Məhkəmə qərarları › İş №2(103)-2108/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2108/2020

24.01.2020 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2108/2020 24.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyn qızının katibliyi ilə, ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” ərizəsinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2019-cu il tarixli qətnamədən ərizəçi İdarə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə, vergi ödəyicisi olan “Ekspress” qəzetinin baş redaktoru Maraqlı şəxs iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizə ilə Xətai Rayon Məhkəməsinə müraciət etmiş Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi, dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan “Ekspress” qəzetinin baş redaktoru Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan qəzet vergi öhdəliklərini müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün dövlət büdcəsinə xx.xx.2019-cu il tarixə 2.085,66 manat məbləğində vergi borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdə bildiriş göndərilmiş, lakin qeyd olunan borc ödənilməmişdir. Ərizə əsasında başlanmış mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə ərizənin təmin edilməməsini qət etmişdir. Ərizəçi olan İdarə həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları “şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” ərizənin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin həlli üçün mühüm əhəmiyyət kəsb edən işin bütün faktiki hallarını hərtərəfli və obyektiv araşdırıb onlara hüquqi qiymət verməmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Ərizəçi İdarənin nümayəndəsi apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 355-7.2-ci maddəsinin tələbini rəhbər tutaraq işə onun iştirakı olmadan baxmışdır. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Maraqlı şəxs isə apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına, habelə məzmununa uyğun izahat verdi. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Belə ki, işdə olan sənədlərdən görünür ki, vergi ödəyicisi olan “Ekspress” qəzetinin xx.xx.2019-cu il tarixə 2.085,66 manat məbləğində vergi borcu vardır və bu borc ödənilmir. İşdə olan sənədlərdən görünür ki, yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisi olan MTK-ya xx.xx.2019-cü il tarixdə bildiriş göndərilmişdir. Hazırki iş üzrə ərizəçinin tələbini təmin etməyən Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs xx.xx.2019-cu il tarixdən qəzetin baş redaktor vəzifəsindən azad edilmişdir. Ona görə də, Maraqlı şəxs qəzetin vergi borclarına heç bir aidiyyəti yoxdur. Məhkəmə, Rayon Məhkəməsinin bu mövqeyi ilə razılaşmır və qeyd edir ki, işdə olan “Hüquqi şəxs haqqında məlumatdan” görünür ki, maraqlı şəxsin rəhbəri Maraqlı şəxsdur. Sonuncunun işdən azad olunması barədə müvafiq əmr olsa da, qeyd edilən həmin dəyişiklik müvafiq icra hakimiyyəti orqanında hüquqi şəxsin dövlət reyestri məlumatlarında dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda Maraqlı şəxs qəzetin vergi öhdəlikləri üçün məsul şəxs olmaqda davam edir. Məhkəmə mövcud mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 16.1.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Vergilər Məcəlləsinin 23.1.15-3-cü maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcları və faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək, vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. MPM-nin 355-5-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. MPM-nin 355-7-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəmə tərəfindən təmin edilərək müvafiq qətnamə qəbul edildikdən sonra ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda, müvafiq icra hakimiyyəti orqanının ərizəsinə əsasən məhkəmə tərəfindən iki iş günü ərzində həmin məhdudlaşdırmanın götürülməsi barədə qətnamə qəbul edilir. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımır. Rayon Məhkəməsi ərizəni təmin etməməklə iş üzrə səhv nəticəyə gəlmişdir; Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə işin hallarına uyğun gəlmir. MPM-nin 385-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və İdarənin ərizəsinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2019-cu il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsi təmin edilsin. Maraqlı şəxs (doğulduğu tarix – xx.xx.1961-ci il; doğulduğu yer – Azərbaycan Respublikası; şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx; şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi – AZE, 0*******) ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Elşad Şamayev “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar