Məhkəmə qərarları › İş №2(103)-2083/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2083/2021

08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2083/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının vəkili Vəkil2, Cavabdehin nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh-ya qarşı “evin damının təmir edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-145/2020 saylı qətnaməsindən cavabdeh MTK tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin damında yaranmış nasazlığın, su sızması hallarının təmir edilməsinin cavabdeh MTK-ya həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(005)-54/2019 saylı qətnaməsi ilə iddiası təmin edilmiş, cavabdehlər Hüseynova Sevinc Mazahim qızından və Cavabdeh-dan ünvan 2 ünvanında yerləşən mənzilə vurulmuş 27438 manat məbləğində maddi zərər və 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdehlər Hüseynova Sevinc Mazahim qızından və Cavabdeh-dan tutulub “Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZO **********000003944 SÜİFT AZ34CTRE********************” hesabına keçirilməsi qət edilmişdir. Qətnamə ilə müəyyən edilmişdir ki, işlə bağlı tikinti-texniki ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 9382/83 nömrəli rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin konstruktiv elementləri üzərində su sızma izlərinin olduğu, mənzilə ziyan vurulduğu aşkar edilmişdir. Buna görə də evin damının təmiri Cavabdeh-ya həvalə edilməlidir. Belə ki, İddiaçı qanuni nümayəndəsi olduğu X6 ilə Hüseynova Sevinc Mazahim qızı arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli ******* nömrəli daşınmaz əmlakın alğısatqı müqaviləsinə əsasən, satıcı ünvan 2 ünvanında yerləşən mənzili ona 300.000 manata satmış və həmin əmlak X2 mülkiyyətinə verilmişdir. X2 9 yaşı olduğundan müqavilə onun qanuni nümayəndəsi-anası, yəni onun tərəfindən imzalanmış, çıxarışa əsasən, adı çəkilən mənzil mülkiyyət hüququ ilə xx xxxxxxx 2015-ci ildən etibarən X3 məxsusdur. O, mənzili aldığı gündən etibarən onun təmir işləri ilə məşğuldur, hər il yağan leysan yağışlar mənzilə külli miqdarda ziyan vurur, mənzil 18-ci, yəni sonuncu mərtəbədə yerləşdiyindən yağış suları evin təmirinə və evdəki əşyalara zərər yetirir, onların istifadəsiz hala gəlməsinə səbəb olur. Bu da mənzilin təmirinin istənilən hava şəraitinə uyğun olmadığını göstərir, mənzilin təmir xərcləri də hər dəfə tərəfindən qarşılanmış və sadəcə təmir üçün hər kv/m-ə 400 manat olmaqla 113.504 manat məbləğində pul xərclənmişdir. Belə ki, evə su axdıqdan sonra həmin fəsadların aradan qaldırılması üçün MTK-nın rəhbərliyinə məlumat verilmiş, MTK-nın rəhbərliyi buna məhəl qoymamış və evin damını təmir etməkdən imtina etmişdir. X5 Mazahim qızı evin yararsız vəziyyətdə olduğunu, evin damının təmirinin yüksək səviyyədə edilmədiyini əvvəlcədən bilsə də bu barədə ona heç bir məlumat verməmiş və xəbərdarlıq etməmişdir. Həmçinin satıcı evin mövcud vəziyyəti haqqında məlumatı olduğu üçün onu başqa şəxsə satmaq niyyətinə düşmüşdür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 145/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən mənzilin damında yaranmış nasazlığın, su sızması hallarının təmir edilməsinin Cavabdeh-ya həvalə edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh MTK tərəfindən apelyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə görə qətnamə qanunsuz və əsassızdır, MTK-nın iştirakı təmin edilmədən işə baxılmışdır. İstifadəsində olan mənzilin saxlanılmasını iddiaçı təmin etməli olduğu halda, bunu etməməsi nəticəsində mənzilin zərər görməsinə görə təqsirkar digər şəxslər deyil, iddiaçının özünün olmasına məhkəmə qiymət verməmişdir. İddiaçı mənzilin saxlanılması, vaxtlı-vaxtında təmir edilməsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirmiş olsa idi, atmosfer sularının sızması nəticəsində mənzilə zərər dəyməzdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verib, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən edilir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(005)-54/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Hüseynova Sevinc Mazahim qızından və Cavabdeh-dan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 98a saylı evin, 66 saylı ünvanında yerləşən mənzilə vurulmuş 27438 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatın cavabdehlər Hüseynova Sevinc Mazahim qızından və Cavabdeh-dən tutulması qət edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə cavabdeh Hüseynova Sevinc Mazahim qızının kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya baxışına qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Hüseynova Sevinc Mazahim qızı və Cavabdeh-ya qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(005)-54/2019 saylı qətnaməsindən cavabdeh Hüseynova Sevinc Mazahim qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmuş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(005)-54/2019 saylı qətnaməsi qismən, yəni iddianın cavabdeh Hüseynova Sevinc Mazahim qızına aid təmin olunmuş hissəsində və məhkəmə xərclərinin (dövlət rüsumu və ekspertiza xərci) müştərək qaydada həmin cavabdehə aid edilməsi hissəsində ləğv edilmiş, iddia Hüseynova Sevinc Mazahim qızına aid hissədə təmin olunmamışdır. Həmin qətnamə ilə atmosfer sularının güclü küləyin təsirindən şimal hissədə yerləşən terrasın döşəməsi üzərinə və döşəməyə bitişik fasadın qabaritli aqlay daşı ilə üzlənmiş hissələrinə sızaraq oradan da Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 98a saylı evin, 66 saylı ünvanında yerləşən mənzilin konstruktiv elementlərinə su sızmasının baş verməsi öz təsdiqini tapmış və Cavabdeh-nın mülki hüquq pozuntusu törətməsi sübuta yetirilmişdir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, MTK-nın hüquq pozuntusu nəticəsində həmin iş üzrə iddiaçının mənzilinə su sızması halı baş vermiş və ona ziyan vurulmuşdur. Belə olan halda, Kollegiya qeyd edir ki, iddiaçı hazırda mənzilin damında yaranmış nasazlığın, su sızması hallarının təmir edilməsinin Cavabdeh-ya həvalə edilməsini tələb etməkdə haqlıdır. Mövcud mübahisənin həlli və apelyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Beləliklə, Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Cavabdeh “MTK”-nın məhkəmə iclasında onların iştirakının təmin edilməməsi barədə dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, cavabdehin iddia ərizəsində (eyni zamanda MTK tərəfindən verilmiş apelyasiya şikayətində qeyd edilmiş) göstərilən ünvanı üzrə məhkəmə bildirişləri göndərilmiş, həmçinin əvvəlki məhkəmə iclaslarında MTK-nın nümayəndəsi-vəkili iştirak etmiş, xx.xx.2020-ci il tarixə təyin edilmiş məhkəmə iclası barədə MTK ilə yanaşı, əvvəlki məhkəmə iclaslarında iştirak etmiş nümayəndəsi-vəkilinin ünvanı üzrə də məhkəmə bildirişi göndərilmişdir. Göründüyü kimi, qeyd edilən dəlil əsassızdır. Beləliklə cavabdehin apelyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-145/2020 saylı saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar