Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2044/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə 03.03.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 21 avqust 2015-ci il tarixli, 611/f-15 saylı kredit müqaviləsinə əsasən cavabdehdən 9109,31 ABŞ dolları əsas, 701,23 ABŞ dolları faiz, 11836,37 ABŞ dolları cərimə borcu, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, həmin məbləğlərin ipoteka qoyulmuş, Cavabdeh məxsus olan TOYOTA LAND CRUİSER, ** NX *** dövlət nömrə nişanlı avtomobilə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakların satılmasından əldə edilən məbləğ hesabına iddiaçıya ödənilməsi, ipoteka predmeti borcun ödənilməsinə kifayət etmədikdə qalan hissənin cavabdehə məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim B.Qasımov, iş № 2(007)-209/21) iddia qismən təmin edilərək, cavabdehdən 9109,31 ABŞ dolları əsas, 100 ABŞ dolları cərimə, ümumilikdə isə 9209,31 ABŞ dolları məbləğində pulun rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə və 12,76 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun 17,24 manatının iddiaçıya aid edilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, ilkin satış qiyməti 26000 ABŞ dolları müəyyən edilməklə ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin iddiaçıya ödənilməsi, borc ödənildikdən sonra satışdan əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdehə qaytarılması, ekspertizası tədqiqatlarının dəyəri olan 150 manat pulun 86,88 manatının iddiaçıdan və 63,12 manatının cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 21 avqust 2015-ci il tarixli, 611/f-15 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə illlik 20 % faiz dərəcəsi ilə 30 ay müddətinə 24000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi TOYOTA LAND CRUİSER markalı, ** NX *** dövlət nömrə nişanlı avtomobil ipoteka ilə yüklü edilmiş, yüklülük rəsmi reyestrdə qeydə alınmışdır. Cavabdeh əsas borcundan 14890,69 ABŞ dolları, faiz borcundan 12270,59 ABŞ dolları ödəniş etmişdir. Hazırda cavabdehin iddiaçıya tələb olunan məbləğdə borcu qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qətnamənin qismən - əsas borcun tutulması hissəsində ləğv edilməsi, əsas borcun məbləğinin 6666,13 ABŞ dolları müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əsas borcun məbləğini müqavilə müddətinin sonuna müəyyən edib. Halbuki müqavilə müddəti bitəndən sonra dəfələrlə ödəniş edib, məhkəmə həmin ödənişləri nəzərə almayıb. Ödənişləri əsas borca deyil, faizlərə silinib. Belə ki, ilkin ekspertizanın 17.06.2021-ci il tarixli rəyi ilə etdiyi ödənişlər nəzərə alınaraq əsas borcun məbləği 6666,13 ABŞ dolları müəyyən edilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin əsas borcun tutulması hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, cavabdeh isə qətnaməni əsas borcun tutulması hissəsində qismən, yəni 2443,18 ABŞ dolları (9109,31-6666,13) məbləğində əsas borcun tutulması hissəsində mübahisələndirmişdir.Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız 2443,18 ABŞ dolları (9109,31-6666,13) əsas borcun tutulması hissəsində yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qətnaməsi cavabdehdən əsas borcun tutulması hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış 21.08.2015ci il tarixli 611/f-15 nömrəli kredit müqaviləsinə Bank tərəfindən cavabdehə 30 ay müddətinə illik 20% ödəmək şərtilə 24000 ABŞ dolları məbləğində kredit verilmiş, sonuncu həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Eyni tarixli ipoteka müqaviləsinə əsasən cavabdehə məxsus TOYOTA LAND CRUİSER markalı, ** NX *** dövlət nömrə nişanlı avtomobil kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməyərək ödənişləri tam həyata keçirməmiş, nəticədə cavabdehin iddiaçıya borcu yaranmış və iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi cavabdehdən kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. barədədir. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı saymış və qənaətini onunla əsaslandırmışdır ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442-ci və s. maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş materialları əsasında cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etmədiyi, ona görə də borcun tutulması hissəsində düzgün qənaətə gəlsə də, əsas borcun məbləğini düzgün müəyyən etməmişdir. Belə ki, işə birinci instansiya məhkəməsində baxılarkən iki dəfə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə ekspertiza mərkəzinin 17.06.2021-ci il tarixli 9/2413 nömrəli rəyi ilə cavabdehin Banka 04 fevral 2018-ci il tarixə (iddianın tarixinə) əsas borc üzrə 13406,39 USD, faiz borcu üzrə 74,48 USD olmaqlaq, cəmi 13480,87 USD, 21 fevral 2018-ci il tarixə (müqavilə müddətinin sonuna) əsas borc üzrə 13136,90 USD, faiz borcu üzrə 0,00 USD olmaqla, cəmi 13136,90 USD, 17 iyun 2021-ci il tarixə (ekspert rəyinin tarixinə) əsas borc üzrə 6666,13 USD, faiz borcu üzrə 0,00 USD, faiz borcu (illik 5%-lə hesablanmaqla) 580,51 USD olmaqla, cəmi 7246,64 USD borcunun olduğu müəyyən edilmişdir. Məhkəmə ekspertiza mərkəzinin 22.10.2021-ci il tarixli 9/6798 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin Banka məhkəmədə iddia qaldırılan tarixə, yəni 04 fevral 2018-ci il tarixə əsas borc üzrə 13406,39 USD, faiz borcu üzrə 74,48 USD olmaqla, cəmi 13480,87 USD:; müqavilə müddətinin sonuna, yəni 21 fevral 2018-ci il tarixə əsas borc üzrə 13136,90 USD, faiz borcu üzrə 0,00 USD olmaqla cəmi 13136,90 USD:; ekspert rəyinin təqdim ediliyi tarixə, yəni 23 oktyabr 2021-ci il tarixə əsas borc üzrə 9297,26 USD, faiz borcu üzrə 3948,90 USD olmaqla 13246,16 USD borcu vardır. Birinci instansiya məhkəməsi ilkin ekspert rəyini, borcun 04 fevral 2018-ci il tarixə (iddianın tarixinə) hesablanmalı olmasını nəzərə alaraq qeyd etmişdir ki, ekspert rəyində əsas borc iddiaçının tələb etdiyi məbləğdən artıq olduğundan iddia tələbi həcmində yəni 9109,31 ABŞ dolları məbləğində təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu qənaətə gələrkən iddianın 04.02.2018-ci ildə deyil, 13.03.2020-ci ildə qaldırıldığını və 03.03.2021-ci ildə iddia tələbinin dəqiqləşdirildiyini (i.v.100), cavabdehin müqavilə müddəti bitdikdən sonra ödənişlər etdiyini nəzərə almamış və bununla da əsas borcun məbləğinin müəyyən edilməsində səhvə yol vermişdir. Məhkəmə ekspertiza mərkəzinin 17.06.2021-ci il tarixli 9/2413 nömrəli rəyi kifayət qədər əsaslandırılmışdır və rəyin məlumatlarını şübhə altına almaq üçün əsaslar yoxdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ilkin ekspert rəyində müəyyən edilmiş yəni 17 iyun 2021-ci il tarixə (ekspert rəyinin tarixinə) mövcud olan 6666,13 ABŞ dolları əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Qətnamənin apellyasiya qaydasında mübahisələndirilən hissəsində iddianın qiyməti cəmi 2443,18 ABŞ dolları, yəni məzənnə üzrə Azərbaycan manatı ilə 4153,41 manat təşkil etdiyindən MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə 09 dekabr 2021-ci il tarixli qətnaməsi əsas borcun tutulması hissəsində dəyişdirilsin, tutulmalı olan əsas borcun məbləği 6666,13 (altı min altı yüz altmış altı dollar on üç sent) ABŞ dolları müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2044/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2044/2022
13.04.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver