Məhkəmə qərarları › İş №2(103)-2053/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2053/2023

01.05.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2053/2023 01.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa, iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa, iş buraxmaya görə əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa, iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1995/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı və Cavabdeh MMC arasında 05 fevral 2015-ci il tarixdə əmək müqaviləsi bağlanmış, iddiaçı Cəmiyyətdə qəssab vəzifəsinə işə qəbul edilmişdir.

2. Cavabdehin Həmkarlar İttifaqı Komitəsinin Ümumi Yığıncağının 18 oktyabr 2021-ci il tarixli 21 saylı protokolu ilə 19 oktyabr 2021-ci il tarixindən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin qanunauyğun hesab edilməsi qərara alınmışdır.

3. Cavabdehin 19 oktyabr 2021-ci il tarixli, 2891K saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, həmin Məcəllənin 71.2-ci maddəsi ilə xitam verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işdən azad edilməsi barədə 19 oktyabr 2021-ci il tarixli 2891-K nömrəli əmrin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi iş buraxma günlərinə görə əmək haqqı ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, , iddiaçı bir müddətdir ki, Cavabdeh MMCdə qəssab vəzifəsində əmək müqaviləsinə əsasən işləmişdir. Həmin əmək müqaviləsi müddətsiz bağlanmışdır. İddiaçı istər əvvəllər, istər hazırda işlədiyi illər ərzində iş fəaliyyətində heç bir nöqsana yol verməmişdir, heç bir intizam tənbehi olmamışdır. Lakin Cavabdeh MMC üzrə 19 oktyabr 2021-ci il tarixli 2891-K nömrəli əmrlə iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən tutduğu vəzifədən azad olunmuşdur. İddiaçı işdən azad olunarkən lazımi araşdırmalar aparılmamışdır. Əmək müqaviləsinə əsassız olaraq işəgötürənin təşəbbüsü ilə xitam verilmişdir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1995/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə iddiaçının əməlində hər hansı bir qəsdlə əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi, müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozması və ya işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi halı aşkarlanmamışdır. Eyni zamanda cavabdehin istinadına əsasən iddiaçının törətdiyi əməl (rüşvət alma, tələb etmə) ilə bağlı hər hansı cinayət təqibi həyata keçirilmədiyindən və iddiaçı təqsirli bilinərək barəsində qanuni tədbirin görülməsi halı mövcud olmadığından cavabdeh tərəfin istinad etdiyi hallar əsassız hesab edilməlidir. Beləliklə, yuxarıda istinad olunanlara əsasən məhkəmə hesab edir ki, nə qədər ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi halı müəyyən edilmədiyindən, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi əsassız olmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh MMC-nin 19 oktyabr 2021-ci il tarixli 2891K nömrəli əmri ləğv edilməli, iddiaçı Cavabdeh MMC-yə qəssab vəzifəsinə (tutduğu əvvəlki vəzifəsinə) bərpa edilməli, iddiaçıya 19 oktyabr 2021-ci il tarixdən işə bərpa olunduğu günədək buraxdığı məcburi iş müddəti üçün əmək haqqı hesablanaraq ödənilməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 71.2, 296, 296.4, Mülki Prosessual Məcəllənin 88, 119.1, 217.4, 216-220, və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1995/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuna zidd və qeyri-obyektivdir. İddiaçı qəssab vəzifəsində çalışdığı son zamanlarda, əməkdaşlıq etdikləri “X6” MMC-nin “Mərcan toyuqları” bölməsi üzrə bölgə müdiri vəzifəsində çalışan X10 tərəfindən mağaza rəhbərliyinə verilən məlumat əsasında araşdırılma aparılmış və Azad bəyin də dəstəyi ilə aşkar edilmişdir ki, iddiaçı “Mərcan” toyuq məhsullarının mağazaya sifarişlərinin artırılması və satışının təşviqi üçün firma əməkdaşlarından hər ay üçün 250 manat rüşvət istəyirmiş. Tələbi rədd edildikdən sonra iddiaçı “Mərcan” toyuqları məhsullarının sifarişlərini qəsdən azaltmış və şirkətlərin əməkdaşlığına süni maneələr yaratmağa başlamışdır. Göstərilən hal aşkar edildikdən sonra iddiaçı barəsində araşdırılma aparılmış və iddialar statistik rəqəmlər və bir neçə şəxsin ifadəsi ilə təsdiqini tapmışdır. Belə ki, məsələ ilə bağlı iddiaçı ilə cavabdehin Bayıl mağazası müdiri X2, mağaza müdir müavini İsmayılov Elşad söhbətlər aparmış və nəticədə iddiaçı dolayı ifadələrlə təqsirini etiraf etmişdir Qeyd edilən hal Cavabdeh Bayıl mağazasında normal iş ahənginin pozulmasına, habelə “X6” MMC ilə cavabdeh arasında əməkdaşlıq əlaqələrinin zədələnməsinə, cavabdehin işgüzar nüfuzuna xələl gəlməsinə və maddi itkilərə səbəb olmuşdur. Odur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Xətai Rayon Məhkəməsində iddiaçının rüşvət tələb etməsinə dair telefon danışıqlarının yazıldığı CD diskini baxış iclasınadək məhkəməyə sübut kimi təqdim etsələr də, məhkəmə diskdə olan məlumatları incələmədən birbaşa sübutu qəbul etməkdən imtina etmişdir. Bundan başqa, məhkəmə araşdırması zamanı iddiaçının əməlləri ilə cavabdehə hansı ziyanın dəyməsi ilə bağlı sübut edilməli hal ortaya çıxdıqda da məhkəmə bu hallarla bağlı təqdim etmək istədikləri sənədləri qəbul etməyəcəyini bildirdi. Üstəlik, bu sübutlar iddiaçının rüşvət tələbinin qarşılanmasından imtina olunduğu vaxtdan sonra cavabdehin Bayıl mağazasına “Mərcan” toyuqları məhsullarının sifariş həcminin qısa zaman ərzində necə dəyişdiyini (azaldığını) göstərən, başqa sözlə iddiaçının öz əmək funksiyalarını, vəzifə borcunu qəsdən icra etmədiyini gösərir. Ancaq məhkəmə iddiaçının əleyhinə olacağını düşündüyü sübutları qəbul etməkdən əsassız şəkildə imtina etmişdir ki, bu da məhkəmənin iş üzrə bitərəfliyinə, obyektivliyinə şübhə yaradır. Bundan əlavə, məhkəmə tərəflərindən verilmiş iddia müddətinin tətbiqi barədə vəsatəti təmin etməmiş, qanunvericiliyin normalarını yanlış tətbiq etmişdir. Belə ki, məhkəmə Əmək Məcəlləsinin 296.4-cü maddəsini yanlış şərh edərək qətnamədə qeyd etmişdir ki, işçinin pul tələbi ilə əlaqədar hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etmək hüququ mövcuddur. Hazırki iş üzrə iddiaçı iddia ərizəsində həmçinin pul vəsaiti də tələb etdiyindən, iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Mübahisə edilən qətnamənin giriş hissəsinə, həmçinin iddia ərizəsindəki iddiaçının tələbinə diqqət edilsə, iddiaçının “işə bərpa” tələbinin olduğu aydın görülməkdədir. Burada iddiaçının əsas, müstəqil tələbi əmlak, hər hansı pul tələbi və ya ona maddi ziyanın vurulması ilə bağlı deyildir, işə bərpa ilə bağlıdır. İddia ərizəsində göstərilən iş buraxma dövrləri üçün əmək haqqı tələbi əsas tələbdən birbaşa asılı olan əlavə tələbdir.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4739/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2(011)-1995/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçının əməlində hər hansı bir qəsdlə əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi, müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozması və ya işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi halı aşkarlanmamışdır. Eyni zamanda cavabdehin istinadına əsasən iddiaçının törətdiyi əməl (rüşvət alma, tələb etmə) ilə bağlı hər hansı cinayət təqibi həyata keçirilmədiyindən və iddiaçı təqsirli bilinərək barəsində qanuni tədbirin görülməsi halı mövcud olmadığından cavabdeh tərəfin istinad etdiyi hallar əsassız hesab edilməlidir. Cavabdehin apellyasiya şikayətində iddiaçının əməllərində yuxarıda göstərilən qanun pozuntuları aşkar edildikdən sonra iddiaçı barəsində araşdırılma aparılması və iddiaların statistik rəqəmlər və bir neçə şəxsin ifadəsi ilə təsdiqini tapması ilə bağlı kollegiya qeyd etmişdir ki, cavabdehin istinadına əsasən iddiaçının törətdiyi əməl (rüşvət alma, tələb etmə) ilə bağlı hər hansı cinayət təqibi həyata keçirilmədiyindən və iddiaçı təqsirli bilinərək barəsində qanuni tədbirin görülməsi halı mövcud olmadığından cavabdeh tərəfin istinad etdiyi hallar əsassız hesab edilməlidir. Cavabdehin təqsirini etiraf etməsi barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının bununla bağlı etirafı hər hansı iş materiallarında qeyd edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilinə münasibətdə isə qeyd etmişdir ki, birinci instansiya məhkəməsində iddiaçının rüşvət tələb etməsinə dair telefon danışıqlarının yazıldığı CD diskini baxış iclasınadək məhkəməyə sübut kimi təqdim etsələr də, məhkəmə diskdə olan məlumatları araşdırmadan birbaşa sübutu qəbul etməkdən imtina etməsi, bundan başqa, məhkəmə araşdırması zamanı iddiaçının əməlləri ilə cavabdehə hansı ziyanın dəyməsi ilə bağlı sübut edilməli hal ortaya çıxdıqda da məhkəmə bu hallarla bağlı təqdim etmək istədikləri sənədləri qəbul etməyəcəyini bildirməsi məhkəmə iclas protokollarından görünmür. Həmçinin, bu barədə məhkəmə iclas protokollarına qeydlər də verilməmişdir. Məhkəmə kollegiyası iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin nümayəndəsi tərəfindən verilmiş ərizəyə və apellyasiya şikayətinin dəlillərinə də qiymət verərək hesab etmişdir ki, şikayət bu hissədə də əsassızdır. İddiaçının işdən çıxarılmağı barədə əmr 19 oktyabr 2021-ci il tarixdə verilmiş olsa da, həmin əmri, əmək kitabçasını və sair sənədləri o, xx.xx.2021-ci il tarixdə qəbul etmişdir. Cavabdehin vəsatətində iddia müddətinin başlanğıcı xx.xx.2021-ci il tarix, yəni əmrin verildiyi gün göstərilsə də, sənədlər tərəfindən xx.xx.2021ci il tarixdə götürülmüşdür. Başqa sözlə, iddiaçı hüquqlarının pozulduğunu xx.xx.2021-ci il tarixdə bildiyi üçün iddia müddətinin axımı bu sonuncu tarixdən başlayır. Daha sonra, xx.xx.2021-ci il tarixdə cavabdehin tərəfindən mediasiyaya dəvət olunması barədə mediatora müraciət olunmuşdur. "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən "Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur." Başqa sözlə, tərəfindən mediatora müraciət olunduğundan iddia müddətinin axımı dayandırılır. Yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 15 gün keçdikdən sonra iddia müddətinin axımı dayandırılmalıdır. Daha sonra, xx.xx.2021-ci il tarixdə mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi baradə arayış verilmişdir. Bundan sonra tərəflərindən xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə Xətai rayon məhkəməsinə müraciət olunmuşdur. Beləliklə, "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsində nəzərdə tutulmuş müddət nəzərə alınaraq, tərəflərindən 15 gün müddətində məhkəməyə müraciət olunmuşdur. Daha sonra, Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş baxılmamış saxlanılmışdır. Həmin qərardada tərəflərindən yalnız xx.xx.2022-ci il tarixdə rəsmi olaraq qəbul edilmiş və elə həmin tarixdə də tərəfindən təkrar olaraq mediatora müraciət olunmuş və yalnız 31 yanvar 2022-ci tarixdə arayış verilmişdir. İddia müddətinin ötürülməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur.

13. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 71.2, 296-cı maddəsinin 2ci bəndinə, 296.4, Mülki Prosessual Məcəllənin 14.2, 88, 77.1 106.1, 217.4, 384, 392, 393, 402 və 405-ci maddələrinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5819/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4739/2022 nömrəli iş üzrə 18 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

15. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. 15.1 Kollegiya aşağıdakılara əsasən hesab edir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr iddia müddətinə dair maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişlər. 15.2 Məlum olduğu kimi, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (§ 25-26). 15.3 Baxılan işdə iddiaçı, cavabdehin işdən çıxarma haqqında əmrinin ləğv edilməsini, işə bərpa olunmasını və məcburi işburaxma günlərinə görə əmək haqqının ödənilməsini tələb edir (§ 4). 15.4. Əmək Məcəlləsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür (§ 39-40). 15.5 Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2021-ci il tarixli əmri və sənədlər xx.xx.2021-ci il tarixdə iddiaçıya təqdim olunduğu üçün iddia müddətinin axımı sonuncu tarixdən başlayır. Məhkəmə hesab etmişdir ki, cavabdehin xx.xx.2021-ci ildə mediasiya prosesinə başlaması ilə əlaqədar iddia müddətinin axımı "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən, həmin tarixdən dayanmışdır. xx.xx.2021-ci il tarixdə mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməmə baradə arayış verilmiş, bundan sonra iddiaçı xx.xx.2021-ci il tarixdə, yəni 15 gün müddətində iddia ərizəsi ilə Xətai rayon məhkəməsində iddia qaldırmışdır. Xətai rayon məhkəməsinin işin baxılmamış saxlanılması barədə xx.xx.2022ci il tarixli qərardadı iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə rəsmi olaraq qəbul edilərək elə həmin tarixdə təkrarən mediatora müraciət olunmuş və yalnız 31 yanvar 2022-ci tarixdə arayış verilmişdir. Belə olan halda iddia müddəti ötürülməmişdir (§ 21). 15.6 Kollegiya bu qənaəti yuxarıda göstərilən hüquq normaları baxımından qanuni və əsaslı hesab etmir, ona görə ki, əvvəla, iddiaçının birinci dəfə mediatora müraciət etdiyi tarix lazımi şəkildə aydınlaşdırılmamışdır. İşdə olan Mediasiyaya dəvət məktubundan görünür ki, mediator N.Mirzəyeva tərəfləri xx.xx.2021-ci il tarixə təyin olunmuş mediasiya sessiyasına çağırmış, lakin cavabdeh iştirak etmədiyindən iddiaçıya həmin tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir. Bundan sonra İddiaçı xx.xx.2021-ci ildə məhkəmədə iddia qaldırmışdır. 15.7 Kollegiya aşağıdakılara əsasən hesab edir ki, apellyasiya məhkəməsinin qeyd olunan mediasiya dövründə iddia müddətinin dayanması haqqında mövqeyi qanunvericiliyə uyğun şəkildə əsaslandırılmamışdır. 15.8 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixli mediasiyaya dəvət məktubunun qanunun tələblərinə uyğun şəkildə Cavabdeh MMC-yə təqdim olunmasına dair sənəd iş materiallarına əlavə olunmamışdır. Bu səbəbdən hesab edilmişdir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş qaydada və formada məhkəməyə müraciət etməmişdir, iddia tələbi mediasiya prosesindən keçməlidir. Ona görə də qeyd olunan qərardadla iddia ərizəsi baxılmamış saxlanılmışdır. 15.9 Apellyasiya instansiyası məhkəməsi birinci mediasiyanın qanunvericiliyə uyğun qaydada keçirilmədiyinə dair dəlillərə münasibət bildirməmiş, həmin mediasiyanın iddia müddətini dayandırıb-dayandırmadığına hüquqi qiymət verməmişdir. 15.10 Bundan əlavə, "Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur (§ 45). 15.11 Mediasiya prosesinin hansı andan başlandığı isə həmin Qanunun 21.5-ci maddəsində aşağıdakı kimi göstərilmişdir: “Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır” (§ 42). 15.12 Baxılan işdə apellyasiya məhkəməsi Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsini, cavabdehin xx.xx.2021-ci il tarixli mediasiya sessiyasında iştirakını, habelə “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığını təsdiqləyən sübutlara istinad etmədən iddia müddətinin dayanması qənaətinə gəlmişdir. 15.13 Halbuki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). 15.14 Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən iddiaçının hüququnun pozulduğunu bildiyi andan mediasiya prosesinin keçirilməsi üçün etdiyi birinci cəhd, həmin prosesin qanunvericiliyə uyğun keçirilib-keçirilmədiyi, onun əsasında qaldırılmış iddia məhkəmə tərəfindən icraata qəbul olunsa belə, sonradan qanunun tələblərinə əməl olunmadığına görə ərizənin baxılmamış saxlanması, iddiaçının ikinci dəfə mediatora müraciəti əsasında aparılmış mediasiya prosesi və bundan sonra təkrarən qaldırılmış iddia üzrə müddətlərin hesablanması, o cümlədən müddətin axımın başlandığı və dayandığı tarixlər, nəticə etibarilə hazırkı iş üzrə iddia qaldırıldığı gün qanunla müəyyən edilmiş iddia müddətinin keçib-keçməməsi, əgər keçmişsə həmin müddətin bərpası üçün əsasların (§36) olub-olmaması çəkişmə prinsipinə riayət olunmaqla, tərəflərin təqdim etdikləri məlumat və sübutlar əsasında araşdırılmamış, məsələyə əsaslandırılmış şəkildə yekun hüquqi qiymət verilməmişdir. 15.15 Qeyd edilənlər məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməsi, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına riayət olunmadığına dəlalət edir (§ 47, 50-51). Bu hal isə yuxarıda qeyd edilən maddi hüquq normalarının pozulması və iş üzrə düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir. 15.16 Ona görə də, qətnamə ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq əsaslandırılmış qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Təkrar apellyasiya baxışı zamanı İddiaçı və İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə qarşı etiraz təqdim etmiş, etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası MPM-in 385.1-ci maddəsində məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar göstərilmişdir. Həmin əsaslar aşağıdakılardır: - maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; - məhkəmənin gəldiyi nəticə üçün mühim əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; - birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; - birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Lakin hazırki apellyasiya şikayətində məhkəmə qətnaməsinin ləğv edilməsi üçün qeyd edilən əsaslardan hər hansı biri göstərilməmiş, ümumiyyətlə apellyasiya şikayəti yalnız formal mülahizələrə əsaslanmış, birinci instansiya məhkəməsində artıq araşdırılmış və qiymət verilmiş siibutların yalnız təhrifinə yer verilmişdir. Bundan başqa, cavabdeh tərəfindən iddia müddətinin ötürülməsi xüsusi olaraq qeyd edilir və bu zaman həqiqətə uyğun olmayan, öz mənafelərinə uyğun hesablamalar aparılır və sonda yanlış nəticələrə gəlmiş olurlar. Bu yanlışlıqlar da Ali Məhkəmənin qərar qəbul etməsi üçün səbəb olmuşdur. Belə ki, ilk növbədə onu qeyd etmək lazımdır ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş apellyasiya şikayətində yalnız iddia müddətinin ötürülməsi vurğulanmış və bu zaman istinad edilmiş maddi normalar yanlış şərh edilmişdir. Məsələn, apellyasiya şikayətində "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 21.5 və 35.1-ci maddələrində maddi normalar yanlış şərh edilir. Belə ki, “Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 21.5-ci maddəsinə əsasən Mediasiya prosesi bu Qanunun 21.6cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu qanunun 22-ci maddəsində nəzərdə tutulmuş "Mediasiya prosesinin tətbiqi barədə müqavilə" bağlandığı andan başlanmış sayılır. Əvvəla onu qeyd edək ki, iddiaçının işdən çıxarılmağı barədə əmr xx.xx.2021-ci il tarixdə verilmiş olsa da, həmin əmri, əmək kitabçasını və sair sənədləri iddiaçı yalnız xx.xx.2021-ci il tarixdə qəbul etmişdir. Cavabdehin kassasiya şikayətində iddia müddətinin başlanğıcı xx.xx.2021-ci il tarix, yəni əmrin verildiyi gün göstərilsə də, sənədlər iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə götürülmüşdür. Başqa sözlə, iddiaçı hüquqlarının pozulduğunu xx.xx.2021-ci il tarixdə bildiyi üçün iddia müddətinin axımı bu sonuncu tarixdən başlayır. Daha sonra, xx.xx.2021-ci il tarixdə birinci dəfə iddiaçı tərəfindən cavabdehin mediasiyaya dəvət olunması barədə mediatora müraciət olunmuşdur.(surəti əlavə olunmuşdur) ”Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.5-ci maddəsinə əsasən bu hal təklifin göndərildiyi andan başlanmış sayılır. "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən "Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.” Başqa sözlə, iddiaçı tərəfindən mediatora müraciət oldunduğundan iddia müddətinin axımı dayandırılır. Yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 15 gün keçdikdən sonra iddia müddətinin axımı dayandırılmışdır. Daha sonra, xx.xx.2021-ci il tarixdə mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir(surəti əlavə olunur). Bundan sonra tərəfimizdən xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət olunmuşdur.(surəti əlavə olunur). Beləliklə, "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsində nəzərdə tutulmuş müddət nəzərə alınaraq, tərəfimizdən 15 gün müddətində məhkəməyə müraciət olunmuşdur, Lakin cavabdeh tərəf birinci dəfə mediasiya keçirilməsi üçün müraciəti nəzərə almır. Deyir, onlara çatmayıb. İndi iddiaçı nə etsin ki, təklif cavabdehə çatmamışdır? Özünü öldürsün? Mediator işində səhvə yol veribsə, bu iddiaçının təqsiri deyil. Daha sonra, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş baxılmamış saxlanmışdır. Həmin qərardad tərəfimizdən yalnız xx.xx.2022-ci il tarixdə rəsmi olaraq qebul edilmiş və elə həmin tarixdə də tərəfimizdən təkrar olaraq mediatora müraciət olunmuş və yalnız xx.xx.2022-ci il tarixdə arayış verilmişdir, Azərbaycan Respublikası Müllki Məcəlləsinin 379.1.6-ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. Həmin Məcəllənin 379.4-1-ci maddəsinə əsasən Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddasinə əsasən Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Həmin Məcəllənin 381.1-ci maddəsinə əsasən Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək iddia müddətinin axımı ümumi qaydada davam edir. Göründüyü kimi, hazırki iddia ərizəsi birinci dəfə məhkəməyə 15 gün müddətindən sonra verilmiş, ərizə baxılmamış saxlandıqdan sonra dərhal mediasiya aparilması üçün müraciət olunmuş, bu zaman vaxt kəsiyi keçməmiş, xx.xx.2022-ci il tarixdə mediator tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmiş, daha sonra isə, yəni 8 gündən sonra ümumi qaydada iddia ərizəsi ilə təkrar məhkəməyə müraciət olunmuşdur. Başqa sözlə, bu xarakterli iddia tələbləri üçün müəyyən edilmiş 1 aylıq iddia müddətinin cəmi 23 günü istifadə olunmuşdur ki, hələ 7 gün də ehtiyatda qalmışdır. Cavabdehin isə qərəzli olaraq birinci dəfə ilkin mediasiya sessiyasında iştirak etməyərək, sonradan onu mübahisələndirmək məqsədi ondan ibarət olmuşdur ki, sonradan iddia müddətini ortalığa atıb bu şəkildə qanunsuz işdən çıxarma hərəkətlərinə görə məsuliyyətdən yaxa qurtarsın. Lakin Azərbaycan Respublikasının mülki və mülki-prosessual qanunvericiliyinin mükəmməl müddəaları bu qanunsuz hərəkətlərin qarşısını tam şəkildə almağa qadirdir. Hətta, cavabdehin kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 381.1-ci maddəsinin dispozisiyasının şərhinə yol verilərək belə qənaətə gəlinir ki, "əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia müddətinin axımı kəsilmir və elə əvvəldən davam edir və buraxılmış müddətin bir neçə ay olduğunu hesab edir". Lakin cavabdeh təşkilat bu zaman Mülki Məcəllənin 380.1-ci maddəsinin tələbini "nədənsə yaddan çıxarır". Belə ki, Həmin maddədə deyilir ki, "müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, ... iddia müddətinin axımı kəsilir". Başqa sözlə, tərəfimizdən xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət olunduğu üçün iddia müddətinin axımı kəsilir. Onu da qeyd etmək yerinə düşərdi ki, hazırki işin baxılmamış saxlanması barədə Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından tərəfimizdən şikayət verilməmişdir. Yalnız işin təzələnməsinə dair ərizə ilə məhkəməyə müraciət edilmişdir ki, bu ərizə də təmin olunmamışdır. Başqa sözlə, hazırki işin baxılmamış saxlanması barədə Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qarardadından şikayət verilməsi mümkün olduğundan, həmin qərardad, belə deyək, qanuni qüvvəsini aldıqdan sonra iddia müddətinin axımı davam edə bilər. Qərardadın xx.xx.2022-ci il tarixdə rəsmi olaraq qəbul edildiyi nəzərə alınaraq, həmin qərardaddan şikayat vermə müddəti 10 gün qəbul edildiyi halda, bizim iddia vermək üçün ehtiyat müddətimiz daha 10 gün artaraq 17 günə bərabər olur (əvvəl qeyd olunmuş 7 gün ehtiyat müddəti nəzərə alınmaqla). Bundan əlavə, cavabdeh apellyasiya şikayətində bir sıra prosessual hüquq normalarına istinad edir, lakin həmin normaların hansı formada pozulmasını əsaslandırmır. Buradan belə qənaətə gəlmək olur ki, cavabdeh "xxxx" MMC kassasiya şikayətinin dəlillərini yalnız mülahizələr üzərində qurmuşdur.İdiaçının işdən çıxarılmağı barədə əmr xx.xx.2021-ci il tarixdə verilmiş olsa da, həmin əmri, əmək kitabçasını va sair sənədləri iddiaçı yalnız xx.xx.2021-ci il tarixdə qəbul etmişdir. Cavabdehin vəsatətində iddia müddətinin başlanğıcı xx.xx.2021-ci il tarix, yəni əmrin verildiyi gün göstərilsə də, sənədlər iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə götürülmüşdür. Başqa sözlə, hüquqlarının pozulduğunu cavabdeh xx.xx.2021-ci il tarixdə bildiyi üçün iddia müddətinin axımı bu sonuncu tarixdən başlayır. Təəssüf hissi ilə qeyd edək ki, Ali Məhkəmənin qərarı cavabdehin bu yanlış fikirlərinə söykənmişdir. Belə olan halda, Azərbaycan Respublikası MPM-in 385.2-ci maddəsinin tələblərinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni ve əsaslı olan va mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar

17. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, onlar ilkin mediasiyadan xəbərsiz idilər və iştirak etməyiblər. Rayon məhkəməsi də müvafiq olaraq baxılmamış saxlamışdır. Qarşı tərəf baxılmamış saxlanılması barədə qərardadı mübahisələndirməmişdir. İddiaçı ümumilikdə 83 təqvim günü müddəti ötürmüşdür. Onlar 08 noyabr və 15 noyabr 2021-ci il tarixini nəzərə almırlar. Onlara mediasiyadan heç bir təklif gəlməmişdir. Məhkəmə haqlı olaraq baxılmamış saxlamışdır. Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış isə qanunvericiliyin tələblərini pozmaqla tərtib edilmişdir. Onlara heç bir təklif gəlməmişdir. Bu barədə heç bir sübut da yoxdur.

18. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, iddiaçının xx.xx.2021-ci ildə işdən çıxarılmağı barədə əmr verilsə də, əmri, əmək kitabçasını və digər sənədləri iddiaçı xx.xx.2021-ci il tarixində qəbul etmişdir. İddia müddətinin axımı da elə sonuncu tarixdən başlayır. xx.xx.2021-ci il tarixdə mediasiyaya müraciət olunmuşdur. Beləliklə də, iddia müddətinin axımı dayanmışdır. Daha sonra xx.xx.2021-ci il tarixində mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, xx.xx.2021-ci il tarixində isə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılır, xx.xx.2022-ci il tarixində isə həmin qərardad rəsmi olaraq onlara verilmiş, həmin gündə də təkrar mediatora müraciət edilmiş və xx.xx.2022-ci il tarixində arayış verilmişdir. Göründüyü kimi, iddia müdətinin ötürməyiblər. Sorğuya cavabdan aydın olur ki, sənədlər itmişdir. Onda olan sənədləri məhkəməyə təqdim edib. Onlar xx.xx.2021ci il tarixində Mediasiyaya müraciət ediblər. Mediasiyaya dəvət məktubu xx.xx.2021-ci il tarixində "xxxx" MMC-yə göndərilmişdir. xx.xx.2021-ci il tarixində mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Mediator məhkəmənin sorğusunda bildirir ki, sənədləri itirmişdir, yəni ki, sənədlərin olmamasını bildirmir. Məhkəmə baxılmamış ona görə saxlamışdır ki, "xxxx" MMC ilkin mediasiya sessiyasında iştirak etmədiyini və onlara məlumat verilmədiyini bildirir. Məhkəmə baxılmamış saxlamışdır ki, mediasiya düzgün şəkildə aparılmışdır. Onlarda heç bir qəbz də yoxdur. Onlar hamısı mediatorda idi, mediatorda onu itirmişdir. Onlar məhkəməyə vaxtında müraciət ediblər. İkinci dəfə mediasiya sessiyasında cavabdehin nümayəndəsi təklif etmişdir ki, iddiaçı ərizə yazsın ki, öz arzusuna əsasən işdən çıxarılır. Bu qanunsuz təklifdir. Mediator bu təklifi rəsmiləşdirə bilməzdi. Baxılmamış saxlanıldıqda müddət kəsilir. Sonra da onlar təkrar müraciət ediblər. Onlar müddəti itirməyiblər. Bu barədə arayış da iş materiallarında mövcüddur.

Tətbiq edilən hüquq normaları:

Mülki Məcəllə

19. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

20. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

21. Maddə 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir.

22. Maddə 374.2. İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir.

23. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

24. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

25. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

26. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

27. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

28. Maddə 382. İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.

Əmək Məcəlləsi

29. Maddə 70, bənd “ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən ləğv edilə bilər.

30. Maddə 71.2 Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

31. Maddə 296.2 Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

32. Maddə 296.4 Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

33. Maddə 296.6 Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

"Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu:

34. Maddə 21.5. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.

35. Maddə 21.6. Tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.

36. Maddə 32.4.2. Bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə aşağıdakı gündən xitam verilir.

37. Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

38. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Apellyasiya baxışının hədləri

44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

45. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməni ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Belə ki, kassasiya instansiya məhkəməsinin göstərişinə uyğun olaraq aparılan araşdırma zamanı mediatordan mediasiya prosesinin aparılmasını təsdiq edən sənədlər tələb edilmişdir. X8 xx.xx.2021-ci il tarixdə icraatında olan mediasiya sessiyası ilə əlaqədar olan poçt qəbzlərinin üzv olduğu 6 saylı Mediasiya Təşkilatının hazırda fəaliyyət göstərməməsi, fəaliyyət ünvanını dəyişərək sübutların bir qisminin itirilməsi ilə əlaqədar onda olmadığını bildirmişdir.

48. İşdən müəyyən olunur ki, işdən çıxma barədə xx.xx.2021-ci il tarixli əmr iddiaçıya xx.xx.2021-ci ildə təqdim edilmişdir (Bunu işdə olan poçt qəbzindən müəyyən etmək mümkündür). Daha sonra işdən görünür ki, tərəflərə xx.xx.2021-ci il tarixli Mediasiyaya dəvət məktubu göndərilmişdir. İlkin sessiyanın xx.xx.2021-ci il tarixdə keçiriləcəyi qeyd olunmuşdur. Bu məktib mediatorun imzası və möhürü ilə təsdiqlənmişdir (səhifə 64). İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış 15 noyabr 2021-ci il tarixdə verilmişdir. Bu arayış da mediatorun imzası və möhürü ilə təsdiq edilmişdir (səhifə 121). İddiaçı xx.xx.2021-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi lazımı qaydada mediasiya prosesinin keçirilməməsinə görə baxılmamış saxlanılmışdır. Tərəflərə xx.xx.2022-ci il tarixli Mediasiyaya dəvət məktubu göndərilmişdir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli arayış verilmişdir. Baxılmamış saxlanılmış mülki işin təzələnməsi barədə iddiaçının ərizəsi xx.xx.2022-ci il tarixdə rədd edilmişdir. İddiaçı yenidən iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir.

49. Göründüyü kimi iddiaçının hüququnun pozulduğunu bildiyi vaxt xx.xx.2021-ci il tarix olmuşdur. İddiaçı iddia ərizəsilə məhkəməyə xx.xx.2021-ci ildə müraciət etmişdir. Göründüyü kimi iddiaçı vaxtında müraciət etmişdir. Lakin rayon məhkəməsi iddia ərizəsinin daxil olduğu vaxtdan 1 ay 18 gündən sonra bildirişin göndərilməsini təsdiq edən sənədlər təqdim edilmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, iddiaçı vaxtında medaiatora müraciət etmiş, xx.xx.2021-ci il tarixli Mediasiyaya dəvət məktubu və ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 15 noyabr 2021-ci il tarixli arayış mediatorun imzası və möhürü ilə təsdiq edilmişdir. Lakin mediator 6 saylı Mediasiya Təşkilatının hazırda fəaliyyət göstərməməsi, fəaliyyət ünvanını dəyişərək sübutların bir qisminin itirilməsi ilə əlaqədar sənədlərin onda olmadığını bildirmişdir. İddia ərizəsinin baxılmamış saxlanması barədə qərardadın qəbul edildiyi tarixdən 2 gün sonra yəni xx.xx.2022-ci il tarixdə mediasiya təklifi göndərilmişdir. Arayiş isə 31.01.22-ci il tarixdə verilmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət edərək baxılmamış saxlanmış mülki işin təzələnməsini xahiş etmişdir. Onun ərizəsi xx.xx.2022-c-i il tarixdə rədd edildikdən sonra iddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixdə hazırkı iddia ərizəsi ilə müraciət etmişdir.

50. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhkəməyə birinci dəfə vaxtında, yəni hüququnun pozulduğunu bildiyi vaxtdan 1 ay ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin rayon məhkəməsi iddia ərizəsini icraata götürdükdən 1 ay 18 gündən sonra iddia ərizəsini baxılmamış saxlamışdır. Buna əsas o olmuşdur ki, iddiaçı mediasiya prosesi barədə arayış təqdim etsə də bildirişin təqdim edilməsi barədə sənədləri məhkəməyə təqdim etməmişdir. Sorğu nəticəsində müəyyən edilmişdir ki, buna səbəb qəbzlərinin mediatorun üzv olduğu 6 saylı Mediasiya Təşkilatının hazırda fəaliyyət göstərməməsi, fəaliyyət ünvanını dəyişərək sübutların bir qisminin itirilməsi olmuşdur. İddiaçı məhkəmənin baxılmamış saxlama barədə qərardadının qəbul edilməsindən 2 gün sonra yenidən mediatora müraciət etmişdir. Nəticədə hazırki iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir.

51. Beləliklə, iddiaçı hüququnun pozulduğunu 26.10.21-ci il tarixdə bilməklə iddia müddətinin axımı başlamış, xx.xx.2021-ci il tarixli Mediasiyaya dəvət məktubu göndərilməklə müddətin axımı dayanmış, 15 noyabr 2021-ci il tarixli arayışın verilməsi ilə müddətin axımı bərpa olunmuş, xx.xx.2021-ci il tarixdə iddia ərizəsi verilməklə müddətin axımı kəsilmişdir. Məhkəmənin 05.01.202-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qeyd edildiyi kimi məhkəmə iddia ərizəsini icraata götürdükdən 1 ay 18 gündən sonra baxılmamış saxlamış, baxılmamış saxlama üçün əsas isə mediatorun bildirişin göndərilməsini təsdiq edən sənədləri təqdim edə bilməməsi olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin tələbinə görə iddia məhkəmə tərəfindən baxılmamış saxlanılmışdırsa iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Lakin xx.xx.2021-ci il tarixli Mediasiyaya dəvət məktubu və 15 noyabr 2021-ci il tarixli arayış mediatorun imzası və möhürü ilə təsdiq olunduğundan məhkəmə kollegiyası hesab edir ki, bu hal iddiaçının xeyrinə üzrlü hal hesab edilməlidir. Baxılmamış saxlama barədə qərardadın qəbul edildiyi gündən 2 gün sonra yenidən xx.xx.2022-ci il tarixdə mediasiya təklifi göndərilməklə iddia müddətinin axımı dayanmışdır. xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışın verilməsi ilə müddətin axımı bərpa olunmuş və iddiaçı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə müraciət etməklə iddia müddətinin axımı kəsilmişdir.

52. Məhkəmə kollegiyası o cümlədən işə baxan birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilməsi əsassız olmuşdur. Çünki, iddiaçının qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş olması və ya işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi sübut olunmur.

53. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

54. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

55. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1995/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar