Məhkəmə qərarları › İş №2(103)-2045/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2045/2024

28.03.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2045/2024 28.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: əmək müqaviləsinə işçinin təşəbbüsü əsasında xitam verilməsi, əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi, iddia müddəti) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa olunma və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı xx.xx.2014-cü il tarixdə X3 Xidmətinin 14 saylı X6 MMC-də texnikmexanik vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2016-cı il tarixdə həmin MMC-nin “Daşımaların tənzimlənməsi şöbəsi”nə texnik-mexanik vəzifəsinə keçirilmiş, 37/K saylı xx.xx.2018-ci il tarixli əmrlə əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi ilə xitam verilmiş, 2028/K saylı xx.xx.2018-ci il tarixli əmrlə "xxxx" MMC-yə müddətli əmək müqaviləsi əsasında “Regional bölmələrin əlaqələndirilməsi şöbəsi”nin Sumqayıt regional bölməsinə aparıcı-mütəxəssis vəzifəsinə işə götürülmüşdür.

2. “X3 Xidməti”nin 89/K saylı xx.xx.2022-ci il tarixli əmri ilə, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz təşəbbüsü ilə xitam verilmiş, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan X4nin 91/K saylı xx.xx.2022-ci il tarixli əmri ilə isə o, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 2 ay müddətinə əmək müqaviləsi bağlanmaqla Agentliyin Şamaxı regional idarəsinin aparıcı mütəxəssisi vəzifəsinə təyin olunmuşdur.

3. İddiaçı Azərbaycan X4nin sədrinə ünvanladığı 25 iyun 2023-cü il tarixli ərizəsində, öz istəyi ilə tutduğu vəzifədən azad edilməyini xahiş etmişdir.

4. İddiaçı Azərbaycan X4nin sədrinə ünvanladığı 25 iyun 2023-cü il tarixli ərizəsində, 25 iyun 2023-cü il tarixindən baş mütəxəssis vəzifəsinə təyin olunmasını xahiş etmişdir.

5. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan X4nin 212/K saylı xx.xx.2023-cü il tarixli əmri ilə, Agentliyin Şamaxı regional idarəsinin aparıcı mütəxəssisi İddiaçıla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən ləğv edilmişdir.

6. Həmin əmr Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi, 83-cü maddəsinin 2-ci hissəsi, 84-cü maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan X4nin Nizamnaməsi”nin 4.11.5-ci və 4.11.10-cu yarımbəndləri ilə əsaslandırılmışdır.

7. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan X4 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verildiyi bildirilməklə əmək kitabçasının təhvil alınması xahiş olunmuşdur.

8. 14 saylı Mediasiya Təşkilatının İMS-də İştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞB/14/2023-00837 nömrəli arayışda göstərilmişdir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdeh nümayəndəsi İMS-də iştirak etməmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

9. İddiaçı (iddiaçı) Cavabdehnə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin xx.xx.2023-cü il tarixli 212/k nömrəli əmrinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsinin aparıcı mütəxəssisi vəzifəsinə işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, nəqliyyatın idarə edilməsi sahəsində əmək fəaliyyətinə xx.xx.2014-cü il tarixdə X3 Xidmətinin 14 saylı X6 MMC-də texnik-mexanik vəzifəsində başlamış, 25 iyun 2023-cü il tarixədək də Şamaxı rayonunda bir-birini əvəz edən və bir-birinin hüquqi varisi olan idarələrdə müxtəlif vəzifələrdə çalışmışdır. Hər dəfə vəzifəsi dəyişiləndə ondan iki ərizə - biri əmək müqaviləsinə xitam verilməsi barədə, digəri isə vəzifəyə təyin edilmə barədə - almışlar. Əmək kitabçasına baxdıqda bunu görmək mümkündür. Məsələn, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsinə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən “öz təşəbbüsü ilə” əmək müqaviləsinə xitam verilib, ardınca xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsinin aparıcı mütəxəssisi vəzifəsinə təyin edilmişdir. Bu qayda bir-neçə dəfə təkrarlanıb. Eyni qaydada xx.xx.2023cü il tarixdə də ona iki ərizə yazdırılıb - biri əmək müqaviləsinə xitam verilməsi barədə, digəri isə X2 İdarəsinin baş mütəxəssisi vəzifəsinə təyin edilməyi barədə olmuşdur. Hər dəfə vəzifəyə təyinat üçün bu qaydadan istifadə olunduğu üçün deyiləni etmişdir. Lakin bu dəfə ərizəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş, amma vəzifəyə təyin edilməyi barədə ərizəsi təmin edilməmişdir. Yəni aldadılaraq işdən azad edilmişdir. Bir müddət onu aldatmağa davam etmiş, vəzifəyə təyin olunacağını bildirmişlər, lakin xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubunu alandan sonra aldadıldığını anlamışdır. Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinə əsasən ərizəsinin etibarsız hesab edilməsini bildirsə də, əmək müqaviləsinə dərhal xitam verildiyi üçün bu istəyi yerinə yetirilməmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 212/k nömrəli əmr Əmək Məcəlləsinin 83-cü və 84-cü maddəsinə uyğun verilməmişdir. Belə ki, əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsası ilə əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməmişdir. Ona görə də, həmin əmr etibarsız hesab olunmalıdır. xx.xx.2023-cü il tarixli 212/k nömrəli əmrə nəzər yetirdikdə görünür ki, əmr iki hissədən - təsviri (giriş) hissədən və qərar hissədən ibarətdir. Əmək müqaviləsinin ləğv edilməsinin əsası ilə əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş Əmək Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi qərar hissəsində göstərilməmişdir. Təsviri (giriş) hissədə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “a” bəndi və digər maddələri rəhbər tutularaq əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin kobud pozuntusudur. Məhkəməyə müraciət edilməmişdən əvvəl mediasiya prosesinin tətbiqi barədə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan X4nə xx.xx.2023-cü il tarixdə təklif göndərmişdir. Lakin cavabdeh tərəfindən təklifə münasibət bildirilməmiş və xx.xx.2023-cü il tarixdə keçirilmiş ilkin mediasiya prosesində iştirak edilməmişdir.

11. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim etmiş, aldadılma nəticəsində imzaladığı 25 iyun 2023-cü il tarixli işdən çıxmasına dair ərizəsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan X4nin xx.xx.2023-cü il tarixli 212/k nömrəli əmrinin etibarsız hesab olunması və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsinin aparıcı mütəxəssisi vəzifəsinə işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdehin nümayəndəsi tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz verilmiş, etirazda aşağıdakılar göstərilmişdir: “...İddia əsassızdır və təmin edilməməlidir. 1) İlkin olaraq qeyd edilir ki, iddiaçı iddia müddətini ötürmüşdür. İş materiallarından göründüyü kimi, əmrin verildiyi xx.xx.2023-cü il tarixdən 36 gün sonra, yəni xx.xx.2023-cü il tarixində İddiaçı mediasiya prosesinin tətbiqi barədə təkliflə Xidmətə müraciət etmiş, 08 sentyabr 2023-cü il tarixdə isə mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Baxmayaraq ki, əmək münasibətlərinin xitamına dair əmr xx.xx.2023-cü il tarixində verilmişdir, iddiaçı iddia ərizəsi ilə məhkəməyə 18 sentyabr 2023-cü ildə, yəni 85 gün sonra müraciət etmişdir. Göründüyü kimi, mediasiya prosesi ümumilikdə 39 gün ərzində davam etmiş və bu müddət mediatorun iddiaçıya verdiyi arayışla başa çatığından iddia müddətinin axımı davam etmişdir. İddiaçının iddia ərizəsi məhkəməyə 18 sentyabr 2023-cü ildə daxil olmuşdur. İddiaçı mediasiyanın tətbiqi müddətini 39 gün uzatmaqla “Mediasiya haqqında” Qanunun 24.7-ci maddəsinin tələblərini də pozmuşdur. Belə ki, həmin maddəyə əsasən mediasiyanın ümumi müddəti 30 gündən artıq olmamalı (ilkin mediasiya sessiyası ən uzağı 30 avqust 2022-ci il tarixdə bitməli idi), bu müddət ancaq tərəflərin razılıqları ilə uzadıla bilər. Yuxarıda qeyd edilən pozuntular nəzərə alınsa belə (hal bu ki, bunun hər-hansı bir qanuni əsası yoxdur) iddiaçı iddia müddətini 6 gün ötürmüşdür. Həmçinin iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia müddətinin bərpa edilməsi məqsədi ilə ərizə ilə verməmiş, həmin müddətin məhkəmə tərəfindən üzrlü hesab edilməsi üçün hər-hansı bir sübut təqdim etməmişdir. 2) İddiaçı tutduğu vəzifədən öz təşəbbüsü ilə azad olunması üçün 25 iyun 2023-cü il tarixli ərizə təqdim etmiş və ərizədə göstərilən gündə (xx.xx.2023) işdən azad olunmasını xahiş etmişdir. Həmin ərizə əsas götürülərək AYNA-nın 25 iyun 2023-cü il tarixli 212/k nömrəli əmri ilə AYNA Şamaxı regional idarəsinin aparıcı mütəxissisi İddiaçı ilə bağlanmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə 25 iyun 2023-cü il tarixindən öz təşəbbüsü ilə xitam verilmişdir. İddiaçının işdə azad olunması Əmək Məcəlləsinin (bundan sonra "Məcəllə”) tələblərinə uyğun olaraq rəsmiləşdirilmişdir. Müvafiq əmrdən də göründüyü kimi iddiaçı Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndində göstərilən əsaslarla öz təşəbbüsü ilə işdən azad olunmuşdur. İddiaçının əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsası ilə əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi qərar hissəsində göstərilməməsi iddiası tam əsassızdır. Belə ki, iddiaçı ilə əmək müqaviləsinin xitam əsası onun öz təşəbbüsü, Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi isə 68-ci maddəsinin 2-ci hissəsinin "a” kimi əmrdə göstərilmişdir. 3) Həmçinin iddiaçı iddia edir ki, o işə qəbul ərizəsini AYNA-ya təqdim etmişdir, lakin AYNA tərəfindən qəbul olunmamışdır. İddiaçının müvafiq işə qəbul ərizəsi AYNA-ya təqdim edilməmişdir, bunu təsdiq edəcək hər-hansı bir sübut yoxdur. Onun bunun sübutu olaraq təqdim etdiyi ərizə sübut kimi qəbul edilə bilməz, qeyd edilən ərizə onun özü tərəfindən sonradan tərtib edilmişdir. Hətta belə bir ərizə ilə müraciət etsəydi belə və həmin ərizənin işəgötürən tərəfindən qəbul edilməsini təsdiq edəcək hərhansı bir sübut olsaydı belə, həmin işə qəbul barədə ərizə AYNA üçün məcburi sayıla bilməz. Belə ki, əmək müqaviləsi işəgötürənlə işçi arasında tam azad, sərbəst və müstəqil bağlanılır, burada heç bir məcburiyyət nəzərdə tutula bilməz. 4) İddiaçı qeyd edib ki, işəgötürən bir təqvim ayını gözləməli və bir təqvim ayı bitdikdən sonra əmək müqaviləsini ləğv etməlidir. Lakin iddiaçı işdən çıxma ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü (xx.xx.2023-cü il) qeyd etmişdir, bu halda işəgötürən şəxsin həmin ərizədə göstərilən gündə şəxslə əmək müqaviləsinə xitam vermək hüququ vardır. Belə ki, Məcəllənin 69-cu maddəsinin 5-ci hissəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Lakin hazırki iş üzrə iddiaçı əmək münasibətlərini dayandırmaq istədiyi günü ərizəsində göstərimişdir ki, bu da bir aylıq müddətinin gözlənilməsi istisna edir”.

13. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq olunmasına dair ərizə də təqdim etmiş, iddianın həm də iddia müddətinin ötürülmüş olması əsası ilə rədd edilməli olduğunu bildirmişdir.

14. Birinci instansiya məhkəməsinin 23 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməsi qət olunmuşdur.

15. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

15.1. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, işçi 1 ay qabaqcadan xəbərdarlıq etməklə, yazılı ərizə yazaraq əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam vermək hüququna malikdir. Həmçinin, əmək qanunvericiliyində hansı hallarda işçinin ərizədə yazıldığı gün əmək müqaviləsinə xitam verilməsinin mümkünlüyü dəqiq şəkildə qeyd edilmiş və bu halın yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda mümkünlüyü imperativ norma kimi nəzərdə tutulmuşdur. Qeyd edilən əmək müqaviləsini bağlamaq, həm də onu ləğv etmək müqavilə tərəfi kimi işçinin subyektiv hüququdur və o, bu hüququnu reallaşdırmaq üçün müqavilənin digər tərəfi sayılan işəgötürənin iradəsindən (əmrindən) asılı deyil və işəgötürənin əmri əslində mahiyyətinə görə əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi faktını yalnız rəsmiləşdirmək məqsədi daşıyır. Yəni, işçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda, onu işçi ləğv edir. İşəgötürən isə bu ləğvi Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinin tələbinə uyğun olaraq rəsmiləşdirir. 15.2. İş materiallarından və məhkəmə iclasında iştirak edən tərəflərin izahatından görünür ki, iddiaçının işdən çıxmasının başlıca səbəbi iddiaçının əmək müqaviləsinə aldadılma nəticəsində xitam verilməsi olmuşdur. Bu hal iddiaçı tərəfindən verilmiş əmək kitabçasından, eləcə də X3 Xidmətinin və Azərbaycan X4nin əmrlərindən aydın olur. 15.3. Üstəlik də iddiaçının yazdığı işdən çıxma barədə ərizədə əmək qanunvericiliyində nəzərdə tutulmuş hallardan (əmək pensiyasına çıxması, təhsilini davam etdirmək zərurətinin olması, başqa işə getməsi və s.) hər hansı birinə istinad olunmasa da, cavabdeh (işəgötürən) tərəfindən elə həmin gün iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilmişdir. Qeyd olunan hal bir daha onu göstərir ki, cavabdeh iddiaçını əmək müqaviləsinə xitam verilməsi yəni onun işdən azad edilməsi məqsədilə aldatmışdır. Belə ki, qeyd olunan halın ayrılıqda mövcudluğu onu deməyə əsas vermir ki, işçi işəgötürən tərəfindən aldadılmışdır. Lakin hazırki işin faktiki hallarına məcmu halda nəzər yetirdikdə, iddiaçının bu barədə iddia tələbinin dəlillərinin əsaslı olması öz təsdiqini tapır. 15.4. İddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən ləğv edilmişdir. Mülki iş materiallarında olan əmək kitabçasından görünür ki, iddiaçı müxtəlif vaxtlarda Əmək Məcəlləsinin eyni maddəsi ilə, yəni 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndinə əsasən öz təşəbbüsü ilə işdən azad edilmiş, bir neçə gün sonra yenidən həmin vəzifəyə və yaxud digər vəzifəyə təyin olunmuşdur. 15.5. İddiaçı sonuncu ərizəni, yəni xx.xx.2023-cü il tarixli ərizəni aldadılma, Azərbaycan X1 işlə təmin edəcəyi vədinə inanaraq yazdığını bildirir. 15.6. Qeyd olunmalıdır ki, bu hal birbaşa sübutlarla təsdiq olunmasa da, işin gedişatı, əvvəllər də bu cür halların olması, iddiaçının bir neçə dəfə işdən azad olunma barədə ərizə yazması, daha sonra həmin işəgötürənə məxsus digər müəssisələrdə yeni vəzifəyə işə qəbul olunması, daha sonra işdən çıxmaq barədə ərizə yazması, ərizədə elə həmin gün konkret səbəblər qeyd edilmədən əmək müqaviləsinə xitam verilməsini xahiş etməsi, həmin ərizənin formal qaydada tərtib edilməsi, habelə işəgötürənin işçinin hansı səbəbdən həmin gün işdən azad olunmaq barədə istəyinin olması zərurəti araşdırılmadan, elə həmin gün də əmr imzalaması kimi hallar diqqətçəkən məqamlardır. 15.7. Nəzərə alınmalıdır ki, işçi əmək münasibətlərində daha zəif tərəf olduğundan Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsində göstərilən halların təsiri altında işdən çıxmaq barədə ərizəni yazmasını sübuta yetirməsi, həmin halı birbaşa sübutlarla təsdiq etməsi demək olar ki, mümkünsüzdür. Bu baxımdan müvafiq hal araşdırılarkən tərəflərin münasibəti, işin gedişatı, şahid ifadələri və digər dolayı sübutlar obyektiv, hərtərəfli qiymətləndirilərək məcburiyyət, hədə-qorxu halının, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə hazırki halda isə aldadılma nəticəsində əmək müqaviləsinin ləğv edilib-edilməməsi müəyyən edilməlidir. 15.8. Hazırki işdə isə məhkəmə yuxarıda qeyd edilən halları və iddiaçının təqdim etdiyi sübutları müqayisəli şəkildə qiymətləndirərək hesab edir ki, iddiaçı işdən çıxmaq barədə ərizəsini öz iradəsi əsasında deyil, baş vermiş hadisələrdən dolayı aldadılma nəticəsində iradəsi əleyhinə yazmağa məcbur qalmış və bu fakt məhkəmə gedişatında tədqiq edilmiş sübutlarla, işin halları ilə və məhkəmə iclasında iddiaçının verdiyi izahatlarla öz təsdiqini tapmışdır. 15.9. Göstərilən hallar tərəflər arasında qərəzli münasibətin mövcudluğunu, iddiaçının Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsinin tələbinin pozulması ilə işdən çıxarıldığını, işdən çıxmaq barədə ərizəni könüllü olaraq, öz iradəsi əsasında deyil, öz iradəsi əleyhinə yazdığını bir daha təsdiq edir. 15.10.Yuxarıda qeyd olunduğu kimi, bu zaman məhkəmə, işçi tərəfindən öz iradəsi əleyhinə yəni aldatma nəticəsində yazmasını təsdiq edən birbaşa sübutun təqdim edilməsinin bir qayda olaraq mümkünsüzlüyünü nəzərə alır. 15.11. Halbuki əmək müqaviləsinin işçinin təşəbbüsü ilə pozulmasına o halda yol verilə bilər ki, işdən çıxarma haqqında ərizənin verilməsi onun öz iradəsini könüllü ifadə etməsinin nəticəsi olsun.Yəni işçi öz təşəbbüsü ilə yalnız iradəsinə uyğun olaraq əmək müqaviləsini ləğv etmək hüququna malikdir və bu, işçinin öz iradəsini ifadə etməsinin birbaşa nəticəsi olmalıdır. İşçinin iradəsinin əleyhinə onu hər hansı vasitə və ya üsulla əmək müqaviləsini ləğv etməyə məcbur etmək isə qanunvericiliklə qadağandır. 15.12.İşçinin əmək müqaviləsinin ləğv edilməsinə məcbur edilməsi barədə dəlillərinə formal yanaşılması daha zəif tərəf olan işçinin Konstitusiya və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş hüquqlarından məhrum edilməsinə, iqtisadi cəhətdən daha güclü tərəf olan işəgötürənin isə hüquqlarından sui-istifadəsinə şərait yaratmış olur, bu hal isə qanunvericilik tərəfindən yolverilməz hesab edilir. 15.13.Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarı). 15.14.Bu səbəbdən məhkəmə tərəfindən işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələrinə baxılarkən ədalətli balans və tarazlığın qorunması və təmin edilməsi ədalətli məhkəmə araşdırması hüququnu təmin etməklə, ciddi əsaslar olmadığı halda gələcəkdə işçinin əmək fəaliyyətinə mane olacaq halların aradan qaldırılmasına yönəlməlidir. 15.15.Hazırki mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan onun tərəfindən Azərbaycan X4 sədrinə ünvanlanan 25 iyun 2023-cü il tarixli ərizənin qanuniliyi yoxlanılmalıdır. 15.16.Mülki Məcəllənin 2.3-cü maddəsinə uyğun olaraq, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. 15.17.Həmin Məcəllənin 339.2-ci və 339.3-cü maddələrinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Bu Məcəllənin 339.1- 339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 15.18.Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı ilə əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsinin tələbləri pozulduğundan, bu hal isə işçinin Konstitusiya ilə təsbit edilmiş əmək hüquqlarının pozulması ilə nəticələndiyindən iddiaçının 25 iyun 2023-cü il tarixli işdən çıxma barədə ərizəsi, işəgötürənin əmri qanunsuz hesab olunmalı və o, əvvəllər tutduğu Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa edilməli, eləcə də məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. 15.19.Bundan başqa cavabdehin nümayəndəsi bildirmişdir ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X5 Xidməti ləğv edilmiş, ləğvetmə komissiyası yaradılmışdır. AR Prezidentinin 1463 saylı Fərmanı ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan X4 publik hüquqi şəxsi yaradılmışdır. Lakin X3 Xidmətinin varisi deyillər, bu səbəbdən də, iddiaçının əvvəllər bir neçə dəfə əmək müqaviləsinin ləğv edilərək, yenidən işə bərpa olunmasının cavabdehə heç bir aidiyyəti olmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırda cavabdehin X3 Xidmətinin varisi olub-olmaması məsələsi, o cümlədən də, üçüncü şəxslər qarşısında götürdüyü hər hansı öhdəliklərinə görə cavabdehlik məsələsi araşdırılmır. Məhkəmə hesab edir ki, sonuncunun ləğv edilib yenidən təşkil olunması idddiaçıya münasibətdə işin hazırki faktiki hallarını dəyişmir, yəni müəssisə ləğv edilib yenidən təşkil olunsa da, iddiaçı əvvəlki kimi eyni vəzifədə eyni ixtisas üzrə işləməyə davam etmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsinin etirazının bu dəlili ilə razılaşmaq olmaz. 15.20.Göründüyü kimi iddiaçının hazırkı işdən çıxarılması ilə bağlı 25 iyun 2023-cü il tarixli ərizəsi onun həqiqi iradəsini ifadə etməmiş, iddiaçı yenidən əvvəllər olduğu kimi işə qəbul olunacağını yəqin etmişdir. Məhkəmə göstərilənlərə əsaslanaraq, belə qənaətə gəlir ki, həmin ərizə aldadılma nəticəsində yazıldığından etibarlı hesab edilə bilməz. 15.21.Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin vediyi ərizəyə münasibətdə aşağıdakıları qeyd edir. 15.22.Eyni zamanda İddiaçı ötürülmüş müddətin üzrlü hesab edilməsini xahiş edərək, bununla bağlı yazılı ərizəsini təqdim etmişdir. 15.23.“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 -ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 15.24.Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. 15.25.Məhkəmə bildirir ki, iddiaçı tərəfindən belə bir iddia ilə məhkəməyə müraciət edilməsi üçün müddət ötürülmüşdür. Belə ki, iddiaçı onunla əmək müqaviləsi ləğv edildikdən sonra müddət ötürülməklə məhkəməyə müraciət etmişdir. Lakin iddiaçı məhkəmə iclaslarındakı izahatlarında, o cümlədən iddia tələbinin dəlillərində, habelə ötürülmüş müddətin üzrlü hesab edilməsi ilə bağlı məhkəməyə yazılı müraciətində iddia müddətinin ötürülməsinin üzrlü səbəblərdən yol verildiyini bildirmişdir. Bu baxımdan qeyd olunmalıdır ki, iddiaçı eyni halla bir neçə dəfə qarşılaşdığına görə bu dəfə də gözləmə mövqeyində olmuş, onunla yeni əmək müqaviləsi bağlanacağına ümid etmişdir. Beləliklə də, məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürmüşdür. Lakin məhkəmə hesab edir ki, işin faktiki halları nəzərə alındıqda, iddiaçı tərəfindən ötürülmüş iddia müddəti üzrlü hesab edilərək, bərpa edilməlidir. 15.26.Beləliklə məhkəmə hesab edir ki, İddiaçı öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi halı öz təsdiqini tapmadığından, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan X4 ilə iddiaçı arasında bağlanılmış əmək müqaviləsinə 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndi ilə ləğv edilməsi barədə Azərbaycan X4nin xx.xx.2023-cü il tarixli 212/k əmri qanuni hesab edilə bilməz.

16. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci, 71-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci, 10-cu, 68-ci, 69-cu, 76-cı, 83.1-ci, 83.2-ci, 186-cı, 296-cı, 300-cü, 310-cu, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 23-cü, Mülki Prosessual Məcəllənin 14.2-ci,, 77.1-ci, 88-ci, 106-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə” 31 yanvar 2006-cı il tarixli Qərarına istinad etmişdir.

17. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, iddiaçının ötürdüyü iddia müddətini əsassız olaraq bərpa etdiyini, fərziyyələr əsasında qanunsuz qərar çıxardığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

19. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətini müdafiə etmiş, iddiaçı isə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

20. Maddə 35. İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

21. Maddə 68 (2-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü...

22. Maddə 69 (1-ci hissə). İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

23. Maddə 69 (3-cü hissə). İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

24. Maddə 69 (4-cü hissə). Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

25. Maddə 69 (5-ci hissə). İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

26. Maddə 69 (6-cı hissə). İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.

27. Maddə 69 (7-ci hissə). İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.

28. Maddə 296.2. Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

29. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə ... çıxarır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

33. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

39. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və dəlilləri iddiaya etirazın dəlilləri ilə eyni olan apellyasiya şikayətində irəli sürülənlərə bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür.

40. Xüsusilə nəzərə alınmalıdır ki, işin halları iddiaçının “öz xahişi ilə” əmək müqaviləsinə xitam verilməsini istəməsinin onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilməsinə imkan vermir. Başqa iş təklifi almayan, eləcə də Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində sadalanan digər hallara istinad etməyən işçinin bu cür davranışı ağlabatan bir səbəblə izah olunmadıqda, belə “istəyin” aldadılma, yaxud işəgötürənin təzyiqi altında yaranması daha inandırıcı görünür.

41. İddiaçının iddia müddətini ötürmüş olması dəlilinə münasibətdə kollegiya əlavə olaraq qeyd edir ki, onun iddia müddətini ötürdüyü qənaətinə gəlinmiş olsa belə, ağlabatan mühakimə əsasında bunun üzrlü səbəblərlə bağlı olduğu qəbul edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının qanunvericiliklə təminat altına alınan subyektiv hüquqlarının pozulmuş olduğu müəyyən edildiyindən, iddia müddətinin ötürülmüş olması arqumentinin onun iddiasının rədd edilməsi üçün əsas hesab edilməsi ədalətsiz və lazımi əsasa söykənməmiş olardı.

42. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir; buna görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3856/2023 saylı iş üzrə 23 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar