Məhkəmə qərarları › İş №2(103)-2071/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2071/2022

18.02.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2071/2022 18.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Orujova Kiamale Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 4416/2021 saylı mülki işin aidiyyəti üzrə göndərilməsi barədə 06.12.2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətin mümkünlüyünə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Orujova Kiamale Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh оğlu məhkəməyə vəsatət verərək bildirmişdir ki, iddiaçı mənzili həqiqətən də Bahadur adlı şəxsin vasitəçiliyi ilə (maklerin) şifahi razılıq əsasında Cavabdeh kirayəyə verildiyini, cavabdeh və onun ailə üzvləri ilə iddiaçı arasında heç bir müqavilə bağlanmadığını, yalnız şifahi razılıq əsasında müəyyən haqq müqabilində həmin mənzildə qalmalarına icazə verilməsini, cavabdehlə ailə üzvü və qohumluq əlaqələrinin olmamasını göstərdiyi hissədə düz danışsa da, qalan hissədə yalan danışır. Belə ki, 2016-cı ilin oktyabr ayında Nizami rayonunda maklerlik fəaliyyəti ilə məşğul olan Vəli adlı maklerlə telefon vasitəsi ilə 20 (iyirmi) ildən artıq müddət ərzində yaxından tanıyıb çox yaxşı münasibət saxladığı, etibarına zərrə qədər şübhə etmədiyi, qaynananın blok qonşusu olan Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan Bahadur adlı (əslində isə X3) digər maklerlə iki nəfər şahidin yanında hazırda yaşadığı mənzilin əşyasız vəziyyətdə, ən azı 8 (səkkiz) il müddətinə, aylıq kirayə haqqının 450 (dörd yüz əlli) manat məbləğində qabaqcadan ödənilməsi, hər iki maklerin hər birinə bir dəfəyə qabaqcadan 300 (üç yüz) manat, depozit şəklində 2000 (iki min) manat, mənzildə kondisioner və çıl-çıraqların quraşdırılmasının makler X1, lazım olan digər əşyaların alınması və quraşdırılması xərclərinin isə onun üzərinə qoyulması və bu xərclərin mənzilin təhvil verilməsi müddətinin sonuna 2 (iki) il 6 (altı) ay qalmış, lakin 15 (on beş) min manatdan artıq olmamaq və həmin əşyaların mənzili təhvil verərkən mənzildə qalması şərti ilə şifahi olaraq kirayə müqaviləsi bağladı. Həmin vaxtdan 2021-ci ilin sentyabr ayınadək olan müddətdə 450 (dörd yüz əlli) manat məbləğində aylıq kirayə haqqlarını o, özü, bir çox hallarda isə etibar etdiyi digər şəxslərin vasitəsi ilə vatıvaxtında şəxsən makler X2 ödəmişdir. Yuxarıda qeyd etdiyi kimi mənzildə kondisionerlərin quraşdırılmasını müqavilə şərtlərinə əsasən makler X3 öz üzərinə görürüb balaca otaqların ikisinə quraşdırsa da, istifadə etdiyi böyük otağa quraşdırmırdı. 2021-ci ilin yay ayları çox isti keçdiyi üçün o, həmin ilin avqust ayının əvvəllərində aylıq kirayə haqqını Bahaddinə ödədikdən sonra, ondan böyük otağa da kondisioner quraşdirmasını xahiş etdi. O, mənzilin sahibi ilə danışıb bunu edəcəyini bildirsə də, hər il olduğu kimi bunu etməkdən yayındı və ona dedi ki, imkan varsa həmin otağa kondisioneri o, öz pulu ilə quraşdırsın və çəkdiyi xərcin pulu qədər kirayə haqqına hesablansın. O, onun dediyi kimi də edib təzə qiyməti 3500 (üç min beş yüz) manatdan artıq olan, lakin işlənmiş olsa da saz vəziyyətdə olan 1700 (min yeddi yüz) manat məbləğində kondisioner quraşdırdı və sentyabr ayından başlayaraq kirayə haqqlarını ödəməkdən imtina edib, mənzilə aldığı və quraşdırdığı əşyaların dəyəri başa çatanadək, bu təqribən 2 (iki) il 6 (altı) aydan bir az müddət təşkil edir. Göründüyü kimi iddiaçı sahib olduğu mənzili kirayə verməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olub hər ay 450 (dörd yüz əlli) manat məbləğində gəlir əldə etmiş və bununla da cavabdeh kimi onun arasında kommersiya münasibətləri yaranmışdır. Lakin iddiaçı bunlara diqqət yetirməyib hazırkı iddiası ilə məhkəmə aidiyyatı qaydalarına düzgün əməl etməmiş və iddia ərizəsini Bakı Kommersiya Məhkəməsinə təqdim etməli olduğu halda, səhvən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə təqdim etmişdir. Qeyd olunan mülki işə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli 2(007)- 4416/2021 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir. Qərardaddan cavabdehin verdiyi şikayət məhkəmənin 21.01.2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkilşikayətin təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən cavabdeh tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, Cavabdeh şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır (m. 32.4). Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər (m. 32.5). Mülki Prosessual Məcəllənin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır (m. 269.1). Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (m. 269.2). Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kassasiya instansiyası məhkəməsinə göndərilir (m. 269.3). Göründüyü kimi, aidiyyət haqqında qərardaddan şikayət verildikdə baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilməlidir. Göründüyü kimi, hazırki iş üzrə məhkəmə tərəfindən cavabdehin mülki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə ərizəsi təmin edilməmiş, cavabdeh həmin qərardaddan şikayət vermiş, məhkəmə isə şikayəti təmin etməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. Halbuki, həmin qərardaddan verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsi tərəfindən yox, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən baxılmalıdır. Qeyd olunanlara əsasən Kollegiya qeyd edir ki, hazırki aiddiyyətlə bağlı məhkəmənin qərardadından verilmiş şikayətə Mülki Prosessual Məcəllənin tələblərinə əsasən apelyasiya məhkəməsi tərəfindən deyil, kassasiya instansiya məhkəməsi tərəfindən baxılmalı olduğundan, şikayət qeyri-mümkün hesab edilərək, kassasiya instansiya məhkəməsinə göndərilməsi üçün (MPM-də nəzərdə tutulmuş tələblərə riayət edilməklə) mülki işlə birlikdə Nizami Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.3, 403-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli 2(007)- 4416/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə apelyasiya qeyrimümkün hesab edilsin və MPM-də nəzərdə tutulmuş tələblərə riayət edilməklə kassasiya instansiya məhkəməsinə göndərilməsi üçün mülki işlə birlikdə Nizami Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar