Məhkəmə qərarları › İş №2(103)-2079/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2079/2022

01.02.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2079/2022 01.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 2(006)-5375/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş sığorta hadisəsinə görə cavabdehdən onun xeyrinə 2.750 manat sığorta ödənişinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 2(006)- 5375/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı tərəfindən qətnamədən apelyasiya şikayəti verilmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apelyasiya şikayəti qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən, apelyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. İddiaçı isə apelyasiya şikayətini qanunla müəyyən edilmiş formaya (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apelyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) əməl etmədən vermişdir. Digər tərəfdən Məcəllənin 361.1.5 və 361.1.6-cı maddələrinə əsasən şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar apelyasiya şikayətində göstərilməlidir. Təqdim edilmiş apelyasiya şikayətində iddiaçı qətnaməni düzgün hesab etmədiyi konkret əsasları göstərməmiş, hər hansı konkret fakt və hallara istinad etməmişdir. Şikayətçi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olmasını açıqlamamışdır. Məcəllənin 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apelyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apelyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apelyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apelyasiya instansiyası məhkəməsinə göndərilir. Müəyyən edilir ki, birinci instansiya məhkəməsi Məcəllənin 364-cü maddəsinin tələblərinə uyğun olaraq apelyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verib-verməmədiyini yoxlamadan mülki işi apelyasiya baxışına göndərmişdir. Kollegiya hesab edir ki, şikayətə apelyasiya qaydasında baxılması üçün prosessual əsas yoxdur. Azərbaycan Respublikası MPM-nin 366.2-ci madəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul edilməmiş hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366 və 402 maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli 2(006)- 5375/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və apelyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar