Məhkəmə qərarları › İş №2(103)-2111/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2111/2025

14.04.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2111/2025 14.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X8 cavabdeh X1rşı iş üzrə (Açar sözlər: mənzilin özəlləşdirilməsi üçün razılıq verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı X8 (Azərbaycan Respublikası Müdafiə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh Həsənova (Haşumova) Yelena Rəşidovnaya qarşı “mənzilin özəlləşdirilməsi üçün razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-1482/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. xx.xx.1980 tarixli, 1/108 nömrəli 26 Bakı Komissarı rayon X10 İcraiyyə Komitəsinin qərarında qeyd olunanlara əsasən, X20 23 nömrəli hərbi zavodda işləyir. 23 nömrəli hərbi zavodun qərarı ilə R.A.Haşumova və onun dörd nəfərlik ailə üzvünə (X17, X2, Cavabdeh, X11) Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, İ.Ağayev küçəsi, ev 3 ünvanında yerləşən, 2 otaqlı, 32,5 kv.m sahəsi olan 145 nömrəli mənzil verilir.

2. X4 xx.xx.1983-cü il tarixdə, X20 xx.xx.2004-cü il tarixdə vəfat etmişlər.

3. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov küçəsi, ev 14, mənzil 8 xx.xx.2003-cü il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir.

4. Bakı Qarnizonu Mənzil İstismar Hissəsinin 7 №li Mənzil İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli aktından görünür ki, 7 nömrəli Mənzil-istismar sahəsinin mühasibi Sevda Əliyeva, qeydiyyatçı kargüzarı Elmira Əfəndiyeva, texnik Ramin Salmanov aktı balanslarında olan İ.Ağayev küçəsi 3 saylı binanın 145-ci mənzilində qeydiyyatda olan X6 həmin mənzildə yaşaması və qonşuların aktının doğruluğu ilə əlaqədar tərtib edirlər. xx.xx.2022-ci il tarixində yuxarıda qeyd olunan tərkibdə komissiya üzvlərinin iştirakı ilə mənzildə olmuşlar. X12 mənzildə yaşamaması tərəflərindən sübut olundu və akt tərtib edildi. Akt aidiyyəti təşkilatlara təqdim etmək üçün tərtib olunur.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, mərhumun vərəsələrindən birinin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, İqor Ağayev küçəsi, 3 saylı evin, 145 saylı mənzilinə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərə (vərəsəlik dairəsinin müəyyən olunması barədə müvafiq notariat ofisinin məktubu və arxiv arayışı əlavə olunmaqla) həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə notarial qaydada təsdiqlənmiş razılıq ərizələri və mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) əlavə olunmaqla “ASAN Xidmət” Mərkəzlərinə müraciət edəcəyi təqdirdə ərizəyə qanunamüvafiq qaydada baxılacaqdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 № forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir.

6. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar Xidmətinin xx.xx.2024-cü il tarixli, 210 nömrəli arayışına əsasən ünvan 2 ünvanında yerləşən bina Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsusdur və mənzildə X18, Cavabdeh, X15, X19 qeydiyyatdadırlar.

7. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar Xidmətinin xx.xx.2024-cü il tarixli, 226 nömrəli məktubuna əsasən hazırda mənzildə R.A.Haşumovun qızı Cavabdeh, qızı X18 və nəvəsi X15 qeydiyyatdadırlar.

8. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar Xidmətinin xx.xx.2024-cü il tarixli, 6436 nömrəli məktubundan görünür ki, X17 ünvan 3 ünvanına verilmiş 19 mart 1980-ci il tarixli, 184516 nömrəli order daimi orderdir və sözügedən yaşayış sahəsi Müdafiə Nazirliyinin balansındadır. Azərbaycan Respublikasının hərbi qulluqçularının statusu haqqında qanunun 12-ci maddəsinin 2-ci bəndinə əsasən qeyd olunan ünvanın özəlləşdirilməsi ümumilikdə məqsədəuyğun hesab edilmir.

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı X18 cavabdeh Həsənova (Haşumova) Yelena Rəşidovnaya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xx.xx.2004-cü il tarixində vəfat etmiş atası X13 miras qalmış, ünvan 4 ünvanda yerləşən daşınmaz əmlakın özəlləşdirilməsi üçün razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X16 1980-ci ildə 23 nömrəli Hərbi Zavodda işlədiyi dövrdə Bakı ş., keçmiş 26 Bakı Komissarı rayon X10 İcraiyyə Komitəsinin (indiki Səbail) 1/108 saylı xx.xx.1980-ci il tarixli orderi əsasında Badamdar qəs., 2-ci Neftçi döngəsi, ev 3, blok 14, 5-ci mərtəbə ev 145 ünvanda yerləşən 2 otaqlı evi 4 nəfərdən ibarət olan ailə üzvünə verilmişdir. Ailə üzvlərinin tərkibi atası X20, anası X5, bacısı X14 və İddiaçı Raşidovnadan ibarət olmuşdur. İddiaçı ailə üzvləri ilə həmin evə köçüb yaşamışdırlar. İddiaçı və bacısı həmin evdə bu günədək qeydiyyatdırlar. İddiaçının anası xx.xx.1983-cü il tarixində, atası isə xx.xx.2004-cü il tarixində vəfat etmişdir. Hazırda iddiaçı X7 xx.xx.2004-cü il tarixində vəfat etmiş atası X13 miras qalmış, ünvan 4 ünvanda yerləşən daşınmaz əmlakın özəlləşdirilməsini istəyir. O, bu barədə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin bundan xx.xx.2003-cü il tarixli cavab məktubu ilə imtina edilmişdir. İddiaçı həmin mənzili özəlləşdirmək istəsə də, cavabdeh buna razılıq vermir. İddiaçının həmin mənzili özəlləşdirməsi üçün cavabdehin razılığının alınması zərurəti yaranmışdır.

11. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

12. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi bildirmişdir ki, 2019-cu ilə qədər daimi orderi olan şəxslər mənzilləri özəlləşdirmişlər. Amma 2019-cu ildən sonra özəlləşdirməyə dair razılıq məktubu Müdafiə Nazirliyi tərəfindən Əmlak Komitəsinə verilmir. O vaxt mənzilə dair order verildiyi üçün kirayə müqaviləsi bağlanılmayıb.

13. Cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək qeyd etmişdir ki, 2004-cü ildə ataları dünyasını dəyişmişdir. Həmin vaxtdan iddia ilə müraciət edə bilərdilər. Ümumi müddət də keçmişdir. Bu məsələ iddiaçı tərəf üçün vacib idisə, 20 il öncə özəlləşdirməklə bağlı iddia qaldıra bilərdi. Mənzil fondunda mənzilin təyinatı dəyişdirilməlidir. Ev Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin balansındadır və həmin evin statusunu dəyişdirmədən, yəni Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil fondundan çıxarmadan iddia tələbinin təmin olunması mümkünsüzdür. Göstərilənlərə əsasən iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsi məhkəmədən xahiş etmişdir.

14. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)- 1482/2024 nömrəli qətnaməsi ilə (hakim R.N.Qafarova) iddia tələbi təmin edilməmişdir.

15. Məhkəmə hesab etmişdir ki, mübahisəli mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil statusunda olmaqla dövlət mənzil fonduna aid olmadığından yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri baxımından onun statusu dəyişdirilmədən, yəni Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil fondundan çıxarılmadan özəlləşdirilməsi mümkünsüzdür.

16. Bundan əlavə, məhkəmə iddia tələbinin dəlilləri ilə bağlı qeyd etməyi də zəruri sayır ki, mənzilin statusu onun özəlləşdirilməsinə hüquqi zəmin yaratdığı təqdirdə belə bu halda özəlləşdirmə haqqında qanunvericilikdə mənzilin kirayəçisinə mənzil özəlləşdirilərkən digər ailə üzvlərinə münasibətdə üstünlük hüququnun olması nəzərdə tutulmamışdır.

17. Məhkəmə daha sonra qeyd etmişdir ki, mənzildə ailə üzvlərinin hər hansı birinin adına özəlləşmənin həyata keçirilməsinə yazılı razılıq verməməsi digər ailə üzvlərinin hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Belə olan halda mübahisəli mənzil qanunvericilikdə təsbit edildiyi kimi, bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Ailə üzvlərindən birinin digərinin adına özəlləşməyə razılıq verməyi könüllüdür və bu halda razılıq verən şəxs həmin mənzilə əldə edə biləcək mülkiyyət hüququndan könüllü imtina edir.

18. Məhkəmə hesab etmişdir ki, mənzildə qeydiyyatda olan cavabdehin mənzilin özəlləşdirilməsi üçün razılıq ərizəsi verməsi sonuncunun hüququdur. Yəni, o bu razılığı verməyə borclu deyil və məcburən, hər hansı formada (məhkəmə qaydasında) bu razılığı verməli deyildir. Belə ki, özəlləşməyə razılıq könüllülük prinsipinə əsaslanır.

19. Yuxarıda qeyd edildiyi kimi, cavabdeh də mübahisəli mənzilə iddiaçı ilə bərabər eyni hüquq və vəzifələrə malik olmaqla, mənzilin onun da adına paylı şəkildə özəlləşdirmək hüququ vardır.

20. Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisəli mənzilin özəlləşdirilməsinə cavabdeh tərəfindən manelər yaradılması sonuncunun həmin mənzil üzərində qanunla qorunan və tanınan hüquqları ilə bağlıdır və bu məhkəmə qaydasında aradan qaldırılmalı olan maneə kimi qiymətləndirilə bilməz. Bundan əlavə, məhkəmə hesab edir ki, mənzilin özəlləşdirilməsinin cavabdehin razılığı nəzərə alınmadan aparılması birbaşa sonuncunun hüquqlarının pozulması ilə nəticələ bilər.

21. Məhkəmə, cavabdeh tərəfin hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə münasibət bildirərək hesab edir ki, hazırki mübahisədə mənzilin özəlləşdirilməsinin mümkünsüzlüyü tək cavabdehin buna yazılı razılıq verməməsi ilə bağlı deyil, onun statusunun dövlət mənzil fonduna aid olmaması ilə də birbaşa əlaqəlidir.

22. Məhkəmə qeyd edir ki, mənzilin özəlləşdirilməsi könüllük prinsipinə əsaslanır və bu proses mənzilə istifadə hüququ olan şəxslərin təşəbbüsü ilə qanunvericiliklə müəyyən edilmiş qaydada baş verməsi qanunla tənzimlənir. Yəni, qanunverici birmənalı olaraq mənzilin özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində (orderdə) göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bunlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilməsini təsbit etmişdir.

23. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə olan halda iddia müddətinin tətbiqi ilə bağlı məsələyə münasibət bildirilməsinə məhkəmə zərurət görmür.

24. Məhkəmə öz mövqeyini «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Qanun»un 1, 3, 5, 8, 12-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə, Azərbaycan Respublikasının hərbi qulluqçularının statusu haqqında qanunun 12-ci maddəsinin 2-ci bəndinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

25. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə göstərilən səbəblərdən order əsasında mənzilə sahiblik edən və müxtəlif səbəblərdən özəlləşdirməni həyata keçirməmiş şəxslərə mülkiyyətçidən fərqli münasibət göstərilməsi hüquqimüəyyənlik, qanunçuluq və ədalət prinsipinə tamamilə ziddir. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mənzil üzərində istifadə, sərəncam və sahiblik hüququ X17, o həyatda olmadıqda isə qanuni vərəsəsinə məxsusdur. Göründüyü kimi, Ali Məhkəmənin və AİHM-in formalaşdırdığı məhkəmə təcrübəsinə əsasən, orderli mənzil mülkiyyət hüququnun əhatə dairəsindədir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6418/2025 saylı iş üzrə icraatında X8 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinə qarşı ünvan 5 ünvanda yerləşən daşınmaz əmlakın özəlləşdirilməsi üçün razılıq verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidməti üzərinə qoyulmasına dair mübahisə vardır. İşin hallarından aydın olduğu kimi, cavabdehin bildirdikləri qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib deyildir, ədalətli balansı pozmaqdadır və iddiaçının mülkiyyət hüququna birbaşa qeyri-mütənasib konstitusion prinsiplərə zidd müdaxilədir. Nəticə olaraq, məhkəmə cavabdehin hüquqlarının iddiaçının mülkiyyət hüquqlarına müdaxiləsini, məhdudlaşdırmasını düzgün əsaslandırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

28. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 ərizə ünvanlayaraq məhkəmə iclasında üzürlü səbəblərdən iştirak edə bilməyəcəyini bildirmiş və iş üzrə baxışın təxirə salınmasını xahiş etmiş, lakin üzürlü səbəblərin nədən ibarət olduğunu bildirməmiş və buna dair sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

29. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikası vətəndaşlarının, habelə, vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada və əvəzsiz olaraq şəxsi mülkiyyətə keçirmək hüququ vardır. Maddə 3. Mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir. Maddə 6. Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər; Memarlıq, tarixi və mədəni abidə sayılan binalardakı mənzillər özəlləşdirildikdən sonra həmin binaların arxitektura görkəmini pozmaq, binanın mədəni, tarixi dəyərinə xələl gətirmək qadağan edilir. Həmin binalar satılarkən onları almaqda dövlət üstün hüquqa malikdir. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Hazırkı işdə iddia təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.

34. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş, nəticədə işin hallarına uyğun olmayan qətnamə qəbul edilmişdir.

35. İşdən aydın olur ki, Keçmiş 26 Bakı Komissarı rayon X10 İcraiyyə Komitəsinin 1/108 saylı saylı, xx.xx.1980-ci il tarixli qərarı əsasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, İ.Ağayev küçəsi, ev 3 ünvanında yerləşən, 2 otaqlı, 32,5 kv.m sahəsi olan 145 nömrəli mənzil 184516 nömrəli, xx.xx.1980-ci il tarixli order ilə X17, arvadı X2, onların uşaqları – hazırki iş üzrə tərəflərin istifadəsinə verilmişdir. X4 xx.xx.1983-cü il tarixdə, X20 isə xx.xx.2004-cü il tarixdə vəfat etmişlər.

36. İddiaçı mübahisəli mənzili atasından qalmış miras əmlak kimi qiymətləndirərək onun özəlləşdirilməsi ilə bağlı xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin sonuncu tərəfindən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci və “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrinin tələblərinə istinad edilməklə xx.xx.2023-cü il tarixli məktub ilə imtina edilmişdir.

37. Hazırda iddiaçı mənzilin özəlləşdirilməsi üçün razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir.

38. Kollegiya ilk növbədə qeyd edir ki, yuxarıda istinad olunan “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələblərinə əsasən şəxsin yaşadığı mənzilli bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.

39. Həmin Qanunun 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsiplərindən biri mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanmasıdır.

40. Qanunvericiliyin tələblərindən göründüyü kimi, cavabdehin mənzilin özəlləşdirilməsində iştirak etməsi onun hüququ olduğundan və mənzilin özəlləşdirilməsi tam könüllüyə əsaslandığından, o, məhkəmənin qətnaməsi ilə belə razılığın verilməsinə məcbur edilə bilməz.

41. Nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

42. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasını rədd edərkən ilk növbədə mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil statusunda olmaqla dövlət mənzil fonduna aid olmadığından yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri baxımından onun statusu dəyişdirilmədən, yəni Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil fondundan çıxarılmadan özəlləşdirilməsi mümkünsüzdür.

43. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, hazırki iddia tələbi mənzilin özəlləşdirilməsi üçün cavabdehdən razılığın alınması barədədir, mənzilin özəlləşdirilməsinin mümkün olub-olmaması isə növbəti mərhələ olmaqla özəlləşdirməni həyata keçirən inzibati orqanla mənzili özəlləşdirməyə hüququ olan şəxslər arasında olan münasibətlərə aiddir.

44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmin əsasla da iddianı rədd edərkən haqlı olmamış, maddi hüquq normalarının tədbiqində səhvə yol vermişdir. Bu isə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır.

45. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilmədiyindən cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibət bildirilməsinə zərurət yoxdur.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı X18 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)- 1482/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı X8 cavabdeh Həsənova (Haşumova) Yelena Rəşidovnaya qarşı “mənzilin özəlləşdirilməsi üçün razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar