Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2111/2022 01.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil1, cavabdehlərin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödəməklə xitam verilməsi” tələbinə dair dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-280/2022 saylı, 05 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdehlərin nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və daha sonra tələbini dəqiqləşdirərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10.000 manat kompensasiya verilməklə Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsi, 4 saylı evdən istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh3 və Cavabdeh4 isə Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsi, 4 saylı evdən istifadə hüququqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsi, yerləşən 4 saylı evin mülkiyyətçisidir. Bununla bağlı ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ********** saylı çıxarış verilmişdir. Həmin ev ona anasından vəsiyyət üzrə vərəsəlik əsasında keçmişdir. Cavabdehlər həmin evdə halhazırda yaşamırlar. Cavabdeh1 evə qeydiyyata düşmə səbəbi budur ki, həmin dövrlərdə hər hansı evdə kirayə yaşamaq üçün həmin evdə qeydiyyatda olmaq zərurəti var idi. X1 Mehribanı mərhum həyat yoldaşı ilə birlikdə həmin evdə kirayə yaşaya bilmələri üçün qeyd olunan ünvanda qeydiyyata düşmələrinə razılıq vermişdir. Yəni həmin şəxslərin o evdə qeydiyyatda olmaları sırf kirayə qalmaları ilə əlaqədardır. 1992-1993-cü illərdə X6 həmin şəxsləri, yəni Cavabdeh1 və onun ailə üzvlərini həmin ünvandan qeydiyyatdan çıxarmaq qərarına gəlmişdir. Lakin bu məsələ bir neçə il ləngimiş və 1995-ci ildə ermənilər tərəfindən metroda törədilmiş terror hadisəsi nəticəsində Cavabdeh1 həyat yoldaşı faciəvi şəkildə ölmüşdür. Bundan sonra, Kərimova Xanbacı və onun ailə üzvləri, həmçinin o, mərhəmətlilik göstərərək həmin ünvanda yerləşən yaşayış sahəsini kirayə haqqı almadan onlara sadəcə yaşamaq üçün vermişdir. Güman etmişdir ki. onların maddi vəziyyətləri ağır olacağı üçün kirayə haqqlarını ödəyə bilməyəcəklər. Eyni zamanda, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ailə həyatı qurmuşlar və hazırda həyat yoldaşları ilə birgə yaşayırlar. Cavabdeh1 sözügedən ünvanda yaşamır. Ehtimal olunur ki, Cavabdeh1 qızı ilə birgə yaşayır. Belə ki, artıq dörd ilə yaxın müddət ərzində M. Kərimova həmin yaşayış sahəsinə ümumiyyətlə gəlmir, bir neçə ayda bir dəfədən çox olmamaq şərti ilə hər hansı bir əşyasını gətirib ora qoymaqla həmin yaşayış sahəsindən zirzəmi kimi istifadə edir. Həyat yoldaşı Həsənov Həsən ilə birgə nikahlarından X10, X9 və X11 adlı üç övladları vardır. Fəridə və Pərviz Abbasovlar küçəsi, ev 4 ünvanında yerləşən daşınmaz əmlakın ümumi sahəsi 183.90 kv.m-dir. Həmin sahənin bir hissəsini Cavabdeh1 halhazırda qapısını bağlayıb zirzəmi kimi istifadə etdiyi üçün onun iki oğlu yaşayış sahəsinin altında yerləşən yarımzirzəmidə azyaşlı övladları və həyat yoldaşları ilə birgə yaşayırlar. Dəfələrlə Cavabdeh1 qeyri-qanuni olaraq qapısını bağladığı yaşayış sahəsindən çıxmasını xahiş etsələr də, o bu xahişlərə əməl etməmiş, qanunsuz olaraq bu yaşayış sahəsinin qapısını qıfıllayaraq həmin yaşayış sahəsini istifadəsindən məhrum etmişdir. Qeyd edilən yaşayış sahəsinə övladlarından hər hansı birini yerləşdirmək niyyətindədir. Lakin Cavabdeh1 həmin sahənin qapısını bağlayaraq ora ev sahiblərinin girməsinə maneçilik törətmiş, mülkiyyətçinin əmlak üzərində olan sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsinə imkan verməmişdir. Cavabdeh1 əsassız olaraq heç bir sübut olmadan, həmin yaşayış sahəsinə hüququ olduğunu iddia edir, lakin onun həmin yaşayış sahəsinə hüququ heç bir qanuni sənədlə sübuta yetirilmir. Sadəcə qeydiyyata düşdükləri zamanda mənzil kommunal istismar sahələrinə verilən tapşırığa əsasən evdə kirayə yaşayan şəxslər kirayə qaldıqları evdə məcburi qeydiyyata düşməli idilər. Məhkəməyə təqdim olunmuş sənədlərdən belə görünür ki, həmin ev barədə ondan başqa heç bir şəxs ev barədə sahiblik, istifadə və sərəncam hüququnu həyat keçirə bilməz. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-280/2022 saylı, 05 yanvar 2022ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10.000 manat məbləğində kompensasiya ödəməklə, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsi, 4 saylı fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsi, 4 saylı fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsi, 4 saylı fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Həmin qətnamədən cavabdehlərin nümayəndəsi-vəkili apellyasiya şikayəti verərək onun dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və X4 10.000 manat məbləğində kompensasiya ödəməklə, cavabdehlər X3 və Cavabdeh4 sözü gedən yaşayış evinə istifadə huquqlarına xitam verilməsini qəbul etməyərək mübahisələndirirlər. Hesab edirlər ki, mübahisanin düzgün həlli üçün əhəmiyyətli hesab edilən ƏEM/D 129-1252/21 24 dekabr 2021-ci il tarixli mütəxəssis rəyi nəzərə alınmayıb və bu hissədə araşdırma aparılmayıb. Rəyə əsasən mübahisəli fərdi yaşayış evin mövcud vəziyyəti, yerləşdiyi ərazi, ümumi sahəsi, tikilinin konstruksiyası, aşınması və xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən cavabdehlərin yaşadığı Bakı şahəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsi, 4 saylı fərdi yaşayış evində yerləşən 50,0 kv.metr yaşayış sahəsinin orta aylıq kirayə haqqının müəyyən edilməsi ünvanının 24 dekabr 2021-ci il tarixinə 400 manat təşkil edir. Məhkəmənin təyin etdiyi 10.000 manat məbləğində kompensasiya yaşayış sahəsindən istifadə etmək hüququnun xitamının əvəzinə iddiaçının hesabına cavabdehlərə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmiş, eyni zamanda bildirmişdir ki, cavabdehlərdən Cavabdeh3 2008-ci ildə ailə qururaraq sözügedən ünvandan köçərək başqa ünvanda yaşayır, Cavabdeh4 isə 2007-ci ildə ailə qururaraq sözügedən ünvandan köçərək başqa ünvanda yaşayır. Digər cavabdehlər Fəridə ilə Mehriban isə həmin ünvanda yaşayırlar və bütün əşyaları mənzildədir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili isə şikayətin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Eyni zamanda kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini, tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10.000 manat məbləğində kompensasiya ödəməklə, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsi, 4 saylı fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsi, 4 saylı fərdi yaşayış evindən çıxarılmaları” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, qətnamə qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri İH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 17.01.2000-ci il tarixli, FM seriyalı, 007477 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 11 Nevyezdnoy (Fəridə və Pərviz Abbasovlar) küçəsində yerləşən, 8 otaqlı, 90.3 kv.m. yaşayış sahəsindən, 183.9 kv.m ümumi sahədən ibarət olan 4 saylı ev İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsində yerləşən, 183.9 kv.m ümumi sahədən ibarət olan 4 saylı ev İddiaçı adına xüsusi mülkiyyət kimi ********** nömrə ilə 03.03.2020-ci il tarixdə təkrar qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası DİN-in 29.09.2021-ci il tarixli, ******* saylı arayışından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Bakı Regional Qazın Satışı Departamentinin 21.10.2021-ci il tarixli məktubundan görünür ki, 01.01,2010-cu il tarixində ünvan 3 ünvanı üzrə Cavabdeh1 məxus **********00020 nömrəli istehlakçı hesabı açılaraq X2 Sistemində qeydiyyata alınmışdır. 14.12.2011-ci il tarixində ******* nömrəli G-4 markalı mexaniki tipli sayğac quraşdırılaraq qeydiyyata alınmışdır. "xxxx" ASC-nin 19.10.2021-ci il tarixli məktubundan görünür ki, abonent kodu **********4000A olan Cavabdeh1 mənzilinə 10.07.1998-ci il tarixdən elektrik enerjisindən istifadəyə görə müvafiq sayğac quraşdırılmış və 27.01.2009- cu il tarixdə 11289015 saylı sayğac A310812204M229333 saylı sayğacla əvəz olunmuşdur. "xxxx" MMC-nin 14.10.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsi 4 saylı evə telefon xətti 16.10.2000ci il tarixində *** ** ** saylı nömrə verilməklə çəkilmiş və Cavabdeh1 adına rəsmiləşdirilmişdir. 31.05.2011-ci il tarixindən isə *** ** ** saylı nömrə *** ** ** saylı nömrəyə dəyişdirilmişdir. "xxxx" ASC-nin 29.10.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanının su təchizatı xidmətindən istifadəyə görə hesabatının aparılması üçün təqdim etdilən sənədlərə istinadən 01.01.2004-ci il tarixində Cavabdeh1 ilə 10669859 nömrəli müqavilə bağlanaraq "xxxx" ASC-nin elektron abonent bazasında adına **********000 saylı abonent kodu açılmış normativə uyğun olaraq ailə tərkibinə əsasən hesabat aparılır. Ümumilikdə abonentin hesabına 448.84 manat vəsait ödənilmişdir. Hazırda su təchizatı xidmətindən istifadəyə görə abonentin hesabında 11.00 manat borc var. Qeyd edilən borc normativə uyğun olaraq ailə tərkibinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. “Əmlak Ekspert Mərkəzi" MMC tərəfindən verilmiş 24.12.2021-ci il tarixli hesabatdan görünür ki, Cavabdeh1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsi, 4 saylı fərdi yaşayış evində yerləşən 50,0 kv.metr yaşayış sahəsinin orta aylıq kirayə haqqı 24.12.2021-ci il tarixinə 400 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi 4 saylı evin mülkiyyətçisi iddiaçıdır. Həmçinin, müəyyən edilmişdir ki, cavabdehlərdən Cavabdeh1 1983-cü ildən, Cavabdeh2 Ağşir qızı 1995-ci ildən mübahisəli Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsi 4 saylı evdə qeydiyyatda olmaqla yaşayırlar. Eyni zamanda müəyyən edilmişdir ki, digər cavabdehlər Cavabdeh3 1984-cü ildən, Cavabdeh4 isə 1985ci ildən qeyd olnan ünvan üzrə qeydiyyatda olmaqla yaşamışlar. Cavabdeh3 2008-ci ildə ailə qururaraq sözügedən ünvandan köçərək başqa ünvanda yaşayır, Cavabdeh4 isə 2007-ci ildə ailə qururaraq sözügedən ünvandan köçərək başqa ünvanda yaşayır. Hazırda iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağşir qızına 10.000 manat kompensasiya ödənilməklə, digər iki cavabdehin isə kompensasiya verilmədən mənzildən istifadə hüquqlarına xitam verilməsini tələb edir, cavabdehlər isə iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə Kollegiyası aşağıdakıları qeyd etməyi vacib hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ nəinki mülkiyyətçinin təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış öz mülahizəsinə görə və maraqlarına uyğun sərbəst hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, Məcəllənin 152-ci maddəsində təsbit etmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Tərəflər arasındakı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin (məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırkı mübahisə üzrə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsi tətbiq olunmalıdır) Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqları malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Adı çəkilən Məcəllənin 123-cü maddəsinə görə isə, “yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır”. İstinad olunan Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, “kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir”. Həmin Məcəllənin 87-ci maddəsinə görə isə, “kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin.Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Bu məsələnin həlli istifadəçinin və ya məhkəmənin mülahizəsindən asılı deyil. Eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin istifadə hüququnun xitamı zamanı onun elə bir əvəzləşdirilməsi olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. İnsan hüquqları haqqında Ümumi Bəyənnamənin 25-ci maddəsinə əsasən hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq və yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən mərhum olduğu hallarda təminat hüququna malikdir. İqtisadi, sosial, və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 11-ci maddəsinə görə bu Paktda iştirak edən dövlətlər hər kəsin özü və ailəsi üçün, kifayət qədər qida, paltar, mənzil, həmçinin həyat şəraitinin fasiləsiz yüksəlişi daxil olmaqla, qənaətbəxş həyat səviyyəsinə nail olmaq hüququnu tanıyırlar. İştirakçı dövlətlər bununla əlaqədar azad razılığa əsaslanan beynəlxalq əməkdaşlığın mühüm əhəmiyyətini etiraf edərək, bu hüququn təmin olunması üçün lazımi tədbirlər görməyi qərarlaşdırmışlar. Məhkəmə Kollegiyası daha sonra qeyd edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. İddiaçı qeyd edir ki, mülki iş icraatda olan zaman yaşayış sahəsinin aylıq kirayə qiymətinin müəyyən olunması üçün X19 Estate şirkətinə sorğu verilmiş, sorğuya cavab olaraq ünvan 5 ünvanında yerləşən yaşayış sahəsinin bu gün üçün aylıq kirayə qiymətinin 110-130 manat intervalında dəyişdiyi bildirilmişdir. İşdə olan rəylərdən aydın olur ki, mübahisəli mənzilin yerləşdiyi ərazi üzrə şəraiti, sahəsi, texniki göstəriciləri baxımından oxşar mənzillərin orta kirayə haqqının məbləği 400 manat təşkil edir. Belə ki, apellyasiya icraatında təyin edilmiş təkrar qiymətləndirmə rəyindən, yəni "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 05 may 2022-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatından görünür ki, aparılmış təhlillərə və hesablamalara görə Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsində yerləşən 4 saylı evin orta aylıq kirayə haqqı 350-400 manat təşkil edir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təklif edilən 10.000 manat məbləğində pul vəsaiti ilə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsi üçün kifayət etdiyini hesab etmişdir və nəticəyə gəlmişdir ki, təklif olunan məbləğ cavabdehə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Göründüyü kimi, kompensasiyanın məbləği müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Cavabdeh yaşayış sahəsindən ancaq istifadə etmək hüququna malikdir və kompensasiya həmin hüququn itirilməsinin əvəzi kimi ona təklif olunan pul məbləğidir. Yəni sadə baxışla yanaşılsa, mübahisəli münasibətin sonunda mənzilin tərkib hissəsindən istifadə etmək hüququ olan şəxs həmin hüququ itirir və qanun bu hüququn əvəzli xitamını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin mənasına görə mülkiyyətçinin ödəməli olduğu kompensasiyanın məbləği, mənzil istifadəçisinin itirdiyi istifadə hüququnun ədalətli əvəzinə bərabərdir. Məhkəmə Kollegiyası iddiaçının təklif etdiyi 10.000 manat kompensasiya məbləğinin yuxarıda qeyd edilənlərə əsasən ədalətli hesab etməməklə yanaşı, kompensasiyanın məbləğini 15.000 manat müəyyən etmiş, lakin iddiaçı kompensasiya məbləğinin 10.000 manatdan yuxarı artırılması ilə razılaşmamış, bu barədə mövqeyinin qəti olduğunu bildirmişdir. Belə ki, verilməli olan kompensasiyanın hansı məbləğdə olması məhkəmə tərəfindən müəyyən edilməlidir. Kompensasiya məbləğinin yetərli olmadığına görə iddianı rədd edən, lakin yetərli kompensasiya məbləğini müəyyən etməyən məhkəmə qətnaməsi, həm əsaslılıq, həm də hüquqi müəyyənlik tələbinə cavab vermir. Çünki iddiaçı, tələbinin nəyə görə rədd olunmasının səbəbini, yəni ödəməli olduğu kompensasiyanın məbləğini qətnamədən müəyyən edə bilmirsə, mücərrəd hüquqi vəziyyətlə qarşılaşmış olur. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Odur ki, Apelyasiya instansiyası məhkəməsi, iddiaçının cavabdehlərə təklif etdiyi kompensasiya məbləğini yetərli saymadıqda, həmin məbləği özü müəyyən etməlidir. Çünki Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda qeyd olunan qərarında hesab etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təklif etdiyi 10.000 manat kompensasiya məbləği yuxarıda qeyd edilənlərə əsasən ədalətli hesab etməməklə yanaşı, apellyasiya məhkəməsi kompensasiyanın məbləğini 15.000 manat müəyyən etsə də, lakin iddiaçı kompensasiya məbləğinin 10.000 manatdan yuxarı artırılması ilə razılaşmadığından, kompensasiya ödəməyə razı olmadığı müəyyən edildiyindən apellyasiya şikayəti həmin hissədə təmin olunmalıdır. Digər cavabdehlərə, yəni cavabdehlər Cavabdeh3 və Cavabdeh4 aid hissədə isə məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, həmin hissədə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə həmin hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Çünki, yuxarıda qeyd olunan qüvvədə olmuş Mənzil Məcəlləsinin normalarına əsasən, həmçinin, iş materialları və tərəfləri izahatları ilə müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 ailə quraraq başqa ünvana köçmələri ilə bağlı mübahisəli evdən istifadə hüquqlarını itirmişdirlər. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-280/2022 saylı, 05 yanvar 2022ci il tarixli qətnaməsi qismən, yəni “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10.000 manat məbləğində kompensasiya ödəməklə, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsi, 4 saylı fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsi, 4 saylı fərdi yaşayış evindən çıxarılmaları” hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə ödənilmiş dövlət rüsumları onu ödəmiş şəxslərin özlərinə aid olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-2111/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2111/2022
01.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver