Məhkəmə qərarları › İş №2(103)-2071/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2071/2023

28.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2071/2023 28.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(002)-206/2023 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı azyaşlı övladı xx.xx.2018-ci il təvəllüdlü X2 ilə birlikdə ünvan 1 ünvanında yerləşən yaşayış binasına məcburi qaydada köçürülməyinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(002)-206/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iş üzrə icraat Qaradağ rayon məhkəməsinin icraatında olan 2(002)-91/2023 saylı mülki iş üzrə (tərəflər arasında nikahın pozulması) yekun qərar qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(002)- 206/2023 saylı qərardadından şikayət verərək şikayətin təmin olunmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, İddiaçı azyaşlı övladı xx.xx.2018-ci il təvəllüdlü X2 ilə birlikdə ünvan 1 ünvanında yerləşən yaşayış binasına məcburi qaydada köçürülməyinə dair qətnamə qəbul edilməsi üçün Bakı şəhəri Qaradağ rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Belə ki, İddiaçı xx.xx.2017-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha girərək ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X2 adlı bir övladıları olmuşdur. Ailə qurduğu gündən həyat yoldaşına məxsus olan, ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olmaqla yaşamışdır. Nikahda olduqları vaxt azı iki il müddətində həmin mənzilin alınmasına sərf edilən borcun ödənilməsinə vəsait sərf etmişdilər. Nikah bağladıqları vaxtdan narazılıqlar olsa da övladının xatirinə və valideynlərinin tövsiyyəsi ilə ailənin qorunub saxlanılmasına çalışmışdır. Lakin heç bir əsaslı səbəb göstərilmədən, nikah pozulmadan, məcburi şəkildə övladı ilə birlikdə həmin mənzildə yaşamağına cavabdeh və onun yaxın qohumları tərəfindən maneçilk yaradılmış, özünə məxsus olan bir əşya belə götürmədən həmin mənzildən çıxarılıb, atası evinə aparılmışdır. Bundan sonra cavabdeh tərəfindən nikahın pozulmasına görə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edilmişdir. Lakin iddiaçı boşanmağa razı olmamışdır, hesab edir ki, himayəsində olan oğlunun gələcəkdə şəxsiyyət kimi formalaşmasına görə ailədə atanın roluna ehtiyac vardır. Bundan əlavə olaraq iddiaçı 2017-ci il tarixdən fasiləsiz olaraq həmin mənzildə yaşamış, övladı orada doğulmuş, ona məxsus olan bütün məişət əşyaları həmin mənzildə olmuşdur. Cavabdeh ailə qurduqları vaxt mənzili almaq üçün yaxın qohumlarından borc aldığını bildirmiş və uzun zaman işləyərək borc ödəmişdir. Həmin mənzildən istifadə etmək, övladı ilə birlikdə həmin mənzildə yaşamaq hüququna malikdir. Cavabdehin yaratmış olduğu mane qanunsuzdur. İddiaçının və uşağının yaşamaq üçün başqa yaşayış yeri yoxdur. Lakin cavabdeh və onun yaxın qohumları tərəfindən iddiaçının hüquqları kobud şəkildə pozularaq, öz yaşayış yerindən istifadəsinə maneçilik törədilir. Buna görə də həmin mənzilə məhkəmənin qərarı əsasında məcburi köçürülməyi və orada yaşamaq hüququnun tanınması zərurəti yaranmışdır. Lakin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(002)-206/2023 saylı qərardadı ilə İddiaçı Cavabdehqarşı “mənzilə köçürülmə” tələbinə dair iş üzrə icraat Bakı şəhəri QaradağRayon Məhkəməsinin icraatında olan 2(002)-91/2023 saylı mülki iş üzrə (nikahın pozulması) yekun qərar qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. Məhkəmə öz qərardadını Azərbaycan RespublikasınınMülki Prosessual Məcəlləsinin 254.1 və 254.1.4-cü, eləcə də 256.0 və 256.0.3-cü maddələri ilə əsaslandırmışdır. Halbuki həmin maddələrdə konkret olaraq hansı hallarda icraatın dayandırılması göstərilmişdir. Hazırki mübahisə isə həmin kateqoriyadan olan işlər siyahısında olmamışdır. Bu səbəbdən də məhkəmənin mövqeyi ilə razılaşmadıqlarından həmin qərardaddan şikayət vermək zərurəti yaranmışdır. Göründüyü kimi tərəflər hazırda və mənzildən çıxarılarkən nikah münasibətlərindədirlər və hazırki iddia tələbində haqlıdır. Lakin məhkəmə pozulmuş hüquqların bərpasını deyil, gələcəkdə tərəflər arasında yaranan istifadə hüququna dair olan münasibətlərə əsaslanan qərardad qəbul etməklə icraatı dayandırmışdır. Halbuki iki iş bir-birindən asılı deyil və iddiaçının həmin mənzildən istifadə hüquqları digər məhkəmə mübahisəsinin predmetidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(002)-206/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşə apellyasiya instansiyası məhkəməsində yazılı icraat qaydasında baxılarkən tərəflərin etiraz və ya vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və işə mahiyyəti üzrə baxılmanın davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi göstərilən nəticəyə gələrkən Azərbaycan Respublikası MPM-nin 254.1 və 254.1-ci maddələrinə əsasən hesab etmişdir ki, Qaradağ rayon məhkəməsinin icraatında olan 2(002)-91/2023 saylı mülki iş üzrə məhkəmə tərəfindən yekun qərar çıxarılaraq qanuni qüvvəyə minənə qədər hazırkı iş üzrə icraat dayandırılmalıdır. Belə ki, Qaradağ rayon məhkəməsinin icraatında olan 2(002) 91/2023 saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilmədən hazırki işə baxılması mümkün deyil. Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinin «Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir Mülki iş üzrə başlanılmış məhkəmə prosesi, mübahisə öz həllini tapanadək təxirəsalınmadan davam etdirilməlidir. Lakin mübahisə üzrə ədalət mühakiməsinin tezliklə başa çatdırılması həmişə mümkün olmur. Belə ki, məhkəmə prosesi zamanı elə hallar meydana çıxır ki, onlar mübahisənin operativ və obyektiv həll olunmasına mane olur. İcraatın dayandırılması qanunda göstərilən əsaslarla və məhkəmə icraatının davam etməsinə mane olan halların meydana çıxması ilə mümkündür. Belə vəziyyətdə mübahisənin həll olunması üçün müvəqqəti mane olan hallara başqa bir icraatda aydınlıq gətirilənə qədər həmin iş üzrə icraat dayandırılır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. Başqa sözlə, Azərbaycan Respublikası MPM-nin 254-cü maddəsinin tələblərinə müvafiq olaraq iş üzrə icraatın dayandırılması hallarını nəzərdə tutan qanunvericiliyin mənasına görə iş üzrə icraatın dayandırılması dedikdə, işin sonrakı hərəkətinə, o cümlədən işin mahiyyəti üzrə baxılaraq həll olunmasına mane olan və qanunvericilikdə bilavasitə nəzərdə tutulan müəyyən halların yaranması (baş verməsi) ilə əlaqədar olaraq prosessual hərəkətlərin müvəqqəti kəsilməsi başa düşülür. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, iş üzrə icraatın dayandırılması məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işə baxılarkən tərəflərin nikahlarına xitam verilməməsi, iddiaçı və cavabehin birgə nikahdan olan azyaşlı övladı xx.xx.2018-ci il təvəllüdlü X2 ilə birlikdə ünvan 1 ünvanında yerləşən yaşayış binasına məcburi qaydada köçürülməyinə dair iddiaya mahiyyəti üzrə baxılmasına maneə deyildir. Kollegiya qeyd edir ki, tərəflər arasında ailə münasibətlərinə xitam verildikdən sonra mülkiyyətçi Ailə Məcəlləsinin 30.4-cü maddəsinə əsasən məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, şikayətin dəlilləri əsaslı olduğundan mübahisələndirilən qərardad ləğv olunmalı, iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinin göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Göstərilənlərə əsasən və MPM-in 263-264, 397-398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(002)-206/2023 saylı qərardadı ləğv edilsin. İş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar