Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2091/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə” ərizəsinə dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 dekabr 2024-cü il tarixli qətnamədən iş üzrə maraqlı şəxs olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun nümayəndəsi X7 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. Ərizəçi ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, onun xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixinədək və hərbi xidmətdən sonra xx.xx.1978-ci il tarixdən xx.xx.1989-cu il tarixinədək Ermənistan Respublikası, Amasiya rayonu, südçülükheyvandarlıq sovxozunda fəhlə işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizədə maraqlı şəxs kimi Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı qeyd edilmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1958-ci il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda doğulmuş ərizəçi, 1989-cu ilin may ayının sonuna kimi həmin rayonda yaşamış, 1974-cü ildən 1989-cü ilin may ayının sonuna kimi həmin rayonda südçülük-heyvandarlıq sovxozunda işləmişdir. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayət əməllərinə görə ərizəçi, onun ailə üzvləri və Ermənistanda yaşayan azərbaycanlılar Ermənistanı tərk etmiş və Azərbaycan Respublikasında məskünlaşmışlar. Bir çox şəxs kimi, ərizəçi də özünə məxsus sənədlərin bir hissəsini, o cümlədən “Əmək kitabçasını” götürə bilməmişdir. Hazırda o artıq pensiya yaşına çatmış, lakin Ermənistanda işləməsi ilə bağlı onda lazımı sənədlər olmadığı üçün onun əmək stajına Amasiya rayonunun südçülükheyvandarlıq sovxozunda fəhlə işlədiyi müddət nəzərə alınmır və bu da ona hesablanan pensiyanın məbləğinə mənfi təsir göstərir. O, “Əmək kitabçasını” və ya həmin sovxozda işləməsini təsdiq edə biləcək sənədləri əldə edə bilmir. Buna görə də, “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) iş üzrə maraqlı şəxsin ərizəyə dair münasibəti barədə məlumat
3. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddia tələbinə qarşı yazılı etirazını Rayon Məhkəməsinə təqdim edərək, bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin İİİ bölməsinin 17-ci bəndinə əsasən, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Eyni zamanda, Əsasnamənin eyni bəndinin tələbinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. Göründüyü kimi, müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı 2 şahid ərizəçi ilə bir müəssisədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Beləliklə, iş stajının məhkəmə qərarı əsasında müəyyən edilməsi o halda qanuni hesab edilməlidir ki, əgər məhkəmə qərarı ilə göstərilmiş şərtlər gözlənilmişdir. Habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Ərizəçinin “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə” ərizəsində göstərilən yerdə və müddətdə işləmə faktının təsdiqlənməsi onunla ilə eyni illərdə, eyni idarədə işləmiş və əmək kitabçası olan ən azı iki şahidin iştirakı ilə mümkündür. Həmin ərizədə qeyd edilir ki, ərizəçi xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixinədək və hərbi xidmətdən sonra xx.xx.1978-ci il tarixdən xx.xx.1989-cu il tarixinədək Ermənistan Respublikası, Amasiya rayonu, südçülük-heyvandarlıq sovxozunda fəhlə işləmişdir. Ərizəçinin məhkəməyə şahid qismində təqdim etdiyi şahid X9 ərizəçinin verdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə” ərizəsində qeyd edilənləri məhkəməyə verdiyi ifadə ilə təsdiq etsə də, onun adına verilmiş “Əmək kitabçasından” müəyyən edilir ki, o, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək həmin sovxozda işləmişdir. Qeyd edilən dövrlər “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə” ərizədə qeyd edilən dövrlərlə üst-üstə düşmür. Ərizəçinin məhkəməyə şahid qismində təqdim etdiyi şahid X2 ərizəçinin verdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə” ərizəsində qeyd edilənləri məhkəməyə verdiyi ifadə ilə təsdiq etsə də, onun adına verilmiş “Əmək kitabçasından” müəyyən edilir ki, o, xx.xx.1970-ci il tarixdən xx.xx.1978-ci il tarixədək həmin sovxozda işləmişdir. Qeyd edilən dövrlər “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə” ərizədə qeyd edilən dövrlərlə üst-üstə düşmür. Ərizəçinin məhkəməyə şahid qismində təqdim etdiyi şahid X3 ərizəçinin verdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə” ərizəsində qeyd edilənləri məhkəməyə verdiyi ifadə ilə təsdiq etsə də, onun adına verilmiş “Əmək kitabçasından” müəyyən edilir ki, o, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1989-cu il tarixədək həmin sovxozda işləmişdir. Lakin göründüyü kimi, qeyd edilən dövrlər də “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə” ərizədə qeyd edilən dövrlərlə üst-üstə düşmür. Göründüyü kimi, ərizəçi tərəfindən iş stajının tam şəkildə üst-üstə düşdüyü 2 şahidin əmək kitabçası məhkəməyə təqdim edilməmişdir. Buna görə də ərizəçinin “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi təmin edilməməlidir. c) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi hazırki iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə” ərizənin edilməsini, ərizəçinin xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixinədək və hərbi xidmətdən sonra xx.xx.1978-ci il tarixdən xx.xx.1989-cu il tarixinədək Ermənistan Respublikası, Amasiya rayonu, südçülük-heyvandarlıq sovxozunda fəhlə işləməsi faktının müəyyən olunmasını qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizəçinin “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə” ərizədə göstərdiyi hallar iş üzrə şahid qismində dindirilmiş Bəylər Qurbanovun, Bahəddin Novruzovun və Ramiz Məhərləmovun məhkəməyə verdikləri ifadələr ilə təsdiqlənir. Həmin şahidlərin adına olan və surətləri məhkəməyə təqdim edilmiş “Əmək kitabçalarından” isə görünür ki, onlar, ərizəçinin “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə” ərizəsində göstərdiyi müddətlərdə həmin sovxozda işləmişlər. Ərizəyə qarşı verilmiş etirazı ilə əlaqədar Rayon Məhkəməsi qeyd etmişdir ki, hər bir şahidə məxsus “Əmək kitabçalarında” əks olunan illərlə iddiaçının işlədiyi dövrün tam üst-üstə düşməsi mütləq deyildir. Ümumilikdə hər 3 şahidin işlədiyi dövrlər iddiaçının istinad etdiyi illəri əhatə edir və onlar eyni müəssisədə çalışmışlar. Bu isə ərizəçinin haqlı olduğu qənaətinə gəlməyə əsas verir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli qərarının 13.4-cü bəndinə əsasən, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Buna görə də, ərizəçinin “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi əsaslı hesab edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat
6. İş üzrə maraqlı şəxs olan DSMF-ın Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ərizəçinin verdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə” ərizənin təmin edilməməsini xahiş etmişdir.
7. Əsasları “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə” ərizəyə qarşı verilmiş etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Əslində, Rayon Məhkəməsi ərizəyə qarşı verilmiş etirazda göstərilən xüsusatları nəzərə alsa idi ərizəni rədd etməli idi. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və apellyasiya baxışı iclasında iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat
8. Apellyatorun nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətinin məzmununa uyğun izahat verdi.
9. Ərizəçi apellyasiya baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinin tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və ərizəçinin verdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə” ərizəsinin qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
11. Belə ki, işdə olan sənədlərdən görünür ki, xx.xx.1958-ci il təvəllüdlü ərizəçiyə xx.xx.2023-cü il tarixdə avtomatlaşdırılmış qaydada pensiya təyin edilmişdir. Lakin onun “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə” ərizədə qeyd edilən sovxozda qeyd edilən dövrlərdə və yerdə işləməsini təsdiq edən sənədlər olmadığından onun həmin sovxozda fəhlə işlədiyi müddət nəzərə alınmır və bu da ona hesablanan pensiyanın məbləğinə mənfi təsir göstərir. O, “Əmək kitabçasını” və ya həmin sovxozda işləməsini təsdiq edə biləcək sənədləri əldə edə bilmir. Buna görə də, “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi ilə məhkəməyə müraciət etmiş və xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixinədək, hərbi xidmətdən sonra isə xx.xx.1978-ci il tarixdən xx.xx.1989-cu il tarixinədək yuxarıda qeyd edilən sovxozda fəhlə işləməsinin hüquqi fakt kimi tanınmasını xahiş etmişdir.
12. Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə” ərizəsində qeyd edilən halları sübuta yetirmək məqsədi ilə Rayon Məhkəməsinə 3 nəfəri – Bəylər Qurbanovu, Bahəddin Novruzovu və Ramiz Məhərləmovu şahid qismində, həmin şahidlərin adına olan “Əmək kitabçalarını” isə yazılı sübut qismində təqdim etmişdir.
13. X11 adına olan “Əmək kitabçasının” notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək yuxarıda qeyd edilən sovxozda işləmişdir.
14. X5 adına olan “Əmək kitabçasının” notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.1970-ci il tarixdən xx.xx.1972-ci il tarixədək həmin sovxozda işləmişdir.
15. X8 adına olan “Əmək kitabçasının” notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1989-cu il tarixədək qeyd edilən sovxozda işləmişdir.
16. Həmin şahidlər Rayon Məhkəməsinə verdikləri ifadələrdə bildirmişlər ki, onlar və ərizəçi eyni kənddə doğulmuş, orada yaşamış və işləmişlər. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayət əməllərinə görə onlar da ərizəçi və Ermənistanda yaşayan azərbaycanlılar kimi Ermənistanı tərk etmiş və Azərbaycan Respublikasında məskünlaşmışlar. Bir çox şəxs kimi ərizəçi də özünə məxsus sənədlərin bir hissəsini, o cümlədən “Əmək kitabçasını” götürə bilməmişdir. Sovetlər dövründə heç kimi işsiz qalıb, işdən yayına bilməzdir. Ərizəçi də, məktəbi bitirən kimi işləməyə başlamışdı. Fəhlə kimi işləyirdi. Sonra əsgərliyə gedib. Əsgərlikdən qayıdandan sonra işinə bərpa olunmuşdur.
17. Ərizəçinin adına verilmiş “Hərbi biletin” surətindən görünür ki, ərizəçi xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olmuşdur.
18. “Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə” ərizəyə qarşı verilmiş etirazda və qətnamədən verilmiş apellyasiya şikayətində qeyd edilir ki, şahidlərin işlədiyi dövrlərlə ərizəçinin işlədiyi dövrlərin üst-üstə düşməməsi ərizəçinin verdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə” ərizənin rədd edilməsi üçün əsasdır.
19. Məhkəmə, Rayon Məhkəməsinin şahidlərin ifadələrində və şahidlərə məxsus “Əmək kitabçalarında” qeyd edilən məlumatlara əsasən “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə” ərizəçinin verdiyi ərizənin tam əsaslı olması ilə razılaşmır.
20. Məhkəmə hesab edir ki, “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə” ərizəçinin ərizəsi qismən əsaslıdır.
21. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin İİİ bölməsinin 17-ci bəndinə görə, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 1.2-ci bəndinə görə isə, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.
23. Qeyd edilən normalardan müzakirə edilən məsələnin həllinə yanaşdıqda müəyyən edilir ki, Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş Bəylər Qurbanovun verdiyi ifadə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə” ərizəçinin verdiyi ərizənin qismən, yəni ərizəçinin şahid Bəylər Qurbanovla sovxozda birgə işlədiyi xx.xx.1976-cı il tarixdən xx.xx.1976-cı il tarixədək olan hissəsinin, şahid qismində dindirilmiş Ramiz Məhərləmovun verdiyi ifadə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə” ərizəçinin ərizəsinin qismən, yəni ərizəçinin şahid Ramiz Məhərləmovla sovxozda birgə işlədiyi xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək və xx.xx.1982-ci il tarixdən xx.xx.1989-cu il tarixədək olan hissəsinin əsaslı hesab edilərək, təmin edilməsi üçün əsas verir.
24. Bu şahidlərin Rayon Məhkəməsinə verdikləri ifadələr “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə” ərizənin qalan hissəsinin təmin edilməsi üçün əsas vermir. Çünki bu şahidlər xx.xx.1974-ci il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci il tarixədək ərizəçi ilə birlikdə işləməmişlər.
25. X5 ifadəsi isə ərizəçi tərəfindən verilmiş “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə” ərizəsinin tam və ya qismən əsaslı hesab edilməsi üçün əsas ola bilməz. X6 adına verilmiş “Əmək kitabçasındakı” olan məlumatlardan görünür ki, o, yuxarıda qeyd edilən sovxozda ərizəçi ilə eyni vaxtda ümumiyyətlə işləməmişdir.
26. Göründüyü kimi işə baxmış Rayon Məhkəməsi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə” ərizənin qismən əsaslı olmasını nəzərə almamış, ərizəni tam həcmdə təmin etmişdir. g) apellyasiya baxışının nəticəsi
27. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qismən səhvdir və işin hallarına qismən uyğun deyil. Apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır.
28. Şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə” ərizəçinin ərizəsi qismən əsaslı hesab edilməlidir.
29. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 dekabr 2024-cü il tarixli qətnamə qismən, yəni Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə” ərizəsinin tam həcmdə təmin edilməsi, Ərizəçi 13 may 1974-ci il tarixdən 02 iyun 1976-cı il tarixədək Ermənistan Respublikası, Amasiya rayonu, südçülük-heyvandarlıq sovxozunda fəhlə işləməsi faktının müəyyən edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin həmin tələb təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 27 dekabr 2024-cü il tarixli qətnamənin qalan hissəsi, yəni Ərizəçi 02 iyun 1976-cı il tarixdən 12 noyabr 1976-cı il tarixədək, 01 iyul 1979-cu il tarixdən 13 may 1980-ci il tarixədək və 14 iyul 1982-ci il tarixdən 25 may 1989-cu il tarixədək Ermənistan Respublikası, Amasiya rayonu, südçülük-heyvandarlıq sovxozunda fəhlə işləməsi faktının müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-nin tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.