Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2043/2023 13.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh4 və başqalarına qarşı “yaşayış sahəsindən çıxarılma və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 iyul 2022-ci il tarixli qərardaddan Cavabdeh4 verdiyi şikayət üzrə apellyasiyanın mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bankın cavabdehlərə qarşı irəli sürdüyü iddia ərizəsi Qaradağ Rayon Məhkəməsi tərəfindən icraata götürüldükdən sonra iddiaçı Bank “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmişdir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla “iddia tələbinin həcminin artırılması barədə” ərizəni icraata götürmüşdür. Cavabdeh4 həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və iddiaçı Bank tərəfindən verilmiş “iddia tələbinin həcminin artırılması barədə” ərizənin qaytarılmasını xahiş etmişdir. Cavabdeh4 eyni zamanda Rayon Məhkəməsinə “qərardaddan şikayətin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə” ərizə vermişdir. “Qərardaddan şikayətin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla ərizəni təmin etmişdir. Rayon Məhkəməsi cavabdeh tərəfindən verilmiş şikayətə baxaraq, iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hesab edir ki, aşağıda göstərilən əsaslara görə hazırki iş üzrə apellyasiya icraatı qeyrimümkündür. Belə ki, mülki mühakimə icraatı çərçivəsində icraatı başlanılmış işin baxılması zamanı iddiaçı tərəfindən verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi (istər artırılması, istər azaldılması) barədə” ərizənin icraata qəbul edilməsi barədə işə baxan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin mübahisələndirilməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində (MPM) nəzərdə tutulmamışdır. “İddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizənin icraata qəbul edilməsi işin baxılmasına mane olmur. MPM-nin 395-ci maddəsinin mənasına görə isə, MPM-də qərardaddan şikayətin verilməsi nəzərdə tutulmadığı halda və qərardad işin sonrakı hərəkətinə mane olmadıqda qərardaddan şikayət verilmir. Həmin qərardaddan narazı qalmış işdə iştirak şəxs qərardada münasibətdə olan etirazlarını qətnamədən verə biləcəyi apellyasiya şikayətinə daxil edə bilər. Belə olan halda müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi və yuxarıda qeyd edilən xx.xx.2022-ci il tarixli qərardad barəsində ayrıca şikayət verilə bilməyən kateqoriyaya aid olan qərardaddır və ondan şikayət verilə bilməz. Lakin Cavabdeh4 həmin qərardaddan şikayət vermişdir. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, hazırki iş üzrə apellyasiya icraatının mümkünlüyü üçün əsas yoxdur. Odur ki, Məhkəmə hesab edir ki, hazırki iş üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilməli və sonrakı prosessual hərəkətin yerinə yetirilməsi üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 261, 366 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh4 və başqalarına qarşı “yaşayış sahəsindən çıxarılma və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 iyul 2022-ci il tarixli qərardaddan Cavabdeh4 verdiyi şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət mülki işlə birlikdə Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2043/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2043/2023
13.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver