Məhkəmə qərarları › İş №2(103)-2111/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2111/2024

02.04.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2111/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: evdən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli 2(001)-793/2024 nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə 02 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin ÖH seriyalı 031498 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 9/25 saylı evin 8 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1044 nömrəli reyestr kitabında xx.xx.2000-ci il tarixdə qeydiyyat aparılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 9/25 saylı evin 8-ci mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, onun Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 9/25 saylı evin 8-ci mənzili qeydiyyat vəsiqəsi ilə tam mülkiyyət hüququna əsasən ona məxsusdur. Ev qanuni sənədlərlə ona məxsus olmasına baxmayaraq hazırda cavabdeh yaşayır. Dəfələrlə cavabdehə demişdir ki, evdən çıxsın, lakin cavabdeh evindən çıxmır. 2003-cü ildən bu günə kimi cavabdeh onun evini qanunsuz olaraq zəbt etmişdir. Dəfələrlə cavabdehlə söhbəti olmuş, lakin evindən çıxmır. Onu evinə buraxmır.

4. 31.07.2023-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon Poils İdarəsinə etdiyi müraciətdə iddiaçı göstərmişdir ki, mənzilini cavabdehə aylıq 200 manata kirayə vermiş, lakin 100 manat təmirə çıxmış və ona hər ay 100 manat kirayə haqqı vermiş, lakin 2023cü ilin may ayından kirayə haqqını ödəməyi dayandırmışdır.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 08 yanvar 2024-cü il tarixli 2(001)-793/2024 nömrəli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddia təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 9/25 saylı evin 8-ci mənzildən çıxarılması qət edilmişdir.

6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, hazırda cavabdeh iddiaçının iradəsinə zidd olaraq sonuncuya qanuni əsaslarla məxsus olan mənzili zəbt etməklə iddiaçının həmin mənzildən istifadə etməsinə maneə yaradır. Belə olan halda, iddiaçı hazırki iddianı qaldırmaqda haqlı olmuşdur. Ona görə də iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 9/25 saylı evin 8-ci mənzildən çıxarılmalıdır.

7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.2, 157.4, 157.5, 157.8 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçının razılığı ilə həmin mənzilə köçərək yaşamış, hər ay kirayə haqqı ödəməklə, mənzili öz vəsaiti hesabına təmir etdirmişdir. Özünə məxsus mənzili əmlak bölgüsündən yayındırmaq üçün formal alqı-satqı müqaviləsi əsasında iddiaçının arvadına, yəni öz bacısına vermiş, həmin mənzili tərk edərək mübahisəli mənzilə iddiaçının razılığı ilə köçmüşdür. Məhkəmə çəkişmə zamanı iddianı qəbul etməyinin səbəbi bacısının onu aldatması, evdən könüllü çıxacağı halda mübahisəli mənzilin əsaslı təmirinə xərclədiyi təmir pulunu və ona məxsus olmuş mənzili ona geri qaytarmağı olmuşdur. Hazırda həm özünə məxsus mənzildən, həm mübahisəli mənzil üçün ödədiyi kirayə ödənişlərindən və təmirə sərf olunmuş vəsaitdən məhrum edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qeyd etdi ki, cavabdeh bir ilə yaxındır kirayə haqqını ödəmir, nə də mənzili boşaltmır. Hazırda mənzil onun özünə lazımdır.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 43-cü maddəsində görə isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

15. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

16. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

17. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

18. Maddə 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

27. Göründüyü kimi mübahisəli mənzil iddiaçının mülkiyyətindədir.

28. Müəyyən edilmişdir ki, tərəflər arasında kirayə münasibətləri olmuş, cavabdeh mübahisəli mənzildə yaşamış və aylıq kirayə haqqı ödəmişdir.

29. İddiaçı bildirir ki, bir ilə yaxın müddətdir ki, cavabdeh kirayə haqqını ödəmir.

30. İş materiallarından müəyyən edilir ki, 2023-cü ilin may ayından cavabdeh kirayə haqqını ödəməmişdir.

31. Qanunvericiliyin tələbinə əsasən kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər.

32. İddiaçı hazırki iddianı qaldırmaqda haqlı olmuşdur.

33. Cavabdeh birinci instansiya məhkəməsində hazırlıq iclasında iddianı qəbul etdiyini, ancaq evdə təmir işləri apardığını və həmin pulu iddiaçılardan tələb etdiyini bildirmişdir.

34. Cavabdeh apellyasiya şikayətində ona məxsus mənzilin iddiaçının arvadı, yəni öz bacısı tərəfindən geri qaytarılmaması, mübahisəli mənzilin təmirinə xərclədiyi puldan məhrum olduğunu göstərmişdir.

35. Kollegiya qeyd edir ki, göstərilən bu dəlillər haqlı iddia tələbinin rədd edilməsinə əsas vermir və cavabdeh göstərilənlərlə bağlı müstəqil iddia qaldırmaq hüququna malikdir.

36. Baxılan iş üzrə mübahisəli mənzilin mülkiyyətçisi olan iddiaçı haqlı olaraq cavabdehin ona məxsus mənzildən çıxarılmasını tələb etmişdir, məhkəmə tərəfindən isə əsaslı olan iddia tələbi təmin edilmişdir.

37. Apellyasiya şikayətində isə qanuni və əsaslı olan qətnamənin dəyişdirilməsi və ləğv edilməsi üçün hər hansı müəyyən edilməmişdir.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-793/2024 nömrəli iş üzrə 08 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar