Məhkəmə qərarları › İş №2(103)-2083/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2083/2024

18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2083/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(008)-3367/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı MMCi (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən iddiaçı X9 tərəfindən verilmiş etibarnaməyə əsasən onun istifadə və sahibliyində olan “Hyundai Elantra” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomоbili (bundan sonra avtomobil) xx.xx.2023-cü il, saat 17:00-dan xx.xx.2023-cü il, saat 17:00-dək cavabdehə icarəyə vermişdir. Müqavilənin şərtlərinə əsasən cavabdeh iddiaçıya hər bir gün üçün 65 manat icarə haqqı vermək, habelə qəza baş verdiyi vaxtdan avtomоbilin təmirdən çıхdığı vaxtadək hər gün, günlük icarə haqqının 70 faizi (45,5 manat) miqdarında ödəniş etmək, təqsirindən baş verən nasazlıqlara görə tam maddi məsuliyyət daşımaq barədə üzərinə öhdəlik götürmüşdür. xx.xx.2023-cü il tarixdə cavabdehin təqsirindən baş vermiş yоl nəqliyyat hadisəsi nəticəsində “Hyundai Elantra” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomоbil zədələnmiş və nəticədə iddiaçıya maddi zərər dəymişdir. Cavabdeh dəymiş zərərin aradan qaldırılması qaydasında, avtomobilin təmiri zamanı iddiaçıya 2.500 manat dəyərində ehtiyyat hissəsi vermişdir. Avtomobilin təmiri ilə bağlı iddiaçının təqdim etdiyi ödəniş qəbzlərinə və qaimə fakturalara əsasən iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində ümumilikdə 5.417 manat məbləğində pul ödənilmişdir. Hadisənin baş verdiyi xx.xx.2023-cü il tarixdən təmir xərci qismində son ödənişin aparıldığı xx.xx.2023-cü il tarixədək müddət 48 gün təşkil edir və müqavilənin 3.9-cu bəndinin şərtlərinə uyğun aparılmış hesablamaya əsasən cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan məbləğ 2.184 manat təşkil edir. İddiaçı cavabdehə pretenziya məktubu göndərərək, avtomobilin təmir bərpası ilə bağlı 5.417 manat ödənildiyini, habelə avtomobilin 48 gün təmirdə olduğunu və müqavilə şərtlərinə görə bu müddət üçün əldən çıxmış fayda məbləğinin 2.184 manat təşkil etdiyini bildirimiş və ümumilikdə 7.601 manat məbləğində pulun 1 həftə ərzində ödənilməsini xahiş etmiş, əks halda pozulmuş hüquqların müdafiəsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 9/5180 saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən nəzəri hesablama yolu ilə, iş materiallarında olan qaimə fakturalarına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Hyundai Elantra” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərclərinin hazırki bazar qiymətlərinə uyğun təxminən 5.267 manat olduğu müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı MMC Cavabdeh qarşı iddia və idda tələbinin dəyişdirilməsi barədə ərizələrlə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, 8.201 manat məbləğində pulun və ödənilmiş 102,01 manat dövlət rüsumunun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər.

3. İddiaçı tələbini xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə istinad edərək onunla əsaslandırılmışdır ki, həmin müqavilənin 3.1-ci bəndinə əsasən “icarədar avtonəqliyyat vasitəsinin istifadəsinin hər 1 günü üçün 65 AZN ödəyir.” Həmin müqavilənin 3.9-cu bəndinə əsasən “Qəza baş verən zaman müqavilənin 3.2-ci bəndində göstərilən 1.000 manat depozit azadolma məbləği kimi icarəçi tərəfindən icarəyə verənə ödənildikdən sonra avtonəqliyyat vasitəsinin qəza baş verdiyi vaxtdan təmirdən çıхdığı vaxtadək olan günlərin sayı avtonəqliyyat vasitəsinin bir günlük icarə haqqının 70 faizi dəyərində hesablanaraq icarəçi tərəfindən icarədara ödənilməlidir. Həmin müqavilənin 3.10-cu bəndinə əsasən qəza baş verən zaman avtonəqliyyat vasitəsi icarəyə verənin təyin etdiyi servis mərkəzində təmir olunmalıdır. Həmin müqavilənin 5.5-ci bəndinə əsasən avtonəqliyyat vasitəsinin (İcarəçinin səhvi olmadan) mühərrik, transmisiya (arxa-qabaq körpü, ötürmələr qutusu), akumlyator və şinlərdə olan nasazlıqlara görə icarəyə verən cavabdehlik daşıyır, digər qüsurlara və icarəçinin günahı ucbatından baş verən nasazlıqlara görə icarəçi tam maddi məsuliyyətlə cavabdehdir. Müəyyən qəza hadisəsində və ya icarəçinin səhvinə görə avtonəqliyyat vasitəsinin şüşələrinə (ön, yan, arxa), ön işıq verən faralara, arxa stop siqnallara, şinlərə və cızıqlara görə icarəyə verənə dəymiş ziyan icarəçi tərəfindən bu Müqavilənin 3.3-cü bəndi ilə ödənilməsi nəzərdə tutulmuş depozit məbləği hesabına aradan qaldırılır. Dəyən ziyan müqavilənin 3.2-ci bəndindəki depozit məbləğindən çoxdursa dəymiş zərərin artıq hissəsi icarəçi tərəfindən dərhal ödənilir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən “Bu müqavilə xx.xx.2023-cü il tarix saat 17:00dan xx.xx.2023-cü il saat 17:00-dək qüvvədədir.” Həmin müqavilənin son səhifəsinin “Diqqət!!!” başlıqlı hissəsində qeyd olunmuşdur ki, “Avtonəqliyyat vasitəsi Kasko siğortalı və ya Kasko sığortasız ola bilər, əgər avtonəqliyyat vasitəsinin Kasko sığortası yoxdursa yuхarıda sadalanan Kasko sığorta haqqında bütün qaydalar keçərsizdir və avtonəqliyyat vasitəsi icarəyə verənin təqsiri olmadan dəymiş bütün ziyanların qarşılanması icarəçinin öhdəliyinə düşür.” Müqavilədən göründüyü kimi, tərəflər “Avtonəqliyyat vasitəsi Kasko sığortası yoxdur” müddəasına imza çəkmişlər. xx.xx.2023-cü il tarixdə cavabdehin iştirakı ilə qəza (hadisə) baş vermiş, həmin hadisə nəticəsində “Hyundai Elantra” markalı, **-BT- *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. xx.xx.2023-cü il tarixədək dəymiş ziyan məbləğinin 2.500 manatı (detal formasında) cavabdeh tərəfindən ödənilmişdir. Lakin həmin tarixdən sonra nəqliyyat vasitəsinə təmir-bərpa xərcləri üçün əlavə olaraq 5.417 manat da xərc çəkilmişdir. Belə ki, detalların alınması üçün məbləğlər şirkət tərəfindən aşağıda göstərilənlərə müvafiq оlaraq ödənilmişdir: qiyməti 200 manat olan 1 ədəd “Bufer”, qiyməti 60 manat olan 1 ədəd “Ablitsovka”, qiyməti 80 manat olan 1 ədəd “Altsetka”, qiyməti 50 manat olan 2 ədəd “Dumannı”, qiyməti 10 manat olan 4 ədəd “Salaçka”, qiyməti 50 manat olan 2 ədəd “Patkrenik”, qiyməti 250 manat olan 1 ədəd “Ekran”, qiyməti 130 manat olan 1 ədəd “Pər” və qiyməti 50 manat olan 1 ədəd “Zaşitnik”, ümumilikdə 1.010 manat “Avtoservis”ə (VÖEN **********) qiyməti 50 manat olan 2 ədəd “Padşevnik Most” və qiyməti 35 manat olan 1 ədəd “Padşevnik Most”, ümumlikdə 135 manat "xxxx" MMC-yə; qiyməti 460 manat olan 1 ədəd “Blok Elantra” X7 (VÖEN **********); qiyməti 200 manat olan 1 ədəd “Caska Alt 54501-3X000 CTR CQKH-97R, HY- 54 ALTİ”, qiyməti 55 manat olan “Nakonecnik 56820- 3X090 GENUİNE PARTS 1A-90-1”, qiyməti 45 manat olan 1 ədəd “Stoyka Stabilizator 54830-0U000 GENUİNE PARTS A2/1, A2/1 və qiyməti 120 manat olan 1 ədəd “Su Pompası 25100-2E000 GENUİNE PARTS R- 46 / 2HY-12, 2HY-12, ümumilikdə 420 manat “Auto Sistem”ə; qiyməti 9 manat olan 4 ədəd “Eurol Comline 10W-40 200L, qiyməti 7 manat olan 1 ədəd “Yağ Filtiri”, qiyməti 25 manat olan 8 ədəd “Yağ Koropka”, ümumilikdə 187 manat “Auto Sistem”ə; qiyməti 80 manat olan 4 ədəd “Porsen 23041-2E100”, qiyməti 350 manat olan 1 ədəd “Kondisioner Radiator”, qiyməti 390 manat olan 1 ədəd “Radiator Su” və qiyməti 300 manat olan 1 ədəd “Ventelyator”, ümumilikdə 1.300 manat “Auto Sistem”ə; qiyməti 320 manat olan 1 ədəd “Vanus”, qiyməti 250 manat olan 1 ədəd “Vanus Raspidval”, qiyməti 85 manat olan 1 ədəd “Motor Sep”, qiyməti 30 manat olan 1 ədəd “Basmaq Sepin” və qiyməti 20 manat olan 1 ədəd “Basmaq Sepin”, ümumilikdə 705 manat “Auto Sistem”ə ödənilmişdir. Eyni zamanda usta işləri ilə bağlı motorun yığılmasına görə 500 manat, Slesara 200 manat Karobkanın yığılmasına görə 150 manat, Malyara 200 manat və dəmirçiyə 150 manat, ümumilikdə 1.200 manat şirkət tərəfindən “MİG AUTO SERVİCE”-ə ödənilmişdir. Qəza baş verdiyi xx.xx.2023-cü il tarixdən avtonəqliyyat vasitəsinin təmirdən çıxdığı xx.xx.2023-cü il tarixədək olan müddət 48 gün təşkil edir. Buna uyğun olaraq, əldən çıxmış fayda - 48 (günlərin sayı) х 65 (icarə haqqı) x 0.7 (70%) = 2.184 manat məbləğindədir. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2023-cü il tarixdə cavabdehin təqsirli hərəkətləri ilə müşayiət olunan baş vermiş qəza hadisəsi nəticəsində ona (“Hyundai Elantra” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir-bərpa xərcləri 5.417 manat və əldən çıxmış fayda 2.184 manat) 7.601 manat məbləğində maddi ziyan dəymişdir. Bununla əlaqədar tərəflərindən xx.xx.2023-cü il tarixdə cavabdehə pretenziya məktubu ilə müraciət edilmiş, lakin buna baxmayaraq bu günədək həmin məbləğ ödənilməmişdir. Bununla belə, həmin yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Elantra” markalı, 77- BT129 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin iddia ərizəsində göstərilən detalları ilə yanaşı, kondisioneri zədələnmiş, kompressoru sıradan çıxmışdır. Bu səbəbdən də şirkət tərəfindən kompressorun alınması üçün əlavə olaraq 600 manat "xxxx" MMC-yə ödənilmişdir.

4. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək, bildirmişdir ki, o, xx.xx.2023cü il tarixdə “Hyundai Elantra” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən yol-nəqliyyat hadisəsi törədərək avtomaşını yolun qırağında olan səkiyə (bordyura) vurmuş, nəticədə avtomaşının qabaq alt hissəsi yüngülcə əzilmişdir. Hadisədən sonra onun atası X10 avtomaşının zədələnmiş və ya sıradan çıxmış hissələrinin bərpa edilməsi və ya dəyişdirilməsi üçün 2.500 manat dəyərində ehtiyyat hissələri alıb vermiş və avtomaşının mühərriki usta X8 tərəfindən təmir edilərək işə salınmış və işlək vəziyyətdə xx.xx.2023-cü il tarixdə təhvil verilmişdir. Həmçinin digər usta (çilingər və dəmirçi) X11 da bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə qranat deyilən oxu təmir edib avtomaşını təhvil vermişdir. Başqa sözlə, xx.xx.2023-cü il tarixdə avtomaşın işlək vəziyyətdə sahibinə təhvil verilmişdir. Bu işlərə onun atası X10 nəzarət etmiş və sərf etdiyi 2.500 manatdan əlavə avtomaşın sahibinə daha 300 manat nağd şəkildə pul vermişdir. Bununla da bu məsələ artıq həllini tapmışdır. Lakin iddia ərizəsində əsassız olaraq göstərilir ki, avtomaşın təmirdən xx.xx.2023-cü il tarixdə çıxıb və buna görə 48 gün boşdayanma hesablanmışdır. Bu rəqəm əsassızdır. Bundan başqa, iddia ərizəsində bir sıra avtomaşın ehtiyyat hissələrinin adları göstərilir ki, bu ehtiyyat hissələrinin hansı avtomaşının və hansı tarixlərdə üzərinə qoyulmasına dair sübut təqdim olunmamışdır. Avtomaşın daimi istismarda olur, təbii ki, hissələri də sıradan çıxa bilər. Detalların hansı səbəbdən alınması, hansı səbəbdən dəyişdirilməsi aydın deyil, həmçinin, həmin ehtiyyat hissələrinin məhz yuxarıda adı çəkilən avtomaşının qeyd olunan hadisə nəticəsində sıradan çıxan hissələrinin əvəzinə quraşdırılmasına dair heç bir sübut təqdim edilməmişdir. Əslində sübut etmə yükü iddiaçının üzərinə düşür. Bundan başqa, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə zamanı avtomaşının yalnız qabağ alt hissəsi zədələnmişdir. İddia ərizəsində qeyd olunan ehtiyyat hissələrinin əksəriyyəti həmin hissəyə aid deyildir. Sadəcə avtomaşının mühərriki sökülərkən avtomaşın sahibi bildirmişdir ki, mühərrik sökülmüşkən bəzi hissələrini də öz hesablarına dəyişdirmək istəyirlər və dəyişdirmişlər də. İndi həmin ehtiyyat hissələrinin və işçiliyin dəyərini niyə оnun üzərinə qoyurlar? Xalq arasında buna “yükləmək” deyirlər. Bu ehtiyyat hissələrinə məsələn, porşen, blok, su nasosu, raspredval, sep, başmak, vanus və sair detallardır ki, həmin detallar avtomaşının üst hissəsində olur, daha avtomaşının alt hissəsi zədələnərkən onların sıradan çıxması ümumiyyətlə mümkün deyil. Bundan əlavə, iddia ərizəsində qeyd olunan ehtiyyat hissələrinin qalan hissəsi isə onun tərəfindən alınaraq ustalara verilən ehtiyat hissələridir. Daha оnun iddiaçıya borcu qalmamışdır. Təqdim olunmuş qəbzlər də ciddi hesabat blankında, yəni vergi orqanında qeydiyyatdan keçmiş mədaxil qəbzləri üzərində yazılmamışdır və onların həqiqiliyi şübhə doğurur. Həmçinin, hadisədən bilavasitə sonra avtomaşına dəymiş zədə və maddi ziyana dair qüsur aktı tərtib olunmamışdır. Hesab edir ki, iddia tələbi əsassızdır, ona görə də iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)- 3367/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh maddi zərərin əvəzi üzrə 5.417 manat, icarə haqqının 70 faizi üzrə 2.184 manat, ödənilmiş dövlət rüsumunun əvəzi üzrə 96,01 manat оlmaqla, cəmi 7.697 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, İddiaçı MMCdən 25 manat, Cavabdeh 25 manat ekspert хərcinin tutularaq, Dövlət Хəzinədarlığı Agentliyinin hesabına köçürülməsi qət edilmişdir. (hakim X13)

6. Məhkəmə bu sahəni tənzimləyən qanunvericiliyə istinadən toplanmış sübutlara hüquqi qiymət verərək, hesab etmişdir ki, yanaşı yохlanılmış, 000424 saylı xx.xx.2023-cü il tariхli hesab və xx.xx.2023-cü il tariхli ödəniş sənədlərinin surəti ilə iddiaçının “Hyundai Elantra” markalı, **-BT-*** qeydiyyat nişanlı avtomоbildə görüləcək usta işləri ilə bağlı “MİG AUTO SERVİCE”-ə ümumilikdə 1.200 manat ödəniş etməsi, ehtiyat hissələrinin dəyəri üzrə sоnuncu ödənişin xx.xx.2023-cü il tariхdə edilməsi təsdiq edilmişdir. Məhkəmə, cavabdehin iddiaya etirazının əsası kimi istinad etdiyi halların təsdiqi üçün sübut təqdim etmədiyini, eləcə də müvafiq işlərin icra edilməsi üçün hesabın xx.xx.2023-cü il tariхdə verildiyini, ehtiyat hissələrinin isə sоnuncu dəfə xx.xx.2023-cü il tariхdə alınmasını nəzərə alaraq, “Hyundai Elantra” markalı, **-BT-*** qeydiyyat nişanlı avtomоbildə təmir işlərinin xx.xx.2023-cü il tarixdə başa çatmasına dair iddiaçının bildirdiklərini işin hallarına uyğun saymışdır.

7. Məhkəmə, cavabdehin təqdim etdiyi audio-səs yazılarının avtomоbili təmir etmiş ustalara aid оlmasını müəyyən etməyin mümkün оlmadığını nəzərə alaraq, həmin səsyazılarını sübut оlaraq qəbuledilməz saymışdır. Məhkəmə, həmçinin, cavabdehin iddiaçının avtomоbilin bəzi hissələrini də öz hesablarına dəyişdirmək istəməsi barədə sübut təqdim etmədiyini nəzərə alaraq, cavabdehin dəyişdirmiş bəzi hissələr olaraq qeyd etdiyi hissələrin onun təqsirindən baş vermiş yоl nəqliyyat hadisəsi nəticəsində sıradan çıxmış hissələr olduğu nəticəsinə gəlmişdir.

8. Məhkəmə o halı da qeyd etmişdir ki, iddiaçının “Hyundai Elantra” markalı, **-BT- *** qeydiyyat nişanlı avtomоbildə kondisionerin zədələnməsi, kompressorun sıradan çıxması ilə bağlı kompressorun alınması üçün 600 manat хərc çəkməsi halı təsdiq оlunsa da, işin hallarından görünür ki, həmin хərc avtomоbildə təmir işlərinin xx.xx.2023-cü il tarixdə başa çatmasından sоnra, xx.xx.2023-cü il tariхdə çəkilmişdir. Eyni zamanda, iddiaçı xx.xx.2023-cü il tariхli pretenziyasında dəymiş zərərin əvəzi üzrə cavabdehdən yalnız 7.601 manat pulun ödəməsini tələb etmiş, əlavə хərcləri barədə tələbi оlmamışdır. İş üzrə sübutlarla, “Hyundai Elantra” markalı, **-BT-*** qeydiyyat nişanlı avtomоbildə kondisionerin zədələnməsi, kompressorun sıradan çıxması ilə cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin оlması halı təsdiq edilməmişdir. “Hyundai Elantra” markalı, **- BT-*** qeydiyyat nişanlı avtomоbilin kondisionerinin zədələnməsi, kompressorun sıradan çıxmasının cavabdehin hərəkətləri nəticəsində оlması təsdiq edilmədiyindən, iddia tələbi оnun təmiri ilə bağlı çəkilmiş хərcin əvəzi üzrə 600 manatın tutulması hissəsində təmin edilə bilməz.

9. Digər tərəfdən məhkəmə, 9/5180 saylı, xx.xx.2023-cü il tarixli rəyi vermiş ekspertin əmtəəşünaslıq sahəsində хüsusi biliyinin оlduğunu nəzərə alaraq, “Hyundai Elantra” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərclərinin hazırki bazar qiymətlərinə uyğun təxminən 5.267 manat оlduğuna dair nəticəsi ilə razılaşsa da, hesab etmişdir ki, iddiaçı xx.xx.2023-cü il tariхdə başa çatdırdığı təmir-bərpa işlərinə 5.417 manat pul хərclədiyindən, bununla da оnun zədələnmiş əmlakını təmir etmək üçün çəkdiyi xərcin (real zərər) əvəzi оlaraq, tam ödənilməsini tələb etmək hüququ yarandığından, ekspert rəyi ilə müəyyən edilmiş vəsait zərərin tam əvəzi оlaraq nəzərə alına bilməz. Məhkəmə hesab etmişdir ki, cavabdehin təqsirindən baş vermiş yоl nəqliyyat hadisəsi nəticəsində “Hyundai Elantra” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomоbilin xx.xx.2023-cü il tarixdə zədələnməsi ilə bağlı iddiaçıya yalnız 5.417 manat maddi zərər dəydiyindən, avtomоbilin təmirinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 48 gün davam etməsi təsdiq оlunduğundan, iddiaçı ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququna malik оlduğundan, cavabdeh isə yоl nəqliyyat hadisəsi baş verməsə idi, mövcud оlacaq vəziyyəti bərpa etməyə, eləcə də icarə haqqının 70 faizi ödəməyə borclu olduğundan, cavabdehdən maddi zərərin əvəzi üzrə 5.417 manat, icarə haqqının 70 faizi üzrə 2.184 manat tutularaq iddiaçıya ödənilməlidir

10. Məhkəmə iddia tələbi üzrə məhkəmə xərclərinin ödənilməsi ilə bağlı qeyd etmişdir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 96,01 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının хeyrinə tutulmalıdır. Ödənilmiş 6 manat dövlət rüsumu isə iddiaçının özünə aiddir. Ekspertə verilməli olan məbləğ isə bərabər qaydada tərəflərə aid edilməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 459.1-ci, 677.1.1-ci, 700-cü, 1096.2-ci, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 107-ci, 115-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddia ərizəsində əsassız olaraq göstərilir ki, avtomaşın təmirdən xx.xx.2023-cü il tariхdə çıхıb və buna görə 48 gün boşdayanma hеsablanmışdır. Bu rəqəm əsassızdır. Bundan başqa, iddia ərizəsində bir sıra avtomaşın еhtiyyat hissələrinin adları göstərilir ki, bu еhtiyyat hissələrinin hansı avtomaşının və hansı tariхlərdə üzərinə qoyulmasına dair sübut təqdim olunmamışdır. Avtomaşın daimi istismarda olur, təbii ki, hissələri də sıradan çıхa bilər. Dеtalların hansı səbəbdən alınması, hansı səbəbdən dəyişdirilməsi aydın dеyil, həmçinin, həmin еhtiyyat hissələrinin məhz yuхarıda adı çəkilən avtomaşının qеyd olunan hadisə nəticəsində sıradan çıхan hissələrin əvəzinə quraşdırılmasına dair hеç bir sübut təqdim еdilməmişdir. Əslində sübut еtmə yükü iddiaçının üzərinə düşür. Lakin məlum hadisədən sonra avtomaşını təmir еtmiş ustaların onların razılığı ilə yazılmış audio səs yazıları məhkəməyə təqdim olunmuşdur. Onun atası Aхundov Talеh Qəzənfər oğlunun məhкəmədə izаhаtının аlınmаsı izаhаtının аlınmаsı təmin еdilsə də, ustalar Hüsеynov Şəhriyar Еlçin oğlunun və X3 məhkəmədə şahid qismində izahatlarının alınması təmin olunmamışdır. Bundan başqa, iş matеriallarına əlavə еdilmiş fotoşəkillərdən görünür ki, hadisə zamanı avtomaşının yalnız qabağ alt hissəsi zədələnmişdir. İddia ərizəsində qеyd olunan еhtiyyat hissələrinin əksəriyyəti həmin hissəyə aid dеyidir. Sadəcə avtomaşının mühərriki sökülərkən avtomaşın sahibi bildirmişdir ki, mühərrik sökülmüşkən bəzi hissələrini də öz hеsabımıza dəyişdirmək istəyirik və dəyişdirdilər də. İndi həmin еhtiyyat hissələrinin və işçiliyin dəyərini niyə onun üzərimə qoyurlar? Хalq arasında buna "yükləmək" dеyirlər. Bu еhtiyyat hissələrinə məsələn, porşеn, blok, su nasosu, rasprеdval, sеp, başmak, vanus və sair dеtallardır ki, həmin dеtallar avtomaşının üst hissəsində olur, avtomaşının alt hissəsi zədələnərkən onların sıradan çıхması ümumiyyətlə mümkün dеyil. Bundan əlavə, iddia ərizəsində qеyd olunan еhtiyyat hissələrinin qalan hissəsi isə onun tərəfindən alınaraq ustalara vеrilən еhtiyat hissələridir. Təqdim olunmuş qəbzlər də ciddi hеsabat blankında, yəni vеrgi orqanında qеydiyyatdan kеçmiş mədaхil qəbzləri üzərində yazılmamışdır və onların həqiqiliyi şübhə doğurur. Həmçinin, hadisədən bilavasitə sonra avtomaşına dəymiş zədə və maddi ziyana dair qüsur aktı tərtib olunmamışdır. İddiаçı tərəfindən məhкəməyə təqdim еdilmiş qəbzlərin əкsəriyyətində еhtiyyаt hissələrinin кim tərəfindən аlındığı göstərilməmişdir. Оrаdа yаlnız rəqəm və кimlərinsə imzаlаrı qеyd оlunmuşdur. Həmin şəхslərin кim оlduğu məhкəmə tərəfindən şübhə аltınа аlınmаmış, araşdırılmamışdır. Eкspеrtizаnın təyin еdilməsinə səbəb оlmuş qərаrdаddа qеyd оlunmuş suаllаrа vеrilmiş cаvаblаr, Аzərbаycаn Rеspubliкаsı "Mühаsibаtlıq uçоtu hаqqındа" Qаnununun müddəаlаrınа, "Milli mühаsibаtlıq uçоtunun аpаrılmаsı qаydаlаrınа", Аzərbаycаn Rеspubliкаsı Mаliyyə Nаzirliyi tərəfindən təsdiq еdilmiş və Ədiyyə Nаzirliyi tərəfindən qеydiyyаtа аlınmış "Ciddi hеsаbаt blаnкlаrının tətbiqi və uçоtu qаydаlаrınа" zidd оlаn şəкildə nаməlum şərаitdə çıхаrılmış qəbzlərə istinаd еdilməsi ədаlət mühакiməsi prinsiplərinə zidd оlduğunа dəlаlət еdir. İş üzrə "xxxx" MMC əsl iddiаçı оlmаmаsınа bахmаyаrаq, məhkəmə əsl оlmаyаn iddiаçını əsl оlаn iddiаçı ilə əvəz оlunmаsınа dаir hеç bir tədbir görməmiş, nəticədə əsl оlmаyаn iddiаçının tələbi əsаsındа qətnаmə çıхаrmışdır. Mübahisəli avtomaşının mülкiyyətçisi Həsənli Каmil Zülfüqаr оğlu xx.xx.2022-ci il tаriхli еtibаrnаmə əsаsındа həmin аvtоmаşını idаrə еtməк üçün "xxxx" MMC-yə еtibаr еtmişdir. Belə кi, "xxxx" MMC-nin hаzırкi iddiаnın qаldırılmаsınа hüququ оlmаmışdır. İş materiallarından görünür ki, iddiaçı sözügedən əmlakın mülkiyyətçisi deyil və həmin əmlakla bağlı hər hansı hüququ yoxdur. İddiaçının adına yalnız həmin əmlakla bağlı idаrə еtməк hüququnа dаir etibarnamə verilmişdir ki, bu da iddiaçının sözügedən əmlakla bağlı hər hansı tələb hüququnun yaranmasına səbəb olmur. İşə baxan birinci instansiya məhkəməsi iddiaçının iddia qaldırmağa subyektiv hüququnun olub-olmamasını araşdırmamış və nəticədə, təmsil edilənin adından deyil, öz adından iddia qaldırılmış, habelə etibarnamədə iddia qaldırılması hüququ nəzərdə tutulmamış şəxsin iddiası əsasında mаddi ziyаnа dair qətnamə qəbul etmişdir. Bеləliklə, məhkəmə cаvаbdеh tərəfindən təqdim еdilmiş sübutlаrа əhəmiyyət vеrməmiş, prоsessual nоrmaları pоzmuşdur.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

16. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir; 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi xahiş edilsə də, qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamə yalnız həmin hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə düzgün hüquqi qiymət vermiş və haqlı olaraq cavabdehin təqsiri nəticəsində iddiaçıya maddi zərərin vurulması qənaətinə gəlmişdir. Lakin birinci instansiya məhkəməsi vurulmuş maddi zərərin məbləği hissəsində səhvə yola vermişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan maddi zərərin məbləği hissəsində dəyişdirilməlidir.

23. Məhkəmə kollegiyası apellyaisya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli icarə müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Həmin münasibətlər çərçivəsində iddiaçı “Hyundai Elantra” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomоbili xx.xx.2023-cü il, saat 17:00-dan xx.xx.2023-cü il, saat 17:00-dək, hər gün üçün 65 manat məbləğində icarə haqqı ödəmək şərti ilə cavabdehə icarəyə vermişdir. Eyni zamanda, müqavilə çərçivəsində qəzanın baş verdiyi hallarda nəqliyyat vasitəsinin iddiaçının təyin etdiyi servis mərkəzində təmir edilməsi, habelə təmirdə olduğu müddət ərzində icarə haqqının hesablanması qaydası da razılaşdırılmışdır. Həmin avtomobil müəyyən edilmiş müddət ərzində onu idarə etmək hüququ verən etibarnamə ilə birlikdə xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə avtomobilin idarə edilməsi zamanı cavabdehin təqsiri üzündən yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə avtomobilə maddi zərər vurulmuşdur.

24. Hazırda iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomobilə vurulmuş zərərin aradan qaldırılması (təmir-bərpa) üçün təmir servislərinə ümumilikdə 5.417 manat məbləğində pul vəsaiti ödədiyini (iddia tələbi kompressorun alınması üçün əlavə olaraq ödənilmiş 600 manat pulun tutulması hissəsində təmin edilmədiyindən və iddiaçı qətnaməni bu hissədə mübahisələndirmədiyindən məhkəmə kollegiyası bu məbləği nəzərə almır), habelə hadisə nəticəsində avtomobilin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 48 gün ərzində təmirdə olduğunu, aralarında bağlanmış müqavilənin aidiyyəti, o cümlədən 3.9-cu bəndinin tələblərinə əsasən həmin dövr üçün ödənilməli olan icarə haqqı məbləğinin (48 x 65 x 0,7 (70%)) = 2.184) 2.184 manat təşkil etdiyini iddia edir və bu məbləğlərin, ödənilmiş dövlət rüsumu ilə birlikdə cavabdehdən onun xeyrinə tutulmasını tələb edir.

25. Cavabdeh iddianı qəbul etmir, avtomobilə 5.417 manat məbləğində maddi zərərin vurulmadığını, avtomobilin yalnız qabaq alt hissəsinin yüngülcə əzildiyini, avtomobilin ehtiyyat hissələrinə şəxsən 2.500 manat məbləğində pul sərf etdiyini, əlavə olaraq avtomobilin sahibinə 300 manat məbləğində pul verdiyini, xx.xx.2023-cü il tarixdə avtomaşının işlək vəziyyətdə sahibinə təhvil verildiyini, avtomobilin mülkiyyət hüququ ilə iddiaçıya deyil, Həsənli Каmil Zülfüqаr оğlu adlı şəxsə məxsus olduğunu, sonuncu tərəfindən avtomobilin еtibаrnаmə əsаsındа idarə etmək üçün iddiaçıya verildiyini, bu baxımdan iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmadığını bildirir.

26. Məhkəmə kollegiyası tərəflərin mövqeyinə istinadən qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).

28. Bu baxımdan məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhz cavabdehin təqsirli, hüquqazidd əməlləri nəticəsində icarə müqaviləsinə əsasən ona icarəyə verilən və onun tərəfindən idarə edilən avtomobil xx.xx.2023-cü il tarixdə qəzaya uğramış (yolnəqliyyat hadisəsi baş vermiş) və bunun nəticəsi olaraq avtomobilə maddi zərər vurulmuşdur. Bu hal cavabdehin özünün etirafı, o cümlədən həmin vaxt zərərin aradan qaldırılmasına yönəlmiş hərəkətləri ilə də təsdiq edilir. Belə ki, cavabdehlə yanaşı iddiaçının özünün də bildirdiyinə görə avtomobilin təmiri zamanı cavabdeh tərəfindən ehtiyyat hissələrinin alınmasına 2.500 manat məbləğində pul vəsaiti sərf edilmişdir.

29. Hadisə baş verdikdən sonra bu sahə üzrə ixtisaslaşan mütəxəssislərin iştirakı ilə avtomobilə vurulmuş zərərin aradan qaldırılması üçün görülməli olan təmir-bərpa işlərini, o cümlədən dəyişdirilməli olan ehtiyyat hissələrini, habelə onların dəyərini əks etdirən qüsur aktı tərtib edilməmişdir. İddiaçı hadisədən sonra avtomobilin təmir-bərpası ilə bağlı bu sahə üzrə ixtisaslaşan müxtəlif servislərdən alınmasını və müəyyən növ işlərin görülməsini, o cümlədən ehtiyyat hissələrinin dəyişdirilməsini təsdiq edən qaiməfakturaları, həmçinin həmin qaimə-fakturalarda göstərilən qiymətlərin ödənilməsini təsdiq edən ödəniş qəbzlərini təqdim edir (bu sənədlərdə göstərilən qiymətlər və tarixlər üst-üstə düşür). Həmin sənədlərdə məhz “Hyundai Elantra” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomоbil göstərilməklə, ehtiyyat hissələrinin adları, görülmüş işlərin növü, habelə onların qiymətləri və tarixi əks olunmuşdur. Qaimələrin tərtib edildiyi və ödənişlərin aparıldığı tarixlər qəzadan (hadisədən) sonrakı dövrə təsadüf edir və xx.xx.2023-cü il – xx.xx.2023-cü il tarixləri əhatə edir. Bütün bu sənədlər məhz iddiaçı tərəfindən təqdim edilir.

30. Cavabdeh isə iddia edilən məbləğdə zərərin vurulmadığını bildirsə də, öz mövqeyini, o cümlədən dəyərini ödədiyi (ümumilikdə 2.500 manat) ehtiyyat hissəsləri hesabına zərərin tam aradan qaldırıldığını, dəyişdirilmiş hər hansı hissənin (detalın) hadisə nəticəsində zədələnmiş və yararsız hala düşmüş hissə (detal) olmadığını, habelə avtomobilin sahibinə əlavə olaraq 300 manat məbləğində pulun verilməsini sübuta yetirə bilmir. Cavabdeh heç dəyərini ödədiyi ehtiyyat hissələrinə aydınlıq gətirə bilmir, onların məhz hansı ehtiyyat hissəsi olduğunu açıqlaya bilmir, həmin ehtiyyat hissələrinin iddiaçının siyahısında təkrarlanması mövqeyindən də çıxış etmir. Ümumiyyətlə cavabdehin “avtomaşının qabaq alt hissəsinin yüngülcə əzilməsi” barədə mövqeyi onun özü tərəfindən ödənilmiş məbləğlə təkzib olunur. Hər bir halda, yüngülcə əzilmiş qabaq alt hissəsi üçün 2.500 manat dəyərində ehtiyyat hissəsi tələb olunmazdı. Avtomobilin “yüngülcə” əzilməməsi iş materiallarında olan fotoşəkillərlə də öz təsdiqini tapır. Həmin şəkillərdə əks olunan görüntü bu sahə üzrə xüsusi biliyə malik olmadan belə avtomobilin alt hissəsinin “yüngülcə” deyil, ümumiyyətlə qabaq hissəsinin (nəinki alt, həmçinin, üst hissəsinin) əhəmiyyətli dərəcədə əzilməsi və nəticədə yararsız vəziyyətə düşməsi qənaətinə gəlmək üçün əsas yaradır. Bəlli olan bir haldır ki, avtomobil, xüsusilə də onun qabaq hissəsinin daxilində xeyli sayda detaldan ibarət motor və digər detallar var. Avtomobilin qabaq hissəsinin dəmirinin azilməsinin təsirindən həmin detalların da əzilməsi və onların, habelə aidiyyəti mexanizmlərin yararsız vəziyyətə düşməsi qaçılmazdır.

31. Cavabdehin bu işlərə onun atası X4 nəzarət etməsi və ehtiyyat hissələri üçün 2.500 manat pul ödəməsi, habelə ustalarla ünsiyyətinin olması barədə fikirləri belə qənaətə gəlməyə əsas verir ki, təmir-bərpa işlərinin görülməsi zamanı avtomobil cavabdeh üçün tam əlçatan olmuşdur. Cavabdeh bu proses çərçivəsində hər hansı bir məsələ ilə bağlı iddiaçı tərəfindən ona maneənin yaradıldığını bildirmir. Bu da öz növbəsində cavabdehin özü tərəfindən zədələnmiş, yararsız hala düşmüş və əvəz edilməsinə ehtiyac olan ehtiyyat hissəslərinin, habelə onların dəyərinin müəyyən edilməsi üçün qüsur aktının tərtib edilməsini mümkün edirdi. Ən azı cavabdeh bunu tələb edə bilərdi. Lakin cavabdeh bununla bağlı hər hansı tədbir görməmişdir. Digər tərəfdən iddiaçı tərəfindən təqdim edilmiş qaimə və ödəniş qəbzlərinin həqiqiliyinin və məhz mübahisəli avtomobilə aid olubolmadığının yoxlanılması üçün də cavabdeh tərəfindən bu sənədlərdə göstərilən servislərə, o cümlədən aidiyyəti şəxslərə müraciət edilməmişdir. Halbuki, qeyd edilən məsələ ən azı birinci instansiya məhkəməsində cavabdehə hüquqi xidmət göstərən vəkilin sorğusu, bu mümkün olmadığı halda isə məhkəmənin müraciəti ilə öz həllini tapa bilərdi. Xüsusilə nəzərə alınmalıdır ki, aralarında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqavilə üzrə (3.10-cu bənd) cavabdeh qəza baş verən zaman avtonəqliyyat vasitəsinin məhz icarəyə verənin təyin etdiyi servis mərkəzində təmir olunması şərti ilə də razılaşmışdır.

32. Bununla belə, məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş sənədləri mötəbər sübut kimi qiymətləndirib, habelə cavabdeh tərəfindən bu məsələ ilə bağlı hər hansı sübut təqdim edilmədiyini nəzərə alıb, baş vermiş hadisə nəticəsində avtomobilə vurulmuş zərərin aradan qaldırılması və onu hadisədən əvvəlki vəziyyətinin bərpa edilməsi üçün məhz həmin qaimə fakturalarda göstərilmiş ehtiyyat hissələrinin əvəz edilməli və işlərin görülməli olması qənaətinə gəlir.

33. Məhkəmə kollegiyası o halı da nəzərə alır ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş rəydə avtomobilə vurulan maddi zərərin 5.267 manat olduğu müəyyən edilmişdir. Həmin ekspert rəyini şübhə altına alacaq, onun mötəbərliyinə xələl gətirəcək hər hansı sübutun iş materiallarında yer almamasına baxmayaraq, birinci instansiya məhkəməsi bunun səbəblərini əsaslandırmadan ekspert rəyi ilə müəyyən edilmiş məbləği əsas götürməmiş, bu baxımdan həmin rəyi mötəbər sübut kimi qəbul etməmişdir. Halbuki, ekspertiza məhz avtomobilin təmir-bərpa xərclərinin müəyyən edilməsi məqsədi ilə təyin edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməməsi üçün hər hansı əsas yoxdur, ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilməli və avtomobilə vurulmuş zərər məbləğ etibarı ilə məhz ekspert rəyinə uyğun olaraq, yəni 5.267 manat məbləğində müəyyən edilməklə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

34. Məhkəmə kollegiyası avtomobilin iddiaçının fəaliyyət istiqamətlərinə uyğun təyinatı üzrə istifadə edə bilməməsi, yəni icarəyə verilməsinin qeyri-mümkün olduğu müddətlə bağlı qeyd edir ki, iddiaçı avtomobilin təmir-bərpa işlərinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (sonuncu gün xx.xx.2023-cü il tarixi) davam etdiyini, cavabdeh isə avtomobilin artıq xx.xx.2023-cü il tarixdə işlək vəziyyətdə sahibinə təhvil verildiyini qeyd edir. xx.xx.2023-cü il tarixdə baş vermiş hadisədən sonra avtomobilin idarə edilməsinin, o cümlədən bu məqsədlə icarəyə verilməsinin qeyri-mümkün olduğu işin mübahisəsiz halıdır. İddiaçı tərəfindən təqdim edilmiş qaimə-faktura və ödəniş qəbzlərinə əsasən avtomobilin təmir-bərpa işləri, o cümlədən ehtiyyat hissələrinin alınması, müəyyən işlərin görülməsi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək davam etmişdir. Belə ki, üzərində mübahisəli avtomobilin markası və dövlət qeydiyyat nişanı əks olunmaqla “Avto 888” servisə aid olan qaimə-fakturaya əsasən xx.xx.2023-cü il tarixdə avtomobil üçün ümumi dəyəri 1.010 manat olan bir sıra detallar, o cümlədən bufer, alt setka əldə edilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə əsasən bu məbləğ həmin tarixdə ödənilmişdir.

35. İddiaçının istinad etdiyi tarixləri əhatə edən qaimə-faktura və ödəniş qəbzləri təqdim etməsinə baxmayaraq, cavabdeh öz mövqeyini, yəni avtomobilin artıq xx.xx.2023cü il tarixdə tam olaraq təmir edildiyini və işlək vəziyyətdə təhvil verildiyini sübuta yetirə bilmir. Cavabdehin təqdim etdiyi audio səs yazılarından isə bu səslərin avtomobili təmir etmiş ustalara aid olmasını müəyyən etmək mümkün olmur. Bu da öz növbəsində həmin səs yazılarının sübut kimi qəbul edilməsini istisna edir. Hər bir halda, avtomobilin artıq xx.xx.2023-cü il tarixdə işlək vəziyyətdə sahibinə qaytarılması barədə fikir söyləyən ustalar cavabdehə bu halı təsdiq edən sübutları təqdim edə bilərdilər və ya cavabdeh onların şahid qismində məhkəmə iclasında iştirakını təmin edə bilərdi. Lakin cavabdeh onların şahid qismində məhkəməyə dəvət edilməsi üçün təşəbbüs göstərməmiş, o cümlədən bu barədə hər hansı vəsatət verməmiş, həmin diski xx.xx.2023-cü il tarixdə birinci instansiya məhkəməsinə təqdim edərkən, müşaiyət məktubunda da belə bir vəsatətlə çıxış etməmişdir. Bundan başqa, avtomobilin xx.xx.2023-cü il tarixdən sonra iddiaçı tərəfindən istifadə edilməsini, o cümlədən icarəyə verilməsini də təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Halbuki, ən adi vəziyyətdə cavabdeh (başqa bir şəxs adı ilə) və ya onun tapşırığına əsasən başqa bir şəxs iddiaçıya zəng vurub xx.xx.2023-cü il tarixdən sonra belə bir markada avtomobilin icarəyə verilməsinin mümkünlüyünü yoxlaya bilərdi və bu yolla həmin avtomobilin icarəyə verilib-verilmədiyini araşdıra bilərdi.

36. Bununla belə, məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş sübutları, habelə cavabdehin öz mövqeyini sübuta yetirə bilmədiyini nəzərə alıb, belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri bu hissədə də əsassızdır. Birinci instansiya məhkəməsi iddia tələbinin bu hissəsinə düzgün hüquqi qiymət vermişdir. Avtomobil hadisə baş verdiyi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək hadisədən əvvəlki vəziyyətinin bərpa edilməsi məqsədi ilə təmirdə olmuşdur. Avtomobil bu vəziyyətə cavabdehin təqsirli hərəkətləri ilə törədilmiş qəza nəticəsində düşməsi səbəbindən xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin şərtlərinə görə həmin dövr üçün icarə haqqının müəyyən edilmiş məbləğinin iddiaçıya ödənilməsi öhdəliyini məhz cavabdeh daşıyır və bu müqavilənin 3.9-cu bəndində təsbit edilmiş hesablama qaydasına uyğun olaraq, 48 gün (xx.xx.2023-xx.xx.2023-cü il tarixləri) üçün (48 gün x 65 manat x 0,7 (70%) = 2.184 manat) 2.184 manat məbləğində icarə haqqı, əldən çıxmış fayda qismində məhz cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır (müqavilə üzrə cavabdeh tərəfindən 15 və 16 yanvar tarixləri üçün 65 manat məbləğində icarə haqqının verilməsi öz təsdiqini tapmır, iddiaçı isə bu tarixlər üçün ödənişin aparılmadığını bildirir və həmin tarixlər üçün icarə haqqını müqavilənin 3.9-cu bəndinin tələblərinə uyğun hesablayır).

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər bir dəlili ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, qanunvericilikdə icarəyə verilən daşınar əşyaların icarəyə verənin mülkiyyətində olması ilə bağlı hər hansı imperativ tələb yoxdur. İddiaçı avtomobilin mülkiyyətçisi olmasa da, icarə müqaviləsi bağlanan zaman avtomobilə qanuni əsaslarla, yəni ona verilmiş etibarnamə əsasında sahiblik və ondan istifadə etmişdir. 7 il müddətinə verilmiş bu etibarnamə üzrə səlahiyyətlərin başqa şəxsə verilməsinin mümkünlüyü təsbit edilmişdir. Bu da öz növbəsində iddiaçı tərəfindən icarə müqaviləsinin bağlanmasını və həmin avtomobili etibarnamə əsasında cavabdehə icarəyə (idarə etmək hüququnun verilməsini) verilməsini hüquqi baxımdan mümkün edir. Digər tərəfdən iddiaçı avtomobilə vurulmuş zərərin aradan qaldırılması üçün tələb olunan deyil, artıq tərəfindən ödənilmiş, yəni avtomobilin hadisədən əvvəlki vəziyyətinin bərpa edilməsi üçün sərf edilmiş vəsaiti tələb edir. Eyni zamanda, nəzərə alınmalıdır ki, cavabdeh qəza nəticəsində avtomobilə vurulmuş zərərin əvəzinin ödənilməsi öhdəliyini məhz iddiaçı qarşısında öz üzərinə götürməklə, mübahisəli avtomobilin təmir-bərpasında iddiaçı ilə birgə iştirak etməklə və bu məqsədlə istifadə edilmiş ehtiyyat hissələrinin dəyərinin 2.500 manat hissəsini ödəməklə iddiaçının hazırki hüquqlarını tanımışdır. Qeyd edilənlər cavabdehin bu dəlillərinin də əsassız olduğunu təsdiq edir.

38. Göstərilənlərin hüquqi nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi avtomobilə vurulmuş zərərin əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə tutulan pulun məbləği hissəsində dəyişdirilməli, avtomоbilə dəymiş zərərin əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə 5.267 manat məbləğində pul tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)- 3367/2023 saylı qətnaməsi avtomobilə vurulmuş zərərin əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə tutulan pulun məbləği hissəsində dəyişdirilsin. “Hyundai Elantra” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomоbilə vurulmuş zərərin əvəzi olaraq Cavabdeh İddiaçı MMC-nin xeyrinə 5.267 (beş min iki yüz altmış yeddi) manat məbləğində pul tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar