Məhkəmə qərarları › İş №2(103)-2114/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2114/2022

16.03.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2114/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil3 və cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh «Team İndustrial Services Limited» şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “işə bərpa və s.” tələbinə dair iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə İddiaçı arasında bağlanmış 27.05.2019-cu il tarixli əmək müqaviləsinin 2.1-ci bəndinin etibarsız hesab edilməsi, iddiaçının əvvəlki iş yerinə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının verilməsi, iddiaçıya vurulan mənəvi ziyana görə isə cavabdehdən 100000 manat məbləğində təzminatın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova, iş №2(005)-4210/21) iddia qismən təmin olunaraq, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Əzizova Aygün Rüstəm qızının işdən azad edilməsi barədə əmri ləğv edilmiş, İddiaçı ilə bağlanmış 27.05.2019-cu il tarixli əmək müqaviləsində müqavilənin müddətini müəyyən edən 2.1-ci bənd etibarsız sayılmış, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialında onunla bağlanan əmək müqaviləsi müddətsiz hesab edilməklə əvvəlki vəzifəsi üzrə işə bərpa edilmiş və ona işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta əmək haqqı ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş və qətnamənin ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı tərəflər aralarındakı mübahisəni barışıqla həll etdiklərini bildirərək bağlanmış barışıq sazişini məhkəməyə təqdim etmiş və onun təsdiq olunmasını, mülki işin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası barışıq sazişinin təsdiq olunması ilə bağlı tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, barışıq sazişi təsdiq olunmalı və bununla bağlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsində isə təsbit edilmişdir ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, həmin barışıq sazişi təsdiq olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 391, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Tərəflər, yəni İddiaçı (nümayəndəsi və vəkili Vəkil3 Gülamədddin oğlu tərəfindən təmsil olunmaqla) və Team İndustrial Services (UK) Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı (nümayəndəsi və vəkili Vəkil2 tərəfindən təmsil olunmaqla) arasında bağlanılmış 5 (beş) bənddən ibarət aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:

1. İddiaçı bu Sazişin 2-ci bəndində göstərilən şərtlərin yerinə yetirilməsi müqabilində öz iddia tələblərindən tamamilə imtina edir.

2. Cavabdeh iddiaçıların öz iddia tələblərindən imtina etməsi müqabilində aşağıdakıları üzərinə götürür: İddiaçı 10000 (on min) manat pul məbləğinin ödənilməsi.

3. Barışıq sazişi bu sazişin təsdiq edilməsi barədə məhkəmə qərardadından qanuni qüvvəyə mindiyi gündən başlayaraq, ən geci 15 (on beş) iş günü ərzində icra edilməlidir.

4. Barışıq sazişində qeyd edilən müddət ərzində onun şərtləri icra edilməzsə və ya qərəzli olaraq pozularsa, bu hal məcburi icra hərəkətlərinin başlanması üçün əsas olacaq.

5. Bu saziş Azərbaycan dilində 3 (üç) nüsxədən ibarət şəkildə tərtib olunur. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir və tərəflərin imzaladığı andan hüquqi qüvvəyə minir. Nüsxələrdən biri iddiaçının qanuni nümayəndəsində, biri cavabdehdə, biri isə işə baxan məhkəmədə qalır.

Tərəflərə izah edilsin ki, barışıq sazişi imzalandıqdan sonra tərəflər eyni əsaslarla və eyni predmetlə bağlı bir-birinə qarşı təkrar iddia və ya tələb irəli sürə bilməzlər. Barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar olaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar