Məhkəmə qərarları › İş №2(103)-2100/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2100/2022

12.05.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2100/2022 12.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh və vəkili Nümayəndə iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı (3-cü şəxs: "xxxx" ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16A, giriş-1, 54 nömrəli mənzilin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim M.Bağırova, iş № 2(009)-2556/21) iddia təmin olunmuşdur. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 06.05.2021-ci il tarixdə bağladığı alqı-satqı müqaviləsi əsasında mübahisəli mənzili əldə etmiş, lakin cavabdeh mənzili boşaldaraq ona təhvil verməmişdir. Cavabdeh Bakı İstintaq Təcridxanasından 17.11.2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, onun bacısı ilə iddiaçının atası Əmirli Seymur arasında biznes əməkdaşlığı olmuş, hər iki tərəf qızıl alqı-satqısı ilə məşğul olmuşdur. Sonradan bacısı Seymur Əmirliyə borclanmış, sonuncunun həyat yoldaşı onun evinə gələrək, ağlayıb yalvarmış, ata-anasının vəfatından istifadə edərək, evi müəyyən dövr üçün adlarına keçirməyini xahiş etmişdir. Bildirir ki, sözügedən şəxslər onun bibisi Pərvanə Qaraxaninin qudalarıdır. Onlar bibisinin qızını boşayacaqlarını, uşağını da əlindən alacaqlarını bildirmişlər. Bu səbəbdən arada düşmənçilik olmasın, ailə dağılmasın deyə, öncədən Seymur və Elmira Əmirlilərlə sövdələşərək, bacısı iki il müddətində borcu qaytaranadək, o, öz evini İddiaçı adına yalançı alqı-satqı edərək (23 saylı Notariusda yalançı əqd bağlanmış, alqı-satqının 70000 AZN-ə edildiyi yazılsa da, əslində heç bir ödəniş olmamış, həm notarius saxtakarlığa yol vermiş, həm də Günay Bankın aidiyyatı şöbəsi) keçirmişdir. Hazırda sözügedən şəxslər onun yoxluğundan istifadə edərək, onun evini əlindən almaq istəyir. 23 saylı Notariusun səlahiyyətlərindən istifadə edərək bağladığı yalançı əqdin etibarsız sayılması üçün tərəfindən iddia verilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və Bakı İstintaq Təcridxanasında saxlanıldığını nəzərə alaraq məhkəmə prosesinin dayandırılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya etirazın dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, o, mənzili həqiqətən satmaq istəsəydi 70000 manata satmazdı, belə ki, mənzilin dəyəri 120000 manatdan çoxdur. Habelə evin formal alqı-satqı edildiyi gün notarius ona mənzili boşaltmalı olduğuna dair öhdəlik götürdüyünü izah etməmişdir. Bu özözlüyündə absurddur ki, alqı-satqı olunan gün ev boşaldılsın. İddiaçı notariusun 70000 manatı qəbul edib depozit hesabına otuzdurduğuna dair heç bir sənəd təqdim edə bilməz. Cavabdeh və vəkili məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, iddiaçı cavabdeh ilə mübahisəli mənzilə dair 06.05.2021-ci il tarixdə 23 saylı Notariat Kontorunda alqı-satqı müqaviləsi bağlayaraq mübahisəli mənzili almış, iddiaçıya 17.05.2021-ci il tarixdə çıxarış verilmişdir. Alqı-satqı müqaviləsinin 11,12-ci bəndlərinə əsasən cavabdeh 06.05.2021-ci il tarixdə mübahisəli mənzili boşaldaraq iddiaçıya təhvil verəcəyinə dair öhdəlik götürmüşdür. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq cavabdeh hal-hazıradək mübahisəli mənzili boşaldaraq iddiaçıya təhvil verməmişdir. Mübahisələndirilən mənzil "xxxx" ASC-nin ipotekasındadır. "xxxx" ASC və Cavabdeh arasında bağlanmış 08.10.2018-ci il tarixli, 160 saylı İpoteka müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında 09.06.2021-ci il tarixli, 01 nömrəli Əlavə Sazişlə ipoteka qoyan qismində İddiaçı tanınmışdır. İddiaçının tələbi cavabdehin mənzili boşaldaraq iddiaçıya təhvil verməsi barədədir. Məhkəmə mübahisəli mənzilin hazırda iddiaçının mülkiyyətində olduğunu nəzərə alaraq iddianı əsaslı saymış və təmin etmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin mübahisəli mənzildə qalmağı, oradan çıxmamağı iddiaçının bir mülkiyyətçi kimi mənzilə dair hüquqlarını həyata keçirməsinə mane olur, onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Məhkəmə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 152, 157.4-cü maddələri ilə əsaslandırmışdır. Konstitusiyanın 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin əsas dəlili alqı-satqı müqaviləsinin formal bağlanmasının, əslində tərəflər arasında başqa münasibətlərin olmasının işə baxan məhkəmə tərəfindən nəzərə alınmaması barədədir. Məhkəmə kollegiyası alqı-satqı üzrə notariat işini öyrənərkən müəyyən etdi ki, müqavilə üzrə 53030 manat pul vəsaiti 06.05.2021-ci il tarixdə İddiaçı tərəfindən notariusun "xxxx" ASC-də olan depozit hesabına yerləşdirilmişdir. Apellyasiya baxışı zamanı cavabdeh həmin məbləğin notaiusun bankdakı depozit hesabına mədaxil olunmadığını və onun tərəfindən alınmadığını bildirərək Bankdan bununla bağlı sənədlərin götürülməsi barədə vəsatət vermiş, məhkəmə kollegiyası vəsatəti təmin etmiş və "xxxx" ASC-nin məhkəməyə göndərdiyi məktub və sənədlərə əsasən müəyyən etmişdir ki, həqiqətən də alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi ilə əlaqədar 53030 manat pul vəsaiti Bakı şəhəri 23 saylı notariat ofisinin "xxxx" ASC-də açılan depozit hesabına ödənilmiş və həmin vəsait 06.05.2021-ci il tarixdə “GB 1130222” nömrəli kassa məxaric orderinə əsasən Cavabdeh tərəfindən təhvil alınmışdır. Bundan sonra cavabdeh tərəf bank əməliyyatlarının həyata keçirilməsinin kamera görüntülərinin "xxxx" ASC-dən tələb olunması barədə yeni vəsatət vermişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə iddianın predmetinin mənzilin boşaldılması olduğunu, alqı-satqı müqaviləsinin hazırkı işdə, yaxud ayrı icraatda iddia qaldırmaqla mübahisələndirilmədiyini, kamera görüntüləri nəticəsində müəyyən ediləcək halların hazırkı iş üçün əhəmiyyət kəsb etmədiyini nəzərə alaraq vəsatəti təmin etmədi. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmış, onu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh alqı-satqı müqaviləsinin formal bağlandığını bildirsə də, hazırkı işdə bununla bağlı sübutlar təqdim etmədiyindən alqı-satqı müqaviləsinin etibarlılığını şübhə altına almaq üçün əsas yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə apelyator (cavabdeh) öz etirazının və eləcə də apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 01 dekabr 2021-ci il tarixli dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar