Məhkəmə qərarları › İş №2(103)-2048/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2048/2025

04.04.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2048/2025 04.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qarşı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)- 746/2025 nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, İddiaçı əvvəlki vəzifəsinə - cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Gəncə Şəhər Sukanal İdarəsinin İş əmrlərinin icrası qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsinə bərpa olunsun və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin olunsun, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmr ləğv olunsun, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Gəncə Şəhər Sukanal İdarəsinin İş əmrlərinin icrası qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsində işləyib. İddiaçı ilə bağlanmış əmək müqaviləsi işəgötürənin - Gəncə Şəhər Sukanal İdarəsi rəisinin xx.xx.2024-cü il tarixli 342-k nömrəli əmri ilə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilib. Həmin normaya görə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. İddiaçının əmək müqaviləsi ştat ixtisarına görə ləğv edilib. Lakin müəyyən olunur ki, iddiaçının tutduğu vəzifəyə münasibətdə ştat ixtisarı baş verməyib. Belə ki, su kəməri təsərrüfatında nəzarətçi ştatının sayı əvvəlki ştat cədvəlində (iş v. 50), yəni xx.xx.2023-cü ildə təsdiq edilmiş ştat cədvəlində 4 vahid, yeni ştat cədvəlində (iş v. 52), yəni xx.xx.2024-cü ildə təsdiq edilmiş ştat cədvəlində 6 vahid qeyd edilib. Ona görə də əmək müqaviləsinin ləğv edilməsi üçün AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində göstərilən əsas mövcud deyil. Beləliklə, məhkəmə AR Əmək Məcəlləsinin 300-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-746/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar