Məhkəmə qərarları › İş №2(103)-2047/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2047/2025

12.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2047/2025 12.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinə qarşı iş üzrə (Açar sözlər: işə bərpa, həmkarlar ittifaqı təşkilatının əsaslandırılmış yazılı qərarı) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və ödənilməmiş dövrə görə əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-642/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidməti tərəfindən Göygöl Milli Parkının Həmkarlar İttifaqı Komitəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktub ilə parkın baş mühasibi İddiaçı əmək vəzifələrini kobud şəkildə pozduğuna görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əmək müqaviləsinin ləğv edilməsinin Həmkarlar İttifaqı Komitəsində müzakirə edilib razılıq verilməsi xahiş edilmişdir.

2. Göygöl Milli Parkının Həmkarlar İttifaqı Komitəsinin iclasının xx.xx.2024-cü il tarixli 04 nömrəli protokoluna əsasən müəyyən edilir ki, 44 nəfər əlehinə, 1 nəfər lehinə səs verilməklə Göygöl Milli Parkın baş mühasibi vəzifəsində işləyən işçi İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmir.

3. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin xx.xx.2024-cü il tarixli, 379/Ü nömrəli əmri ilə işçi İddiaçı barəsində toplanmış materiallara hüquqi qiymət verilənədək vəzifə səlahiyyətlərinin icrası müvəqqəti məhdudlaşdırılmışdır.

4. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Həmkarlar İttifaqı İcraiyyə Komitəsinin xx.xx.2024-cü il tarixli 77 saylı yığıncağının qərarından çıxarışa əsasən müəyyən edilir ki, Göygöl Milli Parkın baş mühasibi vəzifəsində işləyən işçi İddiaçı 2024-cü ilin 8 ayı ərzində davamlı olaraq öz əmək haqqından həmkarlar ittifaqına üzvlük haqqı tutmadığı üçün onun könüllü olaraq həmkarlar ittifaqı üzvlüyündən çıxması kimi qəbul edilmiş və Göygöl Milli Parkının Həmkarlar İttifaqı Komitəsinin iclasının xx.xx.2024cü il tarixli 04 nömrəli protokolu əsassız hesab edilmişdir.

5. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin rəisinin xx.xx.2024-cü il tarixli, 391/K nömrəli əmri ilə işçi İddiaçı əmək müqaviləsinə əmək vəzifələrini kobud şəkildə pozduğuna, təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə maddi ziyan vurduğuna görə xx.xx.2024-cü il tarixdən xitam verilmiş, həmin tarixdən ona həvalə olunmuş X2 Zavodunun baş mühasibi vəzifəsinin icrası dayandırılmış, İddiaçı son-haqq hesab ödənilməsi direktora tapşırılmış, həmin tarixdən xidmətin 379/ü saylı, xx.xx.2024-cü il tarixli ”İddiaçı vəzifə səlahiyyətlərinin icrasının müvəqqəti dayandırılması” barədə əmr ləğv edilmişdir.

6. Əmrdə qeyd olunmuşdur ki, 2023-cü ilin sentyabr ayından 2024-cü ilin sentyabr ayınadək olan dövr ərzində Parkın baş mühasibi İddiaçı Parkın müştəribank (birbank biznes) xidmətindən istifadə edərək kassa hesab qalığından 895.00 manat, vergi və digər tutulmalar daxil olmaqla 211100 xərc maddəsindən hesablanmış 13652.01 manat artıq vəsaitdən vergilər və digər tutulmalar çıxıldıqdan sonra 9712.00 manat vəsaiti öz şəxsi əmək haqqı kartına köçürmüşdür. Ümumilikdə bank qalığı, vergilər və digər tutulmalar daxil olmaqla 14547.01 manat vəsait artıq hesablanmışdır. Artıq hesablanmış vəsaitdən vergilər və digər tutulmalar çıxıldıqdan sonra bank qalığı daxil olmaqla ümumilikdə 10607.00 manat vəsaiti öz şəxsi əmək haqqı kartına köçürmüşdür. Araşdırma müddətində İddiaçı yazılı izahat verərək, qanunsuz əməlini, yəni maliyyə vəsaitini öz şəxsi əmək haqqı kartına köçürməsini təsdiq etmişdir. İddiaçı əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə göndərilmişdir. Bununla bağlı Təbii Sərvətlər və Ekologiya işçiləri Həmkarlar İttifaqının yazılı razılığı alınmışdır.

7. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə təqsirləndirilən şəxs İddiaçı cinayət əməlləri üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidməti zərərçəkmiş şəxs qismində tanınmışdır. a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və ödənilməmiş dövrə görə əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun tərəfindən 2023-cü ilin sentyabr ayından 2024-cü ilin sentyabr ayınadək olan dövr ərzində vəzifəsi üzrə şəxsi hesabına 9.712 manat pul köçürülmüşdür. Onun əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar işəgötürən tərəfindən Baş prokurorluğa göndərilmiş və iddiaçı cinayət məsuliyyətinə cəlb edilmişdir. İddiaçının əmək müqaviləsinə işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Lakin, müvafiq əmr verilməzdən əvvəllər keçirilmiş həmkarlar ittifaqı komitəsinin iclasında iddiaçının işdən çıxarılmasına razılıq barədə müsbət rəy verilməmişdir. Buna baxmayaraq, iddiaçının əmək müqaviləsinə xitam verilmiş və bir neçə gün sonra həmkarlar ittifaqının üzvü kimi üzvlük haqqını ödəməməsi əsası ilə üzvlükdən xaric edilmişdir. Nəticə etibarilə, işəgötürən qanunsuzluq etmiş, həmkarlar ittifaqının razılıq verməməsinə baxmayaraq iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Bu səbəbdən, iddiaçının mübahisləndirdiyi əmək müqaviləsinə xitam verilməsi barədə əmr əsassızdır və ləğv edilməlidir.

10. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)- 642/2025 nömrəli qətnaməsi ilə (hakim F.A.Əlizadə) iddia təmin edilməmişdir.

11. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-in 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə təqsirləndirilən şəxs İddiaçı cinayət əməlləri üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidməti zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işi baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir.

12. İddiaçı arqument olaraq bildirir ki, Həmkarlar ittifaqı komitəsinin razılıq məktubu olmamasına baxmayaraq onun əmək müqaviləsinə xitam verilmişdir. Sözügedən arqumentə dair məhkəmə bildirir ki, əmək müqaviləsinin müstəqil tərəfi qismində iştirak edən işəgötürənin hərəkət (qərar vermək) azadlığı işçilərin hüquqlarını müdafiə edən təşkilatdan tam asılı etmək ağlabatan və əsaslı deyildir. Belə ki, həmkarlar ittifaqı hər bir halda özünün əsaslandırılmış rəyini (pozitiv və ya neqativ) təqdim etməlidir. Həmin rəyin neqativ olması (razılıq verilməməsi) işəgötürənin əsaslandırılmış qərar qəbul etmək hüququna maneə deyildir (baxmayaraq ki, sözügedən situasiya hazırki mübahisə üzrə mövcud deyildir). Yəni, hazırki mübahisə üzrə intizam məsuliyyətinə əsas olan pozuntunun xarakteri və ağırlıq dərəcəsi nəzərə alınmaqla həmkarlar ittifaqı komitəsinin işçinin işdən çıxarılmasına razılıq verməməsi nəticəsində işçinin əmək müqaviləsinə xitam verilməsinin mümkünsüz olması əmək qanunvericiliyinin prinsiplərinə, qarşıya qoyulan məqsədə, işçinin vicdanlı fəaliyyəti və işəgötürənin (ictimai) maraqlarına ziddir.

13. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, o, müvafiq pozuntuları (pul vəsaitinin mənimsənilməsi) bilərəkdən, müdirinin tapşırığı ilə icra etmişdir.

14. Hüquqdan sui-istifadə qadağandır. Subyektlər (xüsusən dövlət orqanlarının əməkdaşları) hüquq və vəzifələrini vicdanlılığın (hüquqi baxımdan) tələb etdiyi tərzdə həyata keçirtməlidirlər.

15. Bundan əlavə, işçi İddiaçı mühasib vəzifəsində işləməklə məhz özünün funksional vəzifələri çərçivəsində işçi kimi özünün həmkarlar ittifaqına üzvlük haqqlarını ödəməmişdir. Yəni, həmin haqqların ödənilməməsi başqa bir şəxsin (işçinin) deyil, məhz mühasib vəzifəsində işləyən iddiaçının vəzifələrini icra etməməsi, dolayı yolla həmkarlar ittifaqı komitəsinə üzvlük haqqlarını bilərəkdən ödəməməsi hüquqdan sui-istifadə edilməklə onun vəziyyətinin yaxşılaşdırılması, əmrin qanunsuz olmasına səbəb ola bilməz.

16. İşçi müvafiq üzvlük haqqını ödəməməklə həmkarlar ittifaqının üzvlüyündən əsaslı olaraq çıxarılmış, nəticədə onun işdən çıxarılması zamanı müvafiq rəyə hüquqi baxımdan gərək olmamışdır. Buna baxmayaraq, müvafiq rəy mövcuddur və işçinin işdən çıxarılmasına razılıq verilməmişdir. Lakin, mübahisə predmeti olan əmr qanuni və əsaslıdır.

