Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2046/2023 13.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: sığorta ödənişinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3512/2021 saylı iş üzrə 28 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta Şəhadətnaməsinə əsasən "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə sığorta müqaviləsi bağlanaraq, **-BH-*** dövlət qeydiyyat nişanlı, “Mercedec Benz G63 AMG” markalı avtomobil PMİ-014717 nömrəli şəhadətnamə üzrə 3 il müddətinə sığortalanmışdır. 2.İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 29 dekabr 2019-cu il tarixli “İltizam”ın 2-ci bəndinə əsasən İddiaçı məxsus PMİ-014717 saylı sığorta şəhadətnaməsində qeyd olunan avtomobilin idarə olunmasına onun səlahiyyət verdiyi şəxslər barəsində "xxxx" ASC-yə məlumat verilməsi və avtomobili idarə edəcək şəxslərin adlarının sığorta şəhadətnaməsinə əlavə edilməsi tələbi İddiaçı izah olunmuş, əks halda sığorta ödənişindən imtina ediləcəyi bildirilmişdir. 3."xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış 6 may 2020-ci il tarixli məktuba əsasən X1 xx.xx.2020-ci il tarixli müraciətinə əsasən onun tərəfindən idarə edilən sığortalı avtomobil, xx.xx.2020-ci il tarixdə, Nəsimi rayonu ərazisində hərəkət edərkən maneəyə dəymiş və nəticədə sığortalı avtomobilə ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar bildirmişlər ki, İddiaçı **-BH-*** dövlət qeydiyyat nişanlı, “Mercedec Benz G63 AMG” markalı avtomobilin sığortalanması zamanı, sığorta qaydalarının 1.3-cü maddəsinə əsasən sığorta müqaviləsinin ayrılmaz hissəsi olan, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığortalanma haqqında ərizə”də (ərizənin 7-ci bəndi) İddiaçı avtomobili idarə edəcək şəxslərin adının sığorta şəhadətnaməsində sığorta olunan kimi əlavə edilməsi üçün sığortaçıya yazılı məlumat verilmədiyi halda dəyən zərərin sığorta təminatına daxil edilməməsi və belə hallarda sığorta ödənişinin verilməyəcəyi izah edilmişdir. Belə ki, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalar”nın 9.2.4-cü maddəsi rəhbər tutularaq İddiaçı bildirilmişdir ki, avtomobilin idarə edilməsi hüququnun bu ərizənin 7-ci bəndində qeyd olunan şəxslərdən başqa digər şəxslərə verilməsindən əvvəl sığortalı həmin şəxslərin sığorta müqaviləsi üzrə sığorta olunanlar kimi tanınması üçün sığortaçıya yazılı məlumat verməlidir. Həmçinin, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsinin 4-cü bəndinə əsasən, sığorta təminatı yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallarda verilir. Sığorta olunan qismində göstərilən şəxslər dedikdə, adı sığorta şəhadətnaməsinin avtomobili idarəetmə hüququ olan şəxslərin siyahısı bölməsində qeyd olunan şəxslər (sürücülər) nəzərdə tutulur. Həmçinin, xx.xx.2019-cu il tarixli "İltizam”ın 2-ci bəndinə əsasən İddiaçı məxsus PMİ-014717 saylı sığorta şəhadətnaməsində qeyd olunan avtomobilin idarə olunmasına səlahiyyət verilmiş şəxslər barəsində "xxxx" ASCyə məlumat verilməsi və avtomobili idarə edəcək şəxslərin adlarının sığorta şəhadətnaməsinə əlavə edilməsi tələbi İddiaçı izah olunmuş, əks halda sığorta ödənişindən imtina ediləcəyi bildirilmişdir. Buna baxmayaraq, İddiaçı tərəfindən göstərilən şərtlərə əməl edilməmiş və sığortalanmış avtomobilin idarə edilməsi hüququ X3 verilməzdən öncə adının sığorta şəhadətnaməsinə sığorta olunan kimi əlavə edilməsinə dair Cəmiyyətə yazılı müraciət edilməmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq və göstərilən müddəalar rəhbər tutularaq, sığorta ödənişinin verilməsi qeyri-mümkün hesab edilmişdir. 4."xxxx" ASC-nin X9 Vüsal tərəfindən tərtib edilmiş raporta əsasən hadisə barədə 17 aprel 2020-ci il tarixdə çağırış edilmiş və sürücü barədə məlumatda X5 qeyd edilmiş, tərəflər imza edərək raportun həqiqiliyini və etibarlılığını təsdiq etmişlər. 5.“Land Motors” tərəfindən verilmiş 5 fevral 2021-ci il tarixli qüsur aktına əsasən avtomobilə dəymiş zərərin məbləği 29135 manat məbləğində müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat 6.İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən sığorta məbləği olan 29135 AZN pulun və sığorta ödənişinin gecikdirilməsinə görə dəbbə pulunun müvafiq olaraq hesablanaraq xeyrimə ödənilməsi barədə qətnamə qəbub edilməsini xahiş etmişdir. 7.İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı “Mercedes Benz G63 AMG” markalı ** BH *** dövlət qeydiyyat nişanlı şəxsi avtomobilini “Rəvan Sığorta" ASC-nin “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə" 3 illik müqavilə bağlamaqla kasko sığorta etdirib və bu əsasda qəbzlə 28 dekabr 2019-cu il tarixində 3120 (üç min yüz iyirmi), 5 (beş) və 8400 (səkkiz min dörd yüz) manat sığorta haqqı ödəyib. İddiaçıya bağlanmış müqavilə ilə “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları, sığorta şəhadətnaməsinin və yaddaş vərəqəsinin təhviltəslim” aktında 014717 saylı xx.xx.2019-cu il tarixli sığorta şəhadətnaməsi verilmişdir. Həmin şəhadətnaməyə əsasən sığortanın bitmə vaxtı xx.xx.2022-ci il nəzərdə tutulmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixində Nəsimi rayonu ərazisində baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı “Rəvan Sığorta" ASC-yə müraciət ünvanlayıb. İddiaçının müraciətinə baxmayaraq "xxxx" sığorta öhdəliyindən imtina eldiyinə görə iddiaçı avtomobilini indiki vəziyyətdə idarə edə bilmir. İddiaçı bu günədək olan müddətdə cavabdeh sığorta şirkətindən onunla aralarında bağlanmış sığorta müqaviləsi üzrə ödənilməli olan pul məbləğini ala bilməmişdir və bu istiqamətdə etdiyi müraciətlər nəticəsiz qalmış və sığorta məbləğinin verilməməsi qanunsuz və haqsız olaraq qeyri-mümkün hesab edilmişdir. Bu səbəbdən də məhkəmə müdaxiləsi zərurəti yaranmışdır və iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sığorta orqanının imtinasında qeyd olunur ki, Sığorta olunan qismində göstərilən şəxslər dedikdə, adı sığorta şəhadətnaməsinin avtomobili idarəetmə hüququ olan şəxslərin siyahısı bölməsində qeyd olunan şəxslər (sürücülər) nəzərdə tutulur. Həmçinin, xx.xx.2019-cu il tarixli “İltizam”ın 2-ci bəndinə əsasən Sizə məxsus PMİ-014717 saylı sığorta şəhadətnaməsində qeyd olunan avtomobilin idarə olunmasına səlahiyyət verdiyiniz şəxslər barəsində "xxxx" ASC-yə məlumat verilməsi və avtomobili idarə edəcək şəxslərin adlarının sığorta şəhadətnaməsinə əlavə edilməsi tələbi Sizə izah olunmuş, əks halda sığorta ödənişindən imtina ediləcəyi bildirilmişdir. Buna baxmayaraq, tərəfinizdən göstərilən şərtlərə əməl edilməmiş və sığortalanmış avtomobilin idarə edilməsi hüququ X4 verilməzdən öncə adının sığorta şəhadətnaməsinə sığorta olunan kimi əlavə edilməsinə dair Cəmiyyətimizə yazılı müraciət edilməmişdir.” Bildirir ki, "xxxx" ASC sığorta ödənişini ödəməkdən imtina edir, müraciətlərinə məhəl qoymayaraq onlar əldə etməli olduqları məbləğdən əsassız olaraq məhrum edilmişdir. 8.Cavabdeh iddia tələbinə yazılı qaydada etiraz təqdim edərək, iddia tələbinin əsassız olduğunu və məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, sığortalanmış avtomobil X6 tərəfindən xx.xx.2020-ci il tarixdə, Nəsimi rayonu ərazisində hərəkət edərkən maneəyə dəymiş və nəticədə sığortalı avtomobilə zərər dəymişdir. İddiaçı tərəfindən göstərilən şərtlərə əməl edilməmiş və sığortalanmış avtomobilin idarə edilməsi hüququ X3 verilməzdən öncə adının sığorta şəhadətnaməsinə sığorta olunan kimi əlavə edilməsinə dair cəmiyyətə yazılı müraciət edilməmişdir. Bu səbəbdən xx.xx.2020-ci il tarixdə **-BH-*** dövlət qeydiyyat nişanlı, “Mercedec Benz G63 AMG” markalı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi üzrə sığorta ödənişinin verilməsi qeyri-mümkün hesab edilmişdir. 9.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3512/2021 saylı iş üzrə 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. 10.Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı məhkəmə araşdırması zamanı mübahisələndirilən avtomobili heç vaxt istifadə etmədiyini, avtomobilin başqa bir şəxsin faktiki istifadəsində olduğunu bildirmişdir. İddiaçının “Mercedes Benz G63 AMG” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı şəxsi avtomobil, 3-cü şəxsə vermiş, lakin tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, PMİ-014717 nömrəli fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta şəhadətnaməsində qeyd edilən məsələ üzrə isə şəhadətnamədə hər hansı bir qeyd öz əksini tapmamış, başqa sözlə iddiaçı tərəfindən avtomobili etibar etdiyi şəxsin məlumatları yuxarıda göstərilən şəhadətnamədə qeyd edilməmişdir. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsinə əlavə şərtlər”inə əsasən iddiaçı həmin şərtlərlə tanış olmuşdur, lakin iddiaçı tərəfindən avtomobil kimin tərəfindən idarə edilməsi ilə əlaqədar cavabdehə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehin mülki hüquqi baxımdan təqsiri sübuta yetirilməmişdir. 11.Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 899.1, 901.1, 901.2, 923.1, 923.2, 923.3, 923.4, maddələri, "Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığorta üzrə" sığorta qaydaların 2.0.5, 19.1.8-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 77.3, 78.1, 78.2, 80, 88, 106.1, 107, 119.1, 124.1, 216, 216, 217.3, 217.4, 220, 227ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3512/2021 saylı iş üzrə 28 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə sığorta hadisəsinin baş verməsinə səbəb olan hadisəni tədqiq edən tərəfləri dinləməmiş, DYP orqanından təqdim edilmiş arayışla İddiaçı oğlu X2 inzibati məsuliyyətə cəlb olunmaması halına əhəmiyyət verməmiş və hansısa X9 Vüsal tərəfindən öz təşkilatının xeyrinə təqdim edilən raporta əsaslanaraq maddi hüquq normasının düzgün tətbiqinindən yayınmışdır. Göründüyü kimi, cavabdeh təşkilataın mövqeyinin əksinə olaraq məhkəmə mülkiyyətçinin və onun səlahiyyət verdiyi şəxslərin mövcudluğunu yoxlamalı və məhkəməyə təqdim olunan sübutları düzgün dəyərləndirməli idi. İşə baxan məhkəmə hazırda mübahisələndirilən qətnamənin qət etdi hissəsində iddianın rədd olunmalı olması qənaətinə gələrkən nəqliyyat vasitəsinin mülkiyyətçi tərəfindən idarə olunmasına və yaxud onun səlahiyyət verdiyi şəxs tərəfindən idarə olunmasına əhəmiyyət verməyərək araşdırma aparmamışdır. Mövcud mübahisəli işdə də məhkəmə mötəbər sübutlara düzgün hüquqi qiymət verməyərək işin faktiki hallarını və tərəflərin həqiqi vəziyyətlərinin işin hallarına uyğunluğunu dəqiqliklə yoxlamamışdır. Ona görə də, hazırkı məhkəmə qətnaməsi işin bütün faktiki hallarını özündə əks etdirmir və prosessual pozuntularla qəbul olunduğundan ləğv olunmalı və mübahisəyə yenidən baxılaraq ədalətli qətnamə qəbul olunmalıdır.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2596/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3512/2021 saylı iş üzrə 28 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbi təmin edilərək, cavabdeh "xxxx" ASC-dən sığorta məbləği olan 29135 manat və sığorta ödənişinin gecikdirilməsinə görə 12091,025 manat dəbbə pulu və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 41256,025 (qırx bir min iki yüz əlli altı 0.025 qəpik) manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən sığorta ödənişindən imtina edilməsi ədalətsiz olmuşdur. Belə ki, cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli imtina məktubundan görünmüşdür ki, cavabdeh imtinanın əsası kimi, MM-in 935-ci maddəsinin hər hansı bəndinə əsaslanmamış və yalnız “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsinə əlavə şərtlər”inə və “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalar”nın rəhbər tutularaq sığorta ödənişini ödəməkdən imtina etmişdir. Cavabdehin istinad etdiyi “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsinə əlavə şərtlər”ində qeyd olunan müddəası mülki prosessual qanunvericiliyin təməl prinsiplərinə və sığorta fəaliyyəti üzrə formalaşmış işgüzar adətlərə uyğun olmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı hadisə baş verən zaman avtomobilin onun tərəfindən idarə edilmədiyi üçün cavabdeh tərəfindən sığorta ödənişindən imtina ediləcəyini bilmiş olsaydı, məqsədli şəkildə avtomobilin məhz onun tərəfindən idarə edildiyini qeyd edərək yalan məlumat da verə bilərdi. Lakin iddiaçı bunu etməmiş və hadisəyə vicdanlı yanaşmışdır. Cavabdeh istinad etdiyi “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsinə əlavə şərtlər”i və “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalar”ına istinad edilməklə sığortaçı olaraq sığorta ödənişindən imtina etməsi üçün əsas versə də, bu imtina bütövlükdə sığorta institutunun mahiyyətinə zidd olmaqla ədalətli hesab edilə bilməz. Bu cür münasibət ayrı-ayrı şəxslər tərəfindən sığorta institutuna və sığortaçı təşkilatlara olan inamın və etibarın itirilməsi ilə nəticələnə bilər. Nəticədə isə, bu inamın və etibarın itirilməsindən ən çox sığorta təşkilatları zərər çəkə bilər. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin mübahisələndirilməyən bir halı da ondan ibarət olmuşdur ki, baş vermiş yol-nəqliyyat hadisəsi üzrə nə iddiaçı, nə də onun oğlu X5 inzibati məsuliyyətə cəlb edilməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməli və sığorta hadisəsi nəticəsində sığortalıya vurulmuş maddi ziyanın əvəzini ona ödəməlidir. İddiaçı tərəfindən təqdim edilən "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qüsur aktı cavabdeh tərəfindən ümumiyyətlə mübahisələndirilmədiyindən, həmin akt ziyanın məbləğinin müəyyən edilməsi üçün əsas sübut hesab edilməli və aktla müəyyən edilən 29135 (iyirmi doqquz min yüz otuz beş) manat sığorta ödənişi kimi sığorta şirkətindən alınaraq sığortalıya ödənilməlidir. Kollegiya sığorta ödənişinin gecikdirilməsinə görə dəbbə pulunun hesablanması ilə bağlı qeyd etmişdir ki, cavabdeh sığorta ödənişindən xx.xx.2020-ci ildə imtina etmiş və iddiaçı hazırki iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, məhz aşağıda göstərilən qaydada dəbbə pulu hesablanmaqla cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. (xx.xx.2020 + xx.xx.2021)= 415 gün. 29135 manat : 0,1% = 29,135 manat. 415 x 29,135 = 12091,025)
16. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 6.2, 14.2.1, 21, 385.1, 390.1, 442, 899.1 901, 923, 934, 935, maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.1, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrinə istinad etmişdir.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4554/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2596/2022 nömrəli, 18 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
18. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. 18.1 Tərəflər arasında sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd sığorta şəhadətnaməsinin əlavə şərtlərinin 4-cü bəndində sığorta təminatı yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara verilir. Sığorta olunan qismində göstərilən şəxslər dedikdə, adı sığorta şəhadətnaməsinin avtomobili idarəetmə hüququ olan şəxslərin siyahısı bölməsində qeyd olunan şəxslər (sürücülər) nəzərdə tutulur. 18.2 İddiaçı bu şərtlə tanış olmuş, həmin şərtlərlə razılaşaraq sığorta müqaviləsi bağlamış, xx.xx.2019-cu il tarixdə imzaladığı “İltizam”ın 2-ci bəndinə əsasən iddiaçıya məxsus PMİ-014717 saylı sığorta şəhadətnaməsində qeyd olunan avtomobilin idarə olunmasına onun səlahiyyət verdiyi şəxslər barəsində "xxxx" ASC-yə məlumat verilməsi və avtomobili idarə edəcək şəxslərin adlarının sığorta şəhadətnaməsinə əlavə edilməsi tələbi iddiaçıya izah olunmuş, əks halda sığorta ödənişindən imtina ediləcəyi bildirilmişdir. 18.3 Göründüyü kimi, adı sığorta şəhadətnaməsinin avtomobili idarəetmə hüququ olan şəxslərin siyahısında nəzərdə tutulmayan şəxslər tərəfindən törədilən hadisələr sığorta təminatına aid olmadığından apellyasiya məhkəməsinin baş vermiş bu hadisəni sığorta hadisəsi kimi qəbul edilməsi mövqeyi yalnış olmuşdur. 18.4 Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab etmişdir ki, "xxxx" ASC tərəfindən iddiaçıya sığorta ödənişinin verilməsindən imtina olunmasının əsası dəqiq göstərilmiş və apellyasiya məhkəməsi həmin əsasın tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olmasına düzgün hüquqi qiymət verməmiş, cavabdehin imtinasının müqavilənin hansı şərtinə və ya qanunun hansı normasına zidd olduğunu qətnamədə göstərməmişdir. 18.5 Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları və qeyd edilən maddi normaların tələbləri baxımından səhv hüquqi nəticəyə gəlməklə tərəflərin ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. 18.6 Halbuki, ədalətli məhkəmə araşdırması hüququ, eyni zamanda, Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Təkrar apellyasiya baxışı zamanı apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar
20. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında əlavə olaraq bildirir ki, əvvəlki apellyasiya instansiyasında işə baxılarkən mülki və sığorta ilə bağlı qanunvericiliyin tələblərinə ümumiyyətlə əməl olunmamış, maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuşdur. Hazırkı mübahisə ilə bağlı olaraq nəzərə alınmalıdır ki, iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin İddiaçı sığortalanmış avtomobilin idarə edilməsi hüququnu X3 verməzdən öncə N.Yusifovun adının sığorta şəhadətnaməsinə sığorta olunan kimi əlavə edilməsinə dair cəmiyyətə yazılı müraciət etməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Lakin, apellyasiya məhkəməsi qeyd edilən maddənin tələblərini pozaraq, iş materiallarında olan mövcud sübutlara düzgün hüquqi qiymət verməmiş, nəticədə Nərimanov rayon Məhkəməsinin qanuni və eyni zamanda ədalətli qətnaməsini ləğv edərək səhv nəticəyə gəlmişdir. Apellasiya şikayətinə etiraz edir və şikayətdə qeyd olunan hallar əsassız olduğu üçün təmin edilməməsini xahiş edir.
21. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
22. Mülki Məcəllənin 6.1.5-ci maddəsində qeyd edilir ki, müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipidir.
23. Mülki Məcəllənin 6.2-ci maddəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
24. Həmin Məcəllənin 390.1-ci maddəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
25. Həmin Məcəllənin 883.1-ci maddəsində qeyd edilir ki, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
26. Həmin Məcəllənin 899.1-ci maddəsində qeyd edilir ki, sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanır: tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə; müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə; icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər qaydada.
27. Mülki Məcəllənin 901.1-ci maddəsində qeyd edilir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulan hallar istisna olmaqla, sığortaçı sığortalıya sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd - sığorta şəhadətnaməsi verməlidir. Bu tələb sığorta müqaviləsinin bu Məcəllənin 899.1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bağlandığı hala da şamil edilir.
28. Mülki Məcəllənin 913-cü maddəsində qeyd edilir ki, sığorta müqaviləsi bağlanarkən sığortaçı, sığorta brokeri və ya sığorta agenti sığortalını icbari sığortanın şərtləri ilə, yaxud könüllü sığorta müqaviləsinin əsaslandığı sığorta qaydaları ilə tanış etməlidir. Bu zaman sığortalıya sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi zaman necə hərəkət etməyi, sığortaçının sığorta ödənişindən imtina etməsinin qanuni əsaslarını əks etdirən, hamı tərəfindən asanlıqla başa düşülən üslubda tərtib edilmiş yaddaş vərəqi verməlidir.
29. Mülki Məcəllənin 922.1-ci maddəsində qeyd edilir ki, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
30. Mülki Məcəllənin 922.2-ci maddəsində qeyd edilir ki, sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.
31. Mülki Məcəllənin 934-cü maddəsində qeyd edilir ki, bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.
32. Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalarının 2.0.5-ci maddəsində qeyd edilir ki, avtomobilin sahibi - sığortalanan avtomobilin mülkiyyətçisi, yaxud avtomobilə digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və s.) sahiblik edən şəxsdir.
33. Həmin Qaydaların 23.1.7-ci maddəsində qeyd edilir ki, baş vermiş hadisə sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilmədikdə sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
35. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməni ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. İddiaçı hazırkı tələbində sığorta məbləği olan 29135 AZN pulun və sığorta ödənişinin gecikdirilməsinə görə dəbbə pulunun tutulmasını xahiş edir.
38. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmiş, ona istinad edilmişdir ki, avtomobilin X6 tərəfindən idarə edilməsi ilə bağlı sığorta şirkətinə hər hansı məlumat verilməmiş və tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, PMİ-014717 nömrəli fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta şəhadətnaməsində qeydiyyatın aparılması barədə müraciət edilməmişdir, bununla da iddiaçı tərəfindən cavabdehin mülki hüquqi baxımdan təqsirini sübuta yetirilə bilməmişdir.
39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə sığorta müqaviləsi bağlanmış, müqaviləyə əsasən **-BH-*** dövlət qeydiyyat nişanlı, “Mercedec Benz G63 AMG” markalı avtomobil PMİ-014717 nömrəli şəhadətnamə üzrə 3 il müddətinə sığortalanmışdır. Bundan sonra Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta Şəhadətnamə iddiaçıya təqdim edilmişdir.
40. "xxxx" ASC tərəfindən təqdim edilən “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə Sığortalı üçün” Yaddaş Vərəqəsində qeyd edilir ki, təmir və ya xidmət olunma məqsədilə texniki xidmət müəssisəsinin və ya yuyulmaq üçün avtoyuyucunun sərəncamında olduğu hallar istisa olmaqla, avtomobilin bu Qaydalara və sığorta müqaviləsinə görə sürücü hesab edilməyən şəxs tərəfindən idarə olunması halında sığorta təminatı verilmir.
41. İş materiallarından görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 29 dekabr 2019-cu il tarixli “İltizam”ın 2-ci bəndinə əsasən İddiaçı məxsus PMİ-014717 saylı sığorta şəhadətnaməsində qeyd olunan avtomobilin idarə olunmasına onun səlahiyyət verdiyi şəxslər barəsində "xxxx" ASC-yə məlumat verilməsi və avtomobili idarə edəcək şəxslərin adlarının sığorta şəhadətnaməsinə əlavə edilməsi tələbi İddiaçı izah olunmuş, əks halda sığorta ödənişindən imtina ediləcəyi bildirilmişdir.
42. Göründüyü kimi, iddiaçı tərəflər arasında imzalanmış sığorta müqaviləsinin şərtlərinə əsasən sığorta hadisəsi hesab edilməyən hallar barədə, həmçinin müqavilə üzrə yerinə yetirməli olduğu tələblər barədə məlumatlı olmuş və bu şərtlərlə razılaşaraq müqaviləyə imza atmışdır. Lakin iddiaçı şığorta olunan avtomobilin X6 tərəfindən idarə edilməsi ilə bağlı etibarnamə verilməsi barədə cavabdeh sığorta şirkətinə məlumat verməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən tərəflər arasında imzalanmış müqavilə şərtlərinə əməl edilməmişdir.
43. Məhkəmə kollegiyası hesab edir ki, sığorta olunan avtomobilin sığorta şəhadətnaməsində adı qeyd edilməyən şəxslər tərəfindən idarə edilməsi halında baş vermiş avto-nəqliyyat hadisələri sığorta hadisəsi hesab edilmədiyi üçün sığorta təminatına daxil edilməməsi əsası ilə cavabdeh "xxxx" ASC şirkəti sığorta ödənişinin ödənilməsindən imtina etməkdə haqlı olmuşdur.
44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitutsiya Məhkəməsinin Plenumunun 14 iyul 2015-ci il tarixli Qərarında qeyd edilir ki, “...Müqavilənin anlayışı Mülki Məcəllənin 389.1-ci maddəsində verilmişdir. Həmin maddəyə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddənin məzmunundan göründüyü kimi, müqavilə hər şeydən əvvəl ikitərəfli və ya çoxtərəfli əqddir. Məhz buna görə də Mülki Məcəllənin 389.2-ci maddəsində müəyyən edilmişdir ki, müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Beləliklə, müqavilə yalnız tərəflərin iradə sərbəstliyinə əsaslana bilər. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ və İİ hissələrinə, 15-ci maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına zəmanət verilir. Konstitusiyanın göstərilən müddəalarına uyğun olaraq hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusunu müəyyənləşdirərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 1-ci maddəsində bu Məcəllənin məqsədinin üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etmək olduğu, əsas vəzifələr sırasında isə sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq, sahibkarlıq fəaliyyətini dəstəkləmək olduğu göstərilmiş, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri isə mülki qanunvericiliyin başlıca prinsipləri sırasında nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 6.1.2 və 6.1.5-ci maddələri). Mülki hüquq subyektlərinin iradə sərbəstliyi olmadan azad sahibkarlıq fəaliyyəti və sərbəst bazar iqtisadiyyatından bəhs etmək mümkün deyil. Buna görə də, Mülki Məcəllədə təsbit olunmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər (Mülki Məcəllənin 6.2-ci maddəsi).”
45. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
46. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
47. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3512/2021 saylı iş üzrə 28 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Rafael Eyvazov Fuad Babayev