Məhkəmə qərarları › İş №2(103)-2092/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2092/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2092/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə (Açar sözlər: mənzilin təhvil verilməsi və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5118/2023 nömrəli 03 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 02 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 01 noyabr 2017-ci il tarixli 15 nömrəli müqavilənin 1.1-ci bəndində göstərilmişdir ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsində inşa edilən hündürmərtəbəli yaşayış binasının “D” blokunda, 6-cı mərtəbədə yerləşən, ümumi sahəsi 121,5 kv.metr təşkil edən 3 otaqdan ibarət yaşayış sahəsinin 145800 manat təşkil edən pay dəyərini tam ödəyir və həmin yaşayış sahəsinə mülkiyyət hüququnu əldə edir. 1.2-ci bəndində göstərilmişdir ki, “Kooperativ” pay haqqı tam ödənilmiş yaşayış sahəsinə dair hüquqmüəyyənedici bütün sənədləri, o cümlədən də maliyyə arayışını “Payçı”ya təqdim edir. 1.3-cü bənddə göstərilmişdir ki, tərəflər tikinti və təmir işlərinin aparılması üçün nəzərdə tutulmuş müddəti, binanın özül işlərinə başlanmasından hesablanmaqla 36 ay olmasını qəbul edirlər.

2. Cavabdeh MTK tərəfindən verilmiş 01 noyabr 2017-ci il tarixli arayışa əsasən İddiaçı yuxarıdakı müqavilədə göstərilən yaşayış sahəsinin 145800 manat təşkil edən pay dəyərini tam olaraq Cavabdeh MTK-ya ödəmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 01 noyabr 2017-ci il tarixli 15 saylı alğı-satqı müqaviləsinə uyğun olaraq Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsində inşa edilən hündürmərtəbəli yaşayış binasının “D” blokunda, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 121,5 kv.metr təşkil edən 3 otaqlı yaşayış sahəsinin cavabdeh tərəfindən ona təhvil verilməsi, habelə, cavabdeh tərəfindən MTK binasında yaşayış sahəsinin verilməsi barədə kooperativ üzvlərinin ümumi yığıncağının qərarının ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə arasında Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsində inşa edilən hüdürmərtəbəli yaşayış binasının “D” blokunda, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 121,5 kv.metr təşkil edən, 3 otaqdan ibarət yaşayış sahəsinin 145800 manat təşkil edən pay dəyərinin tam ödənilməsi və həmin yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsi barədə 01 noyabr 2017-ci il tarixində 15 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin gün yaşayış sahəsinin tam dəyəri olan 145800 manat pay haqqı tərəfindən cavabdehə ödənilmiş, cavabdehdən qalıq borcun olmaması barədə maliyyə arayışı əldə etmişdir. Müqavilənin 1.3-cü bəndində göstərilmişdir ki, tərəflər tikinti və təmir işlərinin aparılması üçün nəzərdə tutulmuş müddəti, binanın özül işlərinin başlanılmasından 36 ay olmasını qəbul edirlər. Həmin müddət 01 noyabr 2020-ci il tarixdə tamam olmuş, bina tikilsə də, mənzil indiyədək təhvil verilməmişdir. Eyni zamanda, yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı da cavabdeh tərəfindən verilməmişdir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 03 noyabr 2023-cü il tarixli 2(001)-5118/2023 nömrəli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia qismən təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsində inşa edilən hündürmərtəbəli yaşayış binasının “D” blokunda, 6-cı mərtəbədə yerləşən, ümumi sahəsi 121,5 kv.metr təşkil edən 3 otaqdan ibarət yaşayış sahəsinin İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumunun əvəzi kimi 70 manat məbləğində pul vəsaitinin Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh MTK arasında xx.xx.2017-ci il tarixdə müqavilə bağlanmış və bununla da onlar arasında öhdəlik münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsində inşa edilən hündürmərtəbəli yaşayış binasının “D” blokunda, 6-cı mərtəbədə yerləşən, ümumi sahəsi 121,5 kv.metr təşkil edən 3 otaqdan ibarət yaşayış sahəsinin dəyəri iddiaçı tərəfindən tam ödənildikdən sonra həmin mənzil ona təhvil verilməlidir. İddiaçı mənzilin müqavilədə razılaşdırılmış dəyərini tam olaraq cavabdehə ödəmişdir. Cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etmək vəzifəsini yerinə yetirmir. Ona görə də İddiaçı Cavabdeh MTK-ya qarşı bu iddiası həmin mənzilin ona təhvil verilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. İddia tələbinin digər, yəni kooperativ üzvlərinin yığıncağının qərarının iddiaçıya təhvil verilməsi hissəsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, belə qərarın hazırda mövcud olması iş üzrə müəyyən edilmədiyindən tələb bu hissədə təmin edilə bilməz.

7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 389.1, 390.1, 397.1, 427.3, 425.1, 442.1, 448.1, 567, 598 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 81, 88, 106-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, işin faktiki halı ondan ibarətdir ki, Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa edilən yaşayış binasının tikintisində ləngimələr yarandığından iddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh MTK-nın sədri İlqar Rəhimova ərizə ünvanlayaraq müqavilə əsasında əldə etdiyi mənzilin MTK-ya qaytarılması ilə bağlı razılıq əldə olunduğunu, MTK-ya qaytarılan mənzilin dəyərinin qarşılıqlı razılaşma əsasında 150000 manat müəyyən edildiyini və həmin məbləğin 6 ay ərzində hissə-hissə olmaqla ona ödənilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Ərizədə iddiaçı həmçinin mənzilin razılaşdırılmış dəyərinin tam olaraq ona ödənilməsindən sonra həmin mənzilə dair pay hüququndan imtina barədə özü və əri tərəfindən notarial qaydada ərizələri MTK-ya təqdim edəcəyi barədə öhdəlik götürmüşdür. Cavabdeh MTK ilə bu razılaşmadan sonra İddiaçı əri X2 vasitəsi ilə mənzilin dəyəri olaraq ona ödənilməli olan 150000 manatdan 20000 manat hissəsini xx.xx.2022-ci il tarixli aktla MTK-dan qəbul etmişdir. İşin yuxarıda qeyd olunan faktiki halından görünür ki, tərəflər Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsində inşa edilən hündürmərtəbəli yaşayış binasının “D” blokunda, 6-cı mərtəbədə yerləşən, ümumi sahəsi 121,5 kv.metr təşkil edən 3 otaqdan ibarət yaşayış sahəsinə dair xx.xx.2017-cü il tarixli 15 nömrəli alqı-satqı müqaviləsindən sonra həmin yaşayış sahəsinin MTK-ya geri qaytarılması ilə bağlı tərəflər arasında yeni bir razılaşma əldə olunmuş və bu razılaşmaya uyğun olaraq da iddiaçı tərəfindən ilkin olaraq 20000 manat məbləğində vəsait sonuncuya ödənilmişdir. İddiaçı isə sonuncu razılıqdan irəli gələrək qalıq vəsaiti tələb etmək əvəzinə 20000 manat vəsaiti aldıqdan sonra yenidən mənzilini MTK-dan tələb etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qeyd etdi ki, mənzil təhvil verilmədiyi üçün, 150000 manat müqabilində geri qaytarması barədə ilkin razılıq olsa da, istinad edilən razılığa əsasən 6 ay müddətində cavabdeh göstərilən məbləğdən cəmi 20000 manat ödəmişdir. Mənzildən imtina yalnız o halda keçərli sayıla bilərdi ki, 6 ay müddətində ona 150000 manat ödənilsin, o da mənzildən imtina barədə notariat qaydada ərizə versin. Lakin nəzərdə tutulmuş şərt cavabdeh tərəfindən icra olunmalığından, o da ərizə verməmişdir, yəni razılıq qüvvəyə minməmişdir.

12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 43-cü maddəsində görə isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Maddə 427.3.Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

17. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

19. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

21. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixdə müqaviləyə əsasən cavabdeh MTK tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsində inşa edilən hündürmərtəbəli yaşayış binasının “D” blokunda, 6-cı mərtəbədə yerləşən, ümumi sahəsi 121,5 kv.metr təşkil edən 3 otaqdan ibarət yaşayış sahəsinin dəyəri iddiaçı tərəfindən tam ödənildikdən sonra həmin mənzil ona təhvil verilməlidir. İddiaçı mənzilin müqavilədə razılaşdırılmış dəyərini tam olaraq cavabdehə ödəmişdir.

31. Apellyasiya şikayətinə əlavə edilmiş iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh MTK-nın sədrinə ünvanlanmış ərizədə göstərilmişdir ki, ünvan 2nda inşa olunan yaşayış binasının “D” blokunda, 6-cı mərtəbədə yerləşən, ümumi sahəsi 121,5 kv.m olan 3 otaqlı mənzilə dair onunla MTK arasına xx.xx.2017-ci il tarixli 15 saylı “yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında” müqavilə bağlanmışdır. Hal-hazırda qeyd olunan mənzilin Cavabdeh MTK-ya qaytarılması ilə bağlı MTK ilə razılıq əldə olunmuşdur. Tərəfindən MTK-ya qaytarılan mənzilin dəyəri qarşılıqlı razılaşma əsasında 150000 manat müəyyən edilmişdir. Həmin məbləğin 6 ay ərzində hissə-hissə olmaqla MTK tərəfindən ona qaytarılmasına heç bir etirazı yoxdur. Həmçinin öhdəsinə götürür ki, mənzilin razılaşdırılmış dəyəri tam olaraq ona ödənildikdən sonra həmin mənzilə dair pay hüququndan imtina barədə özü və əri tərəfindən notarial qaydada ərizələr MTK-ya təqdim ediləcəkdir.

32. xx.xx.2022-ci il tarixli akta əsasən Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli 15 saylı müqaviləyə əsasən sonuncuya məxsus ünvan 3 ünvanında inşa edilən yaşayış binasının “D” blokunda, 6-cı mərtəbədə yerləşən, ümumi sahəsi 121,5 kv.metr təşkil edən 3 otaqlı mənzilin əvəzində İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsi nəzərə alınaraq ona ödənilməsi nəzərdə tutulan 150000 manat vəsaitin 20000 manat hissəsi İddiaçı həyat yoldaşı X2 tərəfindən qəbul edilmişdir.

33. Cavabdeh apellyasiya şikayətində qeyd olunan ərizəyə və akta istinad edərək göstərmişdir ki, iddiaçı sonuncu razılıqdan irəli gələrək qalıq vəsaiti tələb etmək əvəzinə 20000 manat vəsaiti aldıqdan sonra yenidən mənzilini MTK-dan tələb etmişdir.

34. Kollegiya hesab edir ki, cavabdehin dəlilləri əsassızdır.

35. Belə ki, tərəflər arasında sözügedən mənzilin Cavabdeh MTK-ya qaytarılması ilə bağlı MTK ilə razılıq əldə olunmuş, mənzilin dəyəri qarşılıqlı razılaşma əsasında 150000 manat müəyyən edilmişdir. Həmin məbləğin 6 ay ərzində hissə-hissə olmaqla qaytarılması nəzərdə tutulmuş və mənzilin razılaşdırılmış dəyəri tam olaraq ödənildikdən sonra həmin mənzilə dair pay hüququndan imtina barədə özü və əri tərəfindən notarial qaydada ərizə təqdim ediləcəyi şərtləndirilmişdir.

36. Göründüyü kimi razılaşma şərtlə bağlanmışdır, razılaşmanın şərtlərinə görə göstərilən məbləğ 6 ay ərzində ödənilməli və məbləğ cavabdeh tərəfindən tam ödənildikdən sonra iddiaçı mənzilə dair pay hüququndan imtina edəcəkdir.

37. Lakin cavabdeh razılaşmanın şərtlərinə riayət etməmiş və razılaşdırılmış məbləğdən 20000 manat qaytarmış, qalan 130000 manat isə göstərilən müddət ərzində iddiaçıya qaytarılmamışdır. Qalan məbləğin qaytarılmadığı cavabdehin apellyasiya şikayətindən də müəyyən edilir, apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı sonuncu razılıqdan irəli gələrək qalıq vəsaiti tələb etmək əvəzinə 20000 manat vəsaiti aldıqdan sonra yenidən mənzilini MTK-dan tələb etmişdir.

38. Belə olan halda mənzilin MTK-ya geri qaytarılması barədə razılığın şərtləri MTK tərəfindən icra edilmədiyindən iddiaçı da haqlı olaraq mənzilin ona təhvil verilməsini tələb etmişdir. Hazırda cavabdehin həmin razılaşmaya istinad etməsi əsassızdır.

39. Apellyasiya şikayətinin dəlilləri əsassızdır.

40. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5118/2023 nömrəli iş üzrə 03 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar