Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-209/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X4 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Cavabdeh qarşı "özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması" tələbinə dair mülki iş üzrə (Açar sözlər: "özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması") Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Suraxanı Rayon Məhkəməsinin 2(010)-637/2021 nömrəli, 17 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı “X4 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Cavabdeh qarşı "özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması" tələbi ilə məhkəməyə müraciət edərək, Suraxanı rayonu, Zığ qəsəbəsi 39 T 414236.36 m B 4470108.04 C koordinatlar üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılmasını xahiş etmişdir.
2. İşə məhkəmədə baxılarkən iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbində qeyd edilən özbaşına tikilinin bütünlüklə deyil, yalnız sonradan, yəni 20 sentyabr 2019-cu il tarixdə tikilmiş 40 kv.m ölçüdə olan hissəsinin sökülməsini xahiş etmişdir.
3. Suraxanı Rayon Məhkəməsinin 2(010)-637/2021 nömrəli, 17 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim Tural Məmmədov) iddia təmin edilməmişdir.
4. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5455/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Suraxanı Rayon Məhkəməsinin 2(010)-637/2021 saylı, 17 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2(102)-1071/2022 saylı, 04 aprel 2022-ci il tarixli qərarı ilə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5455/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, cavabdeh tərəfindən həmin ünvanda 2019-cu ildə əlavə 40 kv.m. yeni tikili inşa edilmişdir, onların tələbi cavabdehə məxsus özbaşına tikilinin bütünlüklə deyil, yalnız sonradan inşa edilmiş həmin 40 kv.m. sahənin sökülməsi ilə bağlıdır, iddiaçı kimi onlar həmin 40 kv.m. sahənin əvəllər mövcud olmuş tikiliyə əlavə olaraq 2019-cu ildə tikilməsinə dair rayon məhkəməsinə yetərli sübutlar vermişlər, lakin məhkəmə bunları nəzərə almamış, sübutlara düzgün qiymət verməmişdir, odur ki şikayətin təmin edilməsini xahiş etdi.
7. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq, bildirdi ki, Suraxanı rayon Zığ Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 40 saylı sərəncamına əsasən, ona fərdi yaşayış tikintisi üçün 600 kvm torpaq sahəsi ayrılıb, o həmin ünvanda 100 kv.m. olan evin qəzalı vəziyyətdə olan hissəsini sökərək, yenidən bərpa etmiş, ümumi tikilinin sahəsi elə 100 kv.m. təşkil edir, həmin ünvanda əlavə hər hansı tikinti aparmamış, yalnız mövcud evinin uçmuş hissəsini təmir etmişdir. Həmçinin onun evinin yan-yörəsində də çoxsaylı yaşayış evlərinin, hətta yüksəkmərtəbəli binanın da olduğunu, evə ən yaxın işləməyən quyunun da çox uzaqda olduğunu bildirdi, eyni zamanda da göstərdi ki, hazırkı ev onun ailəsinin yeganə yaşayış yeridir, başqa yaşayış yeri yoxdur, 2001-ci ildənh də orada yaşayaraq, evdən maneəsiz istifadə etdiyini bildirdi. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
8. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq göstərdi ki, həmin tikili rəsmi qurum olan bələdiyyənin qərarına əsasən 2001-ci ildə tikilmişdir, tikilinin sahəsi cəmi 100 kv.m. təşkil edir, həmin evin ön hissəsi yararsız hala düşdüyündən və uçub dağıldığından, cavabdeh həmin sahəni təmir və bərpa etmişdir, bu vaxt əlavə hər hansı tikinti işi aparılmamış, tikilinin ilkin ölçüləri dəyişdirilməmişdir, bələdiyyəyə ödəmələr də məhz 100 kv.m. sahə üçün ödənilir, rayon məhkəməsi qanuni və əsaslı qətnamə qəbul etmişdir, odur ki, şikayətin təmin edilməməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə iddiaçının nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
10. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
11. Bakı şəhəri, Suraxanı rayon Zığ Bələdiyyəsinin 24 fevral 2001-ci il tarixli, 40 saylı sərəncamından görünür ki, vətəndaş Cavabdeh fərdi ev tikintisi üçün Zığ Bələdiyyəsinin şimal hissəsində 600 kv.m torpaq sahəsi ayrılması, bu sahədə tikinti aparılmasına icazə verilmişdir.
12. Bakı şəhəri, Suraxanı rayon Zığ Bələdiyyəsinin məhkəmə sorğusuna 17 mart 2021-ci il tarixli, 26 saylı cavabından görünür ki, Cavabdeh istifadəsində olan Zığ qəsəbəsinin şimal hissəsində 600 kv.m torpaq sahəsi üzərində 100 kv.m tikilisi mövcuddur və vaxtlı-vaxtında bələdiyyənin vergilərini ödəyir.
13. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4998 saylı ekspert rəyinə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi 39 T 414236.36 m B 4470108.04 C koordinatlar üzrə yerləşən və cavabdehin faktiki istifadəsində olan fərdi yaşayış evinin tikinti altı sahəsinin pilləkən qəfəsəsi də daxil olmaqla, 97,84 kvm., otaqların cəmi sahəsinin isə 72,7 kvm. olduğu müəyyən olunmuşdur. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
14. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
15. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
16. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
21. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın
22. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
23. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
24. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
27. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
29. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
30. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
31. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
32. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı işə apellyasiya qaydasında təkrar baxılır.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
34. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir.
35. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olması kontekstindən nəzərə alır.
36. Ali Məhkəmənin 2(102)-1071/2022 saylı, 04 aprel 2022-ci il tarixli qərarının 37ci bəndinə əsasən, apellyasiya məhkəməsi mübahisənin predmeti olan tikilinin cavabdehə 2001-ci ildə Zığ bələdiyyəsi tərəfindən fərdi yaşayış evinin tikintisi üçün qanuni əsaslarla verilmiş torpaq sahəsində yerləşməsinə istinadən qətnaməni dəyişdirilmədən saxlayarkən Bakı İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qərardadını nəzərə almamışdır.
37. Qərarın 38-ci bəndinə əsasən, həmin qərardaddan görünür ki, “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasılatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Rafi Oyl EfZei və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında Sazişin qəbulu və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Saziş Azərbaycan Respublikasının 20 sentyabr 2005-ci il tarixli Qanunu ilə təsdiq edilib və həmin Saziş 20 sentyabr 2005-ci il tarixdə qüvvəsini alıb. Sazişin qüvvəyə mindiyi vaxtdan Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən digər hüquq və vəzifələr ləğv edildiyi üçün Zığ Bələdiyyəsinin cavabdehə fərdi ev tikintisi üçün Zığ qəsəbəsinin şimal hissəsində 600 kv.metr torpaq sahəsi ayrılması haqqında 40 saylı, 24 fevral 2001-ci il tarixli sərəncam da artıq öz qüvvəsini xx.xx.2005-ci il tarixdən itirmişdir. Məhz bu əsasla da iddia mümkün sayılmamışdır.
38. Qərarın 41-ci bəndində göstərilir ki, nəticədə Mülki Məcəllənin 152.2 və 157.8-ci maddələri də düzgün tətbiq edilməmişdir. Çünki qeyd edilən normalar məhz Zığ Bələdiyyəsinin cavabdehə fərdi ev tikintisi üçün Zığ qəsəbəsinin şimal hissəsində 600 kv.metr torpaq sahəsi ayrılması haqqında 40 saylı, 24 fevral 2001-ci il tarixli sərəncamına əsasən tətbiq edilmişdir.
39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Səyyarə Əhmədova Azərbaycana qarşı” iş üzrə mövqeyi belə olmuşdur ki, ...8-ci maddənin mənasında “ev” anlayışı qanuni şəkildə zəbt olunmuş və ya qanuni əsaslarla qurulmuş binalarla məhdudlaşmamışdır. Bu, daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan muxtar anlayışdır. Xüsusi binaların 8-ci maddənin müdafiəsini cəlb edən “ev” olub-olmaması faktiki hallardan, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılı olacaq (baxın: X2rşı, № 66610/10, § 30, 14 mart 2017). Ərizəçi sözügedən evi 2007-ci ilin iyul ayında aldıqdan sonra qızı ilə birlikdə bu evdə yaşamışdır. Buna görə də ev Konvensiyanın 8-ci maddəsinin mənasına görə ərizəçinin evi olmuşdur.
40. Kollegiya bununla bağlı bildirir ki, cavabdehin iddiaçının apellyasiya şikayətinə verdiyi etirazda da göstərdiyi kimi o, xx.xx.2001-ci ildən yerləşmiş, maneəsiz və mübahisəsiz həmin torpaq sahəsi və fərdi yaşayış evindən istifadə etmiş, sahiblik etmiş, hazırda da həmin evdə yaşayır, onun başqa yaşayış sahəsi yoxdur. Bu mənada iddiaçının sökülməsini tələb etdiyi ev Konvensiyanın 8-ci maddəsinin mənasına görə ərizəçinin evidir.
41. Avropa Məhkəməsi yuxarıda qeyd edilən işdə hesab edib ki, əgər ərizəçinin evindən çıxarılması və evin sökülməsi baş verərsə, bu halda onun Konvensiyanın 8-ci maddəsi ilə təminat altına alınan hüquqları pozulmuş hesab ediləcək.
42. Hazırkı iş üzrə iddiaçı cavabdehin evinin bütünlüklə deyil, yalnız 20 sentyabr 2019-cu il tarixdə əlavə olaraq tikilmiş 40 kv.m ölçüdə olan özbaşına tikilinin sökülməsini tələb edir.
43. Bununla bağlı, müvafiq ekspertiza keçirilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4998 saylı ekspert rəyinə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi 39 T 414236.36 m B 4470108.04 C koordinatlar üzrə yerləşən və cavabdehin faktiki istifadəsində olan fərdi yaşayış evinin tikinti altı sahəsinin pilləkən qəfəsəsi də daxil olmaqla, 97,84 kvm., otaqların cəmi sahəsinin isə 72,7 kvm. olduğu müəyyən olunmuşdur.
44. Bununla da, iddiaçının 2001-ci ildə tikdiyi evinə sonradan əlavə olaraq 40 kv.m. özbaşına tikilinin inşa edilməsi müəyyən olunmamışdır, əksinə, iddiaçının evinin ümumi sahəsinin 97,84 kv.m.təşkil etdiyi müəyyən olunmuşdur. Belə olan halda məlum olur ki, iddiaçının tələbi, yəni cavabdehin mövcud evinin əvvəlki sahəsinə sonradan 40 kv.m. əlavə olaraq inşa etməsi əsassız olmuşdur.
45. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Səyyarə Əhmədova Azərbaycana qarşı” iş üzrə qərarında da göstərir ki, ... indiki kimi hallarda mütənasiblik hakimiyyətin torpağı geri almağa çalışdığı istifadə etmək hüququ ilə ayrılmaz şəkildə bağlıdır. Hazırkı işdə nə “Azneft” yerli məhkəmələrə təqdim etdiyi iddiasında, nə də Hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişdirlər (Yordanova § 127 və yuxarıda adı çəkilən digərləri).
46. Məhkəmə qeyd etmişdir ki, hazırkı işdə evin sökülməsinə və ərizəçinin çıxarılmasına qərar verərkən yerli məhkəmələr yalnız onun dövlətə məxsus torpaqda tikilmiş icazəsiz tikinti olduğuna diqqət yetirmişlər (yuxarıda adı çəkilən Bagdonavicius və Digərləri § 102 ilə müqayisə edin). Ərizəçi apellyasiya şikayətlərində sözügedən evin onun yeganə evi olduğunu və başqa ev almaq üçün imkanları olmadığı üçün evdən çıxarılacağı təqdirdə qızı ilə birlikdə evsiz qalacağını iddia etsə də, yerli məhkəmələr bu məqama məhəl qoymamış və toqquşan maraqları qarşılaşdıra bilməmişlər (Kaminskas Litvaya qarşı, № 44817/18, § 64, 4 avqust 2020-ci il ilə müqayisə edin).
47. Kollegiya qeyd edir ki, iddiaçı özbaşına tikilinin sökülməsi ilə əlaqədar olaraq torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olması ilə bağlı da hər hansı sübut verməmişdir. Eləcə də müəyyən olunmuşdur ki, həmin evdə cavabdeh və onun ailəsi 20 ildən artıq müddətdir ki, fasiləsiz və mübahisəsiz olaraq yaşayır, həmin ev onların yeganə yaşayış yeridir, onların başqa yaşayış yeri yoxdur.
48. Eyni zamanda, Kollegiya qeyd edir ki, cavabdehin həmin torpaq sahəsinə olan hüquqları hələlik daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa belə, həmin torpaq sahəsi iddiaçının sahibliyi və faktiki istifadəsində olduğundan, həm milli qanunvericilik baxımından, eləcə də Avropa Məhkəməsinin president hüququ baxımından «qanuni gözləntiyə» malik hüquqdur.
49. Avropa Məhkəməsi özünün bir çox qərarlarında, o cümlədən də «Önəryıldız Türkiyəyə qarşı» işi üzrə xx.xx.2004-cü il tarixli Qərarında göstərmişdir ki, Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil;..müvafiq olaraq, bu maddənin məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə də «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən də mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olan tələblərini də əhatə edə bilər.
50. «Akimova Azərbaycana qarşı» işində də (iş № 19853/03.xx.xx.2008-ci il) Avropa Məhkəməsi ərizəçinin mənzilə köçməsinə dair verilmiş orderə məhz bu konteksdən yanaşaraq, onun Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı ilə əhatə olunduğunu və həmin maddənin təsiri altına düşdüyünü müəyyən etmişdir.
51. «Axverdiyev Azərbaycana qarşı» işində də (iş № 76254/11. xx.xx.2015-ci il) Avropa Məhkəməsi göstərmişdir ki, ərizəçi torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün heç vaxt müraciət etməmişdir. Buna görə də o, torpağa müdaxilə zamanı formal olaraq mülkiyyət hüququna malik olmamışdır. Bu zaman ərizəçinin torpağa mülkiyyət hüququnun əldə olunmasına dair «hüquqi gözləntisi» olmuşdur, torpağın “mülkiyyət” qismində tanınması üçün kifayət qədər «mülki marağa» malik olmuşdur.
52. Buna görə də həmin işdə Məhkəmə müəyyən etmişdir ki, torpaq sahəsi Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinə əsasən ərizəçinin «mülkiyyəti» olmuşdur.
53. Qeyd edilənlərdən belə nəticəyə gəlinir ki, cavabdeh tərəfindən torpaq sahəsi müvafiq qaydada reyestrdə qeydə alınmasa belə, Konvensiyanın İ saylı Protokolunun 1ci maddəsinin təsiri altına düşür və onun «mülkiyyəti» hesab olunur.
54. Beləliklə, kollegiya torpaq sahəsi faktiki olaraq cavabdehin istifadəsində və sahibliyində olduğundan onun Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı ilə əhatə olunduğunu və həmin maddənin təsiri altına düşdüyünü müəyyən etmişdir. Nəticə:
55. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
56. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməli, ekspertiza xərcinin dəyəri iddiaçıdan tutulmalıdır.
57. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Suraxanı Rayon Məhkəməsinin 2(010)-637/2021 nömrəli, 17 mart 2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat dövlət büdcəsinə SAP (XİİS) hesabı X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına iddiaçı “X4 Kompani S.A.” Şirkətindən tutularaq ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov