Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2069/2024 14.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə, Gədəbəy rayon notariat ofisinə iddia tələblərinə dair iş üzrə (Açar sözlər: miras əmlak, mirasın qəbul olunması, vərəsəlik şəhadətnaməsi, vərəsəlik payının müəyyən edilməsi, mirasdan imtina) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə və Gədəbəy rayon notariat ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi, mirasın faktiki qəbul edilməsi faktının müəyyən olunması və tərəflərin bərabər pay hüquqlarının tanınması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. X13 ilə X8 3 mart 1961-ci il tarixdən rəsmi nikah münasibətlərində olmuşlar, İddiaçı1, İddiaçı2 Quran qızı və Cavabdeh onların birgə nikahdan doğulan övladlarıdır.
2. Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 96,5 kv.m olan fərdi yaşayış evi X5 adına 2 mart 2018-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmış və bu barədə müvafiq çıxarış verilmişdir.
3. X13 7 iyun 2018-ci il tarixdə ölmüş, öldüyü məqamda sağ olan yaxın qohumları əri X8 və övladları İddiaçı1, İddiaçı2 və Cavabdeh olmuşdur.
4. 5 sentyabr 2018-ci il tarixdə Cavabdeh Gədəbəy Rayon notariat kontoruna mirasın qəbulu ilə bağlı müraciət etmişdir.
5. X9 isə 7 avqust 2019-cu il tarixdə həmin notariat kontoruna ərizə ünvanlayaraq arvadından ona düşən miras əmlakı qəbul etmədiyini və etmək fikrində də olmadığını bildirmişdir.
6. 28 avqust 2019-cu il tarixdə X10 miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamə əsasında miras əmlak sonuncunun adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyata alınmışdır.
7. X9 7 may 2021-ci il tarixdə ölmüşdür.
8. İddiaçı1 və İddiaçı2 22 noyabr 2021-ci il tarixdə analarından qalan miras əmlaka dair vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün Gədəbəy rayon notariat ofisinə müraciət etmiş, onların müraciətinə notarius tərəfindən xx.xx.2021-ci il tarixli məktubla cavab verilərək bildirilmişdir ki, “xx.xx.2019-cu il tarixli “Vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında mərhum X5 vərəsəsi oğlu Cavabdeh təyin edilmişdir, həmin şəhadətnamənin ləğvi üçün məhkəməyə müraciət edə bilərsiniz”.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı1 və İddiaçı2 (iddiaçılar) Cavabdeh, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə və Gədəbəy rayon notariat ofisinə (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdeh X6 adına miras əmlaka dair Gədəbəy rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş mülkiyyət huququ haqqında çıxarışın etibarsız hesab edilməsi, tərəflərindən miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlak üzərində onların və X6 bərabər hissələrdə paylarının müəyyən edilməsi və həmin əmlaka dair bərabərhüquqlu mülkiyyətçilər kimi əmlak üzərində hər birinin payı bərabər olmaqla onlara və X10 mülkiyyət hüququ haqqında çıxarışın verilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
10. İddiaçılar iddia tələblərini belə əsaslandırmışlar ki, cavabdeh X14 qardaşlarıdır, anaları X13 xx.xx.2018-ci il tarixində vəfat etmişdir. Nazlı İsmayılova vəfat etdiyi tarixə qədər Gədəbəy rayonunun Söyüdlü kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 96,5 kv.metr olan fərdi yaşayış evi onun mülkiyyətində olmuşdur. Nazlı İsmayılova ölməmişdən əvvəl cavabdeh Zövqi Məmmədov onun yanında olmuş, bununla belə o, çox pis vəziyyətdə olmuşdur. Belə ki, Zövqi Məmmədov arvadı ilə birlikdə onu natəmiz şəraitdə saxlamışlar, natəmizlik onun vəziyyətini pisləşdirmişdir. Həmin ərəfədə Zövqi Məmmədov onlara zəng edərək analarının vəziyyətinin pis olduğunu bildirmiş, İradə dərhal Moskvadan Bakıya gəlib, anasını digər bacısı Nailənin evinə aparmışdır. Həmin gün analarına baxmış, onun qulluğunda dayanmışlar və yalnız bundan sonra ana özünü yaxşı hiss etmiş və günlərdir yata bilmədiyi halda dərin yuxuya getmişdir. X15rdan ananın bir gün ərzində necə yaxşılaşdığının səbəbini soruşmuş, onlar da sadəcə anaya qulluq etdiklərini, nəticədə bu vaxta qədər baxımsız qalan ananın vəziyyətinin yaxşılaşdığını bildirmişlər. Beləliklə, onlar bir ay müddətində anaya baxıb onu sağaltmışlar. Bundan sonra ana onlardan razı qalıb, məhz onlarla birlikdə yaşamaq isdədiyini bildirmişdir. Bir müddət sonra Zövqi Məmmədov anasını gəzdirmək adı ilə onu bacısının evindən götürüb aparmış və iradəsinin ziddinə olaraq ölənə qədər öz evində saxlamışdır. Yaşlı qadın qızıyla yaşamaq istədiyini bildirsə də oğul buna imkan verməmişdir. Onlar ananı qardaş evində ziyarət etmişlər və qardaşla mübahisələri yaranmaması üçün güzəştə getməyə məcbur olmuşlar. Qısa müddət sonra Nazlı İsmayılova xx.xx.2018-ci il tarixində vəfat elmişdir. Mərhumun dəfn, həmçinin bütün mərasim xərcləri onlar tərəfindən (İddiaçı2 ilə İddiaçı1 tərəfindən) qarşılanmışdır. Mərasim müddətində onlar (İddiaçı2 ilə İddiaçı1) miras əmlakda birgə yaşamış, həmin əmlakı saxlamış, xərclərini çəkmişlər. Qırx mərasimindən sonra Zövqi Məmmədovun arvadı ilə aralarında mübahisə düşmüş, gərgin münaqişə yaşanmışdır. Cavabdehin yoldaşı onlara böhtan alaraq hüquq-mühafizə orqanlarına müraciət edərək döyüldüyünü iddia etmiş, lakin bu iddiası təsdiq olunmadığına görə heç bir araşdırma aparılmamışdır. Yas mərasimindən sonra Zövqi Məmmədov atasının ona bağışladığı, Bakı şəhərində yerləşən evinə qayıtmış, ata isə ölənə qədər miras əmlakda yaşamışdır. Həmin müddət ərzində cavabdeh və ailəsi ataya baxmamış, onun yaşadığı evə belə getməmişlər. Onlar isə həmin evə gəlib-getmiş, atanın qulluğunda dayanmış, ev təsərrüfatı ilə məşğul olmuşlar. Hətta onlar hal-hazırda həmin evdə pasport qeydiyyatındadırlar. 2020-ci ilin dekabr ayında ata yıxılaraq xəsarət alır, tək yaşadığına görə heç kəs səsini eşilmir. Miras əmlakın qonşuluğunda yaşayan əmigəlini Nuranə xanım Zövqi Məmmədova zəng edərək atanın vəziyyətinin pis olduğunu bildirir, lakin cavabdeh atasına baxmaq üçün kəndə gəlmir. Belə olan halda Nuranə xanım daha sonra onlara zəng edir və İddiaçı1 bununla əlaqədar Moskva şəhərindən Azərbaycana gəlir. Həmin ərəfədə pandemiya dövrü olduğundan Moskvadan birbaşa reyslər həyata keçirilməmiş və İddiaçı1 İstanbuldan keçməklə min bir əziyyətlə özünü atasının yanına çatdırmışdır. Zövqi Məmmədov isə Bakıdan rayonda yaşayan atanın yanına getməmişdir. Onlar ataya bir ay ərzində özləri baxmış, onun bütün xərclərini qarşılamış, qulluğunda olmuşlar. Lakin ata bir aydan sonra öz evində (miras əmlakda) yaşamaq istədiyini bildirmişdir. Bu səbəbdən İddiaçı2 öz ailəsini və evini qoyub xəstə atasına baxmaq üçün miras əmlakda atası ölənə qədər onunla birlikdə yaşamışdır. Həmin evin açarları indiyə qədər də onlardadır. Bütün bu hallar bir daha təsdiq edir ki, miras əmlakı onlar faktiki olaraq qəbul etmişlər.
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin əsassız olduğunu bildirmiş, verilən suallara cavab verərək göstərmişdir ki, anası öldükdən sora bacıları həmin evə gəlib getmişlər, yas mərasimlərini orda onlar üçü birlikdə vermişlər. Bacısı hər dəfə gəldikdə həmin evə düşdüyünü bildirmişdir.
12. Məhkəmənin şahid qismində dindirdiyi X7 ifadəsində bildirmişdir ki, Gədəbəy rayonunun Söyüdlü kəndində ailəsi ilə birlikdə yaşayır. İddiaçılar və cavabdehlər onun qardaşı uşaqlarıdır. Nazlı İsmayılova vəfat etdikdən sonra onun qardaşı övladları hər üçü yas mərasimində iştirak etmiş, 40 mərasiminədək qardaşına məxsus evdə yaşamışlar. Yas mərasimindən sonra da onlar qeyd olunan evə gedib-gəlmişlər. Dəqiq xatırlamadığı tarixdə qardaşı oğlu Zövqi ondan onunla birlikdə notariusa gedərək orada təqdim olunacaq sənədə imza etməsini xahiş etmiş, o, etiraz etməyərək Zövqi ilə birlikdə notariusa getmişdir. Orada mətn ona oxunmuşdur, lakin həmin mətinlə hazırda məhkəmə iclasında oxunan mətin eyni deyildir. Mətinin məzmunun tam xatırlaya bilmir. O, həmin sənədə imza etmiş, bir müddət sonra İddiaçı2 ona həmin sənədə imza etdiyinə görə öz iradını bildirmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, ona imza etdirdikləri mətn tamam fərqlidir və həmin mətndə İddiaçı1 və İddiaçı2 ailə qurduqdan sonra kəndə qayıtmadıqları qeyd olunmuşdur.
13. Məhkəmənin şahid qismində dindirdiyi Şahid2 ifadəsində bildirmişdir ki, İddiaçı2 onun həyat yoldaşıdır. Nazlı İsmayılova vəfat etdikdən sonra 40 mərasiminədək İddiaçı1 və İddiaçı2 orada yaşamış, yas mərasimi onlar tərəfindən keçirilmiş və bütün yas məsrəfləri onlar tərəfindən qarşılanmışdır. İddiaçı1 bütün yas mərasimində Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0.18 ha həyətyanı torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 96,5 kv.m olan fərdi yaşayış evində qalmışdır. İddiaçı2 həmin kəndə evi olsada tez tez ata-ana evinə gedirdi, getməsinin səbəbidə onun orda atasının olması idi. Anan öləndən sonra ata tək qalmış, Nailə isə gedib ona qulluq etmiş, ev işləri ilə məşğul olmuşdur.
14. Məhkəmənin şahid qismində dindirdiyi Şahid3 ifadəsində bildirmişdir ki, Söyüdlü kəndinin sakinidir. O, evdə olan qazın təmiri ilə bağlı müxtəlif vaxtlarda bir neçə dəfə həmin evdə olmuşdur. Bir dəfə dəqiq xatırlanmadığı tarixdə həmin evdə olarkən İradə xanımı həmin evdə görmüşdür. İddiaçı1, İddiaçı2, o cümlədən Cavabdeh kənd sakini kimi tanıyır. Nazlı İsmayılova vəfat etdikdən sonra o, yas mərasimində iştirak etmişdir. Yas mərasimi Nazlı İsmayılova məxsus evdə keçirilmişdir. Həmin vaxt yasa gələn qadınları İddiaçı1 və İddiaçı2, kişiləri isə Cavabdeh qarşılamışdır. 40 mərasiminədək İddiaçı1 və İddiaçı2 orada olmuşdur. Dəqiq xatırlamadığı tarixdə Zövqi ondan onunla birlikdə notariusa gedərək orada təqdim olunacaq sənədə imza etməsini xahiş etmiş, o, etiraz etməyərək Zövqi ilə birlikdə notariusa getmişdir. Orada mətn ona oxunmuş, lakin həmin mətində İddiaçı1, İddiaçı2 evləndikdən sonra orada yaşamadıqları qeyd olunmamışdır. O, həmin sənədə imza etmişdir, lakin sonradan ona məlum olmuşdur ki, imza etdikləri mətn tamamilə fərqlidir və onlara oxunan mətnlə üst-üstə düşmür.
15. Məhkəmənin şahid qismində dindirdiyi Şahid4 ifadəsində bildirmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh onun xalası uşaqlarıdır. Nazlı İsmayılova vəfat etdikdən sonra o, yas mərasimində iştirak etmişdir. Yas mərasimi Qurban kişiyə məxsus evdə keçirilmişdir. İddiaçı1 və İddiaçı2 hər ikisi 40 mərasiminədək yasda iştirak etmiş və həmin müddətdə qeyd olunan evdə yaşamışlar. İddiaçı1 Rusiya Federasiyasına qayıtdıqdan sonra ona pul göndərmiş o, həmin vəsaiti məzar daşının düzəldilməsinə sərf etmişdir.
16. Məhkəmənin şahid qismində dindirdiyi Şahid5 ifadəsində bildirmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh onun qohumlarıdır. Nazlı İsmayılova vəfat etdikdən sonra o, yas mərasimində iştirak etmişdir. Yas mərasimi Söyüdlü kəndində Qurban kişiyə məxsus evdə keçirilmişdir. Həmin vaxt yasa gələn qadınları İddiaçı1 və İddiaçı2, kişiləri isə Cavabdeh qarşılamışdır. İddiaçı1 yas mərasimin 7-ci günündən sonra Moskvaya getmiş, lakin, 40 mərasiminə kimi geri qayıtmışdır. Zövqi ondan onunla birlikdə notariusa gedərək orada təqdim olunacaq sənədə imza etməsini xahiş etmiş, o, etiraz etməyərək Zövqi ilə birlikdə notariusa getmişdir. Orada mətn ona oxunmuş və mətndə İddiaçı1, İddiaçı2 evlədikdən sonra orada yaşamadıqları qeyd olunduğu bildirilmişdir. O, həmin sənədə imza etmişdir, lakin, sonradan ona məlum olmuşdur ki, imza etdikləri mətn tamamilə fərqlidir və onlara oxunan mətnlə üst-üstə düşmür.
17. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh onun qohumlarıdır. Nazlı İsmayılova vəfat etdikdən sonra o, yas mərasimində iştirak etmişdir. Yas mərasimi Söyüdlü kəndində Qurban kişiyə məxsus evdə keçirilmişdir. O, dəfn, 3 və 7 mərasimlərində iştirak etmişdir və həmin vaxt İddiaçı1, İddiaçı2 və Cavabdeh orada olduğunu görmüşdür. Zövqi ondan onunla birlikdə notariusa gedərək orada təqdim olunacaq sənədə imza etməsini xahiş etmiş, o, etiraz etməyərək Zövqi ilə birlikdə notariusa getmişdir. Orada mətn ona oxunmuş və mətndə İddiaçı1, İddiaçı2 evləndikdən sonra orada yaşamadıqları qeyd olunduğu bildirilmişdir. O, həmin sənədə imza etmişdir, lakin, sonradan ona məlum olmuşdur ki, imza etdikləri mətn tamamilə fərqlidir və onlara oxunan mətnlə üst-üstə düşmür. İddiaçı1 və İddiaçı2 40 mərasimindək orada yaşamaları barədə dəqiq məlumatı yoxdur.
18. Birinci instansiya məhkəməsinin 03 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin iddia təmin edilməməsi qət olunmuşdur.
19. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi şəkildə əsaslandırmışdır:
19.1. X13 xx.xx.2018-ci il tarixində vəfat etmişdir. O vəfat etdikdən sonra ondan qalan miras əmlak üzrə qanuni pay hüququ olan 4 vərəsəsi olmuşdur, əri, oğlu və iki qızı. Lakin qeyd edilən vərəslərdən yalnız mərhumun oğlu olan Cavabdeh qanunla nəzərdə tutulmuş müddətdə miras əmlaka pay əldə etmək üçün notariat ofisinə müraciət etmişdir, mərhumun əri isə notariat ofisini ərizə yazaraq arvadından qalan miras paydan imtina etmiş olduğunu bildirmişdir. Beləliklə qanun üzrə vərəsəlik haqqqında şəhadətnamə yalnız Cavabdeh verilmişdir. 19.2. İddiaçılar yalnız miras qoyan öldükdən 2 ildən çox müddətdən sonra vərəsəlik haqqında şəhadətnamə almaq üçün xx.xx.2021-ci il tarixdə Gədəbəy rayon Notariat Ofisinə müraciət edərək Cavabdeh adına xx.xx.2019-cu il tarixdə verilmiş qanunu üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsini və həmin miras əmlakı ilə bağlı onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi xahiş edilmiş, lakin notariat orqanı tərəfindən imtina edilərək, məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. 19.3. Məhkəmə iclası zamanı İddiaçı1 "nə üçün vaxtında evlə bağlı notariat orqanına müraciət etməmisiniz?” sualına, "həmin vaxtı atalarının sağ olduğunu, atası sağ ola-ola bu cür hərəkətin etməsi yaxşı qəbuledilə bilməz olduğunu, yalnız qardaşının olnardan xəbərsiz şəhadətnamə aldığını bildikdən sonra notariat oofisinə müraciət emiş olduğunu bildirmişdir. Bundan sonra iddiaçılar miras əmlakının faktiki qəbul edilməsini bu səbəbdən hər üç vərəsəyə bərabər paylar üzrə vərəsəlik şəhadətnmaəinin verilməsi üçün məhkəməyə müraciət etmişlər. 19.4. İddiaçılar miras əmlakı yas mərasimlərini yola verməklə, o cümlədən bəzi zamanlarda ata evinə gələrək orada yaşamaqla, valdeyinə qulluq etməklə mirası faktiki qəbul etmiş olduğlarını israr etsələr də, iddiaçılar qeyd edilən miras əmlakda daimi olaraq və ya mütamadi olaraq yaşamamış, ev və evin həyətyanı torpaq sahəsi onların sahibliyində və istifadəsində olmamış, həmin əmlakın faktiki qəbulu üçün zəruri hərəkətləri məhkəmədə sübut edə bilməmişlər (komunal xidmətlərin ödənməsi, əmlaka üzərində hər hansı bir fəaliyyət həyata keçirməsi və s. kimi hərəkətlər). 19.5. Gədəbəy rayon Notariat ofisinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçılar ən pis halda vərəsəliklə bağlı mübahisənin mövcud olmasına dair müvafiq əsas olduğunu xx.xx.2021-ci il tarixdə bilmiş və bildiyi gündən iki ay keçdikdən sonra xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir.
20. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 1133.1-ci, 1134.1-ci, 1146-cı, 1151.1-ci, 1159.1.1-ci, 1243.1-ci, 1243.2-ci, 1243.3-cü, 1246-cı, 1252-ci, 1322-ci maddələrinə, həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarına istinad etmişdir.
a) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
21. Həmin qətnamədən İddiaçı2 nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına düzgün qiymət vermədiyini, maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığını irəli sürmüşdür.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 fevral 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, qanunverici, mirasdan imtina edən, habelə mirası qəbul və ya ondan imtina barədə iradəsini bəyan etməyən (susan) vərəsənin bu hərəkətinin hüquqi nəticəsini konkret tənzimləmişdir - belə vərəsənin payı digər vərəsələrin (mirası qəbul etmiş qanun və ya vəsiyyət üzrə vərəsələrin) payına əlavə edilir.
24. Apelyasiya instansiyası məhkəməsi mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 1133.1, 1134.1, 1146, 1151.1, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1246, 1252, 1272, 1273-1, 1322-ci maddələrinə, həmçinin, “A.Nadirova və qeyrilərinin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarına və “G.Qəhrəmanovanın şikayəti üzrə” 18 iyul 2014-cü il tarixli qərarına istinad etmişdir.
a) Kassasiya instansiyası məhkəməsindəki icraat
25. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı (vəkili) kassasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və göstərilmişdir ki, anasından qalan mirasın kütləsinə daxil olan, onun yaşadığı kənddə yerləşən və anasının sağlığından indiki günə kimi yalnız onun istifadəsində olmuş, ot sahəsi kimi istifadə etdiyi və hər il otunu biçdiyi, JN-454 №li “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən anasının və cavabdeh qardaşı Cavabdeh bərabər paylarda adlarında olan torpaq sahəsinin tən yarısı anasından qalan mirasdır. Birinci instansiya məhkəməsi üçün məhz bu fakt kifayət edirdi ki, anasından qalan mirası faktiki qəbul etməsi faktını təsdiq etsin. Birinci instansiya məhkəməsi isə bu faktın üzərindən keçib hansı ki, bu fakt, cavabdeh notariat kontorunun da bunu (mirasın bir hissəsini) niyə gizlətməsini aşkar edə bilərdi. Bundan başqa anasından miras qalan daşınar əşyalar: stolstul, çarpayı, qab və paltar dolabı, xalça palaz da ondadır ki, bu əşyalar da anasından qalan mirası faktiki qəbul etməyini təsdiq edən faktlardır. Təqdim olunan sübutlar, eləcə də digər lazımi məqamlar araşdırılmayıb, nəticə etibarilə Konstitusiya ilə təsbit olunan və qorunan vərəsəlik hüququnün pozulması ilə nəticələnən, maddi və prosessual hüquq normalarına cavab verməyən qətnamə qəbul edilmişdir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 iyun 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 1 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.
28. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
28.1. Məhkəmələr iddianı o əsasla rədd etmişlər ki, iddiaçılar qeyd edilən miras əmlakda daimi və ya mütamadi olaraq yaşamamış, ev və həyətyanı torpaq sahəsi onların sahibliyində və istifadəsində olmamış, həmin əmlakın faktiki qəbulu üçün zəruri hərəkətləri (komunal xidmətlərin ödənməsi, əmlaka üzərində hər hansı bir fəaliyyət həyata keçirməsi və s.) məhkəmədə sübut edə bilməmişlər. 28.2. İşə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, mübahisə predmeti olan torpaq sahəsi və üzərindəki ev Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşir, İddiaçı2 da həmin kənddə qeydiyyatda olmaqla yaşayır. Bu məlumat Söyüdlü Kənd İcra Nümayəndəliyinin 01.03.202-ci il tarixli, 12 nömrəli məktubunda qeyd edilmişdir. İddia ərizəsində həmçinin göstərilmişdir ki, sözügedən evin açarları indiyə qədər iddiaçılardadır. 28.3. Kassator İddiaçı2 şikayətində onu da bildirmişdir ki, yaşadığı kənddə yerləşən və anasının sağlığından indiyə kimi yalnız onun istifadəsində olmuş, ot sahəsi kimi istifadə etdiyi, JN-454 №li "Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən anasının və cavabdeh qardaşı Cavabdeh bərabər paylarda adlarında olan torpaq sahəsinin tən yarısı anasından qalan mirasdır. Bundan başqa anasından miras qalan daşınar əşyalar (stol-stul, çarpayı, qab və paltar dolabı, xalça palaz) da ondadır ki, bu əşyalar da anasından qalan mirası faktiki qəbul etməyini təsdiq edən faktlardır. 28.4. Vərəsələrin mirası qəbul edib-etmədikləri məsələsi istər notarius, istər məhkəmə tərəfindən həll edilərkən bütün miras kütləsi, habelə vərəsənin miras əmlaka münasibətdə faktiki və rəsmi qəbul hərəkətləri nəzərə alınmalıdır. Başqa sözlə, miras kütləsinə daxil olan əmlakın tamamı dəqiq şəkildə müəyyən edilməli, həmin əmlakın hansı vərəsələr tərəfindən və hansı həcmdə idarə olunması, yaxud qəbul barədə ərizə verilməsi müəyyənləşdirilməlidir. 28.5. Miras kütləsi (miras əmlak) dedikdə, miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Normanın məzmunundan aydın olduğu kimi, öldüyü məqamda miras qoyana məxsus olmuş bütün daşınar və daşınmaz əşyalar üzərindəki əşya hüquqları, tələb hüquqları və digər iqtisadi dəyərlər mirasın aktivini təkşil edir. 28.6. Qanuna əsasən, mirasın qəbul edilməsinə qədər mirasın açıldığı yerdəki notariat orqanı, zərurət olarsa, mirasın qorunması üçün tədbirlər görür. Həmin qayda vərəsənin məlum olmadığı və ya onun mirası qəbul edib-etməməsinin bilinmədiyi hala da şamil edilir. Notariat orqanı mirasın qorunması üçün mirası siyahıya ala bilər. 28.7. O da məlumdur ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 28.8. Baxılan işdə isə məhkəmələr tərəfindən miras kütləsi tam şəkildə müəyyənləşdirilməmiş, miras əmlaka daxil olan predmetlər və onların həcmi dəqiq şəkildə aydınlaşdırılmamış, hətta mübahisəli evin birgə nikah dövründə əvəzli (əvəzsiz) şəkildə əldə edilməsi baxımından Nazlı İsmayılovanın tam fərdi mülkiyyəti kimi tamamının, yoxsa bir hissəinin miras kütləsinə daxil olduğu (mirasın həmin əmlakın hansı hissəsinə münasibətdə açılması), əgər həmin evin üzərində sonuncunun əri Qurban Məmmədovun mülkiyyəti olmuşsa onun ölümündən sonra həmin payın hüquqi aqibətinin necə həll olduğu, İddiaçı2 miras kütləsinə daxil olan hər hansı əmlakı idarə edib-etməməsi lazımi şəkildə araşdırılmamış, bu kimi əhəmiyyətli hallara hüquqi qiymət verilməmişdir. 28.9. Qeyd edilənlər, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına dəlalət edir. 28.10.Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. İşin düzgün həlli üçün əhəmiyyətli olan halları müəyyən etmədən, onlara və tərəflərin dəlillərinə qanunvericiliyə uyğun qaydada qiymət vermədən çıxarılan qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir. 28.11. Bu qaydalara riayət edilməməsi həm İnsan Hüquqlarının və X11 X3 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun, həm Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun pozulmasına dəlalət edir. 28.12.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). 28.13.Təkrar apelyasiya baxışında mübahisənin düzgün həlli üçün Nazlı İsmayılovadan miras qalmış əmlakın nə(lər)dən ibarət olması, harada yerləşməsi və hüquqi vəziyyəti, həmin əmlakı kimlərin və hansı formada idarə (istifadə, sahiblik) etməsi, miras açıldıqdan sonrakı dövrdə mübahisəli evin açarlarının və faktiki idarəçiliyinin İddiaçı2, yaxud digər vərəsələrdə olması, mirasın kütləsinə sözügedən evdən başqa daşınar və daşınmaz əşyanın daxil olub-olmaması, həmin əşyaların İddiaçı2 tərəfindən vərəsə kimi faktiki qəbul və ya istifadə edilib-edilməməsi, habelə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər hallar tərəflərin iştirakı və təqdim etdikləri sübutlar əsasında, çəkişmə prinsipinə uyğun qaydada tam və hərtərəfli araşdırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla iddia tələblərinə və cavabdeh tərəfin etirazlarına əsaslandırılmış şəkildə hüquqi qiymət verilməlidir.
Təkrar apellyasiya baxışı
29. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış iddiaçılar və cavabdeh Zövqi Məmmədov, eləcə də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin və Gədəbəy rayon notariat ofisinin nümayəndələri məhkəməyə gəlməmişlər.
30. Kollegiya işin hallarını və tərəflərin mübahisə ilə bağlı mövqelərinin iş materiallarında əks olunduğunu nəzərə almaqla, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbayca Respublikasının Konstitusiyası
31. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət vərəsəlik hüququna təminat verir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
33. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
34. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
35. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
36. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.
37. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
38. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
39. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
40. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
41. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
42. Maddə 1262. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın.
43. Maddə 1264. Əgər vərəsə mirası qəbul etməkdən bir neçə şəxsin xeyrinə imtina edirsə, onlardan hər birinin payını göstərə bilər. Belə göstəriş olmadıqda onun payı mirasın qəbulundan imtina xeyirlərinə edilmiş vərəsələr arasında bərabər bölüşdürülür.
44. Maddə 1269. Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir.
45. Maddə 1317.1. Mirasın qəbul edilməsinə qədər mirasın açıldığı yerdəki notariat orqanı, zərurət olarsa, mirasın qorunması üçün tədbirlər görür. Həmin qayda vərəsənin məlum olmadığı və ya onun mirası qəbul edib-etməməsinin bilinmədiyi hala da şamil edilir.
46. Maddə 1317.2. Notariat orqanı mirasın qorunması üçün mirası siyahıya ala bilər.
47. Maddə 1318. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görməlidir.
48. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.
49. Maddə 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.
50. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.
“Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu
51. Maddə 55. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.
52. Maddə 57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir.
53. Maddə 59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır.
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarı
54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.
55. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
56. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
57. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
58. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
61. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
62. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
63. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
64. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
65. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
66. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsi).
67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
68. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Belə ki, qətnamədən digər iddiaçı şikayət verməsə də, mübahisənin predmeti bölünməz xarakterlidir, eyni zamanda apellyatorun şikayətinin dəlilləri qətnamənin tam yoxlanılmasına yönəlmişdir.
69. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsi).
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
70. Kollegiya ilk növbədə qeyd edir ki, Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarı ilə qüvvədən düşmüş hesab edildiyinə və həmin qərarla vərəsəlik hüquq münasibətlərinə baxış tərzi kökündən dəyişdiyinə görə, hazırkı mübahisənin həlli baxımından iddiaçıların miras əmlakı qəbul edib-etmədikləri əhəmiyyətli deyildir.
71. Həmin qərardakı hüquqi möveyə görə, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.
72. Konstitusiya Məhkəməsi vurğulamışdır ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyrimütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. ...Vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz.
73. Yuxarıda qeyd olunduğu kimi, X13 7 iyun 2018-ci il tarixdə vəfat etdiyi zaman onun sağ olan yaxın qohumları - əri X8, övladları İddiaçı1, İddiaçı2 və Cavabdeh olmuş, X12 rayonunun Söyüdlü kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 96,5 kv.m olan fərdi yaşayış evi miras qalmış, X9 7 avqust 2019cu il tarixdə notariat kontoruna ərizə ünvanlayaraq arvadından ona düşən miras əmlakı qəbul etmədiyini və etmək fikrində olmadığını bildirmişdir.
74. Konstitusiya Məhkəməsinin Plenumu sözügedən qərarında qeyd etmişdir ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. ...Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir”.
75. Bu kontekstdə kollegiyanın qənaətinə görə, əslində Qurban Məmmədovun müvafiq ərizəsi mirasdan imtina kimi qiymətləndirilə bilməz – çünkü, əgər o, xx.xx.2018-ci il tarixdə vəfat etmiş arvadından qalan mirasa sahiblik etməyə və ya onu idarə etməyə başlamışdısa, bu halda mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilərdi (§ 44). Buna görə də onun ərizəsi mirasdan imtina deyil, arvadından qalmış mirası ümumiyyətlə qəbul etmədiyi barədə iradə bəyanı kimi nəzərə alınmalıdır.
76. Qurban Məmmədovun müvafiq ərizəsi hətta mirasın qəbulundan imtina kimi qiymətləndirilsə belə, bu halda da, ona arvadından qalmış miras payı cavabdeh Zövqi Məmmədovun payına əlavə edilə bilməzdi – çünkü o, mirasdan kimin xeyrinə imtina etdiyini bildirməmişdir (§ 42).
77. Beləliklə, iddiaçılar mirasdan imtina etməyən vərəsələr olaraq onu qəbul etmişlər və miras əmlak onlarla Cavabdeh arasında bərabər paylarda bölüşdürülməlidir.
78. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26 iyul 2021-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir.
79. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Gədəbəy rayonunun Söyüdlü kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 96,5 kv.m olan fərdi yaşayış evinə dair verilmiş xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” və həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyat qanuni hesab edilə bilməz.
80. Kollegiya onu da qeyd edir ki, iddiaçıların “miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən olunması” tələbləri üzrə ayrıca qətnamə çıxarılmasına zərurət yoxdur; çünkü yuxarıda qeyd olunduğu kimi, mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab olunur.
81. Şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1544/2022 saylı iş üzrə 03 iyun 2022-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı1 və İddiaçı2 Quran qızının X10, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə və Gədəbəy rayon notariat ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi, mirasın faktiki qəbul edilməsi faktının müəyyən olunması və tərəflərin bərabər pay hüquqlarının tanınması” tələbləri təmin edilsin. Gədəbəy rayonunun Söyüdlü kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 96,5 kv.m olan fərdi yaşayış evinə dair Gədəbəy rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”, habelə həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində X6 adına aparılmış qeydiyyat etibarsız hesab olunsun. X1 miras qalmış Gədəbəy rayonunun Söyüdlü kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 96,5 kv.m olan fərdi yaşayış evinə 1/3 hissədə İddiaçı1, 1/3 hissədə İddiaçı2, 1/3 hissədə X6 miras payları tanınsın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onları ödəmiş şəxslərin özlərinə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslər tərəfindən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə