Məhkəmə qərarları › İş №2(103)-2115/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2115/2020

25.02.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2115/2020 25.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, X2 və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6878/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı1 ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və İddiaçı2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və İddiaçı2 ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məhəllə 5057/68-də yerləşən 11 saylı evin 87 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi və həmin sahənin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)- 6878/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh İddiaçı2 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisəli mənzilin onların yeganə yaşayış yeri olmasını nəzərə almamış, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz etdi. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin cavabdeh İddiaçı2 tərəfindən verildiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız həmin cavabdehə aid hissədə yoxlanılır. İş materiallarından mübahisəsiz qaydada müəyyən olunur ki, İddiaçı1 ASC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 008/M saylı baş kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı2 60 ay müddətinə 100000 ABŞ dolları miqdarında kredit limiti ayrılmışdır. Kredit müqaviləsinin təminatı kimi İddiaçı1 ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 074/M saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məhəllə 5057/68-də yerləşən 11 saylı evin 87 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli 2(001)- 3265/2015 saylı qətnaməsi ilə İddiaçı1 ASC-nin cavabdehlər İddiaçı2, Cavabdeh1 və X5 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia qismən təmin edilərək, cavabdeh İddiaçı2 xx.xx.2014-cü il tarixli 008/M saylı baş kredit müqaviləsi çərçivəsində tranşların ayrılmasına dair 1 saylı müqaviləsi üzrə 74952,33 ABŞ dolları əsas, 8937,51 ABŞ dolları faiz borcu, 8000 ABŞ dolları dəbbə pulu, cəmi 91889,84 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 008/M saylı baş kredit müqaviləsi çərçivəsində tranşların ayrılmasına dair 2 saylı müqaviləsi üzrə 6000 ABŞ dolları əsas, 1032 ABŞ dolları faiz borcu, 600 ABŞ dolları dəbbə pulu, cəmi 7632 ABŞ dolları, xx.xx.2013-cü il tarixli 074A/M saylı kredit xətti müqaviləsi üzrə 9995,4 ABŞ dolları əsas, 1554,06 ABŞ dolları faiz borcu, 1500 ABŞ dolları dəbbə pulu, cəmi 13049,46 ABŞ dolları, ümumilikdə 112571,3 ABŞ dolları ödəmə günü Azərbaycan manatına məzənnə ilə və məhkəmə xərci kimi ödənilmiş 30 manat dövlət rüsumunun alınıb İddiaçı1 ASC-yə verilməsi, tutmanın mülkiyyət hüququ ilə X5 məxsus olan 60000 ABŞ dolları dəyərində qiymətləndirilmiş, Bakı şəhəri, Nəsimi rayonu, 4 mkr, 20 Yanvar küçəsində yerləşən 37 A saylı evin 22 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən banka olan borcun ödənilməsi, vəsaitin ödənişlərin məbləğindən artıq qalan hissəsinin cavabdeh X5 qaytarılması, tutmanın mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan 80000 ABŞ dolları dəyərində qiymətləndirilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68-də istifadədə olan 0,14957 ha torpaq sahəsində yerləşən 11 saylı, 9 mərtəbəli binanın 5-ci girişində, 8-ci mərtəbədə, 62,5 kv.m ümumi, 39,05 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 87 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən banka olan borcun ödənilməsi, vəsaitin ödənişlərin məbləğindən artıq qalan hissəsinin Cavabdeh1 qaytarılması, cavabdehlər İddiaçı2, Cavabdeh1 və X3 mənzilin açıq hərracda satıldığı tarixdən 1 ay müddətində mənzildən çıxarılmaları və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən keçirilmiş hərraclarda həmin mənzil satılmadığından o, əldə edilməsi üçün İddiaçı1 ASC-yə təklif edilmiş və bank həmin təklifi qəbul etmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında xx xxxxx 2019-cu il tarixli 31/01 nömrəli protokola əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məhəllə 5057/68-də yerləşən 11 saylı evin 87 saylı mənzili 86700 manata İddiaçı1 ASC-yə satılması qərara alınmış və həmin mənzil “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC ilə İddiaçı1 ASC arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən həmin qiymətə İddiaçı1 ASC-yə satılmışdır. Mənzilə İddiaçı1 ASC-nin mülkiyyət hüququnun qeydiyyata alınması üçün sonuncu tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə müraciət edilmiş və həmin İdarə tərəfindən iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasına dair xx.xx.2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı bildirir ki, cavabdehlərin həmin evdə yaşamaları və qeydiyyatda olmaları bankın mülkiyyət hüquqlarından istifadə etməyə məhdudiyyət yaradır. Cavabdeh İddiaçı2 mövqeyi apellyasiya şikayətində göstərilənlərdən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin cavabdehə münasibətdə iddia əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinin tələblərinə görə yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.2-ci maddəsinə görə yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 59.3 və 59.3.1-ci maddələrinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Həmin Qanunun 59.4-cü maddəsində isə göstərilmişdir ki, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Mübahisəli mənzil də məhz kreditin götürülməsi üçün Cavabdeh1 tərəfindən ipotekaya qoyulmuş və hərracdan satılaraq iddiaçının mülkiyyətinə keçmişdir. Eyni zamanda iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.2-ci maddəsinə əsasən mənzilin keçmiş mülkiyyətçisi ilə kirayə müqaviləsi bağlamamış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehin mübahisəli mənzildən çıxarılması qət edilmişdir. Belə olan halda isə cavabdehin mübahisəli mənzilə istifadə hüququnun və əşyalarının saxlanılması iddiaçının mülkiyyətçi kimi istifadə, sahiblik və sərəncam vermə hüquqlarını məhdudlaşdırır və ona görə də, o, Mülki Məcəllənin 157.2 və 157.4-cü maddələrinə əsasən cavabdeh İddiaçı2 istifadə hüququna xitam verilməsini və həmin cavabdeh tərəfindən mənzilin boşaldılmasını tələb etməkdə haqlıdır. Mübahisəli mənzilin cavabdehin yeganə yaşayış yeri olması ilə bağlı apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın qeyd hissəsində göstərilmişdir ki, bu Siyahı ev tikmək və ya almaq üçün kredit təşkilatı tərəfindən verilmiş kreditin tutulması hallarına, habelə ipoteka ilə və qanunla müəyyən edilmiş qaydada daşınar əmlakın yüklülüyünün xüsusi növü ilə yüklü edilmiş əmlaka şamil edilmir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6878/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdeh İddiaçı2 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar