Məhkəmə qərarları › İş №2(103)-2103/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2103/2022

02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2103/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh və nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli 2(005)-287/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən MMC-nin xeyrinə 990.50 manat məbləğində təhsil haqqı borcu, təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanmış 400 manat məbləğində cərimə, ümumilikdə 1390.50 manat məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə MMC arasında cavabdehin övladı X1 təhsil alması məqsədi ilə 2019-2020-ci tədris ili üçün 21.10.2019-cu il tarixdə tam orta təhsil haqqında müqavilə bağlanmışdır. Bağlanmış müqavilə əsasında cavabdeh müqavilənin 2.2-ci maddəsi ilə müəyyən edilmiş illik 2623 manat məbləğindəki təhsil haqqını ödəməyi öhdəsinə götürmüş, lakin, cavabdeh tərəfindən imzalanmış müqavilə üzrə götürülmüş öhdəliklər icra edilməmişdir. Tərəflər arasında yaranmış bu mübahisəni məhkəmədənkənar pretenziya qaydasında dəfələrlə həll etməyə çalışsalar da, heç bir nəticə verməmişdir. Belə ki, MMC tərəfindən cavabdehlə təhsil haqqının ödənilməsi ilə əlaqədar uzun müddət şifahi və yazılı şəkildə danışıqlar aparıldıqdan sonra bu danışıqlar heç bir nəticə vermədiyindən cavabdehə birinci dəfə bildiriş göndəriləcək ölkədə yaranmış vəziyyətlə əlaqədar olaraq təhsil haqqı məbləğinə güzəşt edildiyi bildirilmiş və güzəşt məbləği çıxıldıqdan sonra qalıq məbləği ödəməsi üçün şərait yaradılmışdır. Lakin cavabdeh tərəfindən bundan sonra da öhdəliyin icrasından boyun qaçırmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli 2(005)- 287/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 990.50 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin qismən, yəni təmin olunan hissədə ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, tərəfindən icra edilməli öhdəliklər ölkədə yaranmış pandemiya şəraitinə qədər vaxtlı-vaxtında icra edilmişdir. Daha sonra dərslər zoom proqramı vasitəsilə keçirilməyə başlamışdır. İddiaçı müqavilənin 2.1.12-ci bəndinə istinad edir, həmin bəndə əsasən qarşısıalınmaz hadisələr zamanı tədris prosesinin pozulmasına görə məktəb məsuliyyət daşımır, lakin müqavilədə bu hal üçün onun da məsuliyyət daşıdığı qeyd olunmur. Qarşısıalınmaz hal baş verib, amma bu o demək deyil ki, məktəbin məsuliyyət daşımaması, onun görmədiyi işə, göstərmədiyi xidmətə görə pul tələb etmək üçün ona haqq verir. İddiaçı tərəfindən öhdəliklərinin yalnız cüzi bir hissəsi icra edilmiş, onun da dəyəri tərəfindən tam ödənilmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh və nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri barədə iddiaçıya (nümayəndəsi) lazimı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlmədiyinə görə işə onun (nümayəndə) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırda apelyasiya baxışının predmetini qətnamənin qismən-cavabdehin mübahisələndirdiyi hissədə yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İş materiallarında olan 21 oktyabr 2019-cu il tarixli 179 nömrəli X1 atası Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış “tam orta təhsil xidməti haqqında” müqavilədən görünür ki, 21.10.2019-cü il il tarixindən 14.06.2020-ci il tarixinədək olan tədris ili üçün Cavabdeh 2623 manat illik ödənişi il ərzində nağd, köçürmə yolu ilə, bir dəfəyə, hissəhissə və ya hər ay üçün ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2.3-cü bəndinə əsasən tədris ili üçün ödənilməli məbləğ ödənilmədikdə, gecikdirilmiş hər gün üçün təhsil haqqının 0.3% həcmində dəbbə pulu (peniya) ödəyir. Təhsil haqqı ardıcıl olaraq 2 ay ərzində ödənilməzsə bu barədə müqavilə tərəfi olan valideynin ünvanına yazılı bildiriş (pretenziya məktubu) göndərilir və ödənişin bildirişdə göstərildiyi tarixdə ödənilməsi barədə müqavilənin digər tərəfinə xəbərdarlıq edilir. Bildirişlə edilmiş xəbərdarlıqdan sonra müqavilənin digər tərəfi olan Məktəb mübahisə ilə bağlı aidiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edir. 30.07.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh müqavilə üzrə ödəməli olduğu 2623 manat təhsil haqqından 1623.50 manat ödəmişdir və sonuncu ödəniş tarixi 01.07.2020-ci ildir. Qalıq borc məbləği 990.50 manat, qalıq borc məbləğinə hesablanmış cərimə (17.03.2020-ci il tarixdən 30.07.2020-ci il tarixədək) 400 manat, ümumi borc 1390.50 manat təşkil edir. 13.08.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC sonuncu dəfə borcun ödənilməsini cavabdehdən xahiş etmiş, əks təqdirdə iddia tələbi ilə aidiyyəti məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 23 oktyabr 2019-cu il tarixli “Expressbank” TT19296QM44M nömrəli nağd pulun mədaxili qəbzindən görünür ki, Cavabdeh İddiaçı MMC-nə 300 manat, 06 dekabr 2019-cu il tarixli TT193407QRJÜ nömrəli qəbzlə 400 manat, 10 yanvar 2020-ci il tarixli TT20010TG79Z nömrəli qəbzlə 300 manat, 13 fevral 2020-ci il tarixli TT20044N2JB5 nömrəli qəbzlə 300 manat, 04 mart 2020-ci il tarixli TT20064X9J23 nömrəli qəbzlə 300 manat, 02 iyul 2020-ci il tarixli TT20184ZFL85 nömrəli qəbzlə 32.50 manat ödəniş etmişdir. İş materiallarında olan keçirilmiş dərslər üzrə ödəniş cədvəlindən görünür ki, X1 müqaviləsinə əsasən 21.10.2019-14.06.2020 dərs ili üçün həftə içi 5 günlük dərs proqramını əhatə edən ümumi günlərin sayı – 170 gün, ödəniş məbləği 2614,60 manat təşkil edir. 04.06.2020-ci il tarixli 20 nömrəli İddiaçı MMC-nin 2019/2020-ci tədris ilinin martiyun ayları üzrə təhsil haqqına edilən güzəştlər barədə əmrindən görünür ki, ölkə ərazisində Koronavirus (Covid-19) infeksiyasının yayılması ilə əlaqədar Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlimtərbiyə prosesi dayandırıldığından və dərslər onlayn qaydada həyata keçirildiyəndən cari ilin mart, aprel, may və iyun ayları üzrə ödənilməli təhsil haqqi məbləğlərinə valideynlərin maddi vəziyyətlərini nəzərə alaraq, 2019/2020-ci tədris ilinin məktəbəqədər hazırlıq qrupunda təhsil alan hər bir şagirdə görə bağlanmış müqavilə üzrə nəqliyyat vasitəsindən istifadə nəzərdə tutulmadığı halda 230 manat, nəqliyyat vasitəsindən istifadə nəzərdə tutulduğu halda isə 380 manat güzəşt tətbiq edilmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, ödəməyi öhdəsinə götürdüyü 990.50 manat məbləğində pulu iddiaçıya ödəməlidir. 400 manat məbləğində hesablanmış cərimənin ödənilməsi hissəsində isə həmin məbləğin hansı müddətə və nə cür hesablanmasını iddiaçı əsaslandırılmadığından rədd edilmişdir. Cərimə məbləğinə aid hissədə iddia rədd edilmiş olsa da, qətnaməni iddiaçı mübahisələndirmədiyindən, bu hissədə qətnamə yoxlanılmır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 2.1.12-ci bəndində göstərilmişdir ki, qarşısıalınmaz (forsmajor) hadisələr nəticəsində tədrisin pozulmasına və başqa mənfi hüquqi nəticəli halları görə Məktəb məsuliyyət daşımır. Göründüyü kimi forsmajor halın baş verməsi Məktəbi məsuliyyətdən azad edir, iddiaçı cavabdehin ödəmədiyi təhsil haqqını tələb etməkdə haqlı olsa da, təhsil haqqı borcunun ödənilməsi ilə bağlı məhkəmənin qənaəti ilə qismən razılaşaraq Kollegiya qeyd edir ki, tutulmalı olan məbləğ hissəsində qətnamə dəyişdirilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən illik təhsil haqqı 2623 manat müəyyən edilmişdir və nəqliyyat vasitəsindən istifadə nəzərdə tutulmamışdır. 04.06.2020-ci il tarixli əmrdən görünür ki, Koronavirus (Covid-19) infeksiyasının yayılması ilə əlaqədar bağlanmış müqavilə üzrə nəqliyyat vasitəsindən istifadə nəzərdə tutulmadığı halda 230 manat güzəşt tətbiq edilməsi nəzərdə tutulmuşdur. İddiaçının tələb etdiyi təhsil haqqından həmin güzəşt məbləği çıxılmamışdır, tutulmalı olan məbləğ müəyyən edilərkən 990,50 manatdan 230 manat güzəşt məbləği (990,50-230=760,5) çıxılmalıdır. Bundan başqa, aşkardır ki, 01.03.2020-ci il tarixdən 26.03.2020-ci il tarixədək məktəb bağlanmış və dərslər keçirilməmiş, daha sonra 27.03.2020-ci il tarixdən dərslər onlayn formada tədris edilməyə başlamış, 3 gün dərs olmuşdur. 9 ay üçün 3000 manat təhsil haqqı müəyyən olunduğundan, 1 aylıq təhsil haqqı 333,33 manat, 3 günün təhsil haqqı isə 33,33 manat təşkil edir. Odur ki, iddiaçının xeyrinə tutulmalı olan məbləğdən (760,5) mart ayında tədris edilməmiş dərs günlərinin haqqı (300 manat) çıxılmalı və tutulmalı olan məbləğ (760,5-300=460,5) 460,5 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 401 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-287/2021 saylı iş üzrə 09 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilsin və Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalı olan məbləğ 460,5 manat müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar