Məhkəmə qərarları › İş №2(103)-2083/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2083/2022

16.03.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2083/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(007)- 3376/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə onun və övladının istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, cavabdehin oğlu X13 ilə 2014-cü il tarixdə ailə həyatı qurmuşlar. Həmin vaxtdan başlayaraq o və X13 Cavabdeh məxsus ünvan 2 ünvanında yaşayırmışlar. 2015-ci il tarixdə onunla cavabdeh X6 15 avqust 2015-ci il tarixli X10 adlı birgə övladları anadan olmuşdur. Bunuda qeyd etmək istəyir ki, onunla cavabdeh X7 əvvəlcədən toyları olmuşdur, sonradan isə 2015-ci il tarixdə nikahları bağlanmışdır. Beləliklə əvəllər normal ailə həyatı yaşasalarda, lakin 2020-ci ilin əvəllərindən başlayaraq münasibətləri soyumuşdur. O və X13 nəticəyə gəlmişlər ki, birgə nikahları pozulsun, lakin övladlarına psixoloji travma dəyməməsi üçün birgə yaşamağa davam etsinlər. Nəticə olaraq birgə nikahları məhkəmə qaydasında pozulmuşdur və o, yetkinlik yaşına çatmayan övladları X10 ilə cavabdehə məxsus olan həmin ünvanda yaşamağa davam edirmiş. 2021-ci ilin mart ayında o, övlad X10 ilə valideyninin evinə qonaq getmişlər. Axşam saatlarında övladı ilə birlikdə yaşadığı ünvan 3 ünvana qayıdarkən evin qapısına açarı salan zaman məlum olmuşdur ki, evin qapısı açılmır. İlk olaraq o fikirləşmişdir ki, qapının açarı xarab olmuşdur. Lakin sonradan məlum olmuşdur ki, X13 tərəfindən həmin evin giriş qapısının açarları dəyişilmişdir. Tərəfindən dərhal cavabdehə telefon vasitəsi ilə zəng edilərək X13 onun telefon zənginə cavab verməmiş və DİN-nin 102 xidmətinə zəng edib ondan şikayət etmişdir. Nəticədə, həmin iş üzrə 23 Polis Bölməsində aydınlıq gətirərək, rəy verilmişdir ki, həmin iş mülki xarakterli işdir. Həmin vaxtdan başlayaraq o, övladı X10 ilə birgə demək olar ki, küçələrdədir. Onun bütün sənədləri 6 il ərzində yaşadığı evdə qalmışdır. Cavabdeh X8 hal-hazıradək onu həmin evə buraxmır. O, övladı ilə birlikdə həmin ünvanda 6 il yaşamışdır. X2 həmin ünvana dair olan 2 saylı uşaq poliklinikasında qeydiyatda olmağı buna dair sübutdur. Bunu da qeyd etmək istəyir ki, 2014-cü il tarixdə toylarından sonra köçdüyü və 6 il ərzində yaşadığı ünvan 4 ünvanda ona məxsus cehizlər və pul vəsaitləri vardır: 12000 (on iki min) manat məbləğində pul vəsaiti, 7000 (yeddi min) ABŞ dollar məbləğində pul vəsaiti, 18 qram çəkisi olan 750 əyar qızıl qolbaq, 24 qram çəkisi olan 750 əyar qızıl sep, Yataq mebel dəsti - 32000 (otuz iki min) manat dəyərində, Qonaq mebel dəsti 11000 (on bir min) manat dəyərində, 3 (üç) ədəd SAMSUNG markalı televizor 2530 (iki min beş yüz) manat dəyərində, Mətbəx mebeli - 6000 (altı min) manat dəyərində, 1 ədəd böyük divar güzgüsü, qırağı gümüş - 400 (dörd yüz manat) dəyərində, 4 qapılı soyuducu -2100 (iki min yüz) manat məbləğində dəyəri, Serviz dəsti (İtaliya istehsalı) - 12000 (on iki min) manat məbləğində dəyəri, Çay və Kofie Serviz dəsti - 2000 (iki min) manat məbləğində dəyərində. Yuxarıda qeyd olunan siyahı bundan başqa onun və övladının sənədləri və geyim paltarları birlikdə həmin ünvandadır. İddiaçı Məhərrəm qızı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq iddia ərizəsinə dəqiqləşdirmə verərək, iddia ərizəsinin xahiş edirəm hissəsində dəyişiklik edərək onun və yetkinlik yaşına çatmayan övladının Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, R.Ağayev küçəsi 17, mənzil 12-yə olan əlavə tikilisinə köçürülməsi və istifadə hüququnun tanınması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(007)- 3376/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə tərəfindən iş üzrə bir sıra əhəmiyyətli hallar araşdırılmamışdır. Belə ki, İddiaçı istifadə hüququnun tanınmasını iddia etdiyi daşınmaz əmlakın indentifikasiyası belə aparılmamışdır. Yəni iddiaçının nikah dövründə yaşadığı və hazırda ona məxsus əmlakların yerləşdiyi iki mərtəbəli fərdi yaşayış evi Cavabdeh tərəfindən təqdim edilmiş mülkiyyət hüquqlarının qeydiyyatına dair çıxarışda qeyd edilən mənzillə eynidirmi. Ən azından çıxarışda əks olunan daşınmaz əmlakın mənzil olaraq qeyd olunması, faktiki olaraq isə istifadə hüququnun tanınması tikilinin fərdi yaşayış evi olması bu halın tam təhlilini qaçılmaz edir. Fərdi yaşayış evi necə mənzil kimi qeydə alına bilər!? Məhkəmə mövcud tikilinin texniki sənədlərini təhlil etməkdə israrlı olmalı olduğu halda bu vacib amilin üztündən səti keçmişdir. Tikililərin eyniləşdirilməsi tələb edən digər amil həmin ünvanda yaşayarkən dünyaya gəlmiş övladının fərqli bir ünvanda (ünvan 5ata alınması faktıdır. Bundan əlavə iş materiallarında olan ******* nömrəli çıxarışdan da bəlli olur ki, cavabdehin təqdim etdiyi sənədin mübahisə edilən tikiliyə aidiyyatı belə yoxdur. Belə ki, çıxarışda Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, R.Ağayev küçəsi ev 17, mənzil 12-nin ümumi 31 kv.m göstərildiyi halda fərdi yaşayış evinin sahəsi 150 kv.m. artıq təkil edir. Odur ki, əgər məhkəmə bu tikililəri eyniləşdirirsə bu zaman 31 kv.m-dən artıq sahənin (yəni 119 kv.m.) kimin sahibliyində, istifadəsində və ya sərəncamında olmasına belə aydınlıq gətirilmir. Məhkəmə, mübahisəli hüquq münasibəti üzrə tətbiq olunmalı hüquq normasına münasibətdə qeyd edir ki, mübahisəli tikiliyə dair hər hansı bir hüququnun olmaması, o cümlədən onun cavabdehin ailə üzvü olmaması, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı 31 kv.m. artıq sahəyə dair hallarda mübahisəli hüquq münasibətini tənzimləyən normaların olmaması, həmin münasibətlərə oxşar münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiqini, yəni qanunun analogiyasını istisna etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Bütün bu qeyd edilənlər cavabdehin məhkəməyə təqdim etdiyi Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, R.Ağayev küçəsi, ev 17, mənzil 12-yə aid ******* saylı çıxarışın uzun müddət faktiki yaşadıqları və hazırda istifadə hüququna iddia etdikləri fərdi yaşayış evinə aid olmamasına dəlalət edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etmədi, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi, izahatında qeyd etdi ki, iddiaçı iş üzrə cavabdeh olan qaynatasının mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, R.Ağayev küçəsi, ev 17, mənzil 12-yə gəlin gəlmiş, orada yaşamışdır. Həmin ünvanda mülkiyyətdə 31 kv.m sahə olduğu göstərilmişdir. Cavabdeh həmin evi tikib artırmış, ikimərtəbəli ev həddinə gətirmişdir. Artırılmış hissənin hal-hazırda sənədləri olmasa da, cavabdehin gözlənilən mülkiyyət hüququ vardır. Hazırda iddiaçının apellyasiya şikayətinə əlavə etdiyi və birlikdə nəzərdən keçirilən fotoşəkillərdə olan ev Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, R.Ağayev küçəsi, ev 17, mənzil 12-yə aiddir. İddiaçı iddia tələbində heç bir evin tikilməsində iştirak etmədiyini, mübahisəli evə gəlin gəldiyini qeyd etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hüquq münasibətlərinin yarandığı zaman tətbiq edilməli olmayan Azərbaycan Respublikası Mülki Məcəllənin 228-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, digər dəlillərdən asılı olmayaraq, maddi hüquq normasının düzgün tətbiq edilməməsi əsasına görə qətnamə ləğv edilməli, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 18 fevral 2014-cü il tarixli AN-İ № ******* saylı Daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, X4 ünvan 6 ünvanında yerləşən mənzilini Cavabdeh satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı № ******* saylı 20.02.2014-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 31 kv.m olan mənzil Cavabdeh adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1597 nömrəli reyestr kitabının 146200 nömrəli vərəqində ********** №-si ilə il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən 27.07.2021-ci il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, Cavabdeh ünvan 6 ünvanında yerləşən mənzildə qeydiyyatdadır. Qeydiyyatda başqa heç bir şəxs yoxdur. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007-2809/2020 saylı 04.11.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək X14 ilə İddiaçı arasında 07 dekabr 2016-cı il tarixdə 2 saylı Bakı ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində bağlanılımış və 0009 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gəlmiş 15 avqust 2015-ci il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılması, X5 15 avqust 2015-ci il təvəllüdlü X1 üçün 22 sentyabr 2020-ci il tarixdən başlayaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən olundu ki, İddiaçı ilə cavabdehin oğlu X14 2014-cü il tarixdə ailə qurmuş, nikahlarını 07 dekabr 2016-cı il tarixdə rəsmiləşdirmişlər. İddiaçı ailə qurduqdan sonra cavabdehin mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən mənzilə gəlin köçmüşdür. İddiaçı ilə X9 birgə nikahlarında X12 adlı övladları olmuşdur. Onlar arasında olan nikah münasibətləri məhkəmənin 04.11.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə onun və övladının istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülməsini xahiş etmiş, daha sonra isə iddia tələbini dəqiqləşdirərək onun və yetkinlik yaşına çatmayan övladının Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, R.Ağayev küçəsi 17, mənzil 12-yə olan əlavə tikilisinə köçürülməsi və istifadə hüququnun tanınmasını xahiş etmişdir. Kollegiya apellyatorun istifadə hüququnun tanınmasını iddia etdiyi daşınmaz əmlakın indentifikasiyası belə aparılmaması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. İddiaçı tərəf birinci instansiya məhkəməsində qeyd olunan halla bağlı heç bir sübut təqdim etməmişdir. Digər tərəfdən məhkəmə kollegiyasının iclasında cavabdeh tərəfin apellyasiya şikayətinə əlavə etdiyi fotoşəkillərə tərəflərlə birlikdə baxış keçirilmişdir. İddiaçının nümayəndəsi fotoşəkildə olan evin iddiaçının gəlin köçdüyü və köçürülməsini xahiş etdiyi ev olduğunu bildirdi. Cavabdehin nümayəndəsi həqiqətən iddiaçının həmin evə gəlin gəldiyini, evin cavabdehin mülkiyyətində olan ünvan 6 olduğunu, cavabdeh tərəfindən evin sahəsinin artırıldığını bildirdi. Beləliklə müəyyən olunur ki, iddiaçı iş üzrə cavabdeh olan qaynatasının mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, R.Ağayev küçəsi 17, mənzil 12-də olan cavabdeh tərəfindən artırılmış əlavə tikiliyə köçürülməsi və istifadə hüququnun tanınmasını xahiş etmişdir. Hansı ki, həmin evin 31 kv.m sahəsi cavabdehin mülkiyyətində olsa da, cavabdeh tərəfindən tikilmiş əlavə tikililər mülkiyyət hüququ əsasında qeydə alınmamışdır. “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyun 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 180-cı maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə, qanunverici özbaşına tikililərə dair hüquqi tənzimləmə qaydalarını təsbit edərək onun üzərində mülkiyyət hüququnun yaranması şərtlərini müəyyən etmişdir. Bunlara tikinti aparılan torpaq sahəsinin tikən şəxsin mülkiyyətində olması, tikilinin saxlanılmasının digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmaması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmamasıdır. Bu şərtlərdən birinin mövcud olmaması məhkəmələr tərəfindən özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmasını istisna edir. Göstərilən şərtlər mövcud olarsa, məhkəmə özbaşına tikili üzərində mülkiyyət hüququnu tanıya bilər və belə tanıma Mülki Məcəllənin 139-1.1.4-cü maddəsinə uyğun olaraq, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsası təşkil edir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Mülki Məcəllənin 180.3-cü maddəsində qeyd edilən “torpaq sahəsinin tikintini aparan şəxsin mülkiyyətində olması” ifadəsi nəinki daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrini, həm də qanuni əsaslarla şəxslərin sahibliyində olan sahələri ehtiva edir. Belə yanaşma Mülki Məcəllənin 157.8-ci maddəsinin mənasından irəli gəlir. Belə ki, göstərilən maddəyə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. O da qeyd edilməlidir ki, şəxsin lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla mülkiyyətində olan tikililərə artırılmaların aparılması da özbaşına tikili hesab edilir. Kollegiya qeyd edir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, R.Ağayev küçəsi 17, mənzil 12-də olan cavabdeh tərəfindən artırılmış əlavə tikililər özbaşına tikili hesab edilir. Belə ki, tikilinin artırıldığı torpaq sahəsinin cavabdehin mülkiyyətində və ya qanuni əsaslarla sahibliyində olması halları müəyyən olunmur. Bundan əlavə həmin tikililərin lazımi icazələr alınmaqla və şəhərsalma və tikinti normalarına riayyət edilməklə tikilməsi halları müəyyən olunmur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına görə, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (Qanunun analogiyası). MM-nin 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. 01.10.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2 və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Kollegiya qeyd edir ki, İddiaçı 2014-cü ildə mübahisəli evə gəlin köçməklə, 2021-ci ilə kimi həmin evdə yaşamışdır. İddiaçı iddia tələbində də, hazır evə gəlin gəldiyini bildirmişdir. Kollegiya hesab edir ki, mübahisə predmeti olan iddiaçının köçürülməsini xahiş etdiyi Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, R.Ağayev küçəsi 17, mənzil 12-də olan əlavə tikili özbaşına tikili olmaqla cavabdeh Cavabdeh məxsus olmaqla, İddiaçı ondan özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs deyildir və ona görə də, İddiaçı cavabdehin ailə üzvü və digər qohumu hesab edilmədiyindən, iddia tələbi təmin edilə bilməz. Qeyd olunanlara əsasən kollegiya iddianın əsassız olduğu üçün təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(007)-3376/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar