Məhkəmə qərarları › İş №2(103)-2057/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2057/2022

02.03.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2057/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və "xxxx" ASC-yə qarşı “ipoteka müqaviləsi bağlanaraq əmlakın ipoteka ilə yüklü edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli 2(008)-6815/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində yerləşən bina 152, blok 1, mərtəbə 8, ümumi sahəsi 116,79 kv.m-dən ibarət 3 otaqlı 37 nömrəli mənzilə dair Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-dən hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın əldə edilməsi və həmin çıxarış əsasında "xxxx" ASC ilə ipoteka müqaviləsi bağlanaraq mənzilin ASC-də ipoteka ilə yüklü edilməsi ilə bağlı zəruri hərəkətlərin həyata keçirilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanan 12.07.2016-cı il tarixli, 125- 12-07-2016-RA-XA nömrəli daxili ipoteka üçün təminatlı kredit müqaviləsinə əsasən Borc verən Borcalana Borcalan ilə "xxxx" MTK arasında imzalanmış 12.07.2016-cı il tarixli 293 nömrəli müqavilənin predmeti olan mənzilin alınması üçün illik 10 % olmaqla 240 ay müddətinə qaytarılmaq şərtilə 126133 manat məbləğində kredit vermiş, həmin müqavilənin təminatı kimi bankla onun arasında 12.07.2016-cı il tarixli, 125-12-07-2016-RA-XA saylı zaminlik müqaviləsi bağlanmışdır. "xxxx" MTK ilə Cavabdeh arasında bağlanan 12.07.2016-cı il tarixli 293 nömrəli S.Qocayev 152 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqısatqı müqaviləsinə əsasən, "xxxx" MTK S.Qocayev 152 saylı küçəsində inşa edilən (inşa edilmiş) 5 girişli 12 mərtəbəli (+ mansardla) yaşayış binasınin 1-ci giriş, mərtəbə 8, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın iç hissəsindən hesablanmaqla) 116.79 kv.m ibarət 3 otaqlı, 37 nömrəli təmirsiz mənzili alıcıya təhvil verməyi, alıcı isə bunun qarşılığında MTK-ya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürür. Cavabdeh yuxarıda qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etmədiyinə görə "xxxx" ASC Cavabdeh və ona qarşı “borc” tələbi barədə iddia ərizəsi ilə Sabuncu Rayon Məhkəməsinə müraciət etmiş, Sabunçu Rayon Məhkəməsinin 14.07.2021-ci il tarixli, 2(008)-3876/2021 saylı qətnaməsi ilə "xxxx" ASC-nin iddia tələbi təmin edilmişdir. 23.08.2021-ci il tarixdə tərəfindən Cavabdeh bildiriş göndərilərək "xxxx" MTK-dan aldığı mənzilə dair DƏDRX-dən Hüquqların Dövlət Qeydiyyatı haqqında Çıxarışın əldə edilərək onunla "xxxx" ASC arasında bağlanan 12.07.2016-cı il tarixli, 125-12- 07-2016-RA-XA nömrəli daxili ipoteka üçün təminatlı kredit müqaviləsinin 4.3-cü bəndinə əsasən, həmin mənzili "xxxx" ASC-də ipoteka ilə yüklü etməyi tələb edilmiş, bundan bir neçə gün sonra Cavabdeh onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq banka olan borcunu ödəyə bilmədiyini qeyd etmiş və mənzili ipoteka ilə yüklü etməyəcəyini bildirmişdir. Cavabdeh "xxxx" ASC-yə olan borcunu özü ödəməlidir. Ödəmədiyi təqdirdə isə əldə etdiyi mənzil açıq hərrac vasitəsilə satılmalı, satışdan əldə ediləcək vəsait hesabına banka olan borc ödənməlidir. Çünki kredit borcunun təyinatı hesab edilən mənzili artıq əldə etmişdir və şübhəsiz ki, həmin mənzildə də yaşayır. Cavabdehin banka olan borcunu ödəməməsi onu çətin vəziyyətə salmaqla yanaşı, Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə qət edilmiş məbləğin onun tərəfindən ödənilməsinə səbəb olacaqdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli 2(008)- 6815/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə əsassız və qanunsuzdur, maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. İddiaçı qeyd etdi ki, "xxxx" MTK-nn sədridir. "xxxx" MTK-ya məxsus olan bir neçə mənzilin, həmçinin hazırki mübahisəli mənzilin satılmasında maraqlı olmuş, "xxxx" ASC-də depozit hesabında depoziti olduğu üçün onun zaminliyi qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər cavabdeh (nümayəndə) məhkəməyə gəlmədiyinə görə, kollegiya onun (nümayəndənin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında 12.07.2016-cı il tarixdə bağlanmış təminatlı kredit müqaviləsindən görünür ki, borcverən borcalana borcalan ilə "xxxx" Mənzil Tikinti Korparativi arasında imzalanmış 12.07.2016-ci il tarixli 293 nömrəli müqavilənin predmeti olan mənzilin alınması üçün 126133.00 manat məbləğində kreditin verilməsini öhdəsinə götürür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 12.07.2016-cı il tarixli zaminlik müqavilənin 2.1-ci bəndinə görə kreditorla borcalan arasında bağlanmış 12.07.2016-cı il tarixli 125-12-07-2016-RA-XA saylı kredit müqaviləsinə əsasən 126133.00 manat məbləğində 240 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin alınmış mənzilin özəlləşdirilərək banka ipoteka qoyulanadək və eyni zamanda alınmış kreditin qalığı mənzilin dəyərinin 70%-ni təşkil edənədək borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri daşınar və daşınmaz əmlakı banklardakı vəsaitləri, qiymətli kağızaları və s. hesabına ödənilməsini öhdəsinə götürür. Müqavilənin 6.1.1-ci bəndinə görə borclu 12.07.2016-cı il tarixli 125-12- 07-2016-RA-XA saylı kredit müqaviləsi ilə öz üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmədikdə yaxud yerinə yetirməkdən imtina etdikdə kreditor zaminliklə təmin edilmiş öhdəliyin icrasını təmin etməyi müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş müddətdə zamindən tələb edə bilər. "xxxx" MTK ilə Cavabdeh arasında 12.07.2016-cı il tarixdə bağlanmış 293 saylı müqavilənin surətindən görünür ki, MTK S.Qocayev 152 saylı küçəsində inşa edilən 5 girişli 12 mərtəbəli yaşayış binasının 37 saylı təmirsiz mənzilini alıcıya təhvil verməyi, alıcı isə bunun qarşılığında MTK-ya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürür. Sabunçu Rayon Məhkəməsinin 14.07.2021-ci il tarixli 2(008)-3876/2021 saylı qətnaməsi ilə Cavabdeh və İddiaçı müştərək qaydada 121474,60 manat əsas borc, 29353,31 manat faiz borcu olmaqla, cəmi 150827.91 manat kredit borcu və 30 manat dövlət rüsumu, 0,40 qəpik xidmət haqqının tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 470.1-ci maddəsinə əasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Məhkəmə belə nəticəyə gəlmişdir ki, hazırki mülki iş üzrə İddiaçı ilə Cavabdeh arasında hər hansı bir öhdəliyə dair müqavilə bağlanmamışdır. Həm İddiaçı, həm də Cavabdeh bank qarşısında öhdəlik götürmüşlər. Belə olan halda Cavabdeh iddiaçı qarşısında öhdəliyi yaranmamışdır. Mənzilə dair Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-dən hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın əldə edilməsi və həmin çıxarışın əsasında "xxxx" ASC ilə ipoteka müqaviləsi bağlanaraq mənzilin "xxxx" ASC-də ipoteka ilə yüklü edilməsi ilə bağlı zəruri hərəkətlərin həyata keçirilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması üçün mövcud qanunvericiliyə görə əsaslar yaranmadığından təmin edilə bilməz. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. Göründüyü kimi hazırki iş üzrə iddiaçı zaminlik müqaviləsi bağlayaraq bank qarşısında öhdəlik götürmüşdür. İddiaçının hazırki tələbi və apelyasiya şikayətinin dəlilləri əsassızdır. Apelyasiyanın nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən maddi və prsessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Kollegiya iddiaçı tərəfindən dəlillərin formal olaraq irəli sürülməsi qənaətinə gəlir. Beləliklə iddiaçının apelyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6815/2021 saylı iş üzrə 22 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar