Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2104/2025 05.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı mülki iş (Açar sözlər: «əmək kitabçasında müvafiq düzəlişin edilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1057/2025 saylı, 31 yanvar 2025-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilir ki: "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilən arxiv arayışında göstərilib ki, İddiaçı həqiqətən "xxxx" QSC-də işləmişdir. xx.xx.1983-cü il tarixli, 63/k nömrəli əmrlə Biləcəri yol distansiyasının emalatxanasında 3-cü kateqoriyalı qaynaqçısı kimi işə qəbul edilmiş, köçürmə ilə əlaqədar xx.xx.1983- cü il tarixli, 231/k nömrəli əmrlə işdən azad edilmiş, 22 avqust 1983-cü il tarixli, 44 saylı əmrlə köçürmə yolu ilə evlər idarəsinə çilingər vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1988-ci il tarixli, 10 saylı əmrlə elektrik qaynaqçısı vəzifəsinə köçürülmüşdür.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı əmək kitabçasında müvafiq düzəlişin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1983-cü ildən xx.xx.1988-ci ilədək “çilingər, qaynaqçı” çalışmağına dair cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin əmək kitabçasında düzəliş edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. İddiada göstərilib ki, həqiqətən də xx.xx.1983-cü ildə Biləcəri yol distansiyasında “qaynaqçı” peşəsində çalışmışdır. xx.xx.1983-cü ildə isə köçürmə ilə 3 nömrəli Mənzil istismar bölməsində “çilingər, qaynaqçı” peşəsində çalışmışdır. Lakin işə qəbul olduğu gündən (xx.xx.1983-cü ildən xx.xx.1988-ci ilədək) “çilingər, qaynaqçı” peşəsində çalışmağına baxmayaraq əmək kitabçasına həmin dövr üçün sadəcə “çilingər” peşəsi qeyd edilib. Şahidlər də sübut edə bilər ki, həqiqətən də həmin dövrdə “çilingər, qaynaqçı” peşəsində çalışmışdır.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1057/2025 saylı, 31 yanvar 2025ci il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərir ki, iş üzrə İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixədək həm çilingər, həm qaynaqçı peşəsində çalışdığını, lakin cavabdeh tərəfindən əmək kitabçasına təkcə “çilingər” qeyd edildiyini iddia edərək əmək kitabçasına müvafiq düzəlişin edilməsini tələb etsə də, tələbini əsaslandıracaq sübutlarını məhkəməyə təqdim edə bilməmiş və məhkəmə tərəfindən də iddiaçının həqiqətən də xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixədək həm çilingər, həm qaynaqçı peşəsində çalışması halları müəyyən edilməmişdir. Bununla bağlı, hazırda iddianın təmin edilməsi üçün iddiaçı tərəfindən onun həqiqətən cavabdeh təşkilatda qeyd edilən tarix aralığında hər iki peşə üzrə, yəni həm çilingər, həm qaynaqçı olaraq işləməsi, hansı müddətdə işə daxil olması, hansı müddətə qədər işləməsi sübut edilməlidir ki, məhkəmə tərəfindən də həmin əmək kitabçasına müvafiq düzəlişin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyula bilsin (əks halda hazırki vəziyyətdə iddianın təmin edilməsi gələcəkdə hazırki qətnamənin icrasını mümkünsüz edəcəkdir). Hazırki vəziyyətdə nə iddiaçı təşkilatda hər iki peşə üzrə işləməsini sübut edə bilir, nə də ki, cavabdeh iddiaçının onun iddia ərizəsində qeyd edilən tarix aralığında qeyd edilən peşələr üzrə işləməsini etiraf edir. Əgər iddiaçı qeyd edilən halları sübuta yetirə bilsə idi (hüquqi əhəmiyyətli faktla), o zaman qanunvericiliklə nəzərdə tutulan sübutetmə yükü iddiaçının yox, cavabdehin üzərinə düşmüş olacaqdı. İddiaçının tələbini əsaslandırmaq üçün istinad etdiyi yeganə sübut isə cavabdeh tərəfindən təqdim edilən arxiv arayışıdır ki, həmin arayışda da qeyd edilir ki, iddiaçı xx.xx.1983-cü il tarixli, 63/k nömrəli əmrlə qaynaqçı kimi işə qəbul edilmiş, xx.xx.1983-cü il tarixli, 231/k nömrəli əmrlə işdən azad edilmiş, 22 avqust 1983-cü il tarixli, 44 saylı əmrlə mexanik vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1988-ci il tarixli, 10 saylı əmrlə elektrik qaynaqçısı vəzifəsinə köçürülmüşdür. Göründüyü kimi həmin sənəd əsasında müəyyən edilir ki, iddiaçı 1983-cü il tarixdən 1988-ci il tarixədək “çilingər” peşəsində çalışmışdır. Bundan əlavə, iddiaçı məhkəmə iclasında verdiyi ifadəsində 2000-ci il tarixində əmək kitabçasını itirdiyini bildirmişdir. Beləliklə, məhkəmənin hazırki iddia tələbi ilə bağlı gəldiyi qənaət budur ki, məhkəmə araşdırması zamanı hazırki iddia tələbinin kökündə iddiaçının həqiqətən də cavabdeh təşkilatda qeyd edilən tarix aralığında həm çilingər, həm qaynaqçı kimi işləməsi faktının müəyyən edilməsi durduğundan və hər bir faktın müəyyən edilməsi də məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılmalı olan məsələ olduğundan ilk öncə iddiaçının həqiqətən də cavabdeh təşkilatda işləməsi və əmək kitabçasında onun yalnız “çilingər” kimi qeyd edilməsi faktı müəyyən edilməli, daha sonra iddiaçı həmin əmək kitabçasına müvafiq düzəlişin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması iddiasını irəli sürməlidir. Odur ki, hazırki iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
6. İddiaçı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində qətnamənin ləğv, iddia tələbinin isə təmin olunmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
7. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.
8. Məhkəmə iclasında cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
9. Azərbaycan SSR-nin Əmək Qanunları Məcəlləsi (10 dekabr 1971-ci il tarixli):
Maddə 29. Əmək kitabçasına işçi haqqında, onun gördüyü iş haqqında, habelə müəssisədə, idarədə, təşkilatda iş müvəffəqiyyətlərinə görə mükafatlar və təltiflər haqqında məlumat yazılır. Tənbehlər əmək kitabçasına yazılmır.
10. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 87.1. Bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hal istisna olmaqla, işçinin əmək fəaliyyəti haqqında məlumatlar elektron informasiya sistemində qeydə alınır. Maddə 87.2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda işçinin əmək fəaliyyəti haqqında məlumatlar əmək kitabçasında qeydə alınır. İşəgötürən 5 (beş) gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydlər aparmalıdır. İşçinin əmək fəaliyyəti haqqında məlumatlarda onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 87.3. İşçilərin əmək kitabçasının forması və onun doldurulması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
11. İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996cı il tarixli Qərarı: Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Bənd 1.2. Əmək kitabçası işəgötürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. Bənd 3.2. İşəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: İşçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Bu başlıq altında 1-ci qrafada daxil edilən yazılışın sıra nömrəsi, 2-ci qrafada isə işçinin qəbul edildiyi tarix göstərilir. 3-cü qrafada işin adı, peşəsi, yaxud vəzifəsi, həmçinin vahid tarif cədvəli üzrə əməyin ödənilməsi dərəcəsi konkret göstərilməklə hansı sexə, şöbəyə, bölməyə, sahəyə, peşə və ya vəzifəyə təyin edilməsi yazılır. İşçinin qəbul edildiyi işin, peşənin, yaxud vəzifənin adı haqqında qeyd fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatına və müvafiq sahələr üzrə fəhlə peşələrinin və qulluqçu vəzifələrinin vahid tarif ixtisas sorğu kitabçalarına və digər müvafiq sənədlərə əsasən aparılır. İşəgötürən hüquqi şəxsin adı dəyişdirildikdə, fəhlə və qulluqçuya yeni dərəcə verildikdə, ştat cədvəlində; vəzifələrdə, əmək şəraitinin şərtlərində dəyişikliklər aparıldıqda əmək kitabçasında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) müvafiq aparılır. Bənd 3.4. Əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Bənd 3.5. İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 yerli qurumları tərəfindən aparılır. Bənd 3.9. Əmək müqaviləsinin, əmrin (sərəncamın) itdiyi və saxlanmadığı digər hallarda iş haqqında düzəliş başqa təsdiqedici sənədlərə əsasən aparılır. Şahid ifadələri əsasında əmək kitabçasında düzəlişlər edilməsinə yol verilmir.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsasdır.
14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
16. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
17. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
18. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsi iddianı rədd etməklə gəldiyi nəticə düzgün olmamışdır.
19. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
20. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
21. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
22. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəlmədiyini müəyyən etdi. Çünki hüququn tətbiq edilməsində səhv buraxaraq həm tətbiq etdiyi maddi hüquq normalarını səhv təfsir etmiş, həm də tətbiq edilməli olan digər normaları tətbiq etməmiş, həmçinin qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun olmamış, yəni müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu hallar da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır. Bununla əlaqədar, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar hüquqi dəyərləndirmə aparılmasını məhkəmə tərkibi zəruri hesab edir.
23. Əvvəla iddiaçı əmək kitabçasında düzəlişlər edilməsinin ona hansı məqsədlə lazım olduğunu məhkəmə iclasında bildirmişdir. Belə ki, iddiaçı qaynaqçı peşəsinin ağır peşə olduğuna və bununla əlaqədar daha yüksək əmək pensiyası hesablandığı üçün bundan gələcəkdə məhrum olacağına görə bu iddianı irəli sürdüyünü qeyd edib. Birinci instansiya məhkəməsi isə iddiaçının tələbini əsaslandırdığı sübutları məhkəməyə təqdim edə bilmədiyini və məhkəmənin də həqiqətən də xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixədək həm çilingər, həm qaynaqçı peşəsində çalışması hallarını müəyyən edə bilmədiyini göstərir. Ancaq iddiaçının hansı sübutları məhkəməyə təqdim etməli olduğunu açıqlamır. Yəni məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir(MPM.m.14.1, 167.1).Çünki mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Ancaq işdən məhkəmənin bu hərəkətləri real olaraq etdiyi görünmür. Demək ki, məhkəmə iddiada göstərən halları müəyyən edə bilməsi üçün heç bir tədbir görməyib.
24. Bundan əlavə, iddiaçı tələbində xx.xx.1983-cü ildən xx.xx.1988-ci ilədək “çilingər, qaynaqçı” vəzifəsində işləməsinə dair əmək kitabçasında düzəliş edilməsini göstərib. Bu dövrdə iddiaçının çilingər qismində işlməsinin qeyd olunması mübahisə doğurmur və arxiv arayışında göstərilib. İddiaçı həmin dövrdə həm də qaynaqçı işlədiyinə görə bu iddianı irəli sürüb. Cavabdehin bu iddianı etiraf etməməsi anlaşılan ola bilər. Ancaq iddiaçının təqdim etdiyi sübut yalnız arxiv arayışı olsa da, həmin arayışın məzmunundan da bəlli olur ki, iddiaçı həm xx.xx.1983-cü ildən xx.xx.1993-cü ilədək, həm də xx.xx.1988-ci ildən xx.xx.1990-cı ilə qədər məhz qaynaqçı peşəsində işləmişdir. Üstəlik Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Dövlət Maşın Sınaq Stansiyasının xx.xx.2023-cü il tarixli arayışında da iddiaçının xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək Azərbaycan Dövlət Maşın Sınaq Stansiyasında (keçmiş X5 Sınaq Stansiyası) elektrik qaynaqçı vəzifəsində işlədiyi qeyd olunub. Apellyasiya baxışı zamanı dindirilmiş, bilavasitə iddiaçının rəhbəri olmuş X4 da iddiaçının xx.xx.1983-cü ildən xx.xx.1988-ci ilədək çilingər və qaynaqçı peşəsində işlədiyini təsdiq etdi. İddiaçı özü də yalnız qaynaqçı peşəsi üzrə təhsil aldığını göstərir. Demək ki, iddiaçının iddia olunan dövrdə yalnız çilingər işlədiyi də inandırıcı və ağlabatan ola bilməz. Çünki peşəsi bilavasitə qaynaqçı olan və əvvələr də bu peşə üzrə işləyən şəxs, qeyd olunan dövr arasında öz peşəsi üzrə deyil, yalnız çilingər işləyə bilməzdi.
25. Bundan başqa, iddiaçının qeyd olunan dövrdə qaynaqçı işlədiyini təsdiq edən faktlar olduğu halda iddiaçının əlavə olaraq hüquqi əhəmiyyəti olan faktın təsdiq edilməsi barədə xüsusi icraat qaydasında məhkəməyə müraciət etməsinə də zərurət və əsas yoxdur. Çünki işə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İddiaçı da cavabdeh qurumdan bunu istəyir. Yəni iddiaçı faktın müəyyən edilməsi üçün deyil, düzəlişin edilməsinin cavabdehə həvalə etmək üçün məhkəməyə müraciət edib. Ona görə də əvvəlcə faktın müəyyən edilməsi üçün xüsusi icraat qaydasında, sonradan isə hazırkı tələb üzrə məhkəməyə, yəni eyni məsələ üzrə iki dəfə məhkəməyə müraciət edilməsinin zəruri olduğu barədə birinci instansiya məhkəməsinin mövqeyi yanlış olmuşdur. Bu cür yanaşma iddiaçının məhkəmə müdafiəsi ilə bağlı hüquqlarının effektiv həyata keçirməsinə mane olur və prosessual qənaət prinsipinə də açıq-aşkar zidd hesab edilir.
26. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1057/2025 saylı, 31 yanvar 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia təmin edilməli və İddiaçı xx.xx.1983cü ildən xx.xx.1988-ci ilədək “çilingər, qaynaqçı” vəzifəsində işləməsinə dair əmək kitabçasında düzəliş edilməsi cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə həvalə edilməlidir.
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
qətetdi:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1057/2025 saylı, 31 yanvar 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia təmin edilsin. İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1988-ci ilədək “çilingər, qaynaqçı” vəzifəsində işləməsinə dair əmək kitabçasında düzəliş edilməsi cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə həvalə edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.