Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2080/2020 12.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), X2 və X8 ibarət tərkibdə, Həsənova Ləman Elmar qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndələri X4, X1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 İsgəndər qızının, onun nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 İsgəndər qızına və “xxxx” MMC-yə qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, cavabdeh tərəfindən aparılan təmir işlərinin dayandırılması, onun mənzildən çıxarılması, mənzilin boşaldılması, mənzilə iddiaçının istifadə və sahiblik hüququnun tanınması, maneələrin aradan qaldırılması və “xxxx” MMC tərəfindən həmin mənzilin iddiaçıya təhvil verilməsi” barədə ilkin, Cavabdeh1 İsgəndər qızının cavabdehlər İddiaçı və “xxxx” MMC-yə qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-5492/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 İsgəndər qızına və “xxxx” MMC-yə qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi və s. tələbinə dair”iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ”xxxx ”MMC tərəfindən inşa edilmiş, Bakı şəhəri, Xətai rayonu, R Məmmədov küçəsi, 20 saylı evin 85 saylı mənzilində Cavabdeh1 tərəfindən aparılan qanunsuz təmirin dayandırılması, onun mənzildən çıxarılması, Cavabdeh1 ilə ”xxxx” MMC arasında ünvan 1 saylı evin 96.4 kv.m.sahəsi olan, 85 saylı mənzilinə dair bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin və 21800 manat ödənilməsinə dair maliyyə arayışının ləğv edilməsi, həmin mənzilə dair özünün mülkiyyət hüququnun tanınması və cavabdeh ”xxxx” MMC tərəfindən həmin mənzilin təmir üçün ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ”xxxx” MMC-nin komendantına saxta müqavilə və Maliyyə Arayışı təqdim edərək MMC tərəfindən ünvan 1 saylı ünvandakı 85 saylı mənzilin ona məxsus olmasını bildirmiş, komendantın və polisin qanuni tələblərinə məhəl qoymadan həmin mənzilə girmiş və qanunsuz olaraq təmir işləri aparmışdır. Həmin mənzil ona məxsusdur. Belə ki, ”xxxx” MMC-ilə aralarında xx.xx.2005-ci il tarixdə, Xətai rayonu R.Məmmədov küçəsi 20 saylı evin 13-cü mərtəbəsində 96.4 kv.m sahəsi olan 78 saylı mənzilə dair 34704 ABŞ dolları ödəməklə alınması barədə müqavilə bağlanmış, tam ödənişə dair maliyyə arayışı verilmişdir. Sonradan dəqiqləşdirmə aparılarkən MMC-nin direktoru E.H.Tağıyev ona bildirmişdir ki, aldığı mənzilin nömrəsi 78 deyil, 85-dir və tam dəqiqləşdirmədən sonra müqaviləyə müvafiq dəyişiliklər aparılmalıdır. Son vaxtlar MMC-də müvafiq yoxlamalar getdiyindən MMC-nin möhürü götürülmüş və müqavilənin təzələnməsi mümkün olmamışdır. Bundan istifadə edən Cavabdeh1 ”xxxx” MMC-yə məxsus olmayan müqavilə formasını saxtalaşdıraraq, qanunsuz olaraq sözügedən mənzilə daxil olmuş və təmir işləri aparmışdır. O, MMC-nin komendantına xx.xx.2006-cı il tarixli saxta müqavilə və 21800 manat ödənilməsinə dair saxta maliyyə arayışı təqdim etmişdir. Müqavilədə və arayışda olan göstəricilərin hamısının üzərində düzəlişlər edilmiş, müqavilədə icraçı əvəzinə ”xxxx” MMC deyil, hansısa “xxxx” MTK qeyd olunmuş, E.Tağıyevin imzası saxtalaşdırılmışdır. ”xxxx” MMC-nin direktoru E.H.Tağıyevin xx.xx.2014-cü il tarixli, 03 saylı arayışına əsasən dədiqləşdirmə aparılarkən müəyyən olunmuşdur ki, İddiaçı ilə ”xxxx” MMC arasında Xətai rayonu R.Məmmədov küçəsi 20 saylı ünvanda inşa olunan yaşayış binasına dair bağlanmış xx.xx.2005-ci il tarixli müqavilədə mənzilin nömrəsi yanlış olaraq 78 kimi göstərilsə də, əslində qeyd olunan mənzilin nömrəsi 85-dir. Qeyd olunan mənzilə dair hazırda iddia edən Cavabdeh1 adlı şəxslə ”xxxx” MMC arasında heç bir alqı-satqı müqaviləsi bağlanmamışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(0110-255/2015 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 İsgəndər qızına və “xxxx” MMC-yə qarşı mənzilin boşaldılması, müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, mənzilə hüququn tanınması və təhvil verilməsinə dair iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(103)-7241/2015 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ləğv edılmiş, iddianın təmin edilməsi, ünvan 1 saylı evin 96.4 kv.m.sahəsi olan, 85 saylı mənzilinə dair Cavabdeh1 ilə “xxxx” MMC” arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin və mənzilə görə 21800 manat ödənilməsinə dair maliyyə arayışının etibarsız hesab edilməsi, Cavabdeh1 tərəfindən aparılan təmir işlərinin dayandırılması, onun mənzildən çıxarılması, mənzilin boşaldılması, mənzilə iddiaçının istifadə və sahiblik hüququnun tanınması, maneələrin aradan qaldırılması və “xxxx” MMC tərəfindən həmin mənzilin iddiaçıya təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(102)-2290/2016 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(103)-7241/2015 saylı qətnaməsindən Cavabdeh1 İsgəndər qızı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək qətnamə ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-7591/2016 saylı qətnaməsi ilə ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul olunmuş, iddianın təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 20 saylı evin 85 saylı mənzilinə dair Cavabdeh1 İsgəndər qızı ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilə və həmin mənzilə görə 21800 manatın ödənilməsi barədə xx.xx.2009-cu il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, Cavabdeh1 İsgəndər qızı tərəfindən aparılan qanunsuz təmirin dayandırılması, onun həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, İddiaçı Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 20 saylı evin sahəsi 96,4 kvadrat metr olan 85 saylı mənzilinə istifadə və sahiblik hüququnun tanınması, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən maneələrin aradan qaldırılaraq həmin mənzilin İddiaçı təhvil verilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarına görə Cavabdeh1 İsgəndər qızından 173 manatın tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 30.03.017-cı il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsindən Cavabdeh1 İsgəndər qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin xx.xx.2019-cu il tarixli, 13(102)-34/2019 saylı qərardadı ilə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması barədə Cavabdeh1 İsgəndər qızının ərizəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli sənədlərin texniki ekspertizasının rəyinə əsasən İddiaçı “xxxx” MMC ilə bağladığı xx.xx.2005-ci il tarixli müqavilədə olan “İcraçı” qrafasındakı möhür əksinin başqa sənəddə olan möhür əkslərindən rəqəmsal texniki qurğu vasitəsilə kompüterə köçürülməsi, qrafiki proqram təminatı vasitəsilə emal edilərək axınlı çap qurğusunda çap edilməsini, Cavabdeh1 İsgəndər qızının “xxxx” MMC ilə bağladığı xx.xx.2006-cı il tarixli müqavilədə “İcraçı” qrafasında olan möhür əksinin relyef klişe vasitəsilə birbaşa vurulmasını nəzərə alaraq təmin edilmiş, ərizə mülki işlə birlikdə baxılması üçün Ali Məhkəmənin Plenumuna göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2019-cu il tarixli, 13(102)-5/2019 saylı qərardadı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsi və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Plenum belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli sənədlərin texniki ekspertizasının rəyinə əsasən İddiaçı “xxxx” MMC ilə bağladığı xx.xx.2005-ci il tarixli müqavilədə olan “İcraçı” qrafasındakı möhür əksinin başqa sənəddə olan möhür əkslərindən rəqəmsal texniki qurğu vasitəsilə kompüterə köçürülməsi, qrafiki proqram təminatı vasitəsilə emal edilərək axınlı çap qurğusunda çap edilməsi, Cavabdeh1 İsgəndər qızının “xxxx” MMC ilə bağladığı xx.xx.2006-cı il tarixli müqavilədə “İcraçı”qrafasında olan möhür əksinin relyef klişe vasitəsilə birbaşa vurulması halı işə məhkəmələr tərəfindən baxılarkən məhkəməyə məlum olmayan həlledici material olmuşdur və məhkəmə aktları çıxarılana qədər məlum deyildi, iş üzrə iddianın qismən təmin olunması barədə qərarların çıxarılmasına əsas olmuş İddiaçı “xxxx” MMC ilə bağladığı xx.xx.2005-ci il tarixli müqavilənin qanunvericiliyin tələblərinə uyğun bağlanmasını kifayət qədər şübhə altına alır. Daha sonra, Cavabdeh1 İsgəndər qızı cavabdehlər İddiaçı və “xxxx” MMC-yə qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsindəki 20 saylı evin 13-cü mərtəbəsindəki, ümumi sahəsi 96,4 kv. metr olan mənzilə dair cavabdehlər arasında bağlanılan xx.xx.2005-ci il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 İsgəndər qızı qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə aralarında bağlanılmış xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən inşa edilən Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsindəki 20 saylı evin 85 saylı mənzili ona satılmış və o, mənzilin dəyərini tam şəkildə ödəmişdir. Buna baxmayaraq, İddiaçı məhkəmədə iddia qaldıraraq, qeyd olunan mənzilin xx.xx.2005-ci il tarixli müqavilə əsasında ona satıldığını göstərmiş, xx.xx.2006-cı il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi və sair barədə qətnamə çıxarılmasını tələb etmişdir. Lakin iş materialları ilə müəyyən edilir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi xx.xx.2005-ci il tarixli müqavilə sonradan saxta yolla və arxa tarixə yazılmaqla tərtib edilmişdir. Bu fakt Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən rəylə də təsdiq olunur. Ali Məhkəmənin Plenumu məhz həmin rəyə istinad edərək, İddiaçı Cavabdeh1 İsgəndər qızına və "xxxx" MMC-yə qarşı irəli sürdüyü iddia tələbləri üzrə çıxarılmış məhkəmə qərarlarını yeni açılmış hal üzrə ləğv etmiş və işi yenidən baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx.xx.2017-ci il tarixli rəylə müəyyən edilmişdir ki, İddiaçı "xxxx" MMC ilə bağladığı xx.xx.2005-ci il tarixli müqavilədə olan "İcraçı" qrafasındakı möhür əksi başqa sənəddə olan möhür əkslərindən rəqəmsal texniki qurğu (skaner) vasitəsi ilə kompüterə köçürülmüş, qrafiki proqram təminatı vasitəsi ilə emal edilərək, axınlı çap qurğusunda (ptinterdə) çap edilmişdir. Cavabdeh1 İsgəndər qızının "xxxx" MMC ilə bağladığı xx.xx.2006-cı il tarixli müqavilədə "İcraçı" qrafasında olan möhür əksi isə relyef klişe vasitəsi ilə bir başa vurulmuşdur. Ekspert rəyindən göründüyü kimi, "xxxx" MMC-nin möhürünün əksi həmin müqavilənin üzərinə texniki vasitələrin köməyi ilə, başqa sənəddə olan möhür əkslərindən istifadə etməklə, saxta üsullarla köçürülmüşdür. Müqavilənin üzərinə möhürün saxta üsullarla köçürülməsi həmin vaxt "xxxx" MMC-nin təsisçisi və sədri olan X6 və digərləri barədə 2011-ci ildə açılmış cinayət işi ilə əlaqədar olaraq, həmin MMC-yə məxsus olan möhürün istintaq orqanı tərəfindən götürülməsi ilə bağlıdır. Yəni İddiaçı adına arxa tarixə saxta müqavilə hazırlanan vaxt MMC-nin möhürü istintaq orqanında olduğu üçün, həmin saxta müqaviləyə möhür vurulması mümkün olmamış, buna görə də həmin müqavilənin üzərinə möhürün əksi skaner vasitəsi ilə, saxta üsullarla köçürülmüşdür. Bundan başqa, İddiaçı ilə bağlandığı iddia edilən xx.xx.2005-ci il tarixli müqavilənin və onun adına verilmiş eyni tarixli maliyyə arayışının saxta olması işdə olan digər faktlarla da təsdiq olunur. Birinci fakt ondan ibarətdir ki, İddiaçı adına verilmiş maliyyə arayışının tərtib olunduğu blankda, həmin blankın 2010-ci ildən sonrakı dövrdə hazırlandığı aydın şəkildə görünür. Belə ki, "xxxx" MMCyə aid olan həmin blankın yuxarısol küncündə, sənədin tərtib olunma tarixi qrafasında, çap üsulu ilə "201 rəqəmi qeyd olunmuşdur. Bu faktla təsdiq olunur ki, həmin blank 2010-cu illərdə hazırlanmışdır. Belə olan halda, 2005-ci ildə həmin blankdan istifadə oluna bilməzdi. Deməli, həmin maliyyə arayışı 2010-cu illərdə hazırlanmış, lakin saxtakarlığa yol verilərək, arayışda onun verilmə tarixi "10.İX.2005" kimi göstərilmişdir. Həmin maliyyə arayışının saxta olduğunu təsdiq edən ikinci fakt ondan ibarətdir ki, arayışın tərtib olunduğu blankın yuxarı-sağ küncündə "xxxx" MMC-nin "055 397-20-60" mobil telefon nömrəsindən istifadə etdiyi qeyd olunmuşdur. Lakin "xxxx" MMC tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmiş xx.xx.2015-ci il tarixli, CEO/L-2207 saylı cavab məktubunda həmin telefon nömrəsinin xx.xx.2006-cı ildə, yəni qeyd olunan maliyyə arayışının verildiyi tarixdən təqribən 13 ay sonra satıldığı qeyd olunmuşdur. Deməli maliyyə arayışının verildiyi vaxt həmin telefon nömrəsi ümumiyyətlə istifadədə olmamışdır. Buna görə də 2005-ci ilə aid olan blankda həmin telefon nömrəsi qeyd oluna bilməzdi. Yuxarıda qeyd etdiyi hallar İddiaçı adına olan həmin sənədlərin, yəni həm xx.xx.2005-ci il tarixli müqavilənin, həm də eyni tarixli maliyyə arayışının sonradan, arxa tarix göstərilməklə, saxta üsullarla tərtib olunduğunu təsdiq edir. Buna görə də həmin sənədlər edtibarsız hesab edilməlidir. Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-5492/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi isə təmin edilərək cavabdehlər İddiaçı ilə “xxxx” MMC arasında Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsindəki 20 saylı evin 13-cü mərtəbəsindəki, ümumi sahəsi 96,4 kv. metr olan mənzilə dair bağlanılan xx.xx.2005-ci il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdehlər “xxxx” MMC-dən və İddiaçı alınıb Cavabdeh1 İsgəndər qızına ödənilməsi, ekspertiza təqdiqatının dəyəri 126 (bir yüz iyirmi altı) manatın qarşılqlı iddia üzrə cavabdehlər “xxxx” MMC-dən və İddiaçı tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin təmin və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi prosessual pozuntuya yol verərək işə mahiyyəti üzrə baxılmaya başlandıqdan sonra qarşılıqlı iddia ərizəsini icraata götürmüşdür. Belə ki, hazırki mübahisə üzrə mhəkəmə iclasları keçirilmiş və tərəfləri izahatları alınmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş E.Tağıyev təsdiq etmişdir ki, onunla Cavabdeh1 arasında mübahisəli mənzillə bağlı heç bir müqavilə bağlanmamışdır. İş materiallarında olan X6 tərəfindən saxlanıldığı Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizədən də görünür ki, “xxxx” MMC-nin direktoru kimi fəaliyyət göstərdiyi dövrdə Cəmiyyətin inşa etdiyi Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 20 saylı ünvandakı 15 mərtəbəli yaşayış binasında Cavabdeh1 İsgəndər qızına mənzil satılması barədə müqavilə bağlamamış və imza etməmişdir, ondan hər hansı bir məbləğdə pul almamış və maliyyə arayışı verməmişdir. Eyni zamanda bildirmişdir ki, “xxxx” MMC-nin Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 20 saylı ünvandakı inşa etdiyi yaşayış binasının 2-ci blokunun 13-cü mərtəbəsində sahəsi 96,4 kv.m. olan 3 otaqlı 85 saylı mənzilin satılmasına dair müqavilə xx.xx.2005-ci il tarixdə yalnız İddiaçı ilə arasında hər ikisi tərəfindən imzalanmaqla bağlanılmış və həmin tarix də mənzilin dəyəri tam ödənildiyindən maliyyə arayışı verilmişdir. Müqavilədə mənzilin nömrəsinin 78 olması sonradan isə dəyişdirilərək 85 olması ilə bağlı izahat verərək bildirmişdir ki, müqavilədə mənzilin nömrəsi əvvəllər yanlış olaraq 78 kimi göstərilmiş lakin sonradan dəyişdirilərək 85 olması barədə arayış verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli “xxxx” MMC-nin arayışında göstərilmişdir ki, müqavilədə mənzilin nömrəsi yanlış olaraq 78 kimi göstərilmiş, əslində qeyd olunan mənzilin nömrəsi 85-dir. Arayışda göstərilən həmin faktları E.Tağıyev məhkəmə iclasında dindirilərkən bir daha təsdiq etmişdir. Bundan sonra hər iki müqavilələr üzrə direktor qrafasında olan imzalardan hansının E.Tağıyevin imzası olmasını müəyyənləşdirmək üçün ekspertizaya təqdim etmək məqsədilə E.Tağıyevin sərbəst imza nümunələri götürülmüşdür. Məhkəməyə daxil olmuş Məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli ekspert rəyində göstərilmişdir ki, Cavabdeh1 İsgəndər qızı ilə “xxxx” MMC arasında olan xx.xx.2006-cı il tarixli müqavilədə icraçı xxxx Mənzil Tikinti Kooperativi yazılarının aşağıda Tağıyev E.H. qrafasındakı imza X6 tərəfindən icra olunmuş, İddiaçı ilə “xxxx” MMC yazılarından aşağıda direktor Tağıyev E.H. qrafasındakı imza X6 tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. Rəyi əldə etdikdən sonra müəyyən etmişlər ki, rəyin ikinci səhifəsində yazılmışdır ki, “bu rəyin tərtibində səhvə yol verildiyinə görə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimatın 5.37-ci bəndinə əsasən xx xxxxxxx 2019-cu il tarixli 986 nömrəli məktubla müraciət olunaraq rəyin geri göndərilməsi xahiş olunmuş və yeni rəy tərtib edilmişdir. Bu rəy 20385 nömrəli rəyi əvəz edir” sözləri yazılmışdır. Rəyin sonradan təcili dəyişdirilərək başqa rəylə əvəz edilməsi rəyin sonradan saxtalaşdırıldığına əsaslı şübhələr yaratdığından məhkəmədə vəsatət qaldıraraq tərtib edilmiş ilkin rəyin məhkəməyə göndərilməsini xahiş etmişlər. Məhkəmənin sorğusuna Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Hamlet Musayevin imzası ilə verilmiş cavabda göstərilmişdir ki, xx xxxxxxxx 2019-cu il tarixli 20385 nömrəli ekspert rəyi etibarsız hesab edilərək xx xxxxxxxx 2019-cu il tarixli 20385/REV-01 nömrəli ekspert rəyi təqdi edilmişdir. Odur ki, etibarsız hesab edilmiş ekspert rəyinin təqdim olunması mümkün hesab edilmir. Hesab edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli 20385/REV- 01 nömrəli ekspert rəyi saxta rəydir. Rəyin dəyişdirilərək başqa rəylə əvəz edilməsi və əvvəlki rəydə səhvin nədən ibarət olması məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Cavabdehin gətirdiyi dəlillərə uyğun olaraq məhkəmə qətnamədə qeyd etmişdir, “xxxx” MMC-nin xx.xx.2005-ci il tarixli maliyyə arayışının çap olunduğu blankın yuxarı-sol küncündə, sənədin tərtib olunma tarixi qrafasında, çap üsulu ilə “201” rəqəminin, yuxarı sağ küncündə “xxxx” MMC-nin mobil , telefon nömrəsi kimi xx.xx.2006-cı il tarixdə satılmış “055 397-20-60” telefon nömrəsinin qeyd olunması İddiaçı adına olan xx.xx.2005-ci il tarixli müqavilənin və tarixli maliyyə arayışının arxa tarix göstərilməklə tərtib olunduğunu təsdiq etmişdir. məhkəmənin işin qanuni həlli üçün bu cür Məhkəmə qətnamə qəbul edərkən cavabdehin adına olan müqavilədəki saxtalıqları nəzərə almalı olduğu halda bunu görməzdən gəlmiş və ümumiyyətlə bu məsələyə bir cümlə də olsun belə qətnamədə toxunmamışdır. əhəmiyyətsiz dəlilə istinad etməsi kobud pozuntu hesab edilməlidir. Həmçinin, hökm o cümlədən cinayət işi üzrə müəyyən edilmiş və baxılan iş üzrə preyudisial əhəmiyyətə malik olan faktlar ondan ibarətdir ki, Cavabdeh1 “xxxx” MMC-nin rəhbəri E.Tağıyevin və digər vəzifəli şəxslərinin dələduzluq cinayət əməlinin qurbanı olmuş, onunla etibardan istifadə etmə yolu ilə saxta müqavilə bağlanılaraq pul vəsaiti qanunsuz ələ keçirilmişdir. Qeyd olunan faktlar isə bir daha cavabdehlər arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin etibarsız olduğunu təsdiq edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndələri apellyasiya şikayətini müdafiə edərək, izhatlarında bildirmişlər ki, həmin mənzil iddiaçıya məxsusdur. Cavabdeh1 ”xxxx” MMC-nin komendantına saxta müqavilə və Maliyyə Arayışı təqdim edərək MMC tərəfindən ünvan 1 saylı ünvandakı 85 saylı mənzilin ona məxsus olmasını bildirmiş, komendantın və polisin qanuni tələblərinə məhəl qoymadan həmin mənzilə girmiş və qanunsuz olaraq təmir işləri aparmışdır. Belə ki, ”xxxx” MMC-ilə aralarında xx.xx.2005-ci il tarixdə, Xətai rayonu R.Məmmədov küçəsi 20 saylı evin 13-cü mərtəbəsində 96.4 kv.m sahəsi olan78 saylı mənzilə dair 34704 ABŞ dolları ödəməklə alınması barədə müqavilə bağlanmış, tam ödənişə dair maliyyə arayışı verilmişdir. Sonradan dəqiqləşdirmə aparılarkən MMC-nin direktoru E.H.Tağıyev iddiaçıya bildirmişdir ki, aldığı mənzilin nömrəsi 78 deyil, 85-dir və tam dəqiqləşdirmədən sonra müqaviləyə müvafiq dəyişiliklər aparılmalıdır. Son vaxtlar MMC-də müvafiq yoxlamalar getdiyindən MMC-nin möhürü götürülmüş və müqavilənin təzələnməsi mümkün olmamışdır. Bundan istifadə edən Cavabdeh1 ”xxxx” MMC-yə məxsus olmayan müqavilə formasını saxtalaşdıraraq, qanunsuz olaraq sözügedən mənzilə daxil olmuş və təmir işləri aparmışdır. O, MMC-nin komendantına xx.xx.2006-cı il tarixli saxta müqavilə və 21800 manat ödənilməsinə dair saxta maliyyə arayışı təqdim etmişdir. Müqavilədə və arayışda olan göstəricilərin hamısının üzərində düzəlişlər edilmiş, müqavilədə icraçı əvəzinə ”xxxx” MMC deyil, hansısa “xxxx” MTK qeyd olunmuş, E.Tağıyevin imzası saxtalaşdırılmışdır. ”xxxx ”MMC-nin direktoru E.H.Tağıyevin xx.xx.2014-cü il tarixli, 03 saylı arayışına əsasən dədiqləşdirmə aparılarkən müəyyən olunmuşdur ki, İddiaçı ilə ”xxxx” MMC arasında Xətai rayonu R Məmmədov küçəsi 20 saylı ünvanda inşa olunan yaşayış binasına dair bağlanmış xx.xx.2005-ci il tarixli müqavilədə mənzilin nömrəsi yanlış olaraq 78 kimi göstərilsə də, əslində qeyd olunan mənzilin nömrəsi 85-dir. Qeyd olunan mənzilə dair hazırda iddia edən Cavabdeh1 adlı şəxslə ”xxxx” MMC arasında heç bir alqı-satqı müqaviləsi bağlanmamışdır. MTK ilə müqavilə iddiaçı 2005-ci ildə müqavilə bağlamış və surəti onlara verilmişdir. Pul da qısa müddət ərzində ödənilmiş və maliyyə arayışı pul ödənilən kimi verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili isə apellyasiya şikayətinə etiraz edərək izahatında bildirmişdir ki, "xxxx" MMC ilə aralarında bağlanılmış xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən inşa edilən Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsindəki 20 saylı evin 85 saylı mənzili cavabdehə satılmış və o, mənzilin dəyərini tam şəkildə ödəmişdir. Lakin İddiaçı iddia qaldıraraq, qeyd olunan mənzilin xx.xx.2005-ci il tarixli müqavilə əsasında ona satıldığını göstərmiş, xx.xx.2006-cı il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi və sair barədə qətnamə çıxarılmasını tələb etmişdir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi xx.xx.2005-ci il tarixli müqavilə sonradan saxta yolla və keçmiş tarixə yazılmaqla tərtib edilmişdir. Bu fakt Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən rəylə də təsdiq olunmuşdur. Ali Məhkəmənin Plenumu məhz həmin rəyə istinad edərək, İddiaçı Cavabdeh1 İsgəndər qızına və "xxxx" MMC-yə qarşı irəli sürdüyü iddia tələbləri üzrə çıxarılmış məhkəmə qərarlarını yeni açılmış hal üzrə ləğv etmiş və işi yenidən baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx.xx.2017-ci il tarixli rəylə müəyyən edilmişdir ki, İddiaçı "xxxx" MMC ilə bağladığı xx.xx.2005-ci il tarixli müqavilədə olan "İcraçı" qrafasındakı möhür əksi başqa sənəddə olan möhür əkslərindən rəqəmsal texniki qurğu (skaner) vasitəsi ilə kompüterə köçürülmüş, qrafiki proqram təminatı vasitəsi ilə emal edilərək, axınlı çap qurğusunda (ptinterdə) çap edilmişdir. Cavabdeh1 İsgəndər qızının "xxxx" MMC ilə bağladığı xx.xx.2006-cı il tarixli müqavilədə "İcraçı" qrafasında olan möhür əksi isə relyef klişe vasitəsi ilə bir başa vurulmuşdur. Ekspert rəyindən göründüyü kimi, "xxxx" MMC-nin möhürünün əksi həmin müqavilənin üzərinə texniki vasitələrin köməyi ilə, başqa sənəddə olan möhür əkslərindən istifadə etməklə, saxta üsullarla köçürülmüşdür. Müqavilənin üzərinə möhürün saxta üsullarla köçürülməsi həmin vaxt "xxxx" MMC-nin təsisçisi və sədri olan X6 və digərləri barədə 2011-ci ildə açılmış cinayət işi ilə əlaqədar olaraq, həmin MMC-yə məxsus olan möhürün istintaq orqanı tərəfindən götürülməsi ilə bağlıdır. Yəni İddiaçı adına arxa tarixə saxta müqavilə hazırlanan vaxt MMC-nin möhürü istintaq orqanında olduğu üçün, həmin saxta müqaviləyə möhür vurulması mümkün olmamış, buna görə də həmin müqavilənin üzərinə möhürün əksi skaner vasitəsi ilə, saxta üsullarla köçürülmüşdür. Bundan başqa, İddiaçı ilə bağlandığı iddia edilən xx.xx.2005-ci il tarixli müqavilənin və onun adına verilmiş eyni tarixli maliyyə arayışının saxta olması işdə olan digər faktlarla da təsdiq olunur. Birinci fakt ondan ibarətdir ki, İddiaçı adına verilmiş maliyyə arayışının tərtib olunduğu blankda, həmin blankın 2010-ci ildən sonrakı dövrdə hazırlandığı aydın şəkildə görünür. Belə ki, "xxxx" MMCyə aid olan həmin blankın yuxarısol küncündə, sənədin tərtib olunma tarixi qrafasında, çap üsulu ilə "201 rəqəmi qeyd olunmuşdur. Bu faktla təsdiq olunur ki, həmin blank 2010-cu illərdə hazırlanmışdır. Belə olan halda, 2005-ci ildə həmin blankdan istifadə oluna bilməzdi. Deməli, həmin maliyyə arayışı 2010-cu illərdə hazırlanmış, lakin saxtakarlığa yol verilərək, arayışda onun verilmə tarixi "10.İX.2005" kimi göstərilmişdir. Həmin maliyyə arayışının saxta olduğunu təsdiq edən ikinci fakt ondan ibarətdir ki, arayışın tərtib olunduğu blankın yuxarı-sağ küncündə "xxxx" MMC-nin "055 397-20-60" mobil telefon nömrəsindən istifadə etdiyi qeyd olunmuşdur. Lakin "xxxx" MMC tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmiş xx.xx.2015-ci il tarixli, CEO/L-2207 saylı cavab məktubunda həmin telefon nömrəsinin xx.xx.2006-cı ildə, yəni qeyd olunan maliyyə arayışının verildiyi tarixdən təqribən 13 ay sonra satıldığı qeyd olunmuşdur. Deməli maliyyə arayışının verildiyi vaxt həmin telefon nömrəsi ümumiyyətlə istifadədə olmamışdır. Buna görə də 2005-ci ilə aid olan blankda həmin telefon nömrəsi qeyd oluna bilməzdi. Yuxarıda qeyd etdiyi hallar İddiaçı adına olan həmin sənədlərin, yəni həm xx.xx.2005-ci il tarixli müqavilənin, həm də eyni tarixli maliyyə arayışının sonradan, arxa tarix göstərilməklə, saxta üsullarla tərtib olunduğunu təsdiq edir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, 2005-ci ilin may ayından “xxxx” MMC-nin sədri olmuş və həm iddiaçıya, həm də cavabdehə mənzil satıçışdır. Lakin hansı mənzili aldıqları yadında deyildir. Onun özünün MTK-nın arxivində saxlanılan kitabı var: Həmin kitabda hər şey dəqiq və düzgün yazılmışdır ki, hansı mənzil kimə satılıb. İş materillarında olan siyahı mühasib tərəfindən tərtib olunmuş və ona aid siyahı deyildir. “xxxx” MTK-nın nə hüquqi, nə də qohumluq cəhətdən ona heç bir aidiyyatı yoxdur. Ofisdə bir çox şirkətlərə məxsus çox sayda blanklar olmuş və müqavilə bağlanan tarixdə ola bilsin ki, “xxxx” MMC-yə aid blank qalmadığından, müqavilələrin bağlanmasında digər MTK-ya aid blanklardan istifadə olunmuş və onların üzərində düzəlişlər edilmişdir. Şahid daha sonra bildirmişdir ki, o, “xxxx” MTK-nın blankında müqavilə bağlamamışdır. Cavabdeh Mehribanın göstərdiyi müqaviləni o imzalamamışdır. MTK ilə cavabdehin bacısı arasında mənzil alqı-satqısı ilə bağlı müqavilələr bağlanmış, M.Məmmədovla hansı formada müqavilə bağlanmasını Mehriban özü yaxşı bilir. Cavabdeh1 İsgəndər qızının təqdim etdiyi müqavilədə imza və möhür original deyil. Cavabdeh1la bağladığı müqavilənin forması yadında deyil. İddiaçı isə dəyərini ödəyərək mübahisəli evi almışdır. Məhkəmə kollegiyası izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X6 ifadəsində göstərdi ki, “xxxx” MMC-nin direktoru kimi fəaliyyət göstərdiyi dövrdə Cəmiyyətin inşa etdiyi Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 20 saylı ünvandakı 15 mərtəbəli yaşayış binasında Cavabdeh1 İsgəndər qızının bacısına iki mənzil satmışdır. Eyni zamanda “xxxx” MMC-nin Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 20 saylı ünvandakı inşa etdiyi yaşayış binasının 2-ci blokunun 13-cü mərtəbəsində sahəsi 96.4 kv.m olan 3 otaqlı 85 saylı mənzili Ramazan Ukalayevə satmışdır. İş materiallarında olan “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, “xxxx” MMC Xətai rayonu, R.Məmmədov küçəsi, 20 saylı ünvanda inşa etdiyi yaşayış binasının 2-ci blokunun 13-cü mərtəbəsində sahəsi 96,4 m2 olan 78 saylı mənzili 34704 ABŞ dollarına İddiaçı satmışdır. İş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2005-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, İddiaçı ünvan 4 saylı ünvanda inşa olunmuş yaşayış binasının 2-ci blokunun 13-cü mərtəbəsində ümumi sahəsi 96,4 m2 olan 3 otaqlı mənzilin dəyərini tam olaraq MMC-yə ödəmiş, borcu yoxdur. Maliyyə arayışının çap olunduğu blankın yuxarı-sol küncündə, sənədin tərtib olunma tarixi qrafasında, çap üsulu ilə "201 rəqəmi, yuxarı-sağ küncündə "xxxx" MMC-nin mobil telefon nömrəsi kimi "055 397-20-60" qeyd olunmuşdur. Birinci instansiya məhkəməsinin sorğusuna "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, CEO/L-2207 saylı cavab məktubundan görünür ki, "055 397-20-60" telefon nömrəsi xx.xx.2006-cı il tarixdə satıldığı qeyd olunmuşdur. İş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2014-cü il tarixli arayışından müəyyən olunur ki, dəqiqləşdirmə aparılarkən İddiaçı ilə “xxxx” MMC arasında ünvan 1 saylı ünvanda inşa olunmuş yaşayış binasına dair xx.xx.2005-ci il tarixli müqavilədə mənzilin nömrəsi yanlış olaraq 78 kimi göstərilsə də, əslində qeyd olunan mənzilin nömrəsinin 85 olduğu müəyyən olunmuşdur. Qeyd olunan mənzilə hazırda iddia edən Cavabdeh1 adlı şəxslə “xxxx” MMC arasında heç bir alqı-satqı müqaviləsi bağlanmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7210 saylı xx.xx.2015-ci il tarixli rəyindən müəyyən olunur ki, ünvan 5 ünvanında “xxxx” MMC tərəfindən inşa edilmiş 15 mərtəbəli binanın 13-cü mərtəbəsində faktiki olaraq 85 saylı mənzilin yerləşdiyi, həmin binanın 12-ci mərtəbəsində isə 78 saylı mənzilin yerləşdiyi müəyyən edilmişdir. Lakin İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilədə İddiaçı satılan 78 saylı mənzilin yerləşdiyi mərtəbənin 13-cü mərtəbə olduğu göstərildiyindən, o cümlədən həmin mənzilə dair plansxem müqaviləyə əlavə olunmadığından İddiaçı satılan mənzilin yerini müəyyən etmək mümkün olmamışdır. İlkin iddia üzrə iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş “Ekspert LTD” müəssisəsinin xx.xx.2015-ci il tarixli 18/E saylı rəyindən müəyyən olunur ki, ünvan 1 saylı ünvandakı “xxxx” MMC tərəfindən inşa edilmiş 15 mərtəbəli yaşayış+1 mərtəbə qeyri-yaşayış sahəsi binasının 12-ci məptəbəsinin B (2) blokunda yerləşən ümumi sahəsi 96,4 m2 olan 3 otaqlı 78 saylı mənzillə həmin binanın 13-cü mərtəbəsinin B (2) blokunda yerləşən ümumi sahəsi 96,4 m2 olan 3 otaqlı 85 saylı mənzil eyni mənzillər deyildir. İddiaçı satılan mənzil 85 saylı mənzildir, həmin mənzil 13-cü mərtəbədə B (2) blokunda yerləşir və sahəsi:96,4 m2-dir. İş materiallarında olan “xxxx” MTK ilə Cavabdeh1 İsgəndər qızı arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Xətai rayonu, M.Hadi küçəsi, 2942 saylı məhəllədə inşa olunan yaşayış binasının 13-cü mərtəbəsində sahəsi 96,4 m2 olan 85 saylı mənzil 27000 ABŞ dollarına Cavabdeh1 satılmışdır. Müqavilədən daha sonra müəyyən olunur ki, “xxxx” MTK sözlərinin üzərində “xxxx” MMC sözləri yazılmış, müqaviləyə xxxx MMC-nin möhürü vurulmuş, X6 tərəfindən imzalanmışdır. “xxxx” MMC-nin xx.xx.2009-cu il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 İsgəndər qızı ünvan 6 sayı ünvanda inşa olunmuş yaşayış binasının 2-ci blokunun 13-cü mərtəbəsində ümumi sahəsi 96,4 m2 olan 3 otaqlı 85 saylı mənzilin dəyərini tam olaraq MMC-yə ödəmiş, borcu yoxdur. İşə əlavə edilmiş digər sübutlardan, o cümlədən Azərbaycan Respublikasının Baş Prokuroru Z.Qaralovun cinayət işinin başlanması haqqında xx.xx.2011-ci il tarixli qərarından, Cavabdeh1 xx.xx.2011-ci il tarixli ərizəsindən, Cavabdeh1 şahid qismində dindirilməsinə dair xx.xx.2012-ci il tarixli protokoldan, xx.xx.2012-ci il tarixli ittiham aktından, eləcə də həmin cinayət işi üzrə qəbul edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmündən və Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasınınm xx.xx.2016-cıl tarixli qərarından görünür ki, istintaq orqanı tərəfindən "xxxx" MMC-nin vəzifəli şəxsləri, o cümlədən Cəmiyyətin sədri E.H.Tağıyev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2, 308.2 və 313-cü maddələri üzrə cinayət işi başlanmış və həmin cinayət işi üzrə 85-ci mənzilə münasibətdə zərərçəkən qismində məhz Cavabdeh1 tanınmışdır. Qanuni qüvvəyə minmiş həmin məhkəmə hökmünün nəticə hissəsindən görünür ki, zərərçəkmiş Cavabdeh1 85 saylı mənzillə təmin olunub, təqsirləndirilən şəxslərdən şikayətlərinin olmaması nəzərə alınaraq, təqsirləndirilən şəxslərə, o cümlədən E.H.Tağıyevə ittiham olunduqları maddələrin sanksiyaları həddində cəza təyin edilmişdir. Eyni zamanda işdən görünür ki, xx.xx.2011-ci il tarixdə Cavabdeh1 ərizə ilə Korrupsiyaya qarşı mübarizə idarəsinə müraciət edərək "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 20 saylı ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binasından xx.xx.2006-cı il tarixli müqavilə əsasında ilkin olaraq ona satılmış İİ blok, 13-cü mərtəbədə yerləşən 85 saylı mənzili aldığı üçün, həmin binanı inşa edən "xxxx" MMC-nin direktoru E.H.Tağıyevə qarşı heç bir tələbinin və şikayətinin olmadığını bildirmişdir. Daha sonra işə əlavə edilmiş sözügedən binada mənzil almış şəxslərin "xxxx" MMC-nin sədri E.H.Tağıyev tərəfindən təsdiq edilmiş siyahısından da görünür ki, qeyd olunan binanın 13-cü mərtəbəsində yerləşən, sahəsi 96,4 kv.metr olan 85 saylı mənzil xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən Cavabdeh1 satılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə İddiaçı ilə xxxx MMC arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilədə “İcraçı Birik- İnşaat MMC” sözlərinin altında olan qrafada “direktor” sözlərinin qarşısındakı imzanın və Cavabdeh1 ilə xxxx MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilədə “İcraçı xxxx Mənzil Tikinti Kooperativi” sözlərinin altında olan qrafada “Tağıyev E.H” sözlərinin qarşısındakı imzanın X6 tərəfindən icra olunub-olunmamasının müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş xx.xx.2019-cu il tarixli, 20385/REV-1 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Cavabdeh1 ilə xxxx MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilədə “İcraçı xxxx Mənzil Tikinti Kooperativi” yazılarından aşağıda “Tağıyev E.H” qrafasındakı imza X6 tərəfindən icra olunmuşdur. İddiaçı ilə xxxx MMC arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilədə “İcraçı Birik-İnşaat MMC” yazılarından aşağıda “direktor Tağıyev E.H” qrafasındakı imza X6 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin məcəllənin 337.1-ci maddəsinin tərəblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbayca Respublikası Konstitusiya Məhkəməsi xx.xx.2012-ci il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, “Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Bu əsasla müxtəlif iddialar irəli sürülə bilər. Qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlir. Qarşılıqlı iddia bilavasitə ilkin iddianı mahiyyəti üzrə təkzib etməsə də, onun təmin olunmasını imkansız edir. İlkin iddia təmin olunduğu təqdirdə qarşılıqlı iddia təmin oluna bilməz.” Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi ilkin iddia üzrə İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında MMC tərəfindən inşa edilmiş, Bakı şəhəri, Xətai rayonu, R Məmmədov küçəsi, 20 saylı evin 78 saylı mənzilinə xx.xx.2005-ci il tarixli müqavilənin qanunvericiliyin tələbləri pozulmaqla bağlanmasını, təqdim olunmuş ekspert rəylərinə əsasən İddiaçı “xxxx” MMC ilə bağladığı xx.xx.2005-ci il tarixli müqavilədə olan “İcraçı” qrafasındakı möhür əksinin başqa sənəddə olan möhür əkslərindən rəqəmsal texniki qurğu vasitəsilə kompüterə köçürülməsi, qrafiki proqram təminatı vasitəsilə emal edilərək axınlı çap qurğusunda çap edilməsi, Cavabdeh1 İsgəndər qızının “xxxx” MMC ilə bağladığı xx.xx.2006-cı il tarixli müqavilədə “İcraçı”qrafasında olan möhür əksinin relyef klişe vasitəsilə birbaşa vurulması, Cavabdeh1 ilə xxxx MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilədə “İcraçı xxxx Mənzil Tikinti Kooperativi” yazılarından aşağıda “Tağıyev E.H” qrafasındakı imza X6 tərəfindən, İddiaçı ilə xxxx MMC arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilədə “İcraçı Birik-İnşaat MMC” yazılarından aşağıda “direktor Tağıyev E.H” qrafasındakı imzanın X6 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmasını, ilk iddia üzrə iddiaçı tərəfindən onunla “xxxx” MMC arasında bağlanmış müqavilənin predmetinin Bakı şəhəri, Xətai rayonu, R Məmmədov küçəsi, 20 saylı evin 78 saylı yox, 85 saylı mənzilin olmasına dair mötəbər sübutların təddim edilməməsini, bununla da, ilkin iddia üzrə iddiaçının hazırki tələblə Cavabdeh1 qarşı iddia tələbini qaldırmaqda subyektiv hüququnun olmamasını nəzərə alaraq ilkin iddianın rədd, qaşılıqlı iddianın isə təmin edilməsi nəticəsinə gəlmişdir. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə almışdır ki, ilk iddia üzrə iddiaçı cavabdehə satılan 85 saylı mənzilin ona satılmış 78 saylı mənzillə eyni mənzil olmasını, onun müqaviləsində mənzilin nömrəsinin 85 əvəzinə 78 yazılmasını, bu səbəbdən cavabdehlə bağlanan müqavilənin etibarsız olmasını bildirsə də, məhkəmə tədqiqatı zamanı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Kollegiya apellyasiya şikayətinin qarşılıqlı iddia ərizəsinin prosessual pozuntuya yol verilərək icraata qəbul edilməsi barədə dəlilinə münasibətdə bildirir ki, hazırki dəlilin yoxlanılması, yəni qarşılıqlı iddia ərizəsinin icraata götürülməsinin mümkünlüyünün yoxlanılması hazırki apellyasiya icraatı çərçivəsində yoxlanıla bilməz. Apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizaya əsasən verilmiş rəydə müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş Cavabdeh1 ilə xxxx MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilədə “İcraçı xxxx Mənzil Tikinti Kooperativi” yazılarından aşağıda “Tağıyev E.H” qrafasındakı imza X6 tərəfindən icra olunmuşdur. İddiaçı ilə xxxx MMC arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilədə “İcraçı Birik-İnşaat MMC” yazılarından aşağıda “direktor Tağıyev E.H” qrafasındakı imza X6 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bu isə o deməkdir ki, İddiaçı ilə xxxx MMC arasında müqavilədəki imza və möhür saxta olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq həmin müqaviləni etibarsız hesab etmişdir. Kollegiya xüsusilə qeyd edir ki, iddiaçıya satılan 78 saylı mənzil onun müqaviləsinə qeyd edildiyi kimi 13-cü mərtəbədə deyil, 12-ci mərtəbədə yerləşir. İddiaçının ona satılan mənzilin nömrəsinin 85 olmasına dair sübut növü olaraq məhkəməyə təqdim etdiyi “xxxx” MMC-nin xx.xx.2014-cü il tarixli arayışına və “Ekspert LTD” müəssisəsinin xx.xx.2015-ci il tarixli 18/E saylı rəyinə münasibət bildirərək məhkəmə qeyd edir ki, iddiaçı ilə müqavilə bağladıqdan sonra hansı dəqiqləşdirməni apararaq 9 il əvvəl bağladığı müqavilədə mənzilin nömrəsinin düz qeyd edilməməsi arayışda öz əksini tapmadığından, rəydə isə hansı əsaslardan iddiaçıya satılan mənzilin nömrəsinin 85 olması əsaslandırılmadığından məhkəmə bu sübut növlərini ilk iddia tələbinin təmin edilməsinə əsas ola biləcək mötəbər, təkzib olunmaz sübut növü kimi qəbul etmir. Həmçinin nəzərə alınmışdır ki, “xxxx” MMCnin xx.xx.2005-ci il tarixli maliyyə arayışının çap olunduğu blankın yuxarı-sol küncündə, sənədin tərtib olunma tarixi qrafasında, çap üsulu ilə "201 rəqəminin, yuxarı-sağ küncündə "Cavabdeh2" MMC-nin mobil telefon nömrəsi kimi xx.xx.2006-cı il tarixdə satılmış "055 397-20-60" telefon nömrəsinin qeyd olunması İddiaçı adına olan xx.xx.2005-ci il tarixli müqavilənin və tarixli maliyyə arayışının sonradan, arxa tarix göstərilməklə tərtib olunduğunu təsdiq edir. Kollegiya həmçinin qeyd edir ki, Cavabdeh1 ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilənin “xxxx” MTK-ya aid blankda bağlanması həmin müqavilənin saxta müqavilə olması kimi qəbul edilə bilməz. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən E.Tağıyev bildirmişdir ki, onun ofisində bir çox şirkətlərə məxsus çox sayda blanklar olmuş və müqavilə bağlanan tarixdə “xxxx” MMC-yə aid blank qalmadığından, müqavilələrin bağlanmasında “xxxx” MTK-ya aid blanklardan istifadə olunmuş və onların üzərində düzəlişlər edilmişdir. Kollegiya belə nəticəyə gələrkən onu da nəzərə alır ki, məhkəmənin sorğusuna əsasən “xxxx” MMC tərəfindən məhkəməyə göndərilmiş “Məlumat” adlandırdıqları məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2942 saylı məhəllədə, 81 mənzilli çoxmərtəbəli binanı tikən “xxxx” MTK 2008-ci ildə bu binanı tərk edib getmişlər. Hazırda bina sakinlərindən təşkil olunmuş “xxxx” MMC tərəfindən idarə olunur. Sorğuya cavab olaraq bildirmişlər ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2942 saylı məhəllədə tikilən 14 mərtəbəli binada Cavabdeh1 İsgəndər qızının adına heç bir mənzil yoxdur. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı rədd, qarşılıqlı iddia tələbini isə təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə cavabdehin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-5492/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Şeyda Məhərrəmova Hakimlər: Məmməd Məmmədov Elşad Şamayev Əsli ilə düzdür: Hakim: Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-2080/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2080/2020
12.03.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver