Məhkəmə qərarları › İş №2(103)-2113/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2113/2021

27.01.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2113/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6492/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, X1 və yetkinlik yaşına çatmayan Hüseyn-X2 Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 133, mənzil 20-də yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6492/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərardadı ilə ərizənin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardaddan iddiaçı şikayət vermiş, şikayətin dəlilləri ondan ibarətdir ki, cavabdeh qismində qoyulmuş şəxs mənzilin mülkiyyətçisinin ərizəsi əsasında qeydiyyata alınmış şəxs yox, məhz mənzilin əvvəlki mülkiyyətçisinin özü və onun ailə üzvləridir, belə olan halda hazırkı işə inzibati qaydada deyil, mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Göstərilənləri nəzərə alaraq, qərardadın ləğv edilməsini, iddia ərizəsinin icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6492/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edib onun məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakları olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6492/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli və iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki iş həmin rayon məhkəməsinə göndərilməlidir. Belə ki, rayon məhkəməsi öz qərardadında iddia ərizəsini geri qaytararkən Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, həmin maddəyə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, iddiaçı, mənzilin keçmiş mülkiyyətçisi və onun ailə üzvləri olaraq qeydə alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin (şəxslərin) qeydiyyatına xitam verilməsi ilə bağlı ilk növbədə inzibati orqana müraciət etməli, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə isə həmin orqanın imtinasından şikayət ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət etməli idi. Rayon məhkəməsi öz qərardadında “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli Qərarına (... “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər) istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, rayon məhkəməsi hazırkı iş üzrə iddiaçının iddia ərizəsini icraata qəbul etməkdən imtina edərkən prosessual pozuntuya yol verərək MPMin sözügedən normasını və Konstitusiya Məhkəməsinin həmin qərarının müddəalarını düzgün təfsir etməmişdir. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan prosessual hüquq normaları pozulduğundan şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6492/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli və iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki iş rayon məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6492/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və İddiaçı ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki işin materialları Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar