Məhkəmə qərarları › İş №2(103)-210/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-210/2022

01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-210/2022 01.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Sona Qasımovanın iştirakı ilə, İddiaçı «Azəriqaz» İstehsalat Birliyinin Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair» 2(008)-4844/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı «Azəriqaz» İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «Azəriqaz» İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən «Azəriqaz» İstehsalat Birliyinə vurulmuş 3216,10 manat zərər və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 3246,10 manat pulun cavabdehdən məcburi qaydada tutularaq «Azəriqaz» İB-nin "xxxx" ASC-nin Azəriqaz şöbəsi üzrə, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «Azəriqaz» İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında 25.05.2018-ci il tarixli, T/17736 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və həmin müqavilə əsasında «Azəriqaz» İstehsalat Birliyi abonent Cavabdeh məxsus evini təbii qazla təchiz etmişdir. Həmin ünvana «Azəriqaz» İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00010 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4T markalı **********0 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh Müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və «X2»nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. «Azəriqaz» İB-nin işçiləri tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif vaxtlarda baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerində aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsində əmələ gələn hallar və faktlar birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən «Təbii X1 pozulması haqqında» aktlar tərtib edilmişdir. 04.07.2017-ci il tarixli, ******* saylı akta əsasən 82 manat, 30.08.2017-ci il tarixli, ******* saylı akta əsasən 123,20 manat, 31.01.2018-ci il tarixli, ******* saylı akta əsasən 863,40 manat, 23.02.2018-ci il tarixli, ******* saylı akta əsasən 219,6 manat, 30.03.2018-ci il tarixli, 580121 saylı akta əsasən 219,6 manat, 30.04.2018-ci il tarixli, ******* saylı akta əsasən 219,6 manat, 23.05.2018-ci il tarixli, ******* saylı akta əsasən 168,40 manat, 29.06.2018-ci il tarixli, ******* saylı akta əsasən 133,20 manat, 28.02.2020-ci il tarixli, ******* saylı akta əsasən 756 manat, 13.03.2020-ci il tarixli, ******* saylı akta əsasən 109,20 manat, cəmi 2689 manat məbləğində «Azəriqaz» İB-yə maddi zərər dəymiş olduğu müəyyən edilmişdir. Yuxarıda göstərilənlərdən əlavə cavabdehin 2017-ci ilin yanvar ayına kimi iddiaçıya 527,1 manat qalıq borcu da mövcud olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 3216,10 manat təşkil edir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə vurulmuş 450 manat məbləğində zərər, 4,20 manat dövlət rüsumunun məcburi qaydada tutularaq «Azəriqaz» İstehsalat Birliyinin müvafiq bank hesabına ödənilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın rədd olunmuş hissəsində ləğv edilib, iddianın rədd olunmuş (mübahisələndirilən) hissədə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı «Azəriqaz» İB-nın maraqlarına zidd çıxarılmış qətnamə ilə iddiaçının hüquq və mənafeyi pozulmuşdur. Birinci instansiya məhkəməsi qaydasında işə baxan məhkəmə işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan, maddi və prosessual hüquq normalarını da mülki iş üzrə düzgün tətbiq etməmiş, nəticədə iddianın rədd olunmuş hissəsində qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə göstərilən dəlillər (iddianın rədd olunmuş hissəsinə münasibətdə) işin faktiki və həqiqi hallarına uyğun olmadığından, işin faktiki və həqiqi halları məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmadığından məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi zərər cavabdehin uzun müddətə davam edən təqsirli və qanunazidd davranışları, tərəflər arasında bağlanmış təbii qazın alğı-satqı müqaviləsi öhdəliklərindən kənara çıxaraq qaz xəttinə qanunsuz qoşulması nəticəsində təbii qazı özbaşına talaması, qaz xəttinin işlək və istismar vəziyyətinə zərər vurması nəticəsində hesablanmış və tərtib olunmuş aktlarla da rəsmiləşdirilmiş zərər məbləğidir. Belə ki məhkəmə, cavabdeh barəsində tərtib olunmuş aktlar üzrə dəymiş ziyan məbləğini «qış» və «yay» aylarına təsadüf etməsi durumuna görə hesablamışdır. Məhkəmə tərəfindən həmin qaydada hesablama əməliyyatının aparılması isə qanuni və əsaslı deyildir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10.11.2020-ci il tarixli, 2(008)-4844/2020 saylı qətnamədə iddia tələbi qismən təmin olunmuş olsa belə, tərəflər arasında yaranmış mübahisəni tənzimləyən maddi hüquq normaları (Mülki Məcəllənin 386; 448.2; 1096; 1097.1; Qaz təchizatı haqqında Qanunun 6.2; 20 və 22-ci; X1 6.5-ci maddələri) ümumiyyətlə tətbiq edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş müvafiq qətnamədə həmin maddi hüquq normaları cavabdeh tərəfindən qazpaylayıcı xəttə qanunsuz qoşulma ilə bağlı yaranmış əməlin hüquqi əsaslandırması kimi nəzərə alınmamış və qətnamədə qeyd olunmamışdır. Məhkəmə qətnaməsindən göründüyü kimi, cavabdeh tərəfindən itkiyə yol verilmiş təbii qaza görə yaranmış borc məbləği müəyyən edilmiş, lakin iddia tələbi tam təmin edilməmiş və iş üzrə düzgün olan qanunların müddəaları da tətbiq edilməmişdir. İddiaçı «Azəriqaz» İstehsalat Birliyi birinci instansiya məhkəməsinin qətnaməsinin nəticəsi ilə razılaşmır. Aidiyyatı prosessual hüquq normalarının tələblərindən hazırkı mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, birinci növbədə üzərinə sübutetmə yükü düşən iddiaçı «Azəriqaz» İstehsalat Birliyi öz mövqeyini iş materiallarına əlavə edilmiş kifayət qədər güclü, aydın və biri-birinə uyğun olan mötəbər dəlillərlə (aktlar, hesabatlar, müxtəlif rakursdan çəkilmiş fotoşəkillər, təbii qazın dəyəri üzrə ödəniş cədvəlləri olan «Saldo»larla) sübuta yetirmişdir. Lakin ikinci növbədə sübutetmə yükü daşıyan cavabdeh öz etirazının əsası kimi hər hansı bir fakta və ya sənədə istinad etməmişdir, ümumiyyətlə məhkəmə iclaslarında belə iştirak etməmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdeh tərəf iddia ərizəsində qeyd olunan aktları da mübahisələndirməyə çalışmamış, iddiaçı Birliyə qarşı müvafiq iddia tələbi irəli sürməmişdir. Odur ki, apellyasiya instansiya məhkəməsi Sabunçu Rayon Məhkəməsinin qəbul etdiyi məhkəmə aktı ilə razılaşmamalıdır. Hesab edirlər ki, cavabdeh tərəfindən «Azəriqaz» İB-yə maddi zərər vurulmasına dair iddiaçı tərəfindən məhkəməyə kifayət qədər güclü, aydın və biri-birinə uyğun olan mötəbər sübut və dəlillər təqdim edildiyindən, habelə aşağı instansiya məhkəməsi qətnaməsinin iddia tələbinin mübahisələndirilən hissəsində ləğv edilməsi üçün kifayət qədər pozuntular apellyasiya insansiyası məhkəməsinin diqqətinə çatdırıldığından, apellyasiya şikayəti təmin edilməlidir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil olunmamış və bunun səbəblərini bildirməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində qanuniliyinin və əsaslığının yoxlanması təşkil edir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Cavabdeh ilə təbii qazdan istifadə edilməsi ilə bağlı «Azəriqaz» İstehsalat Birliyi arasında 25.05.2018-ci il tarixli, T/17736 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» bağlanmışdır. Həmin müqaviləyə əsasən, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi müəyyən edilmişdir. «Azəriqaz» İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00010 №-li abonent kodu verilmiş və Bakı şəhəri, Sabunçu rayonu, Müsavat küçəsi, ev 67, 1 saylı mənziil təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4T markalı **********0 nömrəli qaz sayğacı quraşdırılmışdır. Həmin ünvanda Cavabdeh tərəfndən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi barədə aşağıdakı aktlar tərtib edilmiş və itirilmiş sərfiyyata görə zərər hesablanmışdır: 04.07.2017-ci il tarixli, ******* saylı akta əsasən 82 manat, 30.08.2017-ci il tarixli, ******* saylı akta əsasən 123,20 manat, 31.01.2018-ci il tarixli, ******* saylı akta əsasən 863,40 manat, 23.02.2018-ci il tarixli, ******* saylı akta əsasən 219,6 manat, 30.03.2018-ci il tarixli, 580121 saylı akta əsasən 219,6 manat, 30.04.2018-ci il tarixli, ******* saylı akta əsasən 219,6 manat, 23.05.2018-ci il tarixli, ******* saylı akta əsasən 168,40 manat, 29.06.2018-ci il tarixli, ******* saylı akta əsasən 133,20 manat, 28.02.2020-ci il tarixli, ******* saylı akta əsasən 756 manat, 13.03.2020-ci il tarixli, ******* saylı akta əsasən 109,20 manat. Adıçəkilən aktlar əsasında hesablanmış zərər 2689 manat qeyd edilmişdir. Eyni zamanda iddiaçı cavabdehdən 2017-ci ilin yanvar ayına kimi yaranmış 527,1 manat qalıq borcun da tutulmasını istəyir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 21.1, 21.2, 385.1, 425.1, 442-ci maddələrinə istinad edərək düzgün olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən ödənişlərin edilməməsi onun tərəfindən kənar xətdən istifadə etməsinə dəlalət edir. Lakin, iddiaçı “Azəriqaz” İstehsalat Birliyi də buna görə məsuliyyət daşıyır. Çünki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq edilmiş «X2»nın 1.2-ci bəndinə əsasən bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs; istehlakçı - alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxs; qaz qurğusu - istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı üçün xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan məişət və sənaye qaz qurğusu (qurğuları); Həmin qaydaların 3.1-ci bəndində qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısının (alğı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs) aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulmuşdur: 3.1.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların qanuni göstərişlərinə əməl etməli; 3.1.2. istehlakçını qazın alğı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli; 3.1.3. qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı; 3.1.4. qaz paylayıcısının illik iş planında göstərilən müddətlərdə təmirprofilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etməli; 3.1.5. istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli; 3.1.6. bu Qaydaların 3.2.7-ci və 3.2.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallarda məlumat daxil olduqda, dərhal zəruri tədbirlər görməli, 3.2.10-cu yarımbəndində nəzərdə tutulmuş halda məlumat daxil olduqda isə istehlakçının qaz qurğularını dəmir örtüklü qapaqla və ya tıxacla xətdən ayırmalı; 3.1.7. qazpaylayıcı şəbəkədə qəza hallarının qarşısını almalı və nəticələrini aradan qaldırmalıdır. İddiaçı üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar üçün şərait yaratmaqla hər ay akt tərtib etməklə kifayətlənmişdir. Lakin, bu abonentin məsuliyyəti aradan qaldırmır. Qeyd edildiyi kimi, cavabdeh tərəfindən ödənişlər edilməmişdir, bu səbəbdən cavabdeh tərəfindən kənar xətdən istifadə olunması qənaətinə gəlmək üçün kifayət qədər əsaslar var. İddiaçı vurulmuş ziyanı «SOKAR-ın Şurasının 14.03.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii X1 pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları»na əsasən hesablamışdır. Birinci instansiya məhkəməsi bu hesablamanı qanuni hesab etməməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 24.01.2003-cü il tarixli 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş "xxxx"nin 2.4-cü bəndində Şirkətin strukturuna daxil olan qurumların, nizamnamə kapitalındakı səhmlərinin (paylarının) nəzarət zərfi şirkətə məxsus olan müəssisələrin yanacaq-enerji resurslarının istehsalı (hasilatı), ötürülməsi (nəqli), paylanması və istehlakı sahəsində texnoloji itki, sərf və əməyin ödənilməsi normalarının, eləcə də sahə üzrə tətbiqi məcburi xarakter daşıyan digər daxili normativ sənədlərin hazırlanması, təsdiq və tətbiq edilməsi nəzərdə tutulmuşdur. Lakin, «SOKAR-ın Şurasının 14.03.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii X1 pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları» normativ hüquqi akt deyil. Azərbaycan Respublikası MPM-nin 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Konstitusiya Qnununun 1.0-ci maddəsinə əsasən bu Konstitusiya Qanununda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1 normativ hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd. Həmin Qanun 2.1-ci maddəsinə əsasən normativ hüquqi aktların növləri Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinə əsasən qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 1) Konstitusiya; 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. Göründüyü kimi, Azərbaycan Respublikası DNŞ dövlət orqanı olmadığından onun qəbul etdiyi aktlar da normativ hüquqi aktlar ola bilməz. Bu səbəbdən, 10 aktın 5-i yay aylarına təsadüf etdiyindən həmin aylar üzrə 30 manat, 5-i qış ayına təsadüf etdiyindən bu aylar üzrə 60 manatın (5 ay x 30 manta = 150 manat, 5 ay x 60 manata = 300 manat, cəmi 450 manat) tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ədalətli olmuşdur. Bundan başqa, iddiaçı 2017-ci ilin yanvar ayına kimi yaranmış 527,1 manat qalıq borcun mənbəyini göstərməmişdir. Bu səbəbdən, iddia həmin hissədə də təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı 450 manat hissədə təmin edib, qalan hissədə iddianın rədd edilməsi qənaətinə gələrkən haqlı olmuşdur. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, iş üçün əhəmiyyəti olan hallar kifayət qədər əsaslandırılmış, məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas olan hər hansı mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı «Azəriqaz» İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(008)- 4844/2020 saylı qətnaməsi mübahisələndirilən – iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar