Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-210/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nərimanov Rayon İcra Hakimiyyəti cəlb edilməklə) iddia tələbinə dair iş üzrə (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, qeyri-yaşayış sahəsinin qanunsuz sökülməsi ilə bağlı kompensasiyanın ödənilməsi, əldən çıxmış fayda, maddi və mənəvi ziyan) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil3, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (Mənzil Tikinti Kooperativinin) nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “sökülmüş əmlakın əvəzinə yeni əmlak verilməsi və ya kompensasiya ödənilməsi, kirayə haqqının, əldən çıxmış faydanın, maddi və mənəvi zərərin əvəzinin tutulması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, 26 yanvar 2023-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” xx.xx.2016-cı il tarixli 86 saylı Qərarı ilə Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı rayonlarında mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən binaların müəyyən edilərək sökülməsi, yerində yeni yaşayış binalarının tikilməsi, tikiləcək binalardan sakinlərə mənzillərin ayrılması qərara alınmış, həmin qərarda qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını təmin etmək nəzərdə tutulmuş, qərarın icrası ilə əlaqədar Nərimanov rayon İHB-nın xx.xx.2016-cı il tarixli 264 saylı sərəncamı ilə Təbriz, F. Yusifov, Ağa Nemətulla və F. X. Xoyski küçələrinin kəsişməsində 7,5 ha. torpaq sahəsi yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə "xxxx" MMC-nin daimi istifadəsinə verilmişdir.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarının 1.3-cü bəndində müvafiq icra hakimiyyəti orqanlarına tapşırılmışdır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını təmin etsinlər.
3. Nərimanov rayon İHB-nın xx.xx.2016-cı il tarixli 264 saylı sərəncamında MMC-nə tapşırılmışdır ki, Təbriz, F. Yusifov, Ağa Nemətulla və F. X. Xoyski küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının sakinləri qarşılıqlı razılaşma əsasında yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülsünlər.
4. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti və "xxxx" MMC arasında 12 oktyabr 2016-cı il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən MMC, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F. Yusifov, Ağa Nemətulla və F. X. Xoyski küçələrinin kəsişməsində yerləşən binaların (yaşayış və qeyri-yaşayış sahələrinin) söküntüsünü və bu sahədə yeni yaşayış binalarının tikintisini həyata keçirməyi öz üzərinə götürmüşdür.
5. Həmin müqavilənin 2.1-ci bəndinə görə, binaların tikintisi üçün müvafiq ərazidə yerləşən mənzillərin sakinləri ilə müqavilənin tarixindən 2 ay müddətindən gec olmayaraq tam razılıq əldə edərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada müqavilələr imzalamaq MMC-nin öhdəliyidir.
6. Müqavilənin 2.3-cü bəndinə görə MMC, binaların tikintisi üçün müvafiq ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin sahəsindən 20% artıq sahəsi olan tam təmirli, razılaşdırılmış mərtəbələrdə mənzil sahəsi ilə təmin etməlidir.
7. Müqavilənin 2.4-cü bəndinə görə, müqavilə imzalandıqdan sonra 15 gün müddətində tikiləcək binaların qanunvericiliyə müvafiq olaraq hazırlanmış layihələrini razılaşdırmaq üçün İcra Hakimiyyətinə təqdim etmək MMC-nin, 4.1-ci və 4.2-ci bəndlərinə görə isə qanunvericiliyə və şəhərsalma prinsiplərinə uyğun hazırlanmış layihələrə səlahiyyətləri çərçivəsində razılıq vermək və layihələrin memarlığa dair hissələrini razılaşdırmaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmək İcra Hakimiyyətinin öhdəlikləridir.
8. ünvan 1 ünvanında yerləşən qeyri- yaşayış sahəsi mülkiyyət hüququ üzrə 18 noyabr 2009-cu il tarixdə İddiaçı adına dövlət qeydiyyatından keçmiş, həmin əmlak "xxxx" MMC tərəfindən yeni hündürmərtəbəli binanın inşa edilməsi məqsədi ilə sökülmüşdür.
9. "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda aşağıdakılar göstərilmişdir: “...Ərazidə tikinti işləri müvafiq qaydada təsdiq edilmiş layihə əsasında aparılır və biz bu layihədən kənara çıxa bilmərik. Eyni zamanda bildiririk ki, həmin layihənin imkan verdiyi həddə Sizə məxsus olmuş qeyri-yaşayış sahəsinin əvəzləşdirilməsi və müvafiq dövr üçün icarə haqqının ödənilməsi müzakirə predmeti ola bilməz və biz buna əvvəldən hazırıq. Məlumat üçün xatırladırıq ki, bundan əvvəl Sizə göndərdiyimiz 26 aprel 2019-cu il tarixli məktubda da bildirdiyimiz kimi, Faiq Yusifov küçəsi 37 saylı binanın zirzəmisindəki 41,1 kvadratmetrlik qeyri-yaşayış sahəsinin əvəzinə Sizə, Təbriz küçəsindəki 3-cü binanın zirzəmisində (R-S-T oxu ilə 23-25-26 oxlarının kəsişməsində) yerləşən 46 kvadratmetrlik qeyri-yaşayış sahəsi ayrılmışdır. Sizə ayrılmış qeyri-yaşayış sahəsinin ünvanının Təbriz küçəsinə düşməsi isə bizdən asılı olmayan səbəbdən, yəni layihənin xüsusiyyətlərindən asılı olaraq baş vermişdir. Nəzərinizə çatdırırıq ki, F. Yusifov küçəsində sizə məxsus olan zirzəmi (qeyri-yaşayış) həmin küçədən daha çox rentabelli təlabat olan Təbriz küçəsində 46 kvadratmetrlik zirzəmi ilə əvəzləşdirilmişdir. O ki, qaldı Sizə icarə haqqının ödənilməsi məsələsinə, biz lap əvvəldən Sizə məxsus olmuş qeyri-yaşayış sahəsinin icarə haqqına müvafiq, ağlabatan məbləğdə ödənişləri etməyə hazır olmuşuq, lakin Siz bizimlə əməkdaşlıq etməyə və aramızdakı münasibətləri tənzimləyən müqaviləni bağlamağa hazır olmadığınızdan bunu edə bilməmişik...”.
10. İddiaçı nümayəndəsinin müraciəti əsasında “X2” MMC-nin eksperti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli rəydə göstərilmişdir ki, ünvan 1 ünvanında əvvəllər mövcud olmuş, hazırda sökülmüş qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazi üzrə bir kvadrat metrin bazar qiyməti ilə təqribi dəyəri 3500 manat müəyyən edilir.
11. "xxxx" MMC-nin sifarişi əsasında hazırlanmış "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli qiymətləndirmə hesabatına əsasən, ünvan 1 ünvanında yerləşən binanın zirzəmisində yerləşmiş və sökülmüş olan qeyri-yaşayış sahəsinin bazar qiyməti 39 153 manat, birinci instansiya məhkəməsinin əldə etdiyi "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli QXM 350/M saylı rəyinə görə isə, əmlakın real bazar qiyməti 45 000 manat təşkil edir.
12. "xxxx" MMC yenidən təşkilin çevrilmə formasında özünün hüquqi varisi olan "xxxx" Mənzil Tikinti Kooperativinə (MTK) çevrilmiş, MTK xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə (MMC) qarşı (Nərimanov rayon İcra hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, MMC-nin üzərinə ona məxsus olmuş və ünvan 1 ünvanında yerləşmiş, ümumi sahəsi 42,1 kv.metr olan qeyri-yaşayış sahəsinin qanunsuz olaraq sökülməsi səbəbilə həmin ərazidə MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli binanın yerin səviyyəsindən aşağı olmayaraq 1-ci mərtəbəsində 62,1 m2-dən az olmamaq şərti ilə (əlavə 20 kv.metr) qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi, həmin qeyri-yaşayış sahəsi ilə bağlı müvafiq müqavilənin bağlanılması və digər zəruri sənədlərin tərtib olunması öhdəliyinin MMC-nin üzərinə qoyulması, bu mümkün olmadıqda isə sökülmüş qeyri-yaşayış sahəsinin real bazar dəyəri nəzərə alınmaqla (bir kv.metr üçün 3500 manat olmaqla) 217 350 (iki yüz on yeddi min üç yüz əlli) manatın, eləcə də əldən çıxmış fayda qismində 20 000 (iyirmi min) manatın, ödənilməli olan kirayə haqqı qismində 32 500 (otuz ikin min beş yüz) manatın, qanunsuz hərəkətlər nəticəsində vurulmuş mənəvi ziyan qismində 12 000 (on iki min) manatın, qeyri-yaşayış sahəsində saxlanılmış 5000 (beş min) manatın, daşınar əşyaların əvəzi qismində 2000 (iki min) manatın, əmlakın qiymətləndirilməsi üçün rəyə görə ödənilmiş 300 (üç yüz) manatın, dövlət rüsumunun əvəzi qismində 30 manatın MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsində yerləşən çoxmərtəbəli binanın birinci mərtəbəsində ümumi sahəsi 42,1 kv. metr olmuş qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallalıı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 86 nömrəli 25 fevral 2016-cı il tarixli Qərarının icrası ilə əlaqədar "xxxx" MMC-yə müvafiq işlərin görülməsi tapşırılmış, lakin MMC onun qanunla qorunan mülkiyyət hüquqlarını kobud surətdə pozaraq ona məxsus daşınmaz əmlakı qanunsuz olaraq sökərək məhv etmişdir. Nazirlər Kabtinetinin qərarına əsasən pilot layihənin icrasını MMC-nə tarşıran Nərimanov Rayon İcra Hakimiyyəti də öz vəzifələri lazımınca yerinə yetirməmiş, lazımi qaydada nəzarəti həyata keçirməmiş, cavabdeh tərəfindən yol verilən qanun pozuntularına şərait yaratmışdır. Halbuki, Nazirlər Kabinetinin qərarına görə qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış üçün yararsız olan yaşayış binalarının, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini Rayon İcra Hakimiyyətləri həyata keçirməli idi. Ancaq qərarda göstərilən qaydalara zidd olaraq cavabdehin həyata keçirdiyi işlərin nəticəsində, hüquqları kobud surətdə pozulmuş, əmlakı möhv edilmiş, əmlakdan fayda götürə bilməmiş, mənəvi ziyan çəkmiş, əmlakının sökülməsindən 2 ildən artıq vaxt keçməsinə baxmayaraq əmlak üçün nəzərdə tutulmuş kompensasiya və kirayə haqqı ödənilməmişdir.
15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı ünvan 1 ünvanında yerləşmiş və sökülmüş ümumi sahəsi 42,1 kv.m-dən ibarət olan zirzəminin ərazisində "xxxx" MMC-yə məxsus inşa edilmiş çoxmərtəbəli binada 42,1 kv.metrdən ibarət olan zirzəminin, bu mümkün olmadıqda isə onun dəyəri kimi 45 000 manat məbləğində kompensasiyanın "xxxx" MMC tərəfindən verilməsinin MMC-nin üzərinə vəzifə kimi qoyulması, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur.
16. Məhkəmə iddianın təmin edilməsinə dair gəldiyi nəticəni Mülki Məcəllənin 21-ci, 23-cü, 385.1-ci, 442-ci, 445-ci və digər maddələrinə istinadla belə əsaslandırmışdır ki, iddiaçıya məxsus daşınmaz əmlak - ünvan 1 ünvanında yerləşmiş ümumi sahəsi 42,1 kv.metrdən ibarət qeyri-yaşayış sahəsi “X5” MMC tərəfindən həmin ünvanda yeni hündürmərtəbəli binanın inşa edilməsi məqsədi ilə aparılan işlər nəticəsində qanunsuz olaraq sökülmüş, bununla da iddiaçıya maddi ziyan vurulmuşdur.
17. Məhkəmə iddianın təmin edilməyən hissəsində mövqeyini onunla əsaslandırmışdır ki, sökülmüş tikili ünvan 1 ünvanında yerləşmiş və təyinatı zirzəmi olmuş, iddiaçı həmin zirzəminin sahibkarlıq məqsədləri üçün istifadə etməsinə dair hər hansı sübut təqdim etməmişdir. Ona görə də sökülmüş zirzəminin əvəzində inşa ediləcək binadan qeyri-yaşayış sahəsinin tələb edilməsi əsassızdır. Məhkəmə Mülki Məcəllənin 21ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına istinadla qeyd etmişdir ki, iddiaçı, əldən çıxmış fayda qismində 20 000 (iyirmi min) manat, ödənilməli olan kirayə haqqı qismində 32 500 (otuz ikin min beş yüz) manat, qeyri-yaşayış sahəsində saxlanılmış 5000 (beş min) manat, daşınar əşyaların əvəzi qismində 2000 (iki min) manat ödənilməsi tələbləri ilə bağlı, eləcə də MMC tərəfindən daşınmaz əmlakın sökülməsi nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı sübutlar təqdim etmədiyindən, həmin tələblər də təmin olunmamalıdır.
18. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi, iddianın qismən təmin olunmuş hissəsində dəyişiklik edilərək iddiasının tam həcmdə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia tələbinin dəlilləri ilə əsaslandırmaqla yanaşı göstərmişdir ki, birinci instansiya məhkəməsi onun pozulmuş hüquqlarını bərpa etmək əvəzinə onları pozmuş, sübutları düzgün qiymətləndirməmiş, işin hallarına uyğun olmayan qərar çıxarmış, iddianı niyə görə qismən təmin etdiyini əsaslandırmamış, əmlakının sökülməsinə görə ərazi üzrə bir kvadratmetr üçün bazar qiymətinin müəyyənləşdirilməsinə dair rəyə ümumiyyətlə qiymət verməmiş, işdə olan bütün sübutları araşdırmamış, iddianın “cavabdehin inşa etdirdiyi binanın yerin səviyyəsindən aşağı olmamaq şərtilə 1-ci mərtəbədə ümumlikdə 62,1 kv.metrdən az olmadan (əlavə 20 kv metr) qeyri-yaşayış sahəsinin təhvil verilməsi, təhvil verilməsi ilə əlaqədar müvafiq müqavilənin bağlanılması və digər zəruri sənədlərin tərtib olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsinı hansı səbəblə təmin etmədiyini izah etməmiş, pilot layihənin icrası ilə bağlı paytaxtın digər rayonlarında kompensasiyanın məbləğinin müəyyən edilməsinin və ödənilməsinin hansı qaydada aparıldığını nəzərə almamışdır.
b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
19. Bakı Apellyasiya Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə istinadla qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri işin halları ilə qarşılıqlı olaraq yoxlanılsa da, öz təsdiqini tapmamışdır.
21. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 aprel 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
23. Kassasiya instansiyası məhkəməsi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən 45 000 manat məbləğində kompensasiyanın ödənilməsini qənaətbəxş hesab etmiş, apelyasiya instansiyası məhkəməsi isə bu mövqe ilə razılaşmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr bu qənaətə gələrkən işdə olan sübutlara MPM-nin 88ci maddəsinə uyğun qiymət verməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir. ...Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov rayon İcra hakimiyyəti başçısının 09 avqust 2016-cı il tarixli sərəncamı ilə rayonun Təbriz, F.Yusifov, Ağa Nemətulla və F.X.Xoyski küçələrinin kəsişməsində hündürmərtəbəli binanın inşası məqsədilə 7,5 ha torpaq sahəsi cavabdeh "xxxx" MMC-nin istifadəsinə verilmiş, həmin ünvanda yerləşən və sökülməli olan yaşayış binalarının sakinlərinin qarşılıqlı razılaşma əsasında köçürülmələri MMC-yə tapşırılmışdır. Nərimanov rayon İcra hakimiyyəti ilə "xxxx" MMC-nin arasında bağlanmış 12 oktyabr 2016-cı il tarixli müqaviləyə görə yuxarıda göstərilən ünvanda və sökülməsi nəzərdə tutulan binanın sakinlərinin qarşılıqlı razılıq əsasında köçürülməsinin təmin edilməsini MMC öz öhdəsinə götürmüşdür. "xxxx" MMC ünvan 1 ünvanında olan yaşayış binasını sökərkən həmin binanın zirzəmi hissəsində yerləşən və İddiaçı mülkiyyətində olan 42,1 kv.metr qeyri yaşayış sahəsinin mülkiyyətçisi ilə razılıq əldə etməmiş, mülkiyyətçinin məlumatı olmadan zirzəmini sökmüş, sonuncunu əmlakından məhrum etməklə ona maddi ziyan vurmuşdur. Cavabdeh MMC tərəfindən də həmin məsələ mübahisələndirilmir, 45 000 manat maddi ziyanın təmin olunması barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən müvafiq olaraq apellyasiya şikayəti və kassasiya şikayəti verməmişdir. İddiaçı daşınmaz əmlakının məhv olunması nəticəsində çəkdiyi ziyanın məbləğinin müəyyən edilməsindən narazıdır. İşə baxan rayon məhkəməsi mübahisənin predmeti olan ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin real bazar qiymətinin 39 153 manat təşkil etməsi barədə "xxxx" MMCnin xx.xx.2019-cu il tarixli qiymətləndirmə hesabatını, həmin əmlakın real bazar dəyərinin 45 000 manat olması barədə "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli QXM 350/M saylı rəyini əsas götürərək hesab etmişdir ki, əmlakın məhv olması nəicəsində iddiaçıya 45 000 manat ziyan dəymişdir. Apellyasiya instansiyası məhkəməsi isə əlavə olaraq "xxxx" MMCdən iddiaçıya məxsus olmuş 42,1 kv.metr qeyri yaşayış sahəsinin (zirzəmi) hazırkı bazar (likvid) qiymətinin 42 100-44 200 manat təşkil etməsi barədə 01 sentyabr 2021-ci il tarixli əlavə mütəxəssis rəyi almış və əmlakın məhv olması nəticəsində iddiaçıya vurulmuş ziyanın 45 000 manat olması barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmışdır. İşdən görünür ki, iddiaçı tərəfindən “X2” tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 154 saylı rəy məhkəməyə təqdim olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsində həmin rəy sübut kimi qeyd edilmişdir. Həmin rəyə görə ünvan 1 ünvanında əvvəllər mövcud olmuş, hazırda sökülmüş qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazi üzrə bir kvadrat metrin bazar qiyməti ilə təqribi dəyəri 3500 manat müəyyən edilir. İşə baxan məhkəmələr “X2” tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 154 saylı rəyə qiymət verməmiş, həmin rəyin sübut kimi qəbul olunmamasını əsaslandırmamış, iddiaçı tərəfindən təqdim edilmiş rəylə məhkəmə tərəfindən təyin edilmiş ekspertizalar üzrə alınmış rəylərdə əmlakın bazar qiymətləri arasında kəskin fərqin olmasını diqqətdən qaçırmış, obyektiv tədqiqat üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən rəy alınmasını müzakirə etməmişdir. Həmçinin məhv edilmiş əmlakın dəyərinin dəqiq müəyyən edilməsi söküntü işləri aparılmış binalarda oxşar qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinə cavabdeh MMC tərəfindən ödənilmiş kompensasiyanın məbləğləri barədə sənədlərin təqdim olunması təklif edilməmiş, həmin sənədlərin hazrkı iş üzrə alınmış rəylərlə müqayisəli tədqiqatı aparılmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının əmlakının məhv olmasına görə kompensasiyanın ödənilməsi hissəsində ləğv edilməlidir. İşdən daha sonra görünür ki, iddiaçı əldən çıxmış fayda qismində 20 000 manat, ödənilməli olan kirayə haqqı 32 500 manat, qanunsuz hərəkətlər nəticəsində vurulmuş mənəvi ziyan qismində 12 000 manat, qeyri-yaşayış sahəsində saxlanılmış 5000 manat pul, daşınar əşyaların əvəzi qismində 2000 (iki min) manat, əmlakın qiymətləndirilməsi üçün rəyə görə ödənilmiş 300 (üç yüz) manat pul tələb etmiş, birinci instansiya məhkəməsi həmin tələbləri rədd etmiş, hesab etmişdir ki, İddiaçı iddia tələblərinin əsası kimi istinad etdiyi halları sübut yetirə bilməmişdir. Mülki Məcəllinin 21.2-ci maddəsinin məzmununa görə maddi zərər yalnız şəxsin məhrum olduğu əmlakın dəyərini deyil, həmin əmlakın istifadəsindən əldə oluna biləcək gəlirləri də özündə ehtiva edir. İddiaçının məhv olmuş əmlakının qeyri-yaşayış sahəsi olması nəzərə alındıqda məhkəmə kollegiyası hesab edir ki, həmin əmlakdan gəlir əldə olunması və bu gəlirdən iddiaçının məhrum olması daha çox inandırıcıdır. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam ləğv olunmalı, iddia tələbinin rədd olunan əldən çıxmış fayda, kirayə haqqı, mənəvi ziyan və digər hissələrinə əsas tələbin, yəni 42,1 kv.metr qeyri-yaşayış sahəsinin məhv olmasına görə kompensasiya tələbinə təmin edilməsindən asılı olaraq qiymət verilməlidir”.
24. Kassasiya instansiyası məhkəməsi vurğulamışdır ki, Bakı Apellyasiya Məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən qərar çıxarmışdır, ona görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
Apellyasiya şikayətinə etiraz
25. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında verilən izahatlar, alınan ekspert və qiymətləndirici rəyləri
26. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, "xxxx" MMC-nin (MTK-nın) nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirmişdir.
27. Təkrar apellyasiya baxışı zamanı iddiaçı (vəkili) sökülmüş əmlakının icarə dəyərinin, eləcə də əmlakın özünün qiymətləndirilməsinə dair 2022-ci ilin may ayında tərtib olunmuş qiymətləndirmə hesabatları təqdim etmiş, həmin hesabatlara istinadən qiymətləndirmənin aparıldığı tarixdə əmlakının aylıq icarəsinin 700 manat, bazar dəyərinin isə 92 600 manat təşkil etdiyini irəli sürmüşdür.
28. Cavabdeh MMC-nin (MTK-nın) nümayəndəsi də Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanladığı sorğuya verilən cavab məktubunu təqdim etmiş, həmin məktubda, 2016-2019-cu illərdə Faiq Yusifov küçəsi 37 ünvanında (eləcə də həmin küçəyə yaxın olan digər ərazilərdə) yerləşən dövlət mülkiyyətindəki zirzəmilərin 1 kv.m-nin özəlləşdirmə qiymətinin yerləşmə mövqeyindən asılı olaraq 350-450 manat arasında olduğunun göstərildiyini bildirmişdir.
29. Təkrar apellyasiya baxışı zamanı tikinti-texniki və qiymətləndirmə ekspertizaları təyin edilmiş, Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin verdiyi xx.xx.2022ci il tarixli rəydə aşağıdakılar göstərilmişdir:
- ünvan 1 ünvanında yerləşmiş iddiaçıya məxsus zirzəminin, çıxarışa və texniki pasportun məlumatlarına əsasən qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu müəyyən edilir; - ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli binanın zirzəmi mərtəbəsində yerləşən tikililərlə müqayisə aparılan zaman, layihədə zirzəmi mərtəbəsində qeyri-yaşayış sahələrinin nəzərdə tutulduğu müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli binanın zirzəmi mərtəbəsində yerləşən ümumi sahəsi 41,8 m2 (2,75 x 4,50) + (3,50 x 8,35) tikililərin iddiaçıya məxsus olmuş zirzəminin təyinatına uyğun istifadə edilməsi mümkün olan (həmin zirzəmi ilə eyni təyinatda olan) sahənin layihədə nəzərdə tutulduğu müəyyən edilir; - ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli binanın layihəsində binanın zirzəmi və birinci mərtəbə səviyyəsində qeyri-yaşayış sahələrinin nəzərdə tutulduğu müəyyən edilmişdir; - Ekspertiza Mərkəzi 2016-cı ildə əmlakın qiymətləndirilməsinə dair ekspertiza aparmadığından, həmin ilə məlumat bazası olmadığından, ünvan 1 ünvanında əvvəllər mövcud olmuş və hazırda sökülmüş iddiaçıya məxsus zirzəminin, texniki göstəriciləri və situasiya planı (yerləşməsi) nəzərə alınmaqla 1 (bir) kvadratmetrinin 2016-cı ilə olan bazar dəyərini müəyyən etmək mümkün olmadı; - ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahələrinin 1 (bir) kvadratmetrinin hazırkı orta bazar qiyməti təqribən 2333 manat məbləğində müəyyən edilir.
30. "xxxx" MMC-nin verdiyi xx.xx.2022-ci il tarixli qiymətləndirmə rəyində göstərilmişdir ki, ünvan 1 ünvanında əvvəllər mövcud olmuş və hazırda sökülmüş iddiaçıya məxsus zirzəminin, texniki göstəriciləri və situasiya planı (yerləşməsi) nəzərə alınmaqla 1 (bir) kvadratmetrinin bazar qiyməti 2016-cı ildə 800 manat olmuş, hazırda isə (xx.xx.2022-ci il tarixdə) 3000 manat təşkil edir.
31. Cavabdeh MMC-nin (MTK-nın) nümayəndəsinin sifarişi əsasında "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli hesabatında göstərilmişdir ki, ünvan 2 ünvanında mövcud olmuş zirzəminin 2017-ci ildən 2020-ci il tarixinə qədər (3 il) üzrə ümumi icarə dəyəri 10 800 manat, orta aylıq icarə dəyəri 300 manat təşkil etmişdir.
32. Cavabdeh MMC-nin (MTK-nın) nümayəndəsinin sifarişi əsasında "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli digər hesabatında isə göstərilmişdir ki, aparılan araşdırmalar və təhlillərə əsasən, ünvan 2 ünvanında mövcud olmuş zirzəminin xx.xx.2023-cü il tarixinə bazar dəyəri 54 000 manat təşkil edir. "xxxx" MMC-nin 15 iyul 2022-ci il tarixli rəyində ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli binanın yerləşdiyi və yaxın ətraf ərazi üzrə 1-ci mərtəbədə yerləşən qeyriyaşayış sahələrinin hazırkı dövrə olan real bazar qiyməti kimi 3000 manat müəyyən edilmişdir. Mövcud hesabatda Nərimanov rayonu, Faiq Yusifov küçəsi 37 ünvanında mövcud olmuş, ümumi sahəsi 42,1 m2 təşkil etmiş zirzəminin 1 kv.metr üzrə bazar dəyəri 1282,6 manat təşkil edir. Qiymət fərqinə əsas səbəb kimi müvafiq olaraq obyektlərdən birinin 1-ci mərtəbədə, digərinin isə zirzəmi sahəsində yerləşməsini göstərmək olar.
33. Müstəqil tələb irəli sürməyən üçüncü çşəxs qismində prosesə cəlb olunmuş Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti nümayəndəsini məhkəməyə göndərməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
34. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
35. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:
36. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
37. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
38. Maddə 203.3. Qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; rekvizisiya; müsadirə.
39. Maddə 203.5. Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir.
40. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
41. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı
42. “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”.
“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarı
43. Məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. "İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
47. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
48. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
50. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
52. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
53. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının həddi
54. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
55. Məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddia tələbləri üzrə gəldiyi nəticəni işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmiş, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət verməmiş, tərəflərin qarşılıqlı münasibətlərini və sübutları düzgün qiymətləndirməmiş, qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmış, qətnaməni prosessual qanunvericiliyin tələb etdiyi şəkildə əsaslandırmamışdır.
56. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.
57. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir.
58. Kollegiya yuxarıda qeyd olunanları (§ 55-57) nəzərə almaqla hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
59. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnamələrini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır.
60. İddia tələbləri mülkiyyət hüququna müdaxilə və bu müdaxiləyə görə kompensasiya (əvəz) ödənilməsi ilə bağlı olduğundan, iddiaya mülkiyyət hüququnun müdаfiəsi ilə bаğlı qanunvericilik çərçivəsində qiymət verilməlidir.
61. Azərbaycan Respublikasının tərəf olduğu və mahiyyət etibarilə mülkiyyət hüququnu təmin edən Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi (§ 36) üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallğa qarşı iş).
62. Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir.
63. Yuxarıda qeyd olunduğu kimi, iddiaçıya məxsus əmlakın yerləşdiyi ərazidə istismar müddəti bitmiş yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində hündürmərtəbəli binanın tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən MMC-nin istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi MMC-yə həvalə olunmuşdur.
64. İstismar müddəti bitmiş, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması şübhəsizdir və əslində iddiaçı da mülkiyyətinə müdaxilənin qanuni məqsəd daşımasını mübahisələndirmədən ancaq təklif olunan kompensasiya (əvəz) ilə razılaşmadığını bildirmişdir.
65. Buna görə də kollegiya, prosessual qənaət prinsipindən çıxış edərək birbaşa olaraq aşağıdakı sualı araşdıracaq: iddiaçının mülkiyyət hüququna müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə iddiaçının əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı?.
66. Bu kontekstdə kollegiya hesab edir ki, iddiaçının əmlakının sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması qəbul edilsə belə, onun mülkiyyət hüququna müdaxilə qanunla nəzərdə tutulmuş şərtlərə cavab verməmiş, əmlakının əvəzində ona təklif edilən kompensasiya (əvəz) ədalətli tarazlığa uyğun olmamışdır.
67. Başqa sözlə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır və mülkiyyət hüququ ilə bağlı qəbul olunmuş ümumi prinsiplər tələb edir ki, iddiaçının pozulmuş hüquqları bərpa edilsin.
68. Buna görə də kollegiyanın qənaətinə görə, iddiaçının “MMC-nin üzərinə ona məxsus olmuş və ünvan 1 ünvanında yerləşmiş, ümumi sahəsi 42,1 kv.metr olan qeyriyaşayış sahəsinin qanunsuz olaraq sökülməsi səbəbilə həmin ərazidə MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli binanın yerin səviyyəsindən aşağı olmayaraq 1-ci mərtəbəsində 62,1 m2-dən az olmamaq şərti ilə (əlavə 20 kv.metr) qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi, həmin qeyri-yaşayış sahəsi ilə bağlı müvafiq müqavilənin bağlanılması və digər zəruri sənədlərin tərtib olunması öhdəliyinin MMC-nin üzərinə qoyulması” tələbi qismən təmin edilməli, təkrar apellyasiya baxışı zamanı alınmış ekspertiza rəyi əsasında müəyyən edilən hal nəzərə alınmaqla, "xxxx" MMC-nin Faiq Yusifov küçəsi 37 ünvanında inşa etdiyi binanın zirzəmi mərtəbəsində ümumi sahəsi 42,1 m2 olan qeyri-yaşayış sahəsi, əgər zirzəmi mərtəbəsində bu ölçüdə qeyri-yaşayış sahəsi yoxdursa ekspert rəyində göstərilən 41,8 m2 qeyri-yaşayış sahəsi və əksik sahə (0,3 m2) üçün 1 kvadratmetrin hazırkı qətnamə ilə müəyyənləşdirilən dəyəri (1766 manat) əsas götürülərək hesablanmış müvafiq pul məbləği (530 manat) iddiaçıya verilməli, iddiaçıya veriləcək həmin qeyriyaşayış sahəsi ilə bağlı müvafiq müqavilənin bağlanılması və digər zəruri sənədlərin tərtib olunması öhdəliyi MMC-nin hüquqi varisi olan "xxxx" MTK-nın üzərinə qoyulmalıdır.
69. Nəzərə alınmalıdır ki, MMC-nin sözügedən ərazidə söküntü-tikinti işləri həyata keçirməsinin hüquqi əsasını təşkil edən Nazirlər Kabineti qərarında sökülən binalarda əmlakı olan sakinlərə məhz “sökülmüş tikilinin yerində” yeni əmlak verilməsi nəzərdə tutulmuşdur; bu isə o deməkdir ki, “binanın yerin səviyyəsindən aşağı olmayaraq 1-ci mərtəbəsində” deyil, yeni inşa edilən binanın zirzəmi mərtəbəsində və məhz Nərimanov rayonu, Faiq Yusifov küçəsi 37 ünvanında, iddiaçının sökülən əmlakının yerində yerləşən hissəsinə uyğun gələn hissədəki qeyri-yaşayış sahəsi ona təhvil verilməlidir.
70. İddiaçının “əlavə 20 kv.metr qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi” tələbini isə kollegiya əsaslı hesab etmir; belə ki, Nazirlər Kabinetinin sözügedən qərarının icrası ilə əlaqədar Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti və "xxxx" MMC arasında bağlanmış 12 oktyabr 2016-cı il tarixli müqavilədə, sökülən əmlakın sahəsindən 20 % artıq ölçülü sahənin verilməsi qeyri-yaşayış sahələri üçün deyil, mənzillər üçün nəzərdə tutulmuşdur.
71. Kollegiya iddiaçının “əmlakın verilməsi mümkün olmadıqda sökülmüş qeyriyaşayış sahəsinin real bazar dəyəri nəzərə alınmaqla (bir kv.metr üçün 3500 manat olmaqla) 217 350 (iki yüz on yeddi min üç yüz əlli) manatın verilməsi” tələbini də qismən əsaslı hesab edir.
72. Belə ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıbyaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş).
73. Konvensiya (Avropa Konvensiyası) tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino İtaliyaya qarşı iş).
74. Kollegiya hesab edir ki, hazırki işdə mülkiyyətçiyə (iddiaçıya) təklif olunan (cavabdeh MMC-nin razılaşdığı) kompensasiya (əvəz) məbləğinin mülkiyyətin dəyərinə mütənasib olmadığı qənaətinə gəlmək üçün əsaslar mövcuddur və müvafiq məbləğ əldə olunan (təqdim edilən) qiymətləndirmə (ekspert) rəyləri nəzərə alınaraq, yəni həmin rəylərdə göstərilən qiymətlərin orta nisbəti əsas götürülərək 74 360 (yetmiş dörd min üç yüz altmış) manat müəyyənləşdirilməlidir.
75. Belə ki, cavabdeh MMC-nin (MTK-nın) birinci instansiya məhkəməsinə təqdim etdiyi qiymətləndirici rəyində iddiaçının sökülmüş əmlakının qiyməti 39 153 manat, birinci instansiya məhkəməsinin təşəbbüsü ilə alınmış rəydə 45 000 manat, iddiaçının təqdim etdiyi alternativ ekspertiza rəyində 147 350 (hər kvadratmetr üçün 3500 manat) manat, əvvəlki apellyasiya baxışı zamanı məhkəmənin əldə etdiyi rəydə 44 200 manat, iddiaçının növbəti dəfə təqdim etdiyi rəydə 92 600 manat, hazırkı apellyasiya baxışı zamanı alınmış ekspert rəyində 98 219 (hər kvadratmetr üçün 2333 manat) manat, "xxxx" MMC-nin verdiyi rəydə 126 300 (hər kvadratmetr üçün 3000 manat) manat göstərilmiş, bununla belə MMC-nin (MTK-nın) nümayəndəsinin "xxxx" MMC-dən aldığı növbəti rəydə 54 000 manat göstərilərək əvvəlki rəydəki qiymətin zirzəmi üçün deyil, birinci mərtəbə üçün hesablandığı vurğulanmışdır. Beləliklə, əmlakın qiymətləndirilməsi ilə bağlı 8 rəy mövcuddur və kollegiya hesab edir ki, iddiaçının bilavasitə özünün sübut qismində təqdim etdiyi rəylə (§ 27) öz əmlakının 92 600 manat məbləğində qiymətləndirilməli olması ilə faktiki olaraq razılaşdığı da nəzərə alınmaqla, həmin məbləğ digər rəylərdəki qiymətlərlə mütənasib şəkildə uzaşdırılmalıdır. Belə uzlaşdırma zamanı ortaya çıxan qiymət (rəqəm) isə 74 360 manatdır (bütün rəylərdə göstərilən məbləğlərin orta nisbəti) və kollegiyanın qənaətinə görə həmin məbləğ iddiaçının əmlakının ağlabatan əvəzi kimi qəbul edilə bilər.
76. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, iddiaçının “kirayə haqqı qismində 32 500 (otuz ikin min beş yüz) manatın xeyrinə tutulması” tələbini də qismən əsaslı hesab edir; belə ki, işin müəyyən olunan hallarına görə iddiaçının əmlakı 2017-ci ildə sökülmüş, MMC isə yeni qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verəcəyi vaxtadək razılaşdırılmış kirayə haqqı ödəməyi öhdəsinə götürmüş, lakin “iddiaçı onunla razılığa gəlmədiyi üçün” müvafiq məbləği ödəməmişdir.
77. İddiaçının təqdim etdiyi qiymətləndirmə rəyində (§ 27) əmlakın aylıq icarəsinin 700 manat, cavabdeh MMC-nin (MTK-nın) nümayəndəsinin təqdim etdiyi rəydə (§ 31) isə həmin məbləğin 300 manat olduğu göstərilmişdir.
78. Apellyasiya baxışı zamanı iddiaçı, əmlakları sökülmüş digər şəxslərə 500 manat icarə haqqının ödənildiyini, MMC-nin (MTK-nın) ona 300 manat təklif etməsinin ayrı-seçkilik olduğunu bildirmişdir.
79. Kollegiya bu məsələyə də əmlaka qiymət müəyyənləşdirərkən seçdiyi üsulla yanaşaraq və eyni zamanda iddiaçının özünün bildirdiyi halı nəzərə alaraq, 2017-ci ildən 2021-ci ilin mart ayına (iddia ərizəsinin sonuncu dəfə dəqiqləşdirildiyi tarix xx.xx.2021-ci il olmuşdur) qədər (mart ayı daxil olmaqla) olan dövr üçün (51 ay) ayda 500 manatdan hesablanmaqla cəmi 25 500 (iyirmi beş min beş yüz) manatın (51 ay x 500 manat = 25 500) kirayə haqqı qismində iddiaçının xeyrinə tutulmalı olduğu qənaətinə gəlir.
80. Kollegiya, iddia tələblərinin əsaslandırıldığı faktiki hallar nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması arqumentlərini də əsaslı hesab edir; belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında (§ 43) Plenum izah etmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
81. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır.
82. Bununla belə kollegiyanın qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyan məbləği də ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir.
83. Şərh olunanların məcmusunu, xüsusilə, cavabdeh MMC-nin hərəkətləri nəticəsində iddiaçının uzun müddətdir məhkəmə çəkişməsinə məruz qaldığını və əmlakından məhrum olduğunu nəzərə almaqla kollegiya hesab edir ki, ona dəymiş mənəvi zərərin 2000 (iki min) manat həcmində müəyyənləşdirilməsi mənəvi iztirablarının ağlabatan əvəzi kimi qəbul edilməlidir.
84. Bununla belə kollegiya, iddiaçının “əldən çıxmış fayda qismində 20 000 (iyirmi min) manatın, qeyri-yaşayış sahəsində saxlanılmış 5000 (beş min) manatın, daşınar əşyaların əvəzi qismində 2000 (iki min) manatın MMC-dən tutularaq ona ödənilməsi” tələblərini əsassız hesab edir və bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır; çünkü həmin tələblərin araşdırılmasını zəruri edəcək hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.
85. Kollegiya, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri məsələsinə də münasibət bildirərək qeyd edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödədiyi rüsum məbləğləri, eləcə də qiymətləndirici rəyinin (alternativ ekspert rəyinin) alınması üçün İddiaçı ödədiyi məbləğlər cavabdeh MMC-dən (MTK-dan) alınıb ona ödənilməli, təkrar apellyasiya baxışı zamanı alınmış ekspertiza tədqiqatının xərci, habelə qiymətləndirici rəyinin dəyəri isə MMC-dən alınıb müvafiq hesablara köçürülməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
86. Birinci instansiya məhkəməsinin və əvvəlki apellyasiya baxışı zamanı apellyasiya instansiyasının təşəbbüsü əsasında əldə edilmiş qiymətləndirmə rəylərinə, eləcə də təkrar apellyasiya baxışı zamanı iddiaçının və cavabdehin nümayəndəsinin təqdim etdiyi rəylərə müvafiq hesabat əlavə edilmədiyindən, kollegiya həmin rəylərə bağlı xərclərə münasibət bildirmir.
87. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-48/2021 saylı iş üzrə 02 aprel 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “sökülmüş əmlakın əvəzinə yeni əmlak verilməsi və ya kompensasiya ödənilməsi, kirayə haqqının, əldən çıxmış faydanın, maddi və mənəvi zərərin əvəzinin tutulması” tələbləri qismən təmin edilsin. "xxxx" MMC-nin ünvan 1 ünvanında inşa etdiyi binanın zirzəmi mərtəbəsində ümumi sahəsi 42,1 m2 olan qeyri-yaşayış sahəsinin, əgər zirzəmi mərtəbəsində bu ölçüdə qeyri-yaşayış sahəsi yoxdursa ekspert rəyində göstərilən 41,8 m2 qeyri-yaşayış sahəsinin və əksik sahə (0,3 m2) üçün 530 (beş yüz otuz) manatın İddiaçı verilməsi, ona veriləcək qeyri-yaşayış sahəsi ilə bağlı müvafiq müqavilənin bağlanılması və digər zəruri sənədlərin tərtib olunması öhdəliyi MMC-nin hüquqi varisi "xxxx" MTK-nın üzərinə qoyulsun. "xxxx" MMC-nin ünvan 1 ünvanında inşa etdiyi binanın zirzəmi mərtəbəsində ümumi sahəsi 42,1 m2 olan qeyri-yaşayış sahəsinin, yaxud 41,8 m2 qeyri-yaşayış sahəsinin və əksik sahə üçün müvafiq pul əvəzinin İddiaçı verilməsi mümkün olmadığı təqdirdə, "xxxx" MTK-dan əmlakın dəyərinin əvəzi qismində 74 360 manat (yetmiş dörd min üç yüz altmış) manat alınaraq İddiaçı ödənilsin. "xxxx" MTK-dan kirayə haqqı qismində 25 500 (iyirmi beş min büş yüz) manat, mənəvi ziyanın əvəzi qismində 2000 (iki min) manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat, birinci instansiya məhkəməsinə təqdim etdiyi qiymətləndirmə rəyinə (alternativ ekspert rəyi) görə ödədiyi 300 (üç yüz) manat İddiaçı xeyrinə tutulsun. İddia tələbləri qalan hissələrdə təmin olunmasın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 16 (on altı) manat "xxxx" MTK-dan alınaraq İddiaçı ödənilsin. Təkrar apellyasiya baxışı zamanı alınmış qiymətləndirmənin (qiymətləndirmə rəyinin) haqqı olan 250 (iki yüz əlli) manat "xxxx" MTK-dan tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN:**********, hesab№:AZ30GUNA********************,Bank:"xxxx"ASC,VÖEN:**********,Müxbir hesab: AZ25NABZ**********000004794, KOD: 505594, SWİFT: GUNAAZ22), ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat isə həmin MTK-dan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhramzadə