Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2107/2024 22.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “mənzilə köçürülmə” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1087/2024 nömrəli 16 yanvar 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı Cavabdeh keçmiş gəlinidir. İddiaçı 07 dekabr 2004-cü il tarixdə cavabdehin oğlu X2 ilə birgə nikaha daxil olaraq, həmin mənzilə gəlin köçmüşdür və həmin vaxtdan başlayaraq, 2022-ci illədək ünvanda yaşamışdır. İddiaçı ilə cavabdehin oğlu arasında bağlanmış nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli 2(011)- 575/2022 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, iddiaçı hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. DƏDRK 1 saylı Bakı Ərazi İdarəsindən əldə edilmiş sənədlərdən göründüyü kimi, Bakı şəhəri Xətai rayonu Elçin Əliyev küçəsi ev 7, 61 saylı mənzil ilkin olaraq 997 ci il tarixli orderlə əsasən cavabdehə verilmiş, daha sonra Bakı şəhəri Xətai rayonu Elçin Əliyev küçəsi ev 7, 61 saylı mənzil 2008-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının qızı X3 ilə birlikdə qeydiyyatda olduqları və 2022-ci il tarixədək yaşadıqları ünvan 4 ünvanına köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 21 dekabr 2005-ci il tarixdən ünvan 4də qeydiyyata düşmüşdür. Belə ki, həmin mənzil Cavabdeh xüsusi mülkiyyətində olubdur və hal-hazıradək cavabdehin mülkiyyətindədir. 07 dekabr 2004-cü il tarixdə cavabdehin oğlu X2 ilə birgə nikaha daxil olaraq, həmin mənzilə gəlin köçmüşdür və həmin vaxtdan başlayaraq, 2022-ci illədək ünvanda yaşayırdı. Lakin 19 aprel 2022-ci il tarixdə Xətai Rayon Məhkəməsinin 2(011)-575/2022 saylı qətnaməsinə əsasən nikahı pozulmuşdur. Halhazıradək həmin mənzildə ona məxsus olan əşyalar cavabdehin hətta istifadəsindədir: 1 ədəd divan, 2 ədəd kreslo, yataq dəsti: 1 ədəd krovat, 1 ədəd paltar dolabı, 1 ədəd güzgülü tremo, 2 ədəd tumboçka, 6 ədəd stul, 1 ədəd soyuducu Beko, 1 ədəd paltaryuyan Samsung, 1 ədəd Cebelon Aura su filtri, 1 ədəd LG markalı televizor, 1 ədəd Siemens markalı tozsoran, 2 ədəd lustra, yemək servizi - 12 ədəd хогəк tarelkası, 12 ədəd salat üçün qab,l ədəd böyük şorba qabı, 12 ədəd balaca tarelka, 2 ədəd bulud, 2 ədəd duz qabı və istiot üçün qab, 6 ədəd xörək qaşığı, 6 ədəd çay qaşığı, 6 ədəd bıçaq, 6 ədəd çəngəl, çay dəsti: 12 ədəd çaşka, nəlbəki və çay qaşığı, 2 ədəd qənd qabı, 12 ədəd mürəbbə nəlbəkisi, 2 ədəd xrustal mürəbbə qabı, qazan dəsti: 5 ədəd qazan, 1 ədəd aş süzən, 3 ədəd tava, 2 ədəd pərdə, 1 ədəd paltar dolabı, 1 ədəd LG markalı kondisioner, 1 ədəd televizor altlığı, 1 ədəd ətçəkən maşını. Bələliklə, yuxarıda sadalananların hamısı cavabdeh tərəfindən həmin ünvanda istifadə olunur. Bundan başqa həmin mənzildə iddiaçıya məxsus 20 qram çəkisi olan 583 əyar 1 ədəd qızıl boyunbağı, 10 qram çəkisi olan 583 əyar 1 ədəd qızıl qolbaq, 15 qram çəkisi olan 583 əyar 1 ədəd sırğa və üzük, 1 ədəd 5 qram çəkisi olan nişan üzüyü, 15 qram çəkisi olan 1 ədəd 750 əyar boyunbağı və kulon vardır. Hal-hazırda iddiaçının yaşamağa evi yoxdur və məcburi olaraq X3 ilə birlikdə icarədə yaşayır. Dəfələrlə mənzilə daxil olmağa cəhd olunmasına baxmayaraq, cavabdeh iddiaçını mənzilə buraxmır. İddiaçı tərəfindən həmin mənzil üzrə 22 il ərzində kifayət qədər vəsait xərclənmişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1087/2024 nömrəli 16 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim X5)
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, ə iddia tələbinin iddiaçının ünvan 4 ünvanına köçürülməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı ilə cavabdehin oğlunun arasında münasibətlər 2004-cü ildə yaranmışdır. Tərəflərin nikahı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli 2(011)-575/2022 saylı qətnaməsinə əsasən pozulmuşdur. Məhkəmə araşdırması zamanı iş materialları və iddiaçının verdiyi izahatlar əsasında müəyyən edilmişdir ki, iddiaçı 2022-ci ilədək ünvan 4 ünvanında yaşamış, hazırda həmin ünvanda yaşamır. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı mənzilin mülkiyyətçisi Cavabdeh ilə aralarında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşmanın olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu baxımdan iddiaçının mübahisəli mənzilə istifadə hüququnun yaranması üçün qanunla müəyyən edilmiş əsaslar mövcud deyildir. Qeyd edilən mənzilin mülkiyyətçisi olan cavabdeh ilə iddiaçı arasında notariat qaydasında təsdiqlənmiş yazılı razılaşmanın mövcudluğu və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. Odur ki, İddiaçı cavabdehə məxsus mənzilə dair istifadə hüququ olmadığından mənzilə köçürülmə tələbi təmin edilə bilməz. Məhkəmə iddiaçının qızı X1 istifadə hüquqlarının mövcud olub-olmamasını araşdırarkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında əsaslanmağı zəruri hesab etmişdir. Məcəlləyə əsasən aşağıdakıların biri-birini saxlamaq vəzifəsi nəzərdə tutulmuşdur. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi, ər-arvadın birbirini saxlamaq vəzifəsi, qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi, baba və nənənin nəvələrini saxlamaq vəzifəsi, nəvələrin baba və nənəni saxlamaq vəzifəsi, yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq vəzifəsi, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi. Beləliklə, X3 cavabdehin nəvəsi olmaqla, ondan aliment tələb etmək hüququna malik olan digər şəxslərdən hesab olunur. Lakin nə qədər ki, məhkəmə qətnaməsi ilə X3 ananın yanında saxlanılmaqla onun himayəsinə verilib, qanunvericiliyin tələblərinə əsasən də yetkinlik yaşına çatmayanın yaşayış yeri də valideyninin yaşayış yeridir, qeyd olunan mənzilə İddiaçı istifadə hüququ olmadığından iddia tələbi X1 ünvan 4 ünvanına köçürülməsinə dair hissədə də rədd edilməlidir. Odur ki, məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının mübahisəli mənzilə münasibətdə istifadə hüququ yaranmadığından, iddiaçının, qızı X3 ilə birlikdə qeydiyyatda olduqları və 2022-ci il tarixədək yaşadıqları ünvan 4 ünvanına köçürülmələri barədə iddia tələbi rədd edilməlidir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.2-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 228.1-ci, 228.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərmişdir ki, həmin mənzilə 2004-cü il tarixdən başlayaraq yaşayarkən, 2005-ci il tarixdə mənzilə qeydiyyata düşmüşdür. Beləliklə həmin mənzildə 2021-ci ilin dekabr ayına qədər yaşayırdı. Həmin mənzildə ona məxsus əşyalar, cehizlər və qızıl zinyət əşyaları vardır. O, isə həmin mənzildə 30 ildir ki, qeydiyyatdadır və orada yaşayır. Bu səbəbdən qeyd edilənlər məhkəm tərəfindən ətraflı araşdırılmamış və nəzərə alınmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İştirak etdiyi məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.
11. İştirak etdiyi məhkəmə iclasında cavabdeh və onun nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;
13. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin:
53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər; 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır; 123-cü maddəsinə əsasən Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. İzah edilsin ki, icarədar və ya onun ailə üzvlərindən hər hansı birinin məhkum olunması həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz. Bu müddəa ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərə tətbiq edilmir.
15. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir;
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməlidir.
21. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
22. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə istinad etməklə hesab etmişdir ki, iddiaçı 2022-ci ilədək ünvan 4 ünvanında yaşamış, hazırda həmin ünvanda yaşamır. Bu səbəbdən iddiaçı ilə mənzilin mülkiyyətçisi Cavabdeh arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşmanın olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu baxımdan iddiaçının mübahisəli mənzilə istifadə hüququnun yaranması üçün qanunla müəyyən edilmiş əsaslar mövcud deyildir. Qeyd edilən mənzilin mülkiyyətçisi olan cavabdeh ilə iddiaçı arasında notariat qaydasında təsdiqlənmiş yazılı razılaşmanın mövcudluğu və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. Odur ki, İddiaçı cavabdehə məxsus mənzilə dair istifadə hüququ olmadığından mənzilə köçürülmə tələbi təmin edilə bilməz.
23. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandığı mövqeyi ilə razılaşmır. İlk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında sərgilənmiş hüquqi mövqeyə əsasən ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: 1) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu; 2) yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin yaşayış sahəsindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması.
24. Məhkəmə kollegiyası mübahisənin mahiyyətini nəzərə alıb, ümumiyyətlə iddiaçının mübahisəli mənzilə münasibətdə istifadə hüququnun yaranıb-yaranmaması (mövcud olub-olmaması) məsələsinin araşdırılmasını zəruri hesab edir.
25. Bu prizmadan yanaşaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işin mübahisəsiz halları ilə müəyyən edildiyi kimi, mübahisəli mənzil xx.xx.1997-ci il tarixli order əsasında cavabdehə verilmiş, 2004-cü il tarixdə iddiaçı cavabdehin oğlu rəsmi nikaha daxil olmaqla həmin mənzilə köçmüş, həmin vaxtdan 2022-ci ilədək də həmin mənzildə yaşamışdır (ona məxsus əşyalarda hazırda mənzildədir). Sözügedən mənzil sonradan, xx.xx.2008-ci il tarixdə isə həmin mənzil cavabdehin adına özəlləşdirilərkən iddiaçı tərəfindən də razılıq ərizəsi verilmiş və cavabdehin həmin mənzilə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Hazırda da onun mülkiyyətindədir. Lakin mübahisəli mənzil cavabdehin adına qeydiyyata alınarkən belə tərəflər arasındakı münasibətlər dəyişməmişdir. Yəni mülkiyyətçi yenisi ilə əvəz edilməmişdir. İddiaçının isə köçməsini tələb etdiyi mənzilin Cavabdeh mülkiyyətinə keçməsinə razılıq verməsi onun həmin mənzilə olan istifadə hüququnun məhdudlaşdırılması kimi qəbul edilə bilməz. Belə ki, iddiaçı ilə cavabdehin oğlunun arasında münasibətlər 2004-cü ildə yaranmışdır. Tərəflərin nikahı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli 2(011)-575/2022 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. Müddət etibarı ilə İddiaçı mənzil mülkiyyət hüququ əsasında cavabdehin adına qeydiyyata alındığı 2008-ci ildən iddiaçının cavabdehin oğlu ilə nikahının pozulduğu günədək mübahisəli mənzildə (birgə nikahdan doğulmuş X3 ilə birlikdə) yaşamışdır. Həmin mənzili müvəqqəti tərk eməsinə səbəb isə onunla keçmiş yoldaşının arasında yaranan problemlər olmuşdur. Yəni, onun mənzildən çıxması başqa yaşayış sahəsinə sahib olması ilə bağlı deyil, məcburiyyət qarşısında qalmağı ilə bağlıdır. Yəni, cavabdehin onun orada yaşamamasına imkan verməməsi səbəbindən evi tərk etmişdir. Bundan əlavə cavabdeh tərəfin də bildirməsinə görə iddiaçının cehiz əşyaları da hal-hazırda mübahisəli mənzildədir. Şəxsin yaşadığı sahədə gündəlik istifadə olunan şəxsi əmlakının yerləşməsi, yaşayış sahəsinə dair öhdəliklərinin icrası, həmçinin şəxsin məhz həmin konkret yaşayış sahəsi ilə əlaqəsini təsdiq edən digər hallar aiddir.
26. Göründüyü kimi mübahisəli hüquq münasibətlərinin yarandığı tarixdə qüvvədə olmaqla bu münasibətləri tənzimləyən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (xx.xx.2009-ci il tarixədək qüvvədə olmuşdur) tələbləri baxımından İddiaçı həmin mənzildən istifadə hüququ yaranmışdır və hazırda da mövcuddur.
27. Bu səbəbdən iddiaçının bu hüquqların ona tanıdığı imkandan istifadə edərək həmin mənzilə köçürülməsini haqlı olaraq tələb edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən də qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi iddiaçının həmin mənzilə köçürülməsini qanunla istisna edən hər hansı maneə yoxdur. Keçmiş qaynana olan iş üzrə cavabdehin isə ona manelər yaratması qanuni və əsaslı hesab edilə bilməz. Belə olan halda kollegiya hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçının həmin mənzildə yaşamaq üçün ora köçürülməsi barədə tələbi qanuni olmaqla sonuncu həmin mənzilə qızı X3 (mülki qanunvericiliyin tələblərinə əsasən On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır) ilə köçürülməlidir. Sözügedən istifadə hüququna xitam verilməsi isə yalnız müvafiq kompensasiya verilməsi yolu ilə mümkün ola bilər.
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tətbiq edilməli olan maddi vıə prosessual hüquq normaları düzgün tətbiq etməməklə mahiyyəti üzrə düzgün olmayan nəticəyə gəlinmişdir. Bu baxımdan da qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1087/2024 nömrəli 16 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilmlidir.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1087/2024 nömrəli 16 yanvar 2024cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilsin. İddiaçı övladı X3 ilə birlikdə Bakı şəhəri, Xətai Rayonu, Elçin Əliyev küçəsi, ev 7, 61 saylı mənzilə köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumu Cavabdeh alına İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.