Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2075/2022 23.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mənizldən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2284/2021 saylı, 24 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırılmışdır ki, onuna cavabdehlə 2005-ci il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahlarından iki övladları dünyaya gəlib. Nizami Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qətnaməsi ilə aralarında olan nikahın pozulması, uşaqların analarının yanında qalması, iddiaçıdan cavabdehin xeyrinə aliment tutulması qərara alınıb. Cavabdehlə münasibətləri xeyli müddətdir ki, yaxşı deyil, son dövrlərdə daha da pisləşib. Cavabdeh onunla birlikdə yaşamaq istəmir, nikahları da məhz onun arzusu ilə pozulub. Artıq birlikdə yaşamaları mümkün deyildir. Mübahisəli mənzilə cavabdeh gəlin gələn zaman 2005-ci ildə atasının xüsusi mülkiyyətində olub. Atası vəfat edəndən sonra isə qanun üzrə vərəsəlik hüuquna əsasən mənzilə dair adıma şəhadətnamə, onun əsasında isə 06 may 2014-cü il tarixdə adına müvafiq çıxarış almışdır. Cavabdeh həmin mənzilə köçən zaman atası ilə onun arasında mübahisəli mənzildən istifadə hüququna dair hər hansı notarial qaydada yazılı razılıq olmayıb. Buna görə də, onun mənzilə hər hansı bir hüququ yoxdur. Cavabdeh özü də dəfələrlə həmin mənzildə yaşamaq istəmədiyini bildirib, bir neçə müddət ayrı mənzildə də yaşayıb. Hal-hazırda isə ondan 2022-ci ilin iyun ayının otuzuna qədər vaxt istəyir, o da buna etiraz etmir. Qeyd olunanlara əsasən Cavabdeh onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsindəki 71 saylı evin 26 saylı mənzilinə dair hər hansı bir hüququnun olmaması, onun 16.02.2006-cı il təvəllüdlü X2 və 16.02.2006-cı il təvəllüdlü X1 ilə birlikdə Bakı şəhəri,Nizami rayonu, B.Çobanzadə küçəsindəki 71 saylı evin 26 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2284/2021 saylı, 24 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh Bakı şəhəri,Nizami rayonu, B.Çobanzadə küçəsindəki 71 saylı evin 26 saylı mənzilinə istifadə hüququnun olmaması müəyyən edilməsi, Cavabdeh övladları 16 fevral 2016-cı il təvəllüdlü X2 və 16 fevral 2016-cı il təvəllüdlü X1 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsindəki 71 saylı evin 26 saylı mənzilindən çıxarılması, Cavabdeh həmin mənzilə istifadə hüququ 30 iyun 2022-ci il tarixinədək saxlanılması və qətnamənin icrası həmin tarixədək dayandırılması qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun, qismən, qətnamənin icrasının təxirə salınması hissəsində ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iclası zamanı işə baxan hakim ona tez-tez psixoloji təsir edərək, cavabdehə qarşı humanistlik göstərməyini və bir müddət cavabdehin evdə yaşamasına icazə verməyini təkid etmişdir. O, isə hakimin ona dəfələrlə etdiyi təsirə uyaraq cavabdehin ərizəsinə etiraz etmədiyini bildirmiş və cavabdeh necə olursa-olsun, “kömək etməyi” qarşısına məqsəd qoyan hakim bundan istifadə edərək qətnamənin icrasını təxirə salmışdır. Qətnamənin qəbulundan sonra dəfələrlə cavabdehlə münaqişəli vəziyyətləri yaranmış. cavabdeh özü bir neçə dəfə ondan DİN-nin 102 Xidmətinə zəng edərək şikayət etmişdir. Belə olan halda açıq görünür ki, cavabdehlə birlikdə yaşamaqları faktiki mümkün deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin müəyyən müddətə istifadə hüququnun saxlanılması hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirərək onun həmin hissədə ləğv edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli qərarında Konstitusiya Məhkəməsi göstərilən normanı aşağıdakı kimi təfsir etmişdir: “...Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” 22.01.2015-ci il tarixli Qərardadında isə Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, “yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər.” Bu kontekstdə kollegiya, yaşayış sahəsindən istifadə hüququnun vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq kimi konstitusion əhəmiyyətli dəyərlərdən irəli gəldiyini vurğulamaqla qeyd edir ki, Cavabdeh münasibətdə həmin hüququn müvəqqəti saxlanılması üçün Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsaslar mövcuddur. Belə ki, müəyyən edilir ki, Cavabdeh adına qeydiyyata alınmış daşınmaz əmlak mövcud deyildir və onun özünə məxsus yaşayış sahəsi yoxdur. Həmçinin nəzərə alınmalıdır ki, Cavabdeh himayəsində azyaşlı uşaqları vardır və uşaqların gündəlik qayğıları da anasının üzərinə düşür. Bu mənada kollegiya qeyd edir ki, uşaqları hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir və Mənzil Məcəlləsinin 30.4-cü maddəsində vurğulanan “diqqətə layiq digər hallar” çərçivəsində qiymətləndirilməlidir. Eyni zamanda Cavabdeh daimi iş yeri olmamaqla, yüksək qazanc əldə etməməsi, onun maddi vəziyyətinin özünün mənzil ehtiyacını qarşılamaq üçün kifayət etdiyi qənaətinə gəlməyə əsas verməməklə Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulmuş hüquqdan yararlanmasına maneə törədən hal kimi qiymətləndirilə bilməz. Bu qənaətə gələrkən kollegiya həm də nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Bundan başqa iş materiallarında olan İddiaçı ərizəsindən (i.v.52) görünür ki, o, Cavabdeh və birgə nikahdan doğulmuş uşaqların Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsindəki 71 saylı evin 26 saylı mənzilinə istifadə hüququnun 30 iyul 2022-ci il tarixədək müvəqqəti saxlanılmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri apelyatora münasibətdə qətnamənin ləğvi üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2284/2021 saylı, 24 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onun ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-2075/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2075/2022
23.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver