Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2076/2023 24.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin verilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh "xxxx" ASC-nin şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə cavabdeh "xxxx" ASC-nin ərizəsi təmin edilməsin. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin edilməli, qərardad ləğv edilməli, müddətin bərpası barədə ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki-Prosessual Məcəllənin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qətnamə cavabdehə rəsmi qaydada xx.xx.2022-ci ildə verilib, bu tarixdən 1 ay keçməmiş xx.xx.2022-ci ildə apellyasiya şikayəti verilib. Həmin apellyasiya şikayəti üzrə apellyasiya Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilib. Əsas ondan ibarət olub ki, apellyasiya şikayəti Mülki-Prosessual Məcəllənin 2 saylı Əlavəsinə uyğun deyil. Bundan sonra iş birinci instansiya məhkəməsinə qaytarılıb və Nəsimi RM-nin xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti eyni əsasla geri qaytarılıb. Bu qərardadın qəbul edildiyi gün, yəni xx.xx.2023-cü ildə cavabdeh qeyd edilən nöqsanı aradan qaldıraraq yenidən apellyasiya şikayəti verib, eyni zamanda apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə verib. Apellyasiya şikayəti mahiyyətcə iradə ifadəsidir, cavabdeh qətnamədən narazı qalması barədə iradəsini qanunla müəyyən edilmiş müddətdə ifadə edib, yəni apellyasiya şikayəti verib. Apellyasiya şikayəti geri qaytarılması barədə qərardadın qəbul edildiyi gün cavabdeh buna səbəb olan halı aradan qaldıraraq təkrar apellyasiya şikayəti verib. Avropa İnsan Hüquqları Məhkəməsi “Sovtransavto Holdinq”in Ukraynaya qarşı şikayəti üzrə xx.xx.2002-ci il tarixli qərarında qanunla nəzərdə müəyyən formallıqlara riayət edilmədiyinə görə şikayətin qəbul edilməsindən imtina olunmasını “həddindən artıq formalizm” kimi qiymətləndirərək qeyd etmişdir ki, şəxs vaxtında məhkəməyə müraciət etmək üçün iradəsini ifadə etmişdirsə, şikayətin formal səbəblərdən geri qaytarılmış olması və bu səbəbdən şikayət müddətinin ötürülməsi sonradan müddətin keçmiş olması səbəbi ilə şikayətin geri qaytarılması üçün əsas olmamalıdır. Ona görə də məhkəmə Mülki-Prosessual Məcəllənin 133.1-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti verilməsi müddəti bərpa edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. Müddətin bərpası barədə ərizə təmin edilsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddəti cavabdeh "xxxx" ASC-yə münasibətdə bərpa edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2076/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2076/2023
24.02.2023 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver