Məhkəmə qərarları › İş №2(103)-2102/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2102/2023

10.04.2023 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2102/2023 10.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: sığorta ödənişinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-933/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı mərhum həyat yoldaşı polkovnik X4 xx.xx.1989-cu il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidmət keçmiş və xx.xx.2021-ci il tarixdə hərbi xidmət dövründə vəfat etmişdir.

2. İddiaçı həyat yoldaşının vəfatı ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə “Hərbi Qulluqçuların İcbari Dövlət Şəxsi Sığortası” haqqında Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş 11000 manat məbləğində sığorta ödənişinin verilməsinə dair müraciət etmiş, lakin müraciəti cavabsız qalmışdır.

3. Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu tərəfindən iddiaçıya ünvanlanan məktubdan görünür ki, həyat yoldaşı özünü öldürməsi faktı ilə əlaqədar aparılan araşdırma üzrə xx.xx.2021-ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.1 və 39.1.2-ci maddələrinin tələblərinə uyğun olaraq cinayət hadisəsi və əməldə cinayət tərkibi olmaması əsaslarına görə cinayət işinin başlanması rədd edilmişdir.

4. Azərbaycan Respublikası SHXDX-nin Zərdab Rayon Bölməsi tərəfindən verilən xx.xx.2021-ci il tarixli, 8№-li Arayışdan görünür ki, X7 X1 Rabitə şöbəsinin rəisi xx.xx.1972-ci il təvəllüdlü polkovnik X4 xx.xx.1989-cu il tarixdən xx.xx.2021-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabitlərin hərbi xidməti üzrə hərbi xidmət keçmiş və xx.xx.2021-ci il tarixdə “mexaniki asfiksiya asılma, boyun orqanlarının ilgəklə sıxılması” özünə qəsd nəticəsində vəfat etmişdir. Ölüm hərbi xidmət vəzifələrinin icrası ilə bağlı deyil.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, həyat yoldaşının ölümünə görə 11000 manat sığorta ödənişinin, hüquqi yardım üçün ödədiyi 100 manat pulun və 123 manat dövlət rüsumunun, cəmi 11223 manat pulun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, hərbi qulluqçuların sığortası “Hərbi qulluçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Cavabdeh həyat yoldaşının ölümünə görə sığorta ödənişinin verilməsindən yalnız həmin Qanunun 8-ci maddəsində göstərilən əsaslardan birinə istinad etməklə imtina edə bilərdi.Həmin hallar isə hazırki iş üzrə müəyyən edilməmişdir. Belə ki, mərhum sığorta edilənin sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdur, yaxud alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə hərəkət etməmişdir. Əksinə, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun xx.xx.2021-ci il tarixli Qərarı ilə həyat yoldaşı İlham Seyidovun ölümü üzrə cinayət hadisəsində və əməldə cinayət tərkibinin olmaması əsaslarına görə cinayət işinin başlanması rədd edilmişdir. Mərhum həyat yoldaşı polkovnik X4 xx.xx.1989-cu il tarixdən xx.xx.2021-ci il tarixədək AR Silahlı Qüvvələrində zabit kimi xidmət keçmiş və xx.xx.2021- ci il tarixdə hərbi xidmət dövrü vəfat etmişdir. Həyat yoldaşı “Hərbi Qulluqçuların Dövlət İcbari Şəxsi Sığortası haqqında” AR Qanununa müvafiq olaraq hərbi xidmətə daxil olarkən sığortalanmışdır. Həyat yoldaşı hərbi xidmət dövrü vəfat etdiyinə görə 11000 manat məbləğində sığorta ödənişinin ona verilməsi üçün o, xx.xx.2021-ci il tarixdə cavabdeh AR Dövlət Sığorta Kommersiya Şirkətinə ərizə ilə müraciət etmişdir. Lakin, ərizə bu günədək cavabsız və nəticəsiz qalmışdır. Ərizənin cavablandırılmamasını cavabdeh tərəfindən imtina kimi qiymətləndirir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-933/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın tələbinin təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 8 nömrəli Arayışdan göründüyü kimi, mərhum X4 xx.xx.1989-cu ildən xx.xx.2021ci il tarixədək AR Silahlı Qüvvələrində zabitlərin hərbi xidməti üzrə hərbi xidmət keçmiş və xx.xx.2021- ci ildə “mexaniki asfiksiya, boyun orqanlarının ilgəklə sıxılması” özünəqəsd nəticəsində vəfat etmişdir. Qanunvericiliyin istinad olunan maddələrinə və iş materiallarına əsasən, sığorta olunanın özünəqəsd etməsi faktı sığorta hadisəsi hesab edilmədiyinə və bu səbəbdən sığorta təminatına daxil olmadığına görə sığortaçı tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilməsi tam qanunauyğundur.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4, 5, 7, 8, Azərbaycan Respublikası 935.1.8, 935.1.10-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4, 216-220, 227, 358, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 933/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, həyat yoldaşı hərbçi olub və hərbi xidmət dövründə vəfat etmişdir. Qətnamə qəbul olunarkən maddi hüquq normalarının düzgün tətbiq olunmamışdır.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3727/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2(006)-933/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassız olmaqla mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

14. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4, 8, 8.1.5, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8, 935.1.10, Mülki Prosessual Məcəllənin 384.0.1, 382, 384, 392, 393 və 405-ci maddələrinə istinad etmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5805/22 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 iyun 2022-ci il tarixli, 2(103)-3727/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni baxışa göndərilməsi qərara alınmışdır.

16. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. 16.1 Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. 16.2. Apellyasiya məhkəməsinin istinad etdiyi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi xx.xx.2021-ci il tarixli 418-VİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1317) yeni redaksiyada verilmişdir və sığorta hadisəsi baş verən zaman, yəni xx.xx.2021-ci il tarixdə qüvvədə olmamışdır. 16.3 Buna görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəyə həmin maddənin sığorta hadisəsi baş verən zaman qüvvədə olan redaksiyası tətbiq edilməklə cavabdehin imtinasının qanuniliyinə qiymət verilməlidir 16.4 Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. 16.5 İddiaçının kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onu qismən əsaslı hesab etmişdir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. 16.6 Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsində tətbiq edilməli olan maddi hüquq normasının dispoziya şərtləri üzrə araşdırma aparılmadığından iş üzrə yeni qərar qəbul edilməsi üçün əsaslar yoxdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Təkrar apellyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən apellyasiya şikayətinə qarşı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassızdır va təmin edilməməlidir. Mülki iş materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 8 nömrəli arayışa əsasən, mərhum X4 xx.xx.1989-cu ildən xx.xx.2021-ci ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabitlərin hərbi xidməti üzrə hərbi xidmət keçmiş ve xx.xx.2021-ci ildə "mexaniki asfiksiya asılma, boyun orqanlarının ilgəklə sıxılması özünəqəsd nəticəsində vəfat etmişdir. Ölüm hərbi xidmət vəzifələrinin icrası ilə bağlı deyil. İş materiallarında olan ölüm haqqında AZ-ll 165251 nömrəli şəhadətnaməyə əsasən, Seyidov İlham lsrayıl oğlu xx.xx.2021-ci ildə ölmüşdür. Şəhadətnamə xx.xx.2021-ci il tarixinə aiddir. "Dövlət icbari şəxsi sığortası sahasində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanında deyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2022-ci il tarixli, 1718 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən, "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanının 2.7-ci bəndinin aşağıdakı redaksiyada verilməsi qərara alınmışdır: “sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir.” "Dövlət icbari şəxsi sığortası sahasində idarəetmənin təkmilləşdirilməsi ilə baglı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanına xx.xx.2022-ci il tarixində edilmiş dəyişikliyin hazırki işə tətbiqi baxımından bildiririk ki, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən ölüm haqqında şəhadətnamənin tarixi 2020-ci il yanvarın 1-dən sonraya – xx.xx.2021-ci il tarixinə aid olduğundan, baş vermiş ölüm hadisəsinin sığorta hadisəsi hesab edilə bilən hallara aid edilməsi və sığorta ödənişiin verilməsi məsələsi Azərbaycan Respublikası ƏƏSMN tabeliyində “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin səlahiyyətlərinə aid edilmişdir. Bu səbəbdən, Şirkətə qaldırılmış iddia tələbinin hüquqi əsası mövcud deyildir və iddiaçı sığorta ödənişinin alınması üçün aidiyyətı üzrə müraciət etməlidir. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar

18. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, apellyasiya şikayətini müdafiə edir, təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş edir.

19. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, şikayətdə qeyd olunan hallar əsassız olduğu üçün təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmiş, izahatında əlavə olaraq bildirir ki, iddiaçının mərhum yoldaşı X4 xx.xx.2021-ci ildə dünyasını dəyişmişdir. “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanına xx.xx.2022-ci il tarixində dəyişikliklər edilmişdir. Dəyişiklikdə qeyd edilmişdir ki, "sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən əvvələ aid olduqda sığorta ödənişi Şirkət tərəfindən həyata keçirilir, (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) 2020-ci il dekabrın 31dən sonraya aiddirsə sığorta ödənişi Fond tərəfindən həyata keçirilir." Ölüm haqqında şəhadətnamənin tarixi xx.xx.2021-ci il tarixinə aid olduğundan, sığorta ödənişinin verilməsi məsələsi Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətlərinə aid edilmişdir. Hesab edir ki, cavabdeh şirkət əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilməlidir.

Tətbiq edilən hüquq normaları:

Mülki Məcəllə

20. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

21. Maddə 933.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər.

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu – 03 dekabr 2021-ci il tarixində edilmiş dəyişikliyə qədər qüvvədə olan redaksiyası

22. Maddə 8. Sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən aşağıdakı hallarda imtina edilir: sığorta edilənin sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda, yaxud sığorta edilən alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə hərəkət etdikdə, habelə sığorta olunan və ya onun vərəsələri tərəfindən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq sənədlər təqdim olunmadıqda.

Mülki Prosessual Məcəllə

23. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

24. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

27. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməni ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

29. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı həyat yoldaşı X4 xx.xx.1989-cu il tarixdən xx.xx.2021-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabitlərin hərbi xidməti üzrə hərbi xidmət keçmiş və xx.xx.2021-ci il tarixdə “mexaniki asfiksiya asılma, boyun orqanlarının ilgəklə sıxılması” özünə qəsd nəticəsində vəfat etmişdir.

30. İddiaçı məhkəməyə 07 dekabr 2021-ci il tarixdə müraciət edərək yoldaşının vəfatı üçün sığorta ödənişinin ödənilməsini xahiş etmişdir.

31. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmiş, ona istinad edilmişdir ki, sığorta olunanın özünəqəsd etməsi faktı sığorta hadisəsi hesab edilmədiyi üçün sığorta təminatına daxil edilmir.

32. Kassasiya instansiya məhkəməsinin göstərişinə əsasən araşdırma zamanı müəyyən edilir ki, İddiaçı həyat yoldaşı X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Məhrum vəfat edən dövrdə qüvvədə olan “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunun tələbinə görə sığorta ödənişindən imtina edilməsinin əsasları olaraq sığorta edilənin sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda, yaxud sığorta edilən alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə hərəkət etdikdə, habelə sığorta olunan və ya onun vərəsələri tərəfindən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq sənədlər təqdim olunmadıqda.

33. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə xx.xx.2021-ci il tarixli 418-VİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə dəyişiklik edilərək, sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin verilməsindən imtina edilməsinin əsası kimi sığortaolunan özünə qəsd etməsi və həmin halın məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunması əsası kimi bənd əlavə edilmişdir.

34. Göründüyü kimi, iddiaçının mərhum həyat yoldaşının vəfat etdiyi xx.xx.2021-ci il tarixdə qüvvədə olan qanunvericiliyin tələbinə əsasən “özünə qəsd” sığorta ödənişinin edilməsindən imtina edilməsi üçün əsas olmamışdır.

35. Məhkəmə kollegiyası, cavabdehin hazırki tələb üzrə əsl cavabdeh olmamalarına dair etirazının dəlillərini də əsassız hesab edir.

36. Belə ki, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 1340 nömrəli, 18 may 2021-ci il tarixli Azərbaycan Respublikası Fərmanına 18 iyun 2022-ci il tarixdə dəyişiklik edilərək aşağıdakı məzmunda 2.8-ci bənd əlavə edilmişdir. 2.8-ci bəndə əsasən sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir.

37. Fərmanın 2.8-ci bəndində qeyd edildiyi kimi, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid olan və şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla, sığorta ödənişinin həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən Fond təmin edir. Göründüyü kimi, iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət edən zaman iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən sığorta ödənişini tələb etməklə bağlı subyektiv hüququ olmuşdur və cavabdehin də həmin dövrdə imtinası qanunsuz olmuşdur. Belə olan halda məhkəmə kollegiyası cavabdehin etirazının dəlillərini əsassız hesab edir. 38.Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5805/22 saylı, xx.xx.2022-ci il tarixli qərarında cavabdehin etirazında qeyd etdiyi dəlillərlə bağlı apellyasiya instansiya məhkəməsi üçün hər hansı göstəriş qeyd edilməmişdir.

39. İşdə olan 2021-ci il tarixli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı hüquqi yardıma görə 100 manat ödəniş etmişdir. O cümlədən, xx.xx.2021-ci il tarixli qəbzdən müəyyən olunur ki, iddiaçı 123 manat dövlət rüsumu ödəmişdir.

40. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 933/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı həyat yoldaşı X2 ölümünə görə 11000 manat sığorta ödənişi, hüquqi yardım üçün ödədiyi 100 manat pul və 123 manat dövlət rüsumu, cəmi 11223 manat pul cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə tutulmalıdır.

41. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-933/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı həyat yoldaşı X2 ölümünə görə 11000 manat sığorta ödənişi, hüquqi yardım üçün ödədiyi 100 manat pul və 123 manat dövlət rüsumu, cəmi 11223 (on bir min iki yüz iyirmi üç) manat pul cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Rafael Eyvazov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar