə görə 321 manat məbləğində pul ödəmiş və belə olan halda da həmin vəkil xərci də cavabdeh "xxxx" MMC-dən iddiaçının xeyrinə tutulmalıdır.

33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7579/2023 nömrəli, 25 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı ona apellyasiya instansiyası məhkəməsində hüquqi yardım göstərilməsi ilə bağlı vəkillə bağladığı müqaviləyə görə ödədiyi 321 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən iddiaçının xeyrinə tutulsun. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar