Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2062/2024 17.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X3 Kompleksi” MMC-yə qarşı iş üzrə (Açar sözlər:işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 17 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. “X3 Kompleksi” MMC-nin X2 və Tədarükü Məntəqəsi filialı ilə İddiaçı arasında bağlanmış 0166/2021 nömrəli 23 dekabr 2021-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı “X3 Kompleksi” MMC-nin X2 və Tədarükü Məntəqəsi filialında aqrotexniki təminat və nəqliyyat bölməsində traktorçu vəzifəsinə işə qəbul edilmişdir. “X3 Kompleksi” MMC-nin Təhlükəsizlik şöbəsinin böyük mütəxəssisi Nahid Həsənli, Sabirabad Pİ və TMnin təhlükəsizlik işçi qrup rəhbəri Fərid Xəlilov və traktorçu İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan müəyyən edilir ki, həqiqətən xx.xx.2023-cü il tarixdə saat 20:40 radələrində Sabirabad Pİ və TM-nin traktorçusu İddiaçı idarə etdiyi “Landini” markalı **-AB-*** dövlət nömrə nişanlı traktorla Sabirabad rayonu Zalqarağac kəndində təyinatdan kənar filial ilə müqaviləsi olmayan özünə aid olduğunu iddia etdiyi torpaq sahəsində şum işi görərkən Nahid Həsənli və Fərid Xəlilov tərəfindən saxlanılıb, əvvəlcədən bilərək deaktiv etdiyi “GPS” qurğusu aktiv edilmiş və su nasosuna nəzarət edilməsi üçün aidiyyəti sahəyə göndərilmişdir. İddiaçı etdiyi işin qanunsuz olduğunu etiraf edərək peşmanlığını bildirmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli aktı imzalamışdır.
2. “X3 Kompleksi” MMC-nin xx.xx.2023-cü il tarixli K1-10-2023 nömrəl əmri ilə “X3 Kompleksi” MMC-nin X2 və Tədarükü Məntəqəsi filialında aqrotexniki təminat və nəqliyyat bölməsində mövsümi traktorçu vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsi, əmək vəziflərini kobud şəkildə pozduğuna görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən ləğv edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh “X3 Kompleksi” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin X2 və Tədarükü məntəqəsi filialında Aqrotexniki təminat və nəqliyyat bölməsində traktorçu vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün 2023-cü ilin sentyabr və oktyabr ayları üzrə orta aylıq əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, əgər o, əmək müqaviləsinin tələblərinə zidd olaraq kənar ərazilərdə şum işləri aparıbsa bunu təstiq edən sübutlar - foto-video görüntülər niyə yoxdur? Əmrin verilməsinə əsas “Təhlükəsizlik şöbəsinin müvafiq aktı və Sabirabad PİTM filialının təhriri-məruzəsi” qeyd olunmuşdur. Ona 2023-cü ilin mart ayından avqust ayına kimi olan müddətdə 2 ədəd su nasosu təhkim edilmişdir. Pambığın suvarılması üçün hər gün iki dəfə su nasoslarına yanacaq aparırdı. xx.xx.2023-cü il tarixdə saat 20:40-da su nasoslarına yanacaq aparan zaman yolda onu saxlatmışlar. “X3 Kompleksi” MMC-nin təhlükəsizlik əməkdaşları ondan haraya getdiyini və GPS niyə işləmədiyini soruşmuşlar. O, traktoru söndürdüyü üçün GPS göstərməmişdir. Orada akt yazmışlar və o, imza etmişdir. O, aktı oxumadan imzalamışdır. Sonra su nasoslarına yanacaq aparmışdır. O, GPS-i söndürməmişdir. Çünki, plombları qırmadan GPS ayırmaq mümkün deyildir. İki gün sonra ondan izahat almışlar. Ona bildirmişlər ki, aktda yazıldığı formada izahat yazsın və ona kömək edəcəklər. Bu səbəbdən o, xx.xx.2023-cü il tarixdə yazdığı izahatında göstərmişdir ki, güya GPS-in massasını ayırmış və öz kotanını qoşaraq özünə məxsus olan 70 sot torpaq sahəsini şumlamışdır. Bildirir ki, onun Sabirabad rayonunda torpaq sahəsi yoxdur. O, xx.xx.2023-cü il tarixli aktı imzalasa da, aktı oxumamışdır. O, su nasoslarını aktla təhvil vermişdir, lakin traktoru təhvil verməkdən imtina etmişdir. Hesab edir ki, işdən çıxarılması əsassız olmuşdur.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-522/2024 saylı, 22 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim V.Hacıyev) iddia rədd olunmuşdur.
6. Məhkəmə hesab etmişdir ki, İddiaçı ona təhkim olunmuş traktoru icazəsi olmadan öz şəxsi məqsədləri üçün istifadə etməklə, əmək fəaliyyəti zamanı kobud səhvlərə yol vermiş, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. İddiaçı nəinki əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməmiş, həmçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurmuşdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edilmişdir
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndi, 70-ci maddəsinin “ç” bəndi, 71-ci maddəsinin 2-ci hissəsi, 310-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, iş üzrə hazırlıq və baxış iclasını keçirmiş məhkəmə tərkibi (hakim Təhminə Xəlilova) olsa da, sonda qətnaməni qəbul edən başqa hakim (hakim Vahid Hacıyev) olmuşdur. Bu isə hakimin qeyd olunan iş üzrə məhkəmə çıxışlarında onu dinləmədən, gətirdiyi sübutlara, verdiyi izahatları nəzərə almadan qətnamə qəbul edilməsini əsaslandırır.
c) Apellyasiya instansiyası məhkəməsində icraat
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
12. Cavabdehin nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməsə də, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş və apellyasiya şikayətinim rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasında isə o, məhkəməyə ərizə göndərərək tərəflər arasında barışıq əldə olunmadığnı bildirmiş və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Əmək Məcəlləsi
Maddə 70, bənd “ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71, hissə 2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 186, hissə 2, bənd “ç”. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək intizam tənbehini verə bilər. Maddə 310. İstər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Hazırkı işdə iddia tələbi bütünlüklə rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən dəlillərini əsassız sayaraq aşağıdakıları qeyd edir.
17. İddiaçı bildirir ki, o, traktoru söndürdüyü üçün GPS göstərməmişdir. Onun Sabirabad rayonunda torpaq sahəsi yoxdur. O, aktı imzalasa da, oxumamışdır.
18. xx.xx.2023-cü il tarixli aktdan müəyyən edilir ki, iddiaçı etdiyi işin qanunsuz olduğunu etiraf edərək peşmanlığını bildirmiş, aktı imzalamışdır. Bundan əlavə, iddiaçı GPS-i saz vəziyyətdə qəbul etdiyini, GPS-in massasını özü açdığını, şəxsi kotanını qoşub özünə məxsus 70 sot torpaq sahəsini şümladığını etiraf etmişdir.
19. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının sonradan ilkin izahatını dəyişməsi heç də intizam xətasının (pozuntunun) baş vermədiyi, mövcud olmadığı anlamına gəlmir.
20. Birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının ona təhkim olunmuş traktoru icazə olmadan öz şəxsi məqsədləri üçün istifadə etməklə, əmək fəaliyyəti zamanı kobud səhvlərə yol verdiyi, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurulduğu, əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edildiyi barədə nəticə gəlmişdir.
21. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, iddiaçının aktı oxumadan imzalaması aktın məlumatlarını şübhə altına almaq üçün əsas vermir. Belə ki, aktın imzalanmasından sonra iddiaçı izahat da yazmış, GPS-in massasını özü açdığını, şəxsi kotanını qoşub özünə məxsus 70 sot torpaq sahəsini şümladığını etiraf etmişdir.
22. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl olunmuş, hər hansı pozuntuya yol verilməmişdir.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 22 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.