17. İddiaçının arqumentinə cavab olaraq məhkəmə bildirmişdir ki, müvafiq əmrin verilməsinə əsas təşkil edən həmkarlar ittifaqı təşkilatının qərarı ilə bağlı iddiaçının həmkarlar ittifaqının iclası barədə qanunla müəyyən edilən qaydada və müddətdə xəbərdar edilməməsi, iclasda iştirakının təmin olunmaması məsələnin prosessual tərəfləri olmaqla müvafiq əmrin qanunsuz hesab olunmasına dəlalət etmir. Nəzərə almaq lazımdır ki, iddiaçının qeyd etdiyi xüsusatlar qanunvericiliyin imperativ tələbi deyil, ayrı-ayrı hüquqşünas alimlərin hüquqi fikirləridir. Məhkəmə qeyd etmişdir ki, qanunvericilikdə boşluq və ya kolliziya olduqda hüquqşünas alimlərin hüquqi fikirləri konkret situasiyaya uyğun hüquqi mənbə kimi istisna hallarda qiymətləndirilə bilər. Hazırki iddia tələbi üzrə mübahisə qanunvericiliklə aydın, müəyyən və əsaslı formada tənzimlənmişdir.

18. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi imperativ qayda təşkil etmir və dispozitiv olaraq işəgötürənə əmək müqaviləsinə xitam verilməsinə alternativ imkan verir (işəgötürən tərəfindən hazırki mübahisə predmeti olan əmrin qəbul edilməsi hüquqi baxımdan əsaslı və zəruridir). Lakin müqavilə azadlığı prinsipi, dövlət müəssisəsi kimi ictimai reputasiya və digər diqqətə layiq hallar nəzərə alınmaqla işəgötürənin mülki hüquq münasibətlərinin subyekti kimi qanuna əsasən müqavilə münasibətlərinə xitam vermək hüququ vardır. Məhz, hazırki iş üzrə işəgötürən bu hüququndan istifadə etmişdir. Həmin hüquqdan istifadə edilib-edilməməsinə dair işəgötürənin qanuni əsaslarla mülahizə sərbəstliyi vardır.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 72-ci maddəsinin “c” , “e” bəndlərinə, 80-ci maddəsinin 1-ci, 2-ci bəndlərinə, Mülki Prosessual Məcəlləsinin 77.1, 82.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

20. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, onunla əmək müqaviləsinə işəgötürən tərəfindən ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Lakin müvafiq əmr verilməzdən əvvəllər keçirilmiş həmkarlar ittifaqı komitəsinin iclasında iddiaçının işdən çıxarılmasına razılıq barədə müsbət rəy verilməmişdir. Buna baxmayaraq, iddiaçının əmək müqaviləsinə xitam verilmiş və bir neçə gün sonra həmkarlar ittifaqının üzvü kimi üzvlük haqqını ödəməməsi əsası ilə üzvlükdən xaric edilmişdir. Nəticə etibarilə, işəgötürən qanunsuzluq etmiş, həmkarlar ittifaqının razılıq verməməsinə baxmayaraq, iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Bu səbəbdən iddiaçının mübahisləndirdiyi əmək müqaviləsinə xitam verilməsi barədə əmr əsassız olduğundan ləğv edilməlidir. Cavabdeh orqan onun barəsində hər hansı bir rəsmi sənəd olmadan və əməlinə hüquqi qiymət verilmədən belə bir əmr imzalanmışdır. Onun barəsində hər hansı bir məhkəmə qərarı yoxdur ki, o, təqsirli bilinsin. Eyni zamanda, ilkin olaraq həmkarlar ittifaqının razılığı olmadan onu işdən azad etmişlər, daha sonra həmin hərəkətin qanunsuz olduğunu bilərək, onu həmin həmkarlar ittifaqının üzvlüyündən azad etmişlər. Bununla da, onun işçi kimi huquqlarını pozaraq həmkarların razılığı olmadan işdən qanunsuz azad etmişlər. Məhkəmə qeyd etmişdir ki, barəsində olan iş Gəncə Şəhər Məhkəməsinə göndərilmiş, lakin barəsində hər hansı bir qərar qəbul edilməmişdir. Eyni zamanda, qanunvericiliyin tələblərinə əsasən hər kəs bir eyni əmələ görə bir dəfə inzibati təhbeh edilə bilər, cavabdeh ilkin olaraq onun vəzifəsinin müvəqqəti olaraq icrasını dayandırmışdır. Lakin sonra eyni əmələ görə heç bir hüquqi əsası olmadan işdən azad edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq səhhətində olan problemlərə görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məkhəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin ərizədə qeyd olunanları təsdiq edən sübutlarını ərizəyə əlavə etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə təərflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

24. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cinayət işi üzrə məhkəmənin yekunlaşması gözlənilməli, sonra yekun qərar qəbul edilməli idi. Ona işdən kənarlaşdırılma verilmişdi və məhkəmə dövründə həmin kənarlaşdırılma qüvvədə qalmalı idi. Ayın 8-də o, həmkarların üzvü kimi qəbul olunur və həmkarlar ittifaqının iclası keçirilir və onun xeyrinə yekun qərar çıxır. Xidmət rəisi yerli quruma gəldikdən sonra çıxış edən şəxsləri sıxışdırır və məcbur edir ki, onun xeyrinə çıxış etməsinlər. Bu hadisəni sübut edən diski birinci instansiya məhkəməsində təqdim etmişdir. Protokol və akt sonradan dəyişdirilmişdir. 11 il mühasib olaraq çalışmışdır. Həmkarlar İttifaqına ödənişin ödənilməməsi şəxsin üzv kimi qəbul edilməsinə maneə yaratmır. Həmkarlar ittifaqı könüllülüyə əsaslanır. Əgər cavabdeh tərəf Həmkarlar ittifaqına ödəniş etmədiyini rəhbər tutursa, həmkarların iclasında ona ödənişlərin ödənilməsi təklif olunmalı və ya üzv olub-olmamaq istəyi soruşulmalı idi. Nizamnamədə qeyd olunmuşdur ki, üzvün üzvlükdən çıxarılması və ya cəzalandırılması yalnız həmkarların iclası yolu ilə həyata keçirilə bilər.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 10.a. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək işçinin əsas vəzifələrindən biridir. Maddə 11.b. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. Maddə 70.ç. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 72.c. Təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud pozuntusu hesab edilir. Maddə 72.e. Əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 186. 2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. İşdən müəyyən olunur ki, İddiaçı Göygöl Milli Parkın baş mühasibi vəzifəsində işləmiş, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin xx.xx.2024-cü il tarixli 391/K nömrəli əmri ilə iddiaçının əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

31. Əmrdə iddiaçının işdən azad olunma səbəbi kimi Parkın müştəribank (birbank biznes) xidmətindən istifadə edərək kassa hesab qalığından yüksək məbləğdə vəsaiti öz şəxsi əmək haqqı kartına köçürməsi göstərilmiş, araşdırma zamanı İddiaçı yazılı izahat verərək bunu təsdiq etmişdir.

32. Qeyd olunan faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsi tərəfindən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi başlanmış və iş məhkəmənin icraatına verilmişdir.

33. Əmək qanunvericiliyin tələblərinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək işçinin əsas vəzifələrindən biridir. Həmçinin, əmək fəaliyyəti zamanı təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, əmək qanunvericiliyində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini pozduqda işəgötürən onunla bağlanmış əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edə bilər.

34. İddiaçı iddia tələbini belə əsaslandırır ki, həmkarlar ittifaqı təşkilatı tərəfindən razılıq verilməməsinə baxmayaraq cavabdeh onunla bağlanmış əmək müqaviləsinə xitam vemiş, bununla da əmək qanunvericiliyin tələblərini pozmuşdur.

35. Əmək qanunvericiliyinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsasla ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Həmkarlar ittifaqı təşkilatı isə öz növbəsində bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

36. Göründüyü kimi, əmək qanunvericiliyi həmkarlar ittifaqı təşkilatının üzərinə işəgötürənə məhz əsaslandırılmış yazılı qərarın təqdim edilməsi vəzifəsini qoyur. Bununla qanunverici əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün işçilərin birləşdiyi təşkilat tərəfindən hüquqdan sui-istifadə hallarının qarşısını almaq (məsələn, əmək vəzifələrini kobud surətdə pozmuş iş yoldaşını qorumaq, məqsədli şəkildə işəgötürənin maraqlarına zidd qərar qəbul etmək və s.), işəgötürənin qanuni mənafeyini qorumaq məqsədi güdür.

37. İş materiallarından görünür, həmkarlar ittifaqı təşkilatı keçirdiyi iclasda iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilməməsi barədə qərar qəbul etsə də, bu qərarı ümumiyyətlə əsaslandırmamışdır.

38. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən qanunvericiliyin tələbləri pozulmamışdır.

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, iddiaçının hərəkətlərində hər hansı cinayətin tərkib əlamətlərinin olması barədə hazırda qanuni qüvvəsini almış məhkəmə aktı olmasa da, onun tərəfindən üzərinə düşən əmək vəzifələrinin pozulması aşkardır. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçı baş mühasib olaraq tutduğu vəzifəsindən sui-istifadə etməklə işəgötürənə məxsus xeyli miqdarda vəsaiti öz şəxsi hesabına köçürmüş, bunu işəgötürənə verdiyi izahatında təsdiq etmişdir.

40. Bundan başqa, işçinin işdən müvəqqəti kənarlaşdırılması əmək qanunvericiliyinin tələblərinə əsasən intizam tənbehi hesab edilmədiyindən, hazırki iş üzrə iddiaçının barəsində eyni əmələ görə iki intizam tənbehinin tətbiq edilməsi müəyyən edilmir.

41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-642/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar