Məhkəmə qərarları › İş №2(103)-2070/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2070/2021

15.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2070/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və X7 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)-1545/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və digər şəxslərin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Bağlar döngəsi 14 nömrəli ünvanda yerləşən torpaq sahəsindən çıxarılması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)-1545/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qəbul edilmiş qətnamənin 3-cü səhifəsinin 2-ci abzasının başlanığıcından də görünür ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən iddia ərizəsinə əlavə təqdim edilmişdir. Həmin əlavədən də eyni zamanda açıqdan-açığa görünür ki, ilk iddia tələbi, cavabdeh-Cavabdeh Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Bağlar döngəsi 14 №-li ünvanda yerləşən torpaq sahəsindən çıxarılması barəsində və Bakı şəhər reyestr xidmətinə torpaq sahəsinə onun adına yenidən rəsmiləşdirilməsinə qərar verilməsi üçün qətnamə qəbul edilməsi" dəyişdirilərək - cavabdeh-Cavabdeh və digər şəxslərin Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Bağlar döngəsi 14 №-li ünvanda yerləşən torpaq sahəsindən çıxarılması barəsində qətnamə qəbul edilməsi xahiş edilmişdir. Lakin məhkəmənin hakimi qəbul etdiyi xx.xx.2020-ci il tarixli Qətnamənin qət etdi hissəsində nədənsə, müəammalı şəkildə, "İddiaçı cavabdehlər Cavabdeh və X8 qarşı "torpaq sahəsindən çıxarılma və onun adına yenidən rəsmiləşdirmə" tələbinə dair iddiası rədd edilsin" kimi göstərmişdir. Bunu yanlışlıq kimi qəbul etmir, ona görə ki, bu cür qeyd hakimin öz istək və arzusunun reallaşdırılması məqsədi ilə həyata keçirilmiş və məhz bu məqsədlə qətnamənin 1- ci səhifəsinin başlanğıcında - "İddiaçı Cavabdeh və X8 qarşı "torpaq sahəsiindən çıxarılma və onu adına yenidən rəsmiləşdirmə" tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq," kimi də əsassız və qanunsuz bir qeyd aparmışdır. Niyə iddiaçının razılığı olmadan hakim hansı əsaslarla X9 cavabdeh qismində işə cəlb etmiş və nəyə görə qətnamədə bu barədə heç bir qeyd aparmamışdır? Burada bir məqsəd güdülmüşdür ki, hansı yolla olursa olsun əvvəlki məhkəmə aktlarına istinad edilməsi mümkün olsun və buna cəhd də göstərilmişdir. Hərçənd ki, mübahisəli torpaq sahəsinin mülkiyyətçisinin 2019-cu il tarixli qərarının, zamana görə, 2005-2007ci illərdə qəbul edilmiş və qətnamədə göstərilən məhkəmə aktlarına istinad edilməklə mübahisələndirilməsinə yol verilmir. Məhkəmə hakiminin qəbul etdiyi Qətnamənin 19-cu səhifəsinin 5-ci abzasından 20-ci səhifənin 6-cı abzasınadək olan qeydlə bağlı isə, aşağıdakıları bildirirlər: Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən iddia ərizəsinə əlavə təqdim edilməklə yanaşı həmin əlavəyə, 5 vərəqdən ibarət, torpaq sahəsi üzərində hüquqverici sənədlərin notarial qaydada təsdiq edilmiş surətləri də qoşma şəklində əlavə edilmişdir. Həmin sənədələrdən görünür ki, mübahisəli torpaq sahəsinin mülkiyyətçisi- Bakı şəhər Səbail Rayon İcra Hakimiyyəti, həmin mübahisəli torpaq sahəsinin, İddiaçı istifadəsinə verilməsi barədə qərar qəbul edir və ona bu barədə xx xxxxxx 2020-ci il tarixli 09 saylı məktubla rəsmi məlumat verir. Beləliklə, Səbail Rayon İcra Hakimyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi N.Abbasovun 09 saylı xx xxxxxx 2020-ci il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı müraciəti əsasında, Bağlar döngəsindəki 0,04 ha həmin mübahisəli torpaq sahəsi yeni ekspert komissiyası tərəfindən yenidən İddiaçı adına qeydiyyata alınmışdır. Bundan başqa, Badamdar Bələdiyyəsinin sədri tərəfindən Ş.İddiaçı adına göndərilmiş xx.xx.2020-ci il tarixli, 08/98 saylı məktubun və məktuba əlavə edilmiş, Badamdar Bələdiyyəsinin 06 saylı, xx xxxx 2019-cu il tarixli iclasının gündəliyi və həmin İclasın Protokolundan çıxarışından müəyyən olunur ki, Sabail rayon Badamdar Bələdiyyəsinin 06 saylı iclasının xx xxxx 2019-cu il tarixli qərarına əsasən, Bələdiyyənin xx.xx.2005-ci il tarixli 097 saylı qərarı mövcud qanunvericiliyin tələblərinə uyğun olmayaraq qəbul edildiyindən, Badamdar qəsəbəsi, köhnə Bağlar küçəsində yerləşən 400,0 kv.metr torpaq sahəsinin vətəndaş Əbülfəz Abbasova satılması barədə Bələdiyyə sədri Bəybala Hüseynov tərəfindən, buna səlahiyyəti olmadan, Bələdiyyənin mülkiyyət hüququnu təsdiq edən sənədi, müvafiq icra hakimiyyəti orqanlarının rəyi və torpağın dəyərinin ödənilməsi haqqında təsdiq edici sənəd belə olmadan təkbaşına qərar qəbul etdiyindən, Badamdar Bələdiyyəsinin 097 saylı xx.xx.2005-ci il tarixli qərarı ləğv edilmişdir. Nəhayət, Səbail Rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Samir Zamanovun xx xxxxxx 2020-ci il tarixli, 136 saylı məktubundan görünür ki, Badamdar qəsəbəsi, 2-ci massiv, Bağlar döngəsi 14-də yerləşən torpaq sahəsi Bələdiyyənin mülkiyyətinə verilməmişdir, həmin torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir. Qeyd olunanlardan bir daha müəyyən olunur ki, mübahisəli torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmış, eyni zamanda, Badamdar Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 097 saylı qərarı mövcud qanunvericiliyin tələblərinə uyğun olmayaraq qəbul edildiyindən, ləğv edilmişdir. Beləliklə də, yuxarıda qeyd olunan, Səbail İcra Hakimiyyəti Başçısının müvafiq qərarıa uyğun olaraq, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Bağlar döngəsi 14 №-li Qnvandakı 0,04 ha həmin mübahisəli torpaq sahəsi ekspert komissiyası tərəfindən yenidən İddiaçı adına qeydiyyata alındığından, bu torpaq sahəsi üzərində onun faktiki olaraq istifadə hüquqları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 241.2.-ci maddəsinə əsasən- Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ, fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Beləliklə, məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında, nümayəndə və vəkil tərəfindən iddia ərizəsinə əlavədən başqa, eyni zamanda həmin əlavəyə qoşma şəklində təqdim edilən sübutlarla bağlı yuxarıda göstərilən şəkildə izahat verməklə, mübahisənin tam və hərtərəfli araşdırılması və qanunvericilik əsasında düzgün nəticəyə gələrək ədalətli qərar qəbul edilməsi məqsədi ilə, mübahisəli torpaq sahəsinin mülkiyyətçisi-Səbail Rayon İcra Hakimiyyətinin və Səbail rayon Badamdar Bələdiyyəsinin bu iş üzrə 3-cü şəxs qismində işə cəlb edilməsi üçün hakimə vəsatət təqdim edilsə də vəsatət qəbul edilməmiş, nə torpaq sahəsinin mülkiyyətçisi, nə də ki, Badamdar Bələdiyyəsi bu işə maraqlı şəxs qismində bilərəkdən cəlb edilməmişdir. Badamdar Bələdiyyəsi göstərir ki, həmin mübahisəli torpaq sahəsi heç vaxt bələdiyyənin mülkiyyətində olmamış, həmin sahənin əvvəlki Bəllədiyyə sədri tərəfindən X8 verilməsi barədə qərarı qanunsuz olduğundan ləğv edilmiş və hazırda da dövlət mülkiyyətində olan torpaq sahəsidir, eyni zamanda həmin torpaq sahəsini istifadəyə verməyə səlahiyyətli olan və mülkiyyətçisi adından çıxış edən - Səbail Rayon İcra Hakimyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi N.Abbasovun 09 saylı xx xxxxxx 2020-ci il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı müraciəti əsasında, Bağlar döngəsindəki 0,04 ha həmin mübahisəli torpaq sahəsi yeni ekspert komissiyası tərəfindən yenidən İddiaçı adına qeydiyyata alınmış və XXİ Əsrdə qəbul edilmiş Azərbaycan Respublikasının yeni Mülki Məcəlləsinin 241.2.-ci maddəsinə əsasən, həmin andan da, bu torpaq sahəsi üzərində İddiaçı istifadə hüququ yaranmış olduğuna baxmayaraq, məhkəmənin hakimi qanunvericiliyin bu normasının tələbini bilərəkdən inkar etmiş, bir Əsr əvvəl- XX Əsrdə qəbul edilmiş və hazırki iş üzrə mübahisəyə aidiyyəti olmayan Torpaq Məcəlləsinin 48.2,-ci, 49.1,-ci və 49.2,-ci maddələrinə istinad etməklə, yuxarıda göstərilən qaydada qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 bildirdi ki, apellyasiya şikayətini müdafiə edir və izahatı kimi qəbul edilməsini xahiş edir. Onların xahişi, sənədə qiymət verilməsidir. Ən azından yerində baxış keçirilməli idi. Məhkəmə Əbülfəz Abbasovun əlavə cavabdeh kimi işə cəlb olunması barədə ona təklif etdi, o, da etiraz etmədiyini bildirdi. İddiaçının uzun müddət buradan olmamasından istifadə olunub. İcra nümayəndəsinin sonuncu sənədini qanuni hesab edir və məhkəmədən ona qiymət verilməsini xahiş edirlər. Həmin məktub torpaq sahəsinin nə vaxt və kimə verilməsini təsdiq edir. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz etdi və rədd olunmasını xahiş etdi, həmçinin bildirdi ki, məhkəmə Əbülfəz Abbasovu cavabdeh qismində cəlb olunması barədə təklif etdi və iddiaçı tərəf də bunu qəbul etdi. Necə olur ki, cavabdeh qismində cəlb olunmadığı halda, Əbülfəz Abbasovun adına olan sənəd mübahisələndirilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən etdiklərinə əsasən yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2004-cü il tarixli 2-42/04 saylı qətnaməsinə əsasən iddiaçı X1 cavabdehlər X12, İddiaçı, Səbail Rayon İcra Hakimiyyətinə, Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə və Bakı şəhəri, 28-ci Dövlət Notariat Kontoruna qarşı qaldırdığı Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Bağlar döngəsi, 14 nömrəli evdə yaşamış X20 və X16 arasında 1989-cu ilin mayın 17-də bağlanmış alqı-satqı müqaviləsinin təsdiq edilməsi, Səbail Rayon İcra Hakimiyyətinin "Badamdar qəsəbəsində mövcud bağın sənədləşdirilməsi və orada fərdi evin tikintisi barədə" xx xxxxxx 1999-cu il tarixli 44 saylı sərəncamının ləğv edilməsi, Bakı şəhər Torpaq şöbəsi tərəfindən xx xxxxxx 2002-ci il tarixində həmin sahəyə verilmiş JN- 3979H nömrəli şəhadətnamənin, Bakı şəhər 28-ci Dövlət Notariat Kontorunda xx.xx.2002-ci ildə X17 və İddiaçı arasında bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı həmin bağ sahəsindən çıxarılması barədə iddiası qismən təmin edilərək Səbail Rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsində mövcud bağın sənədləşdirilməsi və orada fərdi evin tikintisi barədə 1999-cu il 12 yanvar tarixli sərəncamı ləğv edilmiş, Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Torpaq şöbəsinin X6 Bakı şəhəri, Badamdar qəsəbəsi, 2- ci yaşayış massivi, Bağlar döngəsi, 14-də yerləşən torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən 2002-ci il 30 iyun tarixli, JN 3493 H seriyalı 00400016 nömrəli şəhadətnamə etibarsız hesab edilmiş, Bakı şəhər 28 saylı Dövlət X3 X14 Puqaçova arasında Badamdar qəsəbəsi, bağlar ərazisindəki Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, bağlar döngəsi 14-də yerləşən 0,04 ha torpaq sahəsinə 2002-cil il sentyabrın 15-də rəsmiləşdirilmiş və 4ə2/237 nömrə ilə reyestrdə qeyd edilmiş alqı-satqı müqaviləsi ləğv edilmiş, İddiaçı adına Badamdar qəsəbəsi, bağlar ərazsindəki Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, bağlar döngəsi 14-də yerləşən 0,04 ha torpaq sahəsinə Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Torpaq Şöbəsinin 2002-ci il oktyabrın 11-də verilmiş JN 4353 H seriyalı 00400016 nömrəli şəhadətnamə etibarsız hesab edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Qətnamə ilə iddiaçının X22 və mərhum X11 ailə üzvü olan X4 arasında, Badamdar qəsəbəsindəki köhnə bağlar ərazisindəki (Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, bağlar döngəsi 14-də) torpaq sahəsinə və bir otaq və bir mətbəxdən ibarət tikiliyə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsi təmin edilməmiş, İddiaçı mübahisəli torpaq sahəsindən istifadə etmədiyindən və yaşamadığından iddianın onun həmin sahədən çıxarılmasına dair hissəsinə xitam verilmişdir. Səbail Rayon icra Hakimiyyəti başçısının xx xxxx 2005-ci il tarixli 412 saylı Sərəncamı ilə Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2004-cü il tarixli 2-42/04 saylı qətnaməsini və onunla bağlı xx xxxx 2005-ci il tarixli icra vərəqəsini rəhbər tutaraq, vətəndaş X6 adına “Badamdar qəsəbəsində mövcud bağın sənədləşdirilməsi və orada fərdi evin tikintisi haqqında” Səbail Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 1999-cu il tarixli 44 saylı Sərəncamı ləğv edilmişdir. Həmçinin qeyd edilən icra vərəqəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması üçün təqdim edilən ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər torpaq şöbəsi tərəfindən 2002-ci il oktyabrın 11-də verilmiş JN 4353 H seriyalı 00400016 nömrəli şəhadətnamə və onun verilməsinə əsas olmuş sənədlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən etibarsız hesab edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərardadı ilə məhkəmə baxışı zamanı Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsində mövcud bağın sənədləşdirilməsi ilə və orada fərdi evin tikintisi barədə 1999-cu il 12 yanvar tarixli 44 №li sərəncamı ilə V.Y.Puqaçovaya torpaq sahəsi ayrılması, sərəncamda torpaq sahəsinin sənədləri müəyyən edilməməsi, sonradan bir-birinə zidd olan torpağın yerləşmə sahəsinin cizgisini əlavə edilməsini, bir sözlə, V.Y.Puqaçovaya Badamdar qəs. 0,04 ha torpaq sahəsinə rəsmi sənədə bilə-bilə yalan məlumat yazılmaqla onun adına şəhadətnaməsi verilməsi ilə əlaqədar qərardadın təsviri hissəsində göstərilən xüsusatlar Səbail Rayon Prokurorunun nəzərinə çatdırılmışdır. Hazırda iddiaçı Səbail Rayon Məhkəməsinin MN-24/2007 saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə qanuni hesab edilmiş Səbail Rayon Prokurorunun müavini X15 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx xxxxxx 2005-ci il tarixli qərarına və bu qərarın məhkəmə tərəfindən qanuni hesab edilməsinə dair qəbul edilmiş qərarına istinad edərək tələbinin əsaslandırılmasında ona istinad etmişdir ki, Cavabdeh tərəfindən Xətai Rayon Məhkəməsinə saxta və mənbəyi bəlli olmayan saxta cizginin təqdim edilməsi təşkil edilmiş və məhkəmə tələbin qismən təmin edilməsi nəticəsinə gələrkən, məhz mənbəyi bəlli olmayan bu saxta sənədin mövcudluğuna əsaslanmışdır. Səbail Rayon Prokurorluğu tərəfindən qəbul edilərkən aparılmış araşdırma zamanı isə müəyən edilmişdir ki, mənbəyi bəlli olmayan həmin sənədin, məhkəməyə hansı vasitələrlə və ya kimin vasitəsilə təqdim edilməsini müəyyən etmək mümkün olmamış, torpaq sahəsi isə X2i əsaslarla verilmişdir. Həmçinin, iddiaçı Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə iddianın təmin olunmayan hissəsini rəhbər tutaraq belə qənaətə gəlmişdir ki, nə iddiaçının, nə də ki, onun müqavilə bağladığı erməninin mübahisəli torpaq sahəsinə hüquqları mövcud olmamış, torpaq sahəsinin X6 adına rəsmiləşdirilməsi və sonradan alqı-satqı nəticəsində həmin torpaq sahəsinin onun adına özgəninkiləşdirilməsi və bu barədə hüquqverici sənədlərin alınması zamanı həmin şəxslərin heç bir hüquqları və qanunla qorunan mənafeləri pozulmamışdır. İddiaçı Ş.S.Şamilov eləcə də, Xətai Rayon Məhkəməsində işə baxılarkən iddiaçının tələbinin qismən təmin edilməsi zamanı qəbul edilmiş məhkəmə qətnaməsinin, buna hüququ olmayan şəxsin tələbi əsasında qəbul edilməsini qeyd etmişdir. Məhkəmə iddiaçının tələblərinin əsaslandırılması kimi istinad etdiyi bu hallar üzrə qeyd edir ki, Xətai Rayon Məhkəməsinin sözügedən qanuni qüvvəsini almış qətnaməsi ilə mübahisəli torpaq sahəsinin İddiaçı istifadəsində və sahibliyində olmadığı, eləcə də mübahisəli torpaq sahəsində hər hansı tikintinin aparmaması, o cümlədən onun həmin torpaq sahəsinə hüquqlarını təsdiq edən sənədlərin etibarsız sayılması müəyyən olunmuşdur. İşin materiallarından görünür ki, bundan sonra, İddiaçı Cavabdeh qarşı tikilinin qeyri-qanuni sökülməsinin dayandırılması, cavabdeh tərəfindən sökülmüş tikililərin bərpa edilməsi, yaxud qanunsuz sökülmüş tikililərə görə ona vurulmuş maddi ziyanın ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Bağlar döngəsi, 14-də yerləşən tikililərin Cavabdeh tərəfindən sökülməsinin qarşısının təcili alınmasını xahiş etmiş, Səbail Rayon Məhkəməsinin 2- 1281/2005 saylı xx xxxxxxxx 2005-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, Apellyasiya Məhkəməsinin 1 MK-373/2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sözügedən iş üzrə qəbul edilən məhkəmə aktları ilə də müəyyən edilmişdir ki, İddiaçı mübahisəli torpaq sahəsinə dair hər hansı bir hüquqa malik olmamış və bu səbəbdən də həmin sahədəki tikililərin sökülməsi ilə bağlı İddiaçı qanunla müdafiə edilən mənafelərinə zərər vurulmamışdır. İşin materiallarından həmçinin görünür ki, Apellyasiya Məhkəməsinin 1 MK-231/2005 saylı, xx.xx.2005-ci il tarixli qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2004- cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması və həmin qətnamənin dəyişdirilmədən saxlanılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 6k-1203\2005 saylı, xx.xx.2005-ci il tarixli Qərarı qəbul edildikdən sonra Səbail Rayon Badamdar Bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 097 nömrəli “Bələdiyyə ərazisində olan torpaq sahəsinin X10 mülkiyyətinə verilməsi barədə” qərarı ilə Badamdar qəsəbəsi, Köhnə bağlar küçəsində olan 400 kv.m torpaq sahəsi, uzun müddət istifadəsində olduğuna görə X13 alqı-satqı yolu ilə satılmışdır. Bununla bağlı İddiaçı tərəfindən Səbail Rayon Məhkəməsinə müraciət edilərək, bələdiyyə tərəfindən Badamdar Bələdiyyəsinin 097 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə X10 adına verilmiş qərarın ləğv edilməsi və bu şəxsin həmin ərazidən çıxarılması barədə iddia tələbi irəli sürülsə də, məhkəmənin xx xxxx 2006-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, bu qətnamədən verilmiş apellyasiya şikayəti də Apellyasiya Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ilə təmin olunmamış, Ali Məhkəmənin 6K-544/07 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2007-ci il tarixli qərarı ilə verilmiş kassasiya şikayəti təmin edilməyərək Apellyasiya Məhkəməsinin bu iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sonuncu məhkəmə aktları qəbul edilərkən Azərbaycan Respublikası MPM-nin 82.2 və 82.3cü maddələri əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-42/04 saylı, xx xxxxxxxx 2004-cü il tarixli qətnaməsinə istinad edilmişdir. İşin araşdırılmış hallarından həmçinin görünür ki, iddiaçı Səbail Rayon Prokurorunun müavini X15 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx xxxxxx 2005-ci il tarixli qərarından əlavə, iddiasının əsaslı olmasının əsası kimi həm “Səbail Rayon Məhkəməsinin qeyd edilən qərarın qanuni olmasına dair Səbail Rayon Məhkəməsinə qərarın hüquqi qüvvəsi olması barəsində” müraciətinə cavab olaraq Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 163 saylı cavab məktubuna, həm də onun müraciəti əsasında, Bağlar döngəsindəki 0,04 ha həmin mübahisəli torpaq sahəsinin yeni ekspert komissiyası tərəfindən yenidən öz adına qeydiyyata alınmasına dair Səbail Rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi N.Abbasovun 09 saylı xx xxxxxx 2020-ci il tarixli məktubuna, həm də Badamdar Bələdiyyəsinin 097 saylı xx.xx.2005-ci il tarixli qərarının ləğv edilməsinə dair Səbail Rayon Badamdar Bələdiyyəsinin 06 saylı iclasın protokolundan xx.xx.2019-cu il tarixli çıxarışa istinad etmişdir. Məhkəmə iddia tələblərinin əsası kimi istinad edilən hallara qiymət verməyə davam edərək hesab edir ki, irəli sürülən dəlillər hazırki iddianın əsaslı olması kimi qiymətləndirilə bilməz. Belə ki, Səbail Rayon Prokurorunun müavini X15 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx xxxxxx 2005-ci il tarixli qərarı Xətai Rayon Məhkəməsinin qəbul etdiyi qərardadında göstərilən hallarla bağlı aparılan araşdırma əsasında qəbul edilmiş, Ş.Şamilov həmin qərarı qanunsuz sayaraq ondan şikayət etmiş, məhkəmənin də MN-24/2007 saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə həmin şikayət rədd edilmişdir. Məhkəmə daha sonra qeyd edir ki, Səbail Rayon Prokurorunun müavini, ədliyyə müşaviri X15 xx xxxxxx 2005-ci il tarixli qərarı ilə Səbail Rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsində mövcud bağın sənədləşdirilməsi və orada fərdi evin tikilməsi barədə 1999-cu il 12 yanvar tarixli 44 nömrəli sərəncama əlavə edilmiş cizginin 2001-ci ilin iyun-iyul aylarından sonra vəzifəyə təyin edilmiş şəxslər tərəfindən imzalanması, həmin cizginin saxta olmasını təsdiq edə bilməməsi müəyyən edilsə də, keçən müddət ərzində qəbul edilmiş və qanuni qüvvəsini almış məhkəmə aktları birmənalı olaraq müəyyən edilmişdir ki, iddiaçının hazırda mübahisələndirdiyi torpaq sahəsi üzərində olan bütün hüquqlarına xitam verilmiş və onun hüquqlarını müəyyən edən bütün sənədlər etibarsız hesab edilmişdir Həmçinin işin materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 6k- 1203\2005 saylı, xx.xx.2005-ci il tarixli qərarından İddiaçı konstitusiya şikayəti versə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının «İddiaçı şikayətinə dair” xx.xx.2006cı il tarixli Qərardadı ilə - şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Daha sonra işin materiallarından görünür ki, İddiaçı tərəfindən yeni açılmış hal üzrə ərizə təqdim edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin 6k-554/2007 saylı,xx.xx.2007-ci il tarixli qərarını 2017-ci ildə mübahisələndirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Yeni açılmış hallar üzrə məhkəmə tərkibinin» 13(102)-76/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə İddiaçı ərizəsi rədd edilmişdir. Məhkəmə iddia tələbinin əsası kimi istinad edilən hallara qiymət verməkdə davam edərək həmçinin qeyd edir ki, Səbail Rayon Məhkəməsinin MN-24/2007 saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə, İddiaçı şikayət ərizəsi üzrə cinayət işi başlanmasının rədd edilməsinə dair Səbail Rayon Prokurorunun müavini, ədliyyə müşaviri X15 xx xxxxxx 2005-ci il tarixli qərarının qanuni hesab edilməsi ilə bağlı İddiaçı tərəfindən həmin məhkəməyə bu qərarın dövlət qurumlarına hüquqi sənəd kimi təsdiq edilməsi barədə xahişi əsasında məhkəmənin məsləhətçisi tərəfindən bu qərarın dövlət və inzibati orqanlar tərəfindən yerinə yetirilməsinin məcburi olduğunu bildirməsinə dair məhkəmənin xx.xx.2019-cu il tarixli 163 saylı cavab məktubunun məzmunundan aşkar görünür ki, iddiaçı ona bu məsələ ilə bağlı məsləhət verilməsini xahiş etmişdir. Bununla bağlı cavab məktubunda “məhkəmə qərarlarının bütün dövlət orqanları və ictimai təşkilatlar tərəfinən icrasının məcburi olması” göstərilməklə yanaşı, ona məhkəmə qərarının hüquqi sənəd kimi hansısa dövlət orqanına təqdim edilməsinə dair məsləhət almaq üçün hüquqi yardım və izahla məşğul olan təşkilatlara müraciət edilməsi xahiş olunmuşdur. İşin materiallarından görünür ki, Səbail Rayon Məhkəməsinin MN-24/2007 saylı, xx.xx.2007-ci il tarixli qərarında dövlət və inzibati orqanlar tərəfindən yerinə yetirilməsi məcburi olan hər hansı bir məsələyə deyil, yalnız İddiaçı şikayət ərizəsi üzrə cinayət işi başlanmasının rədd edilməsinə dair Səbail Rayon Prokurorunun müavini, ədliyyə müşaviri X15 xx xxxxxx 2005-ci il tarixli qərarının qanuniliyinə qiymət verilmişdir. Badamdar Bələdiyyəsinin 097 saylı xx.xx.2005-ci il tarixli qərarının ləğv edilməsinə dair Səbail Rayon Badamdar Bələdiyyəsinin 06 saylı iclasın protokolundan xx.xx.2019-cu il tarixli çıxarışına gəldikdə isə məhkəmə hesab edir ki, bu halın mövcudluğu hazırki iş üçün də mühüm əhəmiyyət kəsb edən hüquqi sənəd kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəməyə təqdim edilmiş Bakı şəhəri Səbail Rayon Badamdar qəsəbə Nümayəndəliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Badamdar qəsəbəsi, 2-ci massiv, Bağlar döngəsi 14-də yerləşən 0.04 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilməmiş və dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir. Bu sənədə də əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının müraciəti əsasında, Badamdar qəs. Bağlar döngəsindəki 0,04 ha həmin mübahisəli torpaq sahəsi yeni ekspert komissiyası tərəfindən yenidən onun öz adına qeydiyyata alınmasına dair Səbail Rayon İcra Hakimyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi N.Abbasovun 09 saylı xx xxxxxx 2020-ci il tarixli məktubu da hüquqi əhəmiyyət kəsb edən və iddianın əsaslı olmasını təsdiq edən mötəbər sübut növü kimi qiymətləndirilmir. Göründüyü kimi, mübahisəli torpaq sahəsi üzərində iddiaçının hüquqları yeni ekspert komissiyası tərəfindən qeydiyyata alınması yolu ilə deyil, qanunvericinin tələbləri üzrə həyata keçirilə bilər. Buna görə də məhkəmə hesab edir ki, Səbail Rayon icra Hakimyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi N.Abbasovun 09 saylı xx xxxxxx 2020-ci il tarixli məktubunun mövcudluğu iddiaçının mübahisəli torpaq sahəsinə istifadə hüquqları yaranması üçün hüquqi əsas kimi qiymətləndirilə bilməz. Göstəriləndən əlavə məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçının subyektiv hüququnun olmamasına da qiymət verilməlidir. Qəbul edilən və qanuni qüvvəsini almış məhkəmə aktları mövcud olsa da, iddiaçı tərəfindən yenidən hazırki iddia ilə mübahisəli torpaq sahəsini mübahisə obyektinə çevirməsinə baxmayaraq, hazırda mübahisəli torpaq sahəsinə dair hər hansı bir hüquqa malik olmadığından onun Cavabdeh və digər şəxslərin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Bağlar döngəsi 14 nömrəli ünvanda yerləşən torpaq sahəsindən çıxarılması barəsində iddia qaldırmağa da subyektiv hüququ olmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan qərarında formlaşdırdığı hüquqi mövqeyə görə.... ikinci qrupa elə prosessual pozuntuları aid etmək olar ki, onlar birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas olmaya da bilər. Belə pozuntuları şərtli pozuntular da adlandırmaq olar. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olubolmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən yol verilmiş böyük əhəmiyyət kəsb etməyən prosessual pozuntular məhkəmənin yekun nəticəsinə təsir göstərməmişdirsə və ya göstərə bilməmişdirsə onlar qətnamənin ləğvi üçün əsas deyildir. Onu da nəzərə almaq lazımdır ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (MPM-in 385.2-ci maddəsi). Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Belə ki, iddiaçının apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia tələbinin təmin edilməməsi hissəsində iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırkı iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, X5 işə əlavə cavabdeh qismndə cəlb edilməsi iddiaçının nümayəndəsinin və vəkilinin razılığı və xahişi ilə olmuşdur(bax.i.v.123). Bu hal Mülki Prosessual Məcəllənin 51.3-cü maddəsinin tələblərinə uyğun yerinə yetirilmişdir. Bunu apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili bir daha təsdiq etmişdir. Bu hal məhkəmənin öz təşəbbüsü ilə olsa belə yenə də qətnamənin ləğvi üçün əsas olan pozuntu sayılmır. Çünki, bu cür pozuntular şərtli pozuntular sayılır. Yəni, böyük əhəmiyyət kəsb etməyən prosessual pozuntular olduğundan məhkəmənin gəldiyi yekun nəticəyə təsir etmirsə qətnamənin ləğvi üçün də əsas ola bilmir. Birdəki, iddia ərizəsinə əlavəsində iddiaçı onsuzda Cavabdeh və digər şəxslərin mübahisəli torpaq sahəsindən çıxarılmasını məhkəmədən xahiş etmişdir. Digər şəxslərin sırasında Əbülfəz Abbasov da ola bilərdi. Yox əgər iddiaçı Əbülfəz Abbasovun digər şəxslərin sırasında olmasını istəmirdisə onda ən azından ərizəsində “digər şəxslər”ə Əbülfəz Abbasovun aid olmadığını ayrıca göstərə bilərdi, lakin göstərməmişdir. Göründüyü kimi, şikayətin bu dəlili açıq-aşkar əsassız olduğundan qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. İkincisi, iddia edən iddia etdiyi halları sübut etməlidir. Çünki, istinad etdikləri halları sübut etmək yükü onun üzərinə düşür. Lakin hazırki işdə iddiaçı mübahisəli torpaq sahəsinin hər hansı bir hüquqla ona məxsus olmasına yaxud ona qanunla müəyyən edilmiş qaydada ayrılmasına dair məhkəməyə mötəbər sübut təqdim etməmiş, istinad etdikləri halları məhkəmə tədqiqi zamanı sübut edə bilməmişdir. Bu barədə yalnız onun izahatları mövcuddur. Onun izahatı isə işdə olan digər mötəbər sübutlarla yanaşı qiymətləndirilməlidir. İşdə isə onun istinad etdiyi halları təsdiq edən mötəbər sübutlar yoxdur. Belə ki, iddiaçının hazırki iddiasının faktiki əsasını Səbail Rayon İcra Hakimyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi N.Abbasovun 09 saylı xx xxxxxx 2020-ci il tarixli məktubu təşkil edir. Həmin məktubda İddiaçı müraciətinə cavab olaraq Bağlar döngəsindəki mübahisəli 0,04 ha torpaq sahəsinin yerli ekspert komissiyası tərəfindən İddiaçı adına qeydiyyata alındığı göstərilmişdir. Məhkəməyə müraciət etdikdən sonra isə iddiaçı tərəfindən təqdim edilən Badamdar Bələdiyyəsinin sədri tərəfindən iddiaçının adına göndərilmiş xx.xx.2020-ci il tarixli, 08/98 saylı məktubun və məktuba əlavə edilmiş, Badamdar Bələdiyyəsinin 06 saylı, xx xxxx 2019-cu il tarixli iclasının gündəliyi və həmin İclasın Protokolundan çıxarışında isə Sabail rayon Badamdar Bələdiyyəsinin 06 saylı iclasının xx xxxx 2019-cu il tarixli qərarına əsasən, Bələdiyyənin xx.xx.2005-ci il tarixli 097 saylı qərarı mövcud qanunvericiliyin tələblərinə uyğun olmayaraq qəbul edildiyindən, Badamdar qəsəbəsi, köhnə Bağlar küçəsində yerləşən 400,0 kv.metr torpaq sahəsinin vətəndaş Əbülfəz Abbasova satılması barədə Bələdiyyə sədri Bəybala Hüseynov tərəfindən, buna səlahiyyəti olmadan, Bələdiyyənin mülkiyyət hüququnu təsdiq edən sənədi, müvafiq icra hakimiyyəti orqanlarının rəyi və torpağın dəyərinin ödənilməsi haqqında təsdiq edici sənəd belə olmadan təkbaşına qərar qəbul etdiyindən, Badamdar Bələdiyyəsinin 097 saylı xx.xx.2005-ci il tarixli qərarı ləğv edilmişdir. Səbail Rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Samir Zamanovun xx xxxxxx 2020-ci il tarixli, 136 saylı məktubunda isə Badamdar qəsəbəsi, 2-ci massiv, Bağlar döngəsi 14-də yerləşən torpaq sahəsi Bələdiyyənin mülkiyyətinə verilmədiyini, həmin torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi olduğu göstərilmişdir. Qeyd olunan sənədlərə əsasən də iddiaçı iddiasının əsaslı və təmin olunmalı olduğunu düşünür. Əvvəla, iddiaçı Mülki Məcəllənin 241.2-ci maddəsinə istinad etsə də Səbail Rayon İcra Hakimyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəliyi yaxud nümayəndəsi Səbail Rayon İcra Hakimiyyəti demək deyil yaxud da onun adından mübahisəli torpaq sahəsini də istifadəyə verməyə vəkil edilmiş yaxud səlahiyyət verilmiş dövlət orqanı sayılmır. Əks halda Badamdar Nümayəndəliyinə yaxud onun yerli ekspert komissiyasına hansısa torpaq sahəsi, o cümlədən mübahisəli torpaq sahəsini istifadəyə vermək üçün qərar qəbul etmək səlahiyyəti verilsəydi, mütləq ki, bu barədə ya həmin məktubda qeyd edilərdi, yaxud ayrıca sənəd verə bilərdi. Göründüyü kimi, torpaq sahəsinin üzərində iddiaçının hansısa hüququnun yaranması üçün əsas hesab edilən yerli icra hakimiyyəti orqanının qanunla müəyyən edilmiş qaydada verilməli olan qərarı olmamışdır. Bundan əlavə, mübahisəli torpaq sahəsinin dövlət, bələdiyyə yaxud xüsusi mülkiyyətdə olmasını müəyyən etmək də Badamdar Nümayəndəsinin səlahiyyəti deyildir, istəsə belə bunu müəyyənləşdirə bilməzdi. Çünki, torpaq sahələrinin hansı şəxslərə aid olması, təyinatı, kateqoriyası və.s müəyyən edilməsini Əmlak Məsələləri Dövlət Xidməti və onun müvafiq qurumları həyata keçirir. İddiaçı həqiqətən hesab edirsə ki, qeyd olunan torpaq sahəsi qanunu əsaslarla ona ayrılmışdır, onda həmin torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasından sonra məhkəməyə müraciət edə bilərdi. Ancaq Səbail Rayon İcra Hakimyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəliyinin yaxud Badamdar Bələdiyyəsinin hansısa qanuni əsası olmayan məlumatlarına(məktubuna) əsasən iddia əsaslı hesab edilə bilməz. Çünki, bu cür məktub və məlumatları iddiaçıya mübahisəli torpaq sahəsinə görə iddia irəli sürməyə subyektiv(tələb etmək)hüququ yaratmır. Ən azından həmin qurumlar mübahisəli torpaq sahəsinin statusunu bilmir. Əks halda bu torpaq sahəsi barədə ziddiyyətli məlumatlar(biri dövlət topağı olduğunu bəyan, digəri isə mübahisəli torpaqla bağlı əvvəlki Bələdiyyənin qərarını ləğv edir) verməzdilər. Üçüncüsü, mübahisəli torpaq sahəsi ilə bağlı 2000-ci illərin əvvəllərindən başlayaraq ona yaxın məhkəmə aktları qəbul edilmişdir. Bu məhkəmə aktlarının tam əksəriyyəti iddiaçının iddiası və təmin edilmədiyi halda verdiyi şikayətləri əsasında qəbul edilmişdir. Bütün bu məhkəmə aktları ilə iddiaçının mübahisəli torpaq sahəsinə qanunla müəyyən edilmiş qaydada hər hansı bir hüquqlarının olmadığı və yaranmadığı müəyyən edilmişdir. Bütün bunlara baxmayaraq iddiaçı yenidən hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Əlbətdə ki, iddiaçı məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Lakin məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, hüquq münasibətləri qurarkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etmir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)- 1545/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar