Məhkəmə qərarları › İş №2(103)-2052/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2052/2022

15.03.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2052/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta ödənişinin və mənəvi ziyanın ödənilməsi» tələbinə dair 2(006)-4866/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan «Toyota Prado» markalı, ** SE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə mülki məsuliyyətin icbari sığortasına uyğun olaraq 5000 manat sığorta ödənişi, hüquqi yardıma görə ödənilmiş 150 manat, mənəvi zərər olaraq 2000 manat və 30 manat dövlət rüsumu olmaqla, cəmi 7180 manat pul vəsaitinin cavabdeh "xxxx" ASCdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, sürücü X3 cavabdeh "xxxx" ASCdə nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyəti icbari sığortası haqqında PAA********** saylı şəhadətnaməsi ilə sığorta olunmuş «Hyundai County» markalı ** VV *** dövlət qeydiyyat nişanlı avtomobili 19.03.2021-ci il tarixdə Bakı şəhəri M.Əliyev küçəsində idarə etdiyi zaman yol hərəkəti qaydalarını pozub ona məxsus «Toyota Prado» markalı, ** SE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və avtomobilin sahibinə maddi ziyan vurmuşdur. Qeyd olunan yol-nəqliyyat hadisəsində «Hyundai County» markalı, ** VV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X2 təqsirli olması Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin inzibati xəta haqqında protokolu ilə təsdiqlənmişdir. Dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə servisə müraciət edilmiş və "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən müəyyən edilmişdir ki, bu qəza nəticəsində ona məxsus «Toyota Prado» markalı ** SE *** dövlət qeydiyyat nişanlı avtomobilə 11322,03 manat məbləğində maddi ziyan dəymişdir. Təmir xərci ƏDV ilə birgə cəmi -13360,00 manat təşkil edir. Dəymiş zərərin yüklü dərəcədə olmasına baxmayaraq, qanunvericiliyə və hadisədə təqsirli şəxsin mülki məsuliyyətinin icbari sığortası haqqında PAA********** saylı sığorta müqaviləsinə əsasən sığortaçı tərəfindən ona 5000 manat ödənilməli olmasına rəğmən, "xxxx" ASC məqsədyönlü şəkildə təmir xərcini ödəməmiş, onu get-gələ salmış, yekunda qeyd olunan qəza və dəymiş maddi ziyan üçün 2.854 manat təmir xərci verməyə razı olduqlarını bildirmişlər. Artıq üç aydır ki, o, get-gələ salınır, əsassız yerə süründürməçilik edilir. Göstərilənlərə əsasən hesab edir ki, qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə dəymiş zərərə görə mülki məsuliyyətinin icbari sığortası müqaviləsinə uyğun olaraq 5000 manat sığorta ödənişi, uzun sürən və əsassız süründürməçiliyə yol verildiyindən 2000 manat mənəvi ziyan, hüquqi xidmətə görə müqavilə üçün ödənilmiş 150 manat və 30 manat dövlət rusumu olmaqla, cəmi - 7180 manat cavabdehdən onun xeyrinə tutulmalıdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, sığorta ödənişi olaraq 5000 manat, hüquqi yardıma görə ödənilmiş 150 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulması, 50 manat ekspertiza xərcinin cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, baş vermiş hadisə ilə bağlı 3135 manat sığorta ödənişinin verilməsi haqqında qərarları qanuni və əsaslı olduğu üçün - İddiaçı "xxxx" ASCyə qarşı «pul» tələbinə dair iddiasının 3135 manat hissəsində təmin olunmasını, qalan hissədə iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cəmiyyətə təqdim etdiyi sığorta tələbi barədə ərizəyə əsasən "xxxx" ASC-nin mütəxəssisləri tərəfindən zərər dəymiş əmlaka texniki baxış keçirilmiş və hesablama aktı tərtib olunmaqla dəymiş ziyanın məbləği 3135 manat məbləğində müəyyən edilmişdir. Mülki Məcəllənin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Qeyd olunan maddəyə əsasən, 19.03.2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını müəyyən etmək "xxxx" ASC-nin hüququdur. Buna baxmayaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26.10.2021-ci il tarixli, 9/6555 saylı ekspert rəyindən də aydın görünür ki, ekspertiza yalnız İddiaçı məhkəməyə təqdim etdiyi qüsur aktına əsasən həyata keçirilib. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz. Cəmiyyət tərəfindən qeyd olunan hadisə üzrə bütün prosesual müddətlər gözlənilməklə lazımı hərəkətlər həyata keçirilmiş və İddiaçı «Hyundai Sonata» markalı ** SE *** dövlət qeydiyyat nişanlı avtomobilin onların əməkdaşları tərəfindən müəyyən olunmuş təmir müəssisəsində təmir olunaraq təhvil verilə biləcəyi və ya avtomobilin təmir olunması üçün müəyyən edilmiş 3135 manat məbləğində sığorta ödənişi məbləğinin pul şəklində ödənilə biləcəyi barədə məlumatlandırılmışdır. Nəsimi Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(006)-4866/2021 saylı qətnaməsi maddi hüquq normaları pozulmaqla qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmədiyindən, qeyd edilən qətnamə ləğv edilməlidir. Apellyasiya baxışı zamanı iddiaçı şikayəti qəbul etməyərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışının hədlərini cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində əsaslığının və qanuniliyinin yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, "xxxx" ASC ilə X6 arasında 11.06.2020-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmışdır. "xxxx" ASC tərəfindən «Hyundai County» markalı ** VV *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. X1 Natiq Şirzad oğluna məxsus olan «Toyota Prado» markalı, ** SE *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmaqla, ƏN-V seriyalı, 512928 saylı etibarnamə əsasında idarə edir. X3 19.03.2021-ci il tarixdə saat 16.31 radələrində idarə etdiyi «Hyundai County» markalı ** VV *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, M.Əliyev küçəsində hərəkətdə olarkən, yol hərəkəti qaydalarını pozmaqla İddiaçı idarə etdiyi «Toyota Prado» markalı, ** SE *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, İddiaçı idarə etdiyi avtomobilə maddi ziyan vurmuşdur. X2 barəsində Bakı şəhər DYPİ tərəfindən 19.03.2021-ci il tarixdə İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və o, Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Göründüyü kimi, baş vermiş yol-nəqliyyat hadisəsində məhz X2 təqsirli olması təsbit edilmişdir. İddiaçı yuxarıda qeyd olunanlara əsasən ona vurulmuş maddi ziyanın ödənilməsi üçün "xxxx" ASC-yə müraciət etmiş, lakin onun sözlərinə görə "xxxx" ASC dəymiş maddi ziyanı 2854 manat həddində dəyərləndirmişdir. Tərəflər arasında olan mübahisə məhz vurulmuş maddi zərərin həcmi ilə bağlıdır. Cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsinə verdiyi iddia ərizəsinə etirazda cavabdeh tərəfin iddianı qismən - 3135 manat hissəsində etiraf etdiyini bildirmiş, iddianı qalan hissədə qəbul etmədiklərini göstərərək, bunu dəymiş faktiki maddi ziyanın 3135 manat həcmində olması ilə əsaslandırmışlar. İddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi, iddia tələbini əsaslandırdığı sübutlardan biri olan "xxxx" MMC-nin 09.04.2021-ci il tarixli rəyindən görünür ki, iddiaçının avtomobilinə dəymiş maddi ziyanın aradan qaldırılması üçün ehtiyyat hissələrinin alınmasına və təmir olunmasına cəmi 13360 manat pul vəsaiti lazım olduğu qeyd edilmişdir. Birinci instansiya məhkəməsi işə obyektiv və hərtərəfli baxılması üçün müvafiq ekspertizanın keçirilməsi barədə qərardad qəbul etmişdir. Həmin qərardada əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən tərtib olunmuş 26.10.2021-ci il tarixli, 9/6555 saylı ekspert rəyində qeyd olunmuşdur ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş 09.04.2021-ci il tarixli qüsur aktı məlumatlarına əsasən 2013-cü il buraxılışlı «Toyota Prado» markalı, ** SE *** dövlət qeydiyyat nişanlı mühərrikin iş həcmi 2.700 sm3 avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən: Dəyişməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 9.008,00 manat. O cümlədən: - Dəyişməli hissələrin qiyməti - 6668,00 manat; - Təmir-bərpa işlərinin qiyməti - 2340,00. Dəyişməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 7566,00 manat. O cümlədən: - Dəyişməli hissələrin qiyməti - 5226,00 manat; - Təmir-bərpa işlərinin qiyməti - 2340,00. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Mülki Məcəllənin 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Göründüyü kimi, iddiaçıya vurulmuş real maddi ziyan - dəyişməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 9.008 manat, dəyişməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 7.566 manat təşkil edir. «İcbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun: 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. 53.4-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Yuxarıda qeyd olunan qanunun normalarına əsaslanan birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, sığorta şirkəti müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməli və sığorta hadisəsi nəticəsində vurulmuş maddi ziyanın əvəzini, yəni iddiaçının sığorta ödənişi qismində tələb etdiyi 5000 manat pul vəsaitini iddiaçıya ödəməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın qismən təmin edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 08.12.2021-ci il tarixli, 2(006)-4866/2021 saylı qətnaməsi mübahisələndirilən-iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar