Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2054/2021 19.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Emin Mehdiyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, Cavabdeh, cavabdehin vəkili və nümayəndəsi Nurlanə Quliyevanın, üçüncü şəxs Namiq Hüseynovun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Tərəflər keçmiş ər-arvaddır. Onların nikahı xx.xx.2012-ci il tarixdə bağlanıb, xx.xx.2020-ci il tarixli qətnamə ilə pozulub. Nikahdan 1 uşaq var: xx.xx.2016-cı il təvəllüdlü Elyaz Hüseynov. Nikahın pozulmasına barədə qətnamədə qət olunub ki, nikahın pozulmasından sonra uşaq anasının yanında qalsın. Uşaq hazırda anası ilə birlikdə yaşayır. Tərəflərin arasındakı mübahisə Bakı şəhəri, Ş.Məmmədova küçəsi 30/97, bina № 3-də yerləşən 6 №-li üç otaqlı mənzillə bağlıdır (bundan sonra – mənzil). Mənzil xüsusi təyinatlı mənzil fonduna aiddir, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahəsi hesab olunur. xx.xx.2009-cu ildə Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə cavabdehin atası X1 arasında mənzilə dair müqavilə bağlanıb (iş v. 40). Müqaviləyə əsasən mənzil cavabdehin atasına 4 nəfər ailə üzvü ilə birlikdə müvəqqəti məskunlaşmaq üçün ayrılıb. Cavabdehin atası Xocavənd rayonundan məcburi köçkün olub. O, xx.xx.2014-cü ildə ölüb. Hazırda mənzildə aşağıda göstərilən şəxslər yaşayır: 1) Cavabdeh; 2) cavabdehin qardaşı X6; 3) cavabdehin qardaşı arvadı X2; 4) cavabdehin qardaşının övladı X7; 5) cavabdehin qardaşının övladı X5; 6) cavabdehin qardaşının övladı X3; 7) cavabdehin qardaşının övladı X8. Cavabdeh və cavabdehin qardaşı məcburi köçkün statusuna malikdirlər. İddiaçı və onun uşağı məcburi köçkün statusuna malik deyillər. İddiaçı 2012-ci ildə, yəni cavabdehlə ilə ailə qurduqdan sonra mənzilə gəlin köçüb, orada yaşadığı müddətdə uşağı olub, 2020ci ilin aprel ayında mənzili tərk edib, hazırda uşağı ilə birlikdə Kürdəmir rayonunun Xınıslı kəndində - valideynlərinin evində yaşayır. Apellyasiya icraatı zamanı cavabdehin qardaşı, cavabdehin qardaşı arvadı, habelə Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzili İstismar Departamenti cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi tanınmışlar. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, iddiaçı uşağı ilə birlikdə mənzilə köçürülsün. İddia onunla əsaslanıdırılıb ki, iddiaçı ailə quraraq mənzilə gəlin köçüb, daha sonra ailə münasibətləri pozulub, bundan sonra cavabdeh iddiaçının mənzildə yaşamasına imkan verməyib. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, iddiaçı uşağı ilə birlikdə mənzilə köçürülsün. Qətnamə onunla əsalandırılıb ki, iddiaçı uşağı ilə birlikdə mənzildə müvəqqəti yaşamaq hüququna malikdir. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv olunsun və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh, onun vəkili və nümayəndəsi Nurlanə Quliyeva və üçüncü şəxs Namiq Hüseynov apellyasiya şikayətinin əsaslı olduğunu bildirdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Üçüncü şəxs Elmira Hüseynova və Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Mənzili İstismar Departamentinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: Mənzil Məcəlləsinin 96-cı maddəsinə görə məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Göründüyü kimi, şəxsin mənzildə yaşamaq hüququ onun statusunadan irəli gəlir: əgər şəxsin məcburi köçkün və ya qaçqın statusu varsa mənzildə yaşamaq hüququ var, əgər statusu yoxdursa mənzildə yaşamaq hüququ yoxdur. İddiaçının məcburi köçkün və ya qaçqın statusu olmadığına görə mənzildə yaşamaq hüququ yoxdur. İddiaçının uşağının statusunun olubolmamasının əhəmiyyəti yoxdur, çünki nikahın pozulması barədə qətnamə ilə qət olunub ki, uşaq anasının yanında qalsın, ana isə mənzildə yaşamaq hüququna malik deyil. Birinci instansiya məhkəməsi mübahisəyə Mənzil Məcəlləsinin 68.4-cü maddəsindəki normanı tətbiq edib. Həmin maddəyə görə vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Lakin bu norma sosial təyinatlı mənzil fonduna aiddir. Həmin norma analogiya üzrə xüsusi təyinatlı mənzil fonduna (məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahəsinə) tətbiq edilə bilməz. Çünki analogiyadan istifadə edilməsi üçün qanunda boşluq olmalıdır. Boşluq yoxdur, Mənzil Məcəlləsinin 96-cı maddəsi bu məsələni tənizimləyir. Hımin maddədə birmənalı şəkildə qeyd olunub ki, belə yaşayış sahələri məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulub. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə maddi hüquq normasını pozduğuna görə qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə barədə” iddiası rədd olunsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2054/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2054/2021
19.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